Səfillər
– Səni çölə çıxardanın dədəsinin goruna...
Qarşımdan keçən gənc xanım əlindəki paketi zibil
qutusuna atdı, barmaqlarını saçlarında gəzdirib, gözucu miskin
qadına baxdı. Üz-gözünü turşutdu, iyrənirmiş kimi "püff" edib tez
oradan uzaqlaşdı...
Bunun başıpapaqlısı yoxdur?!
Əlimdəki zibil paketini dəmir qutunun yanına qoyub fikirləşdim:
Niyə axı "zibillik kraliçası" bu yaraşıqlı, gözəl xanımın ardınca
söydü?
Özümə verdiyim sualın cavabını almaq üçün səfilə yaxınlaşmaq
ağlımın ucundan belə keçmədi. Zibil qutusunun kənarına qoyduğum
paketə tərəf baxdı, ona diqqət etdiyimi görüb dilləndi. Dibləri
çürümüş dişinə meyvə qabığını sanki nazik şəkildə kəsib
dolamışdılar. Nazik sap kimi görünən qabıq sözlərinə qarışıb
ağzından çölə çıxır, nəfəs aldıqca yenidən geriyə – yuvasına
qayıdırdı:
- Gördün necə burcudurdu? Dar şalvarı da geyib əyninə... Tay
demir ki, ondakından hamıda var, amma heç kəs onun kimi
fırlada-fırlada gəzmir. Bunun başıpapaqlısı yoxdur, görəsən?
Dedi və öləziməkdə olan gözlərini düz gözlərimin içinə dikdi.
Qeyri-ixtiyari ayağım yerə pərçimləndi. Üst-başından cin ürkən
səfil qadın məndən dediklərinə təsdiq gözləyirdi.
Ardınca söyüş verdiyi xanımın yerişinə fikir verdim. Xanım
cazibədar idi və çox gözəl də yerişi vardı. Səfilə tərəf
döndüm:
Evində başıpapaqlısı olan...
- Utanmırsan heç? Nə olub, niyə qarğış edirsən, söyüş
verirsən o qadına?
Arvad, deyəsən, bu münasibəti heç gözləmirdi. Kiridi, içəri –
boynuna tərəf qısıldı, sanki öz içində gizlənmək istədi. Çürük
dişlər dodaqlarının arxasında görünməz oldu...
- Sən axı tanımırsan onu, belə sözlər danışırsan. Nə
bilirsən onun başıpapaqlısı kimdir? Bayırda qoymayıb ki özünü!
Ayıbdır axı, sən də qadınsan, indi nə edəsən ki, sənin başıpapaqlın
sənə sahib çıxa bilməyib, gənc qadın haqda belə
danışarlar?
Səfil qadın hirsli olduğumu görcək bir az da qorxaq görkəm aldı.
Danışmadı. Qəzəbim anındaca söndü. Bayaqkı qadını da qınadım: belə
əda ilə gedəndə sənə paxıllıqları tutar da. Qadına yazığım da
gəldi. Kim bilir, bəlkə də səfil qadın özünə həmsöhbət gəzirdi,
kimləsə ünsiyyət qurmaq istəyirdi. Ona görə bəlkə də söhbətə körpü
salmaq üçün belə xoşa gələcək sözlər düşünmüşdü. Amma yenə də
səsimin tonunu aşağı salmadan ona tərəf bir addım atdım:
- Bəs sən kimsən, sənin evində başıpapaqlı kimsə
var?
Dodaqlarının altında nə isə mızıldandı. Sonra boynunu
çiyinlərinə tərəf bir qədər də qısaraq aşağıdan yuxarı mənə
baxdı.
- Eşitmədim...
- Yoxdur. Evi, evində başıpapaqlısı olan mənim kimi zibillikdə
eşələnməz...
Bu, it kimi zibilxanalarda gecələməkdir
Dediklərində məntiq vardı. Ürəyim sancdı. Sahibsiz, heç kəsə
lazım olmayan, itirilmiş birisi idi bu qadın. Zibil qutularından
gələn iyrənc qoxu da göz yaşardacaq qədər insafsız idi. Səfil
qadını kənara, xiyaban boyu nizamsız əsgər kimi sıralanmış
ağaclardan birinin kölgəsinə dəvət etdim:
- Gəl bura, bu qoxu səni nə çox özünə çəkir? Ayrıla
bilmirsən burdan?
Nəhayət, qadınla üz-üzə, lakin küləyin əsdiyi istiqamətdə
otururam ki, ondan gələn qoxunu ciyərlərimə qonaq etməyim. Söhbətə
çəkirəm. Kim olmasını, niyə səfalət içərisində can çürütdüyünü,
harada yaşadığını soruşuram.
Səfil qadının sifətində təlaş var. Nədən qorxur? Kim ona nə edir
ki? Özü kimi səfalət içində yaşayanlar yoxdurmu? Onları qovan yox,
döyən yox. Bəzən insanlarımız belə sahibsizlərə qarşı aqressiv və
laqeyd olurlar. Niyə bu günə düşdükləri ilə maraqlanmaz, amma
ittiham edərlər. Qayğı göstərən, yemək-içmək, az da olsa xərcləmək
üçün pul verənlər də tapılır. Amma nə qədər qayğı göstərən olsa da,
bütün bunlar beləsinin dağılmış yurdunu, xanimanını geri qaytara
bilməz.
Arvad suallarımı eşitsə də, danışmaq istəmir. İnamsızdır, küskün
halda dillənir:
- Nə deyim, nədən danışım?! Bu yaşamaqdır ki? Bu, ölməmək üçün
it kimi zibilxanalarda gecələməkdir...
Mən onları qəbul etmirəm
Ətrafdan ara-sıra keçən adamlar təəccüb və donuq baxışla bizə
tərəf boylanır.
- Sən niyə zibillikdə eşələnməlisən? Sənə bir qarın
yemək, yatmaq üçün bir künc verən yaxının, doğman, övladın
yoxdur?
- Mənim heç kimim yoxdur. Mən onları qəbul etmirəm, onlar mənim
heç kəsimdir, - bezgin, üzgün bir insanın iniltisi idi bu
sözlər...
Qarının sifətində məsumluq axtarmaq istəyim də boşa çıxır.
Günlərin, bəlkə də ayların çirki-pasağı sifətində daşlaşmış
kimidir. Təkcə çənəsi, dodaqlarının ətrafı bir qədər aydın
görünür.
- Ola bilməz axı, səni düşünən, yadına salan olmasın,
bir cəhd et, onlara yaxınlaş, qurtar bu dünyada o biri dünyanın
çəkdiyin əzabından.
Dinmir. Susqunluğu mənim də qarı ilə danışmaq həvəsimi yox
etməkdədir. Özümü qınayıram da: Günah bunların özündədir, necə olur
axı, atılırlar, sahib çıxanları olmur? Kim bilir, bəlkə də bunun
oğlu haradasa dostları ilə eyş-işrətdədir, bu isə zibillikləri
eşələyir. Boşboğaz araq düşkünlərinin içdikləri araqdan sonra
analarının şərəfinə badə qaldırmaları, dünyanın ən ali
varlıqlarının sağlığına ayaq üstə içmələrini yadıma salıram...
O da pis yola düşdü...
- Oğlun var?
- Var, iki oğlum var. Amma onlar mənə heç oğulluq etmədi. Böyük
oğlum külfətini atdı üstümə, getdi Rusiyaya. İşlədi, özünə yer-yurd
elədi, sonra da arvad-uşağını da götürüb apardı. Balaca oğlumla
qaldım. O da pis yola düşdü. Onu tutdular, qardaşına xəbər verdik
ki, pul göndər. "Özüm güclə dolanıram, haradan pul tapıb
göndərim?!" - dedi. Beləcə o, türməyə, mən də çöllərə düşdüm...
- Niyə tutuldu?
- Pis "kruq"a düşdü. Nəşə çəkdi, iynə vurdu, qumar oynadı, dava
saldı. Onu saxlaya bilmədim. Türmədə də qumar oynamışdı. Adamlar
gəlib dedilər ki, filan qədər borcu var. Bir həftəyə verməsəniz,
borc yiyəsi oğlunu özünə arvad edəcək. Qorxdum. Telefonla
danışdırdılar, oğlum dedi ki, evimizi sat, filan qədərin ver
onlara, özümüzə də ucuz bir ev al, gözlə, çıxacam. Elə o adamlar
özləri evi aldı. Mənə də ikiotaqlı, balaca həyəti olan bir ev
aldılar. Pulun qalanını da verdilər özümə. Dedilər, oğluna de,
qumardan uzaq olsun, iynə-zad vurmasın, sən yazıqsan. Görüşə
gedəndə yalvarıb-yaxardım. Dedi, məməcanı atacam, heç nə etməyəcəm.
Amma atmadı. Necə oldusa, böyük oğlumla əlaqə saxlayası olduq. Evi
satmağımı bildikdə - "o evdən mənə də pay düşür" - dedi. Əlimdə
olan pulu göndərdim ona. Zülmlə yaşadım, işsiz idim. Kimdir yaşlı
qadını işə götürən? Gözəl deyiləm, yaraşığım da yoxdur. Buralarda
günümü keçirirəm.
Dədələri buruqda işləyirdi, yıxılıb öldü
- Balalarını gözləyirsən?
- Böyük oğlum bu tərəflərə üz tutmur. Balaca isə türmədən çıxdı,
cəmi 1 ay çöldə qaldı, yenə də dava saldı, üstündən də nəşə
tapdılar. Sonra yenə tutdular. Qazamatdadır. Onun olmağındansa,
olmaması yaxşıdır.
- Övladdır da, ağrısını sən çəkəcəksən...
- Yadımdan çıxarmışam onu doğanda çəkdiyim ağrını. Sonradan
verdikləri ağrının yanında o ağrı nədir ki?! Hər ikisini tək
böyütmüşdüm. Dədələri buruqda işləyirdi, yıxılıb öldü. Mən qaldım
aralıqda...
O bədbəxtin balası acından öləcək
- Ay arvad, axı ərinin, özünün qohum-qardaşın var, onlar
haradadır?
- Heç kəsim yoxdur mənim. Dediyin qohumlar orucluqda fitrə
çıxarıblar, gətiriblər mənə veriblər. Burada – elə bu zibillikdə...
Təpələrinə dəysin!
- Niyə axı burada, evin yoxdur ki? Dedin axı ev aldılar
sənin üçün.
- O evi də qayınım uşaqları gəldi, kirayə verdilər, həyətdəki
balaca küməyə də məni yerləşdirdilər. Kirayə pulunu da özləri alıb
içəriyə – oğluma göndərirlər ki, korluq çəkməsin. Mən isə dolana
bilmədim. Kirəkeşlərim də məni sıxışdırıb atdılar bayıra. Qaldığım
otaqda toyuq-cücə saxlayırlar indi... Kirəkeşləri evdən çıxara da
bilmirəm. Xəstə, qoca arvadam. Çıxartsam, o bədbəxtin balası
acından öləcək içəridə.
- Ölməyəcək, hökumət yaxşı, isti yemək verir dustağa.
Sən özünü fikirləş.
- Baxma, pul hər yerdə lazım olur.
- Böyük oğlun necə, heç olmasa, səni
axtarırmı?
- Heç kəs axtarmır. Kiçik oğlumu gözləyirəm. Çıxsaydı, rahat
ölərdim. İndi ölsəm, aralıqda qalacam. Basdırmayacaqlar da.
Sonra yenə də dərdini çözməkdə davam etdi. Bu dəqiqə ona məndən
doğma, məndən yaxın kimsə yox idi. Onun paylaşdığı, dərdini
bölüşdüyü, ona bir insan kimi müraciət edən adama qarşı da səmimi
olmaq istəyirdi və o, həqiqətən də səmimi idi:
- Oğlumu üçüncü dəfə mənə görə həbs etdilər. Yoldaşlarından biri
ona ana söyüşü edib, bu da onu bıçaqlamışdı. Ana söyüşünü qəbul edə
bilməmişdi. Anasından xəbəri olmayan ana qeyrəti çəkib... Amma
anasının qulaqları o söyüşdən ən azı gündə 100 dəfə eşidir.
Birdən oğlum amnistiyaya düşər...
- Bəs söz vermişdi axı sənə. "Gözlə, evimizdə
yaşayarıq", - demişdi.
- Çıxdı, getmişdi əmisinin evinə. Mən küçələrdə qalırdım, o isə
əmisigildə, dostlarının yanında. Yanıma gəlirdi, bura zibilliyə baş
çəkirdi, halı özündə olmurdu, içkili vəziyyətdə gəlirdi... Deyirdi,
işə düzəlim, maaş alım, kirayədəki adamı da çıxararıq, köçərik
evimizə.
Arvad çirk basmış kirpiklərinin arasından düz gözlərimin içinə
baxdı:
- Bilirsən, burada niyə oluram? Ona görə ki, birdən oğlum
amnistiyaya düşər, prezident onu əfv edər, azadlığa çıxar, məni
görmək istəyər, yerimi bilməz.
- Əminsən ki, azad olsa, səni görməyə
gələcək?
- Axı onun məndən başqa kimi var? Bilirsən, sonuncu dəfə o, məni
burada görüb, ona görə deyirəm ki, yəqin, gəlib görər məni.
Məni evimə buraxsalar...
Öz sözlərinə bir inamsızlıq hiss edirəm. Özü öz həyatını,
taleyini yaxşı bilir. İlləri geri qaytara bilməz. Oğlunun yolunu
gözləyir...
Çirkli əlinə, barmaqlarına baxıb soruşuram:
- Yemək bişirə bilirsən?
- Bişirə bilirdim... Yenə də bişirərəm. Məni evimə buraxsalar,
oğlum gəlsə, nəvələrimi görə bilsəm, onlara özüm yemək
bişirərəm...
Sözü qurtardı, gözlərini qapadı. Güman ki, xəyallarında
yaşatdığı – ana, nənə, gəlin olduğu vaxtlarda özünü hiss etdi.
Çirkli sifətinə xoş bir ifadə yayıldı. Onu elə çöhrəsinə yayılmış
bu xoş ifadənin əsirliyində qoyub, uzaqlaşdım...