Sarı ilə Bayılda tanış olmuşduq. "Sarı" onun ləqəbi idi
və bu adı o özü ilə çöldən içəri gətirmişdi, elə çölə də bu adla
çıxdı. İndi də onun əsl adının nə olduğunu bilmirəm. Baxmayaraq ki,
dustaq həyatına çoxdan əlvida demişik, dəfələrlə görüşmüşük, qonağı
olmuşam, qonağım olub, oğlunun toyunda iştirak etmişəm, amma həmişə
onu "Sarı" deyə çağırmışam...
Onu içəridən çıxarmasaq, kişi deyilik
Sarı Bərdədə yaşayır. Rayon mərkəzinə yaxın bir kənddə doğulub.
Bərdədəki kolxoz bazarında tərəvəzin topdan satışına nəzarət edir.
Kəndlərdən bazara məhsulunu gətirib topdan satmaq istəyənlər Sarını
görür, alveri onunla edirlər. Mal sahibləri yüklərini ona təhvil
verib, çayxanalara çəkilir və bir müddətdən sonra gəlib pullarını
alıb gedirlər. Bir növ, Sarı özünün monopoliyasını yaradıb.
Sarının həbs olunması heç də işi ilə bağlı olmayıb. O,
dava-dalaş üstündə və bir neçə nəfəri çəngəllə vurduğuna görə həbs
olunmuşdu. Bayıldakı hücrədə həmişə kefi kök görünərdi. Arxayın idi
ki, tez bir zamanda azad olunacaq. Məhkəməni gözləyirdi. Deyirdi
ki, vurduğum adamlar sözü bir yerə qoyublar ki, onu içəridən
çıxarmasaq, kişi deyilik. Zərərçəkənlər Bərdəyə toya gələn ağdamlı
bazar adamları imiş.
Sarının hücrədəki dustaqlar arasında da özünəməxsus yeri,
hörməti vardı. 3-cü korpusun 96-cı hücrəsində 30-a yaxın dustaq
olurdu. Mən bu hücrəyə özüm xahiş edib gəlmişdim. Həmyerlim,
jurnalist Elşad Mehdizadə bu kamerada idi. Lakin burada çox az
qaldım. Daha rahat və sakit hücrəyə dəyişdirildim. Lakin bu az
müddətdə də Sarı ilə dostluq etməyə imkan tapıldı. Mənim o hücrəni
tərk edib daha 6-cı korpusun 105-ci hücrəsinə getdiyim gün o da
sonuncu dəfə məhkəməyə aparıldı və elə məhkəmə zalından da azadlığa
çıxdı. O, cəmi 3 ay dustaq həyatı yaşadı.
Bəs onu Bayıla gətirib çıxaran dava nəyə görə olmuşdu, niyə onun
çəngəllədiyi adamlar Sarının həbsdən çıxarılması üçün bütün
güclərini səfərbər edibmiş, burada nə sirr vardı?
Qanı axa-axa getdilər xəstəxanaya
Bir dəfə gəzinti zamanı onun özündən soruşdum.
- Sən bilmirsən? - təəccüblə dedi: - Bunu burda hamı
bilir...
Sonra da gəzinti yerində kölgəlik tapıb diz-dizə çöməldik.
Hadisənin baş verməsi anını danışdı. Görünür, dəfələrlə söhbət
etmişdi:
- Dost toyu idi. Toyu olan bazar işçisi idi, elə qonaqların da
əksəriyyəti bazarda oturanlar idi. Yaxşıca yedik-içdik. Qonaqlar
çox idi. Qonşu rayonlardan gələnlər də az deyildi. Biz yerlilər
şərait yaradırdıq ki, qonaqlar danışsın, oynasın, sağlıq desin və
sair. İçkinin təsirindən hərəkətlərinə nəzarət edə bilməyənlər də
vardı. Bir neçə qonaq daha tez-tez mahnıları dəyişir, söz deyir,
özünü urvatsız aparırdı. Ehmalca onlara yaxınlaşıb, hərəkətlərinə
fikir vermələrini xahiş etdik. Başa düşmək istəmədilər. Hətta biri
cibindən bıçaq çıxarıb, "Nə demək istəyirsiz, alə, içinizdə bir
kişi var, nə gözünüzü döyürsüz?" - dedi.
Yanımda duran dostları sakitləşdirdim. "İşiniz olmasın,
sərxoşdular", - dedim. Amma onlar bir az da həyasızlıq etdilər,
başladılar gülüb siqaretin tüstüsünü üzümüzə piləməyə, dedim, çıxın
çölə, indi gəlirəm. Dedilər, yox, elə sözünü burda de. Dedim,
bayırda deyəcəm. Çıxdılar. Mən də bir çəngəl götürüb çıxdım.
Dəhlizdə cumdular üstümə. Birincini yumruqla, ikincini kəllə ilə
vurdum, mal peyini kimi "lap" edib dəydilər yerə. Daha iki nəfərdən
birinin əlində bıçaq vardı. Cibimdən çəngəli götürüb soxdum bunun
baldırına. Qışqırdı, çökdü aşağı, dördüncünün də yumşaq yerinə bir
dənə çəngəl vurub, dedim, sizin bəxtiniz gətirdi ki, toyda
qarşılaşdıq, yoxsa sizi bilirəm nə edərdim. Bunlar qanı axa-axa
gediblər xəstəxanaya. Xəstəxanadan polisə müraciət ediblər, polis
də gəldi şadlıq evinə, kim edib, necə olub, kameraya baxıblar -
görüblər mənəm. Yaxınlaşdılar ki, bəs bizimlə gedək, dedim ayıbdır,
toy başa çatsın, gələrəm.
Nə isə razı olmadılar, mübahisə etmədim, getdik. İndi o uşaqlar
özü hakimlə dil tapıblar, günahın onlarda olduğunu deyiblər. Mənə
məhkəmə cəmi 3 ay iş verəcək. 3 gündən sonra məhkəməmdir. 3 ay iş
yatdığım günlə baş-başa olduğuna görə də çölə çıxacam.
Elə də oldu. Sarı bu vaxta qədər olan məhkəməsindən də bəhs
etdi:
- Demək, məhkəmə vaxtı vurduğum adamlardan biri dedi ki,
möhtərəm hakim, Sarıda heç bir günah yoxdur, xahiş edirik, nəzərə
alasınız ki, onu biz o həddə çatdırmışıq, əslində o özünü müdafiə
edirdi. Sübut kimi də göstərdi ki, bəs, bizdən qabaqkıları
yumruqla, kəllə ilə vurdu, bizdə bıçaq gördükdə çəngəl götürdü.
Hakim mənə müraciətlə dedi ki, deyilənlər düzdü? Dedim, hə. Dedi,
yox, sənin əvvəldən məqsədin olub ki, onları çəngəllə vurasan, ona
görə də çəngəli götürüb cibinə qoymusan. Dedim, xeyr, çəngəl
özümündür, həmişə cibimdə gəzdirirəm, başqa çəngəllə yemək yemirəm
ki, mikrob keçər, götürürdümsə, elə bıçaq götürərdim də...
Yazıqlar burada pis əməllər öyrənəcək
Sarı bunları deyib ləzzətlə güldü:
- Şair, mənə inamın yoxdur, tanımırsan, Allah haqqı, hakim
ləzzətli oğlan idi, nə kefinə, ağdamlılar ayağına xahişə getmişdi,
bığının altından keçmişdi, bu tərəfdən də şikayət yox, mən də özümü
müdafiə-zad... Mənə bir də Sarı deyəndə hakim ləzzətlə gülüb
"Bunların Sarısı belədir, görəsən, Qaraları nə rəngdə olar?" –
dedi...
Həftənin 2-ci, bir də 5-ci günlərində Bayıldan cəzaçəkmə
müəssisələrinə dustaqlar etap olunurdu. Hücrədə bunu bir bayram
əhvali-ruhiyyəsi kimi qeyd edirdilər. Hər halda azadlığa tərəf daha
bir gediş idi. Həm də istintaq altında, məhkəmə gedişində çəkilən
iztirablara da son qoyulurdu. Dustaq artıq ona verilən cəzanı
çəkməklə məşğul olacaq, həm də bir az genişlikdə yaşayacaqdı.
Hücrələrdən çıxmaq özü elə bir növ, azadlıqda olmaq demək idi. Buna
görə də zona gedəcək dustaq üçün "provod" təşkil olunurdu. Sarı bu
tədbirlərin aparıcısı idi. Plastik su qablarına meyvə şirələri
süzülürdü, sağlıqlar deyilirdi. İkinci-üçüncü "badədən" sonra özünü
doğrudan da kef məclisində hiss edirdin, dustaqların bəzisi isə
"içki"dən imtina edirdi, içən deyiləm, deyirdilər. Belə anlarda
Sarı daha müdrik görkəm alardı:
- İçkiyə məcburiyyət yoxdur.
Sonra da üzünü gənc dustaqlara tutub, onları həbs edən
müstəntiqi, prokuroru qınayaraq deyirdi:
- Bunları niyə tutmusuz? Bunların güllü yorğan-döşəkdə yatan
vaxtlarıdır. Nə ediblər? Toyuq-cücə, qoyun keçi aparıblar. Adə,
bildin bu aparıb, sal təpiyinin altına, çırp da eşşək balası kimi,
daha niyə şikayət edirsən, bu yazıqlar burada daha pis əməlləri
öyrənəcək axı!
Türməyə pis deyə bilmirəm
Sarı belə oğul idi. Özünün mülahizələrində bütün cinayətlərin
kökünü kəsir, hamıya haqq qazandırırdı. Təkcə narkotik aludəçiləri
və başqasının namusuna göz dikən, zorlama ilə həbs olunanlara
Sarıda aman yox idi. Onlara verilən cəzanı az hesab edirdi.
- Elələrini öldürməyəsən, axtalayasan, buraxasan hurilərin
yanına, bağırları partlaya, özləri özlərini öldürə, - deyirdi.
Sarı ilə indi də tez-tez əlaqə saxlayıram. Bərdəyə, Tərtərə
gedəndə zəng edirəm, bütün işini-gücünü atıb, mənə vaxt ayırır.
- Türmədən qazancım sən və bir-iki başqa dostlar oldu, -
deyir.
Bir dəfə ona:
- İşinin ardınca get, mənə görə avara olma, -
dedim.
- Nə iş, a şair, işim mənli-mənsiz gedir. 3 ay Bayılda olduğum
zamanda kəndlərdən gələn tərəvəzi mənim adıma gətirirdilər,
paylayır, üstünə düşən qazancı mənim üçün saxlayırdılar. Sən heç
narahat olma. Biz papağı günə yandırmamışıq, hər yerdə dostumuz
var, türmə mənə sənin kimi dost verdi, türməyə pis deyə bilmirəm, -
deyib zarafat da etdi.