İbrahim İbadoğlu imzasını
tanıtmaq, onun haqqında yazı yazmaq düşünürəm ki, əbəs olar.
"Azərbaycan Ordusu" qəzeti yaranan gündən orada
çalışıb.
Dəfələrlə döyüş bölgəsində olub. Jurnalist kimi getdiyi cəbhə
xəttində səngərdə əsgərlərimizlə birlikdə döyüşüb. İndi istefada
olan polkovnik-leytenant, əməkdar jurnalist və bir çox dövlət
mükafatları almış veterandır. "Veteran" sözü ona heç yaraşmır.
Həmişəki kimi cəld, enerjili və yaradıcı əhval-ruhiyyədədir.
Bakıda, Xəzərin içərilərinə girmiş Zığ burnunda kiçik, xudmani bir
bağ salıb. Bura əsl nəbatat bağıdır. Tez-tez orada görüşürük. Məni
samovar çayına qonaq edir. Bu dəfə də samovara od saldı, mən isə
"Xatirə dəftəri" layihəsinin suallarını ona ünvanladım:
Həyatımın bütün dönəmlərində yaşamaq çətin
olub...
- Ordudan təxris olunduqdan sonra necə hiss edirsən
özünü?
- Necəliyimin ətrafa nə dərəcədə dəxli olduğunu
nəzərə alsaq, daha geniş əhatə dairəsində görünmək üçün yalnız bu
ifadəni seçərdim: bir insan kimi formamı həmişə qorumağa
çalışmışam. Bu cəhətin təbiətimə irsən keçdiyini düşünürəm. Yəni öz
"günahım" deyil. Mənim soy-köküm Qars vilayətindəndir. Ulularım
daim at belində olublar: qoca babamın atasını Qarsda, atamın
babasını Göyçədə dəfn etmişik. Mənim babamın qismətinə alman,
oğlumun babasının qismətinə isə Biləsuvar torpağı düşüb... Bütün
bunlar həyat tarixçəmdəki adi faktlar, sadalamalar deyil; əksinə,
bugünkü necəliyimin istər mənəvi, istərsə də fiziki coğrafiyasının
sərhədlərini müəyyənləşdirən özüllərdir. Həyatımda soy-kökümlə ruhi
bağlılığımın davamlı və inadkar təsirini həmişə hiss etmişəm.
O ki qaldı sualının ikinci hissəsinə, Faiq, mən ordudan təxris
olunmuşam, həyatdan yox. Dəyişən libasımdı, məzmunum deyil. Düzdü,
hər şeyin belə asanlıqla "əriyəcəyinə" inanmırdım. Vaxta, zamana
onsuz da etibarım yox idi, ancaq adamların bir bu qədər
elastikliyini də təsəvvürümə gətirmirdim. Fikrimcə, Azərbaycan
insanı kifayət qədər qüsurludur. O, qan yaddaşından gələn,
xüsusilə, yaşam üçün həyati əhəmiyyət daşıyan bir sıra dəyərləri
çox asanlıqla ayaqlarının altına alıb tapdayır və eyni zamanda
bütöv, güclü görünməyə çalışır: belə adamların arasında haqlı
olduğunu sübut etmək üçün haqlı olmaq bəs etmir, dostum, bəs etmir.
Bəlkə elə ona görə şəxsən mənim üçün həyatımın bütün dönəmlərində
yaşamaq həmişə çətin olub...
Yaşadığı ömrün yarıdan çoxunu orduya, onun təbliğinə həsr edib,
görəsən, qəzetlə yenə əlaqəsi varmı, deyə soruşmaq istəsəm də,
sualım fərqli olur:
- Necə düşünürsən, "Azərbaycan Ordusu" qəzeti ordumuzun
tam yanında dururmu?
- Bəri başdan deyim ki, qazandığım bütün uğurlara görə həyatımın
ayrılmaz parçası saydığım "Azərbaycan Ordusu"na borcluyam. Ancaq o,
çox talesiz qəzetdir. Bütün çətinlikləri ordumuzla bir sırada,
çiyin-çiyinə yaşayıb: nə öz həqiqi mahiyyətini, nə də real gücünü
göstərə bilib. Təsəvvür edin, əgər Azərbaycan Ordusu hücuma keçsə
və yalnız erməni silahlı dəstələri ilə üz-üzə qalsa, nələr baş
verər. Məncə, həlledici nəticə üçün bizə 3-4 saat yetər. Bunu bir
jurnalist kimi yox, uzun müddət ordu sıralarında xidmət etmiş zabit
kimi deyirəm. Yəni Ermənistanın Silahlı Qüvvələri yoxdur, bunu
unutmayın; sadəcə, rejimin və maraqları üst-üstə düşən digər
dövlətlərin siyasi və iqtisadi ambisiyalarını qoruyan silahlı
bandası var. Ancaq onlar yetərincə mütəşəkkildirlər. Vəziyyət
kifayət qədər ustalıqla idarə edilir. Bizdən fərqli olaraq orada bu
prosesə orta hesabla Ermənistanın bütün ziyalıları cəlb olunub.
Bununla belə, tam məsuliyyətlə deyirəm, erməni xalqı üçün Qarabağ
məsələsi artıq ideoloji mahiyyətini itirib və iqtidarın şəxsi
maraqlarına xidmət edən vasitəyə çevrilib. Elə ona görə də kənar
müdaxilələri nəzərə almasaq, Azərbaycan Silahlı Qüvvələri ən qısa
zaman kəsiyində öz adını tarixin yaddaşına böyük hərflərlə
yazacaq.
Eyni sözləri "Azərbaycan Ordusu"nun da ünvanına söyləmək olar.
Lakin mən bir qədər tələsirdim. Vaxtı qabaqlamaq, bir az öndə
olmağımızı istəyirdim. Elə bu məqsədlə baş redaktor olduğum az
müddətdə qəzetin həqiqi obrazını yaratmağa çalışdım. Redaktor
kabinetində oturmadım. İkiqat səylə işlədim. Müxbirlərin hamısından
çox yazdım, arayıb-axtardım. Redaksiyaya yaradıcılıq ab-havası
gətirdim. Bunu heç kim inkar edə bilməz. Amma bir qrup dələduzun,
riyakarın üzündən hər şeyi yarımçıq qoyub getdim...
Biz heç vaxt bir-birimizlə yola getməmişik
- Demək olarmı ki, indi sərbəstsən və sənin boş vaxtın
çoxdur?
- Sərbəstliyi, mənəvi azadlığı müəyyən mənada haradasa özəl
cəhətim kimi görə bilirəm, amma vaxtın mənimlə düşmənçiliyi var.
Biz heç vaxt bir-birimizlə yola getməmişik. O, mənim ən iddialı
rəqibimdi. Haçansa min bir zülm-zillətlə, özü də nadir hallarda
yiyələndiyim təşəbbüsü qısa zaman kəsiyində ustalıqla əlimdən alıb.
Məni uşaq kimi arxasınca sürüyüb...
Ümumiyyətlə, vaxt üçün fərd, millət məfhumu yoxdur, daşlaşmış
prinsiplər var və o prinsiplər güclüləri asta-asta, zəifləri isə
bir həmlə ilə öz itaətkar quluna çevirir. Üstəlik, indi bizim
yuxumuzun da pozulan vaxtıdır. Şüuraltıda aləm bir-birinə dəyib. İt
yiyəsini tanımır. Guya dincəlmək üçün yatırıq, amma ayılanda yuxuda
da qayğıların əlində oyuncaq olduğumuzu dərk edirik. Elə sənin
özünü götürək. Masallıda istirahət evində bir otaqda qaldıq.
Səhərədək yuxuda öz-özünlə danışırdın. Yəni artıq gecələrin
qarmaqarışıq yuxularını da boş vaxtdan saymaq olmur, Faiq...
- Bədii yaradıcılığa şeirlə gəldin. Sonralar "Qıfıl",
"Xalça" kimi irihəcmli nəsr nümunələri qoydun ortaya. "Sərkərdə"
kitabını yazdın. Necə düşünürsən, bədii yaradıcılığın kölgədə
qalmadı ki?
Əlindəki maşa ilə samovara köz salır, nazik məftil maşanın
"burnu" qızarır, gözlərini yaşardan tüstünü kənara qovur, aramla
dillənir:
- Təkcə yaradıcılığım yox, elə özüm də kölgədə qaldım. Çağdaş
jurnalistikamızın tanınmış simalarından birinin dünənlərdə mənə
ünvanlanmış sözüdür: "Ordu səni bizdən gizlətmişdi..." Bu fikrin
həqiqətə nə dərəcədə yaxın olduğunu düşünmək istəyim yoxdur, amma
ordunun kifayət qədər qapalı və mühafizəkar bir məkan olduğunu
indilərdə anlamışam. Hələ xidmət zamanı Milli Qəhrəman Mübariz
İbrahimova həsr edilmiş bir tədbirdə millət vəkili Qənirə xanım
Paşayeva ilə birgə iştirak etməli oldum. Mənə də söz verdilər.
Çıxışımdan sonra Qənirə xanım dərhal kürsüyə qalxıb üzünü zala
tutdu: "Heç bilməzdim ki, ordumuzda belə savadlı zabitlər xidmət
edir..." Əlbəttə, bu sözləri tərif kimi qəbul etmək çox çətindir,
amma ümumi anlamda millət vəkilinin dediklərinin arxasında nəhəng
həqiqət dayanırdı. Allah ermənilərə lənət eləsin. Nə onlar öz
həyatımızı yaşamağa imkan verdilər, nə də biz bəziləri kimi
küncdə-bucaqda gizlənə bildik...
Hətta qonorar da almışam
- Jurnalistikada vaxtilə bir istiqamətdə fəaliyyətin
nəzərə çarpırdı. Son vaxtlar düşündürücü, zamanla ayaqlaşan
publisistik yazılara imza atdın. Bu yazılar sənin imzanın
təzələnməsinə xidmət etdi desəm, yanılmaram ki?
- Əlbəttə, yanılarsan. İmzam təzələnməyib, mövzu təzələnib.
Mənim ordu haqqında da yazdıqlarımın böyük əksəriyyəti yaradıcılıq
axtarışlarının məhsulu idi. Sadəcə, siz bunlardan bixəbər
olmusunuz. Amma çox demirəm, "Əsgər şərəfi", "Bir şəhidin
monoloqu", "Azərbaycan Ordusu - xalqın bağrından qopan güc", "Mənim
şam ağacım, yaxud əsir ağaclar haqqında ballada" və s. məqalələrimi
oxumuş olsaydın, heç bu sualı da verməzdin. Bu yazılar vaxtilə
çağdaş jurnalistikamızın ən ləyaqətli simalarından saydığım Qabil
Abbasoğlunun redaktorluğu ilə Lent.az-da dərc olunub. Hətta qonorar
da almışam. Amma onu da deyim ki, ordu bu gün də mənim üçün doğma
bir məkandır, ögeyləşməmişik. Bu gün də ordumuzun mənafeyini
qorumağa çalışıram. "Mənim Ali Baş Komandanım", "Serj Sərkisyanın
heç yerdə görmədiyiniz portreti, yaxud yas yerindən reportaj",
"Qraçik Muradyana açıq məktub", "Son erməni təxribatı" və s. kimi
yazılarım məhz bu mövqedən qələmə alınıb. Bu xüsusda
"Melik-Şahnazaryana açıq məktub"umu ayrıca qeyd etmək istəyirəm.
Şahnazaryan ali məktəbə qəbul olunana kimi Gəncədə yaşayan,
çörəyimiz-suyumuzla böyüyən və bu gün Azərbaycana asi kəsilən
istedadlı erməni əclaflarındandır. Haqqımızda, az qala, hər gün
təhqiramiz çıxışlar edir. Mən bu istedadlı əclafı yerində oturtmaq
üçün bütün Gəncəni ələk-vələk elədim, onu tanıyan yurddaşlarımızı
axtarıb tapdım. Haqqında məlumatlar topladım və onu media
vasitəsilə ünvanına göndərdiyim məktubumla özünə tanıtdım. Bu
məktub təsadüfən yazılmamışdı. Amma heyf ki, onu da digər yazılarım
kimi heç bir dilə tərcümə elətdirə bilmədim. Axı o bizim auditoriya
üçün nəzərdə tutulmamışdı...
- Yazılarına reaksiya necədir?
- Yazılarımın özü kimi...
