Yuxarı

Keçmiş məhbus həbsxana qapılarında

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müstəntiq köpəyoğlu dedi də, dedi axı: on min ver, bağlayaq..."

2 sayli cəza çəkmə müəsisəsindən reportaj

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsi Binə qəsəbəsindədir. Qonşuluqda 17 saylı CÇM yerləşir. Buraya məhkumlar və penitensiar xidmətin işçiləri sadəcə "TUB" deyirlər. Ağ ciyər xəstəlikləri olanlar, əsasən, bu müəssisədə yerləşdirilir. Doğrusu, əvvəlcə elə bu müəssisənin girişində gözləyib, görüşə gələn məhkum ailələrini müşahidə edib yazmağı planlaşdırsam da, sonradan fikrimi dəyişəsi oldum. Fikrimdən daşınmağıma səbəb son vaxtlar ölkə ictimaiyyətini və mətbuatı daha çox maraqlandıran bir olayın baş verməsi oldu. Söhbət prezident seçkiləri ərəfəsində verdiyi məlum bəyanat və əfv olunması üçün prezidentə məktub ünvanlaması ilə yenidən gündəmə gələn Fərhad Əliyevdən gedir.

SALAM ŞAİR, NECƏSƏN?

Salam verən adama tərəf döndüm, tanıya bilmədim. Salamını cavabsız qoymadım, gülə-gülə uzatdığı əlini sıxdım, "yaxşılıqdır", dedim. Sifəti çox tanış gəlirdi. "Xeyir ola, burda?" - sualına, "heç, tanış var, onu gətirmişəm, - dedim, - qohumu burda yatır". "Dedim, bəlkə "Akulanı" görməyə gəlmisən", deməsinə əlüstü cabvab verdim: "Yox, indiyə çıxar o", - dedim və yadıma düşdü, salamını aldığım adam Bayıl türməsində ən insaflı "nadzor"lardan – nəzarətçilərdən biri idi ("Akula" ləqəbli dustaq isə məşhur Tambov qruplaşmasının üzvü Tofiq Belov idi, Bakıda törədilən sifarişli ölümə görə günahkar bilinib həbs edilmişdi, Bayıl türməsində eyni kamerada olmuşduq, aramızda bir mübahisə yaranmışdı və sonradan dostlaşmışdıq. Özünün dediyinə görə, atası general olan bu adam Sankt-Peterburda rus anasının yanında böyümüşdü, ali təhsilli idi, Azərbaycan dilini mükəmməl bilirdi, zamanında yay aylarını da Azərbaycanda keçirirmiş).

Keçmiş "nadzor" isti, bürkülü havada kameranın "kormuşka"sını bağlayar, dustaqlar içəridə havasızlıqdan boğulanda 40 qəpiyə həmin nəfəsliyi açardı. Başqa nəzarətçilər bu təmiz hava alış-verişini 1 manatdan aşağı eləməzdi. Yaxşı da "ayaq" idi ("ayaq" – dustağın xəbərini çölə aparıb-gətirənlərə deyilirdi, yəni sənin əvəzinə o gedib gəlir, istədiyini ödənişlə həyata keçirir). Bayıra nə lazım idisə - xəbər göndərmək, gətirmək - məmnuniyyətlə yerinə yetirərdi.

…Tanımadığımı zənn etdi: "Sən "desyati"də olanda da görüşmüşdük, - dedi,- biz "şmona" gəlmişdik, sənin "sançastda" qaldığın palatandan kitabları, qəzetləri götürmüşdülər, bir də şeir dəftərini, əsəbi halda söyürdün. Necə oldu, axırı geri qaytardılar?"

- Hə, Vəli müəllim qaytardı, - dedim. - Sən burda işləyirsən?

- Yox, pensiyadayam, tanış oğlan var, onunla işim vardı, bayaq çöldə idi, söhbətimizi bitirdim, indi gedirəm.

"UŞAĞI QURTARMAQ OLARDI..."

Bu sözləri buraxılış məntəqəsindən bir qədər aralı yerləşən, üstündə "kafe-çayxana" yazılmış tikilinin qarşısında toplaşan bir dəstə adamdan ən yaşlısı deyirdi. Necə deyərlər, hər kəs öz dərdini "çalxalayır", bir-birinə ürək-dirək verir, əzizlərinin indiki durumundan narahat olduqlarını dilə gətirirdilər. İçəri keçirəm. 30-35 yaşlı bir nəfər görüşə gələn adamların şəxsiyyət vəsiqələrini alıb baxır, buraxılış üçün lazım olan qeyd vərəqini doldurur, ərzaqların siyahısını tutur, miqdarını qeyd edirdi. Hər kəs onunla çox səmimi idi, görünür, dəfələrlə görüşə gələnlərdilər, çünkü hər kəs ona adı ilə müraciət edir, o da hamıdan adbaad hal-əhval tutur, dustaq yaxınlarının necəliyini, məhkəməyə düşüb-düşmədiyini soruşur, canıyananlıq sərgiləyir. Arada da əlavə edir:

- İndi vəziyyət yaxşıdır, əvvəllər başqa cür idi.

Dərdli insanlar isə "görək də..." deməklə kifayətlənirlər. Fikir verirəm, ona manatlıqlar təklif edənlərə dilucu etirazını bildirir və bu zəif etiraz əslində heç etiraz olmasa da, dustaq yanına gələnlər manatlıqlarını qaytarıb ciblərinə qoyur, onun canına dualar edirdilər. Sözsüz ki, sənəd yazan oğlanın gözütoxluğunu "görməyənlər", etirazını "eşitməyənlər də" olurdu ki, bu zaman da "çox sağ ol, Allah cibini dolu eləsin, gözlərini yol gözləməkdən qurtarsın" deyə dua-səna eləyirdi. Ara-bir də mənə baxır, işinə ara verib, "Qardaş, Allah qapısını açsın, sən kimin yanına gəlmisən, təzələrdəndi?" - deyə soruşur.

- Yox, çoxdandır yatır, amma mən indi gəlirəm, yoldaş var, onu gözləyirəm, gəlsin, sənədlərimizi verərik.

Canyananlıq edir: "İstəyirsən, ver yazım, növbə tut, dostun gələndə sənədini gətirər, onu da əlavə edərəm".

Təşəkkür eləyib, bayıra çıxıram. Bayırda "uşağı qurtarmaq mümkün olarmış" qənaətinə sonradan gələn kişiyə yaxınlaşıb: "Allah qapısını açsın, çoxdan yatır?" - soruşuram.

- Hə, üç ildən çoxdu, hələ bir o qədər də qalır. Müstəntiq kopayoğlu dedi də, dedi axı, on min ver, bağlayaq. Mən altı min gətirdim, hirsləndi, 2-ci maddəni də "zıpladı" gedəyə. İndiyə qədər on min çıxıb, yalan deyən nakişidi. - Ardıyca üzünü mənə tutur: - Tapa bimədim də, neynəyim.

- Gərək kredit götürəydin bankdan, hər ay bura iki dəfə gələndə çəkdiyin xərci banka ödəsəydin, canın da dincələrdi, belə peşmançılıq da çəkməzdin, uşaq da gözünün qabağında olardı.

- Adamam, ə, mən? - deyir və əlini uzadır: - Papruzunnan görüm! Siqaretin acı tüstüsünü cigərlərinə çəkib, burun pərlərindən çölə fısqırdır: - Gədəyə etivarım olmadı, gündə birini basıb döyürdü, malını-qoyununu əlindən alırdı, o da bir köpəyoğludu, gedif dayısına oxşadı, mənə oxşamayan qurumsaq.

Düşündüm ki, bu, əslində uşağını tərifləməkdi. Ətrafdakılara da maraqlı gəlir bu kişinin danışığı. Hər kəs öz uşağının, qohumunun ipə-sapa yatmazlığından bəhs edir, indi qalın divarlar arxasında ömürlərini saat əqrəblərinin