"Milis
hekayələri"
Tofiq Mamedovla bu dəfəki söhbətimiz dəbdə olan mövzudan
düşur, kibercinayətkarlıqdan danışırıq. Daha doğrusu, söhbətə
dostum özü başlayır, deyir oğluma (oğlu tələbədir - Q.A) internetlə
məktub gəlib ki, sən hansısa (?!) lotereyada 200 min dollar
udmusan…
İkimiz də birdən və bərkdən gülürük, mövzunu mən davam
etdirirəm. Deyirəm, oğlun da yəqin ki, onlara cavab yazıb və
lotereya haqqında maraqlanıb. Ona təcili cavab veriblər ki, hansısa
aparıcı sorğu saytı (məsələn, "google", "mail" və s.) internet
istifadəçiləri arasında, onların imeyl ünvanlarını əsas götürərək
uduşlu lotereya keçirib və yüz milyon iştirakçının içində siz qalib
gəlmisiz. Sonra "qalib"i heyrətləndirmək üçün ona rəsmi blankda
uduş sertifikatı göndərilir, amma bu sənəddə, bir qayda olaraq,
udanın adı, soyadı göstərilmir. Yeri gəlmişkən, bu, fırıldağı zəif
cəhətlərindən biridir - sertifikat məktubda göstərildiyi kimi,
hansısa vəkil yox, kompüter proqramı vasitəsilə, həm də milyonlarla
adama göndərildiyindən, burda "qalib"in adını göstərmək, praktiki
olaraq, mümkün deyil.
Bu tipli bir-iki məktubdan sonra proqram - vəkil "cənab
filankəs"ə (potensial qurbana) uduşu onun adına köçürmək üçün yerli
bankların birində hesab açmağı və hesab nömrəsini lotereyanın
təşkilatçılarına göndərməyi təklif edir. Potensial qurban da
Beynəlxalq Bankın yaxınlıqdakı filiallarından birinə yüyürür və
10-15 manat verib adına hesab açdırır. Proqram - vəkil də adı,
soyadı, hesab nömrələrini dəqiqləşdirmək üçün "cənab filankəs"ə bir
neçə dəfə müraciət edir. Potensial qurban tam yetişdikdən sonra ona
daha bir, faktiki olaraq, sonuncu məktub göndərilir. Burda
bildirilir ki, uduş məbləği - 200 min dollar (məbləğ 500 min
civarında ola bilər) qalibə bütöv çatmalıdır, uduşdan göndəriş
xərcləri çıxıla bilməz. Odur ki, "cənab filankəs" 400 dollar
(məbləğ potensial qurbanı hürkütməmək üçün, bir qayda olaraq, 500
dollardan çox olmur) filan hesaba (hansısa Afrika ölkəsində açılan
hesab göstərilir) köçürməlidir və iki gün müddətində uduşun
gəlməsini gözləməlidir. Qurban təbii ki, ömrünün axırına kimi
gözləyə bilər…
Tofiq Mamedov deyir, mən bütün bunları daha yağlı boyalarla
oğluma çatdırdım, başa salmağa çalışdım. Əvvəl mənim fikirlərimi
heç fərziyyə kimi də qəbul etmirdi, amma sonra hadisələr məlum
ssenari ilə cərəyan etməyə başlayanda və ondan 300 dollar göndəriş
xərci tələb olunanda hər şeyi başa düşdü. Bilirsən nə etdi? Dostum
təəccüblə baxdığımı görüb cavab verir: "Kompyuterin yaddaşında
üçbarmaqdan ibarət məlum fiqur var idi, onu lotereya
təşkilatçılarının ünvanına göndərdi".
Deyirəm, axı, bu məktubu heç kim açıb baxmır, hazır proqram var,
cavabları ardıcıllıqla yollayır. Deyir bilirəm, amma razılaş ki,
yaxşı cavabdır. Razılaşıram…
İnternet dələduzluqları, tanışlıq saytları vasitəsilə aldatma,
dezinformasiyanın yayılması… - bunlar sadə şeylərdir. Bir az
ehtiyatlı, bir az da məlumatlı olsan, vəziyyətdən çıxa bilərsən.
Amma kompüter texnologiyaları inkişaf etdikcə, kibercinayətkarlığın
yeni, daha mürəkkəb formaları meydana çıxır, qarşısını almaq da
çətin olur. Məsələn, təhlükəli proqramların yaradılması, virus
hücumlarının təşkili, bank fırıldaqları, qanunsuz elektron pul
köçürmələri, terrorçu təşkilatların və kütləvi iğtişaşların
hazırlanması və silahlanması məqsədilə müxtəlif saytların
yaradılması və s.
Dostum deyir, 90-cı illərin ortalarında Rusiyada internet -
tanışlıq saytlarında dələduzluq xüsusilə yayılmışdı, yalnız
ayrı-ayrı insanlar deyil, bütöv cinayətkar qruplar bu işlərlə
məşğul olurdu. Rusiya xaricə yenicə açılırdı, dəmir pərdə aradan
qalxırdı. Xaricdə, xüsusilə Qərbdə Rusiyaya böyük maraq vardı.
Məsafə uzaq, yolpulu baha olduğundan, ilkin mərhələdə tanışlıq
saytları köməyə çatırdı. Rusiyanın şəhərlərində də müxtəlif
işbazlar bundan məharətlə istifadə edirdilər. Bütöv mənzilləri
kirayələyir, hər otaqda bir neçə kompüter qoyur, arxasında da babat
ingilis dili bilən oğlan və qızları oturdurdular. Hələ kompüter
texnologiyaları o qədər də inkişaf etməmişdi, audio və video əlaqə
sistemləri yox idi. Kompüter arxasında gündə 10-15 saat oturan
cavanlar da Rusiyada işçi, məşuqə, hətta həyat yoldaşı axtaran
avropalı, amerikalıları tapmalı, danışmalı, anlaşmalı və yolpulu
almayınca (poçtla göndərilirdi), əl çəkməməli idilər. Həmin dövrdə
xaricilər hələ avam idi və tanışlıq saytları əməlli-başlı qazanc
gətirirdi.
- Yalnız xaricilər avam idi, bəs yerlilər?!
Mən dostumu təxribata çəkmək istəyirəm, deyirəm bəlkə
alındı?!
- Cinayətkar aləmdə xaricilər, yerlilər anlayışları olmur: var
biz, bir də onlar - yəni loxlar. Vəssalam… Təbii ki, tanışlıq
saytlarında yalnız xariciləri aldatmırdılar, elə moskvalılara da
qarmaq atırdılar. Amma məqsəd eyni olsa da, vasitə, yəni həyata
keçirmə tamam başqa cür olurdu. Yaxşı yadımdadır,
90-cı illərin ortaları idi, artıq Moskvada, ümumiyyətlə bütün
Rusiyada qanunçuluq bərqərar olunudu, kriminal durum nəzarətə
götürülürdü. Bazarlarda, vağzallarda ağalıq edən, vergidən kənar
biznesə nəzarət edən, reketçilik edən kriminal elementlər də
yığışdırılırdı - ya tamam ləgv olunmaq, ya da qanuni biznes
fəaliyyətinə (fərdi mühafizə xidməti, ərzaq və sənaye malları
bazarları və s.) keçmək məcburiyyətində qalırdılar. Bir sözlə,
90-nın əvvəlləri ilə müqayisədə, ortalarında milisin işi xeyli
asanlaşmışdı, hətta maaşlarımız da qalxmışdı. Mən onda Moskvanın
Oktyabr rayon Milis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi
idim.
Günlərin bir günü bizim şöbəyə Vladislav adlı (soyadı yadımdan
çıxıb) bir gənc müraciət etdi, ərizə yazmaq istəmirdi. 20-22 yaşı
olardı, rəislə görüşmək, dərdini bölüşmək istəyirdi. Mənə məruzə
etdilər, 15-20 dəqiqəlik onu qəbul etdim. Amma söhbətimiz bir neçə
saat uzandı. Slava yaraşıqlı oğlan idi, gözəl geyinmişdi. Özü
dediyi kimi, tələbə və tanışlıq saytlarının azarkeşi idi, yəni
dərsdən kənar vaxtının çoxunu kompüterin arxasında (onda hər adamın
evində kompüteri yox idi) keçirirdi. Bir neçə dəfə internetdə gözəl
qızlarla (özü belə deyirdi) tanış olmuş, görüşmüş, təbiətə səfərlər
etmiş, hətta saatlıq otaqlara getmişdi. Su sənəyi suda sınar
deyərlər. Bizim Slava da elə bu su sənəyinin taleyini yaşamışdı.
Günlərin bir günü internetdə Sulya adlı bir qızla tanış olmuşdu.
Sulyanın 17-18 yaşı olardı, su pərisi kimi gözəldi (ifadə
Slavanındır), deyirdi tibb məktəbində oxuyur. Bir iki dəfə
parkda-bulvarda göruşdükdən, kinoya getdikdən sonra qız onu
evlərinə dəvət etmişdi, demişdi ad günümdür. Amma heç kimi dəvət
etməmişəm, səninlə qeyd etmək istəyirəm. İstəsən bizdə oturarıq,
istəsən restorana gedərik.
Slava həmin gün Sulyagilə əli və cibi dolu getmişdi. Qızın
valideyinləri hələ işdən gəlməmişdilər, gənclər evdə tək idilər.
Slava deyir, adama bir-iki bakal şampan içmişdik. Mən başımı
itirmişdim, divanın üstündə onu qucaqlamışdım, müqavimət görmürdüm.
Birdən kiminsə dəmir kimi əlləri məni götürəb döşəməyə atdı. İki
nəfər idi, mənimlə tay-tuş olardılar, amma boylu-buxunlu, idmançı
görkəmli idilər. Biri boynumu qoltuğuna alıb sıxdı, tərpənə
bilmədim. O biri öz kəməri ilə əllərimi, mənim kəmərimlə ayaqlarımı
bağladı. Sulya otaqda yox idi, çıxmışdı. Sonra məni divanın üstünə
yıxıb şalvarımı aşağı saldılar. Gördüm əllərində video kamera var.
Biri məni zorlayanda o biri videoya çəkirdi. Sonda əl-ayağımı
açdılar, geyinməyə imkan vedilər. Amma ciblərimi təmiz boşaltdılar,
İsveç istehsalı saatımı, dəri gödəkçəmi əlimdən aldılar. Dedilər,
sən azyaşlı qızı zorlamağa cəhd etmisən, biz də hamısını çəkmişik.
Əgər şikayət etsən, qızla olan kadrları milisə, səninlə olan
kadrları isə internetə verəcəyik. Get, özünü yaxşı apar, balıq kimi
səssiz, ot kimi hərəkətsiz ol. Yoxsa…
Slava evdə deyib ki, metrodan çıxanda əli bıçaqlı quldurlar
hücum edib, saatını, gödəkçəsini alıblar. Deyir, atam, anam milisə
getmək, şikayət etmək istədi, mən imkan vermədim. Dedim, onsuz da
onları tanımıram, qaranlıqda üzlərini də görməmişəm. Amma bir həftə
özümə gəlmədim, bir neçə dəfə bıçaq götürüb həmin ünvana getmək,
həmin uşaqları öldürmək istədim, amma cəsarətim çatmadı. Ən
dəhşətlisi isə odur ki, Sulya yenə tanışlıq saytındadır və yeni
qurban axtarır. Bunun qarşısını almaq lazımdır.
Məsələni təcili rəhbərliyə məruzə etdim, əməliyyat qrupu
yaratdıq. Cavan əməliyyatçılardan biri internetə girib Sulya ilə
tanış oldu. Hər şey Slavanın variantında olduğu kimi təkrarlandı.
Amma iki cavan oğlanın arxasınca əməliyyat qrupu qapını sındırıb
mənzilə daxil oldu. Slava düz deyirmiş, bunlar, doğrudan da möhkəm
uşaqlar imiş, bizim əməliyyatçı idmançı olsa da, onun əl-qolunu
artıq bağlamışdılar. Amma onların əl-qolunu da biz bağladıq…
Araşdırmalar nəticəsində məlum oldu ki, özünü Sulya kimi təqdim
edən Serafima Novikova 10-cu sinif şagirdidir. Quldurluq və
zorakılıq edən cavanların biri onun qardaşı Saşa, o biri isə
qardaşının tələbə yoldaşıdır. Hər ikisi idman institutunun
gimnastika fakültəsinin tələbələri idilər. Demə, Serafimanın
ata-anası teatr xəstəsi imiş, həftədə bir-iki dəfə, şənbə-bazar
günləri teatra gedirmiş. Həmin günlərdə də cinayətkar trio növbəti
qurbanı evə gətirir və soyurmuş. Yeri gəlmişkən, cinayətin
təşkilatçısı bacı-qardaş Novikovlar olub. Cavan oğlanlarla
internetdə tanış olmaq və onları evə gətirib soymaq ideyası
Serafimadan gəlib - hansısa xarici filmdə görübmüş. Amma sirrin
mühafizə olunması, onların sözü ilə desək, "sayta blok qoyulması",
yəni cinayətin açılmasının, zərərçəkmişin şikayət etməsinin
qarşısının alınması metodikasını bacı-qardaş birlikdə işləyiblər.
Əvvəl razılığa gəliblər ki, azyaşlı qızla təcavüzdə müqəssir
bilinən və bu cinayəti videoya çəkilən kişi qorxusundan şikayət
etməyəcək. Sonra Saşa şantaj elementlərini gücləndirmək fikrinə
düşüb. Deyib zərərçəkmişi zorlamaq və videoya çəkmək də lazımdır
ki, biabır olmağın qorxusundan nəinki şikayət edə bilməsin, hətta
heç kimə heç nə deməsin. Təbii ki, zorlama məsələsi meydana
çıxandan sonra bu planı bacı-qardaş ikilikdə yerinə yetirə
bilməzdi, kömək lazım idi. Odur ki, üçüncü adamı - Saşanın tələbə
yoldaşını özlərinə şərik ediblər.
Araşdırmalar göstərdi ki, Novikovlar Slavaya qədər şənbə-bazar
günləri dəfələrlə evlərində kişiləri soyub, zorlayıb qovublar. Amma
şantajın qorxusundan bircə nəfər də şikayət edə bilməyib… Slava bu
sırada birinci, o biri sırada isə axırıncı oldu…