Şəhidin gözlərində ayaqlarımın şəklini
gördüm
-
Müntəzəm olaraq döyüş bölgəsində olmusan, yuxuna girən,
gözlərinin önündən çəkilməyən səhnələr çoxdurmu?
- O qədər...
- Məsələn, bəhs edə bilərsənmi?
Oturduğu yerdən qalxır, gözlərini Xəzərin qarşı tərəfinə – Bayıl
dağlarına tərəf dikir. Sanki oradan o tərəfi, Qarabağı görmək
istəyir. Səsindəki kövrəklik, sanki göz yaşlarına qatışmış kimidir,
yanıqlıdır. Çox kədərli olan xatirə boxçasını açır, yaddaşını
vərəqləyir:
- Döyüşlərin birində mina əsgərimizi ortadan bölmüşdü.
Göbəyindən aşağısı yox idi. Amma hələ nəfəs alırdı. Biz onu ön
xətdən qucağımızda çıxardıq. Niyəsini bilmirəm, amma gözlərini
yalnız mənə zilləmişdi. Daha doğrusu, mənim ayaqlarıma. Yerimdə
donub qalmışdım. Tərpənə bilmirdim. Mənə elə gəlirdi ki, yaralı
əsgərin qarşısından çəkilsəm, dərhal öləcək... Ancaq baxışları buz
baltası kimi idi, məni də ortamdan doğrayırdı. Gözlərini sığayanda
orada ayaqlarımın şəklini gördüm. O, bu dünyadan öz gözlərində həm
də mənim ayaqlarımın əksini apardı...
- "Mənim erməni oğlum" adlı təsirli bir yazı yazmışdın,
bu yazıda gerçəklikdən kənar nə vardı?
- Heç nə...
Müharibə bu dünyanın ən amansız reallığıdır
- Ordunun nizam-intizamından yaxa qurtarmaq
olurmu?
- Vaxtilə bir yerdə işlədiyim adamlar təsdiq
edərlər: Mən özüm orduya nizam-intizam gətirən hərbçilərdən
olmuşam. Yalnız geyimimi-keçimimi, davranışımı yox, həm də
bütövlükdə özümü, öz yaradıcılığımı, öz intellektimi daim nəzarətdə
saxlamağa çalışmışam. Nümunə olmaq istəmişəm. Məhz bu cəhətlərimə
görə qonum-qonşularımın böyük əksəriyyəti öz övladlarını Ali Hərbi
Məktəblərimizə göndəriblər, zabit kimi görmək istəyiblər...
- Son vaxtlar bağındakı güllərlə "oynayırsan".
Məmləkətimizdə güllələrin açılmaması üçün, güllərin açılmasına
ehtiyac varmı?
- Əlbəttə, var. Məni tikə-tikə doğrasalar da, fikrimdən dönən
deyiləm: Müharibə bu dünyanın ən amansız reallığıdır. Müharibə
insanların haqqa-ədalətə, dinə-imana, bir sözlə, Allaha
xəyanətidir. Mən bu xəyanətdə istəsəm, özüm üçün kifayət qədər
romantika da taparam. Amma bu romantikanın vətənimə xeyir
gətirməyəcəyini düşünəndə, fikrimdən daşınıram. Axı o, bizim ən
qeyrətli dostlarımızı əlimizdən alır. Onları qorumalıyıq. Çünki
Allah bu dünyanı istedadsız və qismən istedadlı adamlar üçün
düzəldib, Faiq. Belələrinə ip ucu vermək olmaz. Onsuz da gör neçə
əsrdir ki, bir ovuc erməni dığası haqqımıza girməklə bizi öz gününə
salmaq istəyir. Amma mən Azərbaycanın Qarabağlı gələcəyinə
inanıram...
- Yaradıcılıq axtarışların nə yerdədir?
- Bu dəqiqə əlimin altında 5-6 maraqlı yazım var. Sadəcə, yeni
dərs ilinə saxlamışam...
İbrahimlə söhbətimizi buradaca bitirdim. Artıq samovar züm-zümə
edirdi. Axşamın sərinində Xəzərdən əsən gilavarın köksümüzü oxşayan
yeli və isti çayın həzzi, eləcə də səmimi söhbət gecədən keçmişə
qədər bizimlə birgə oldu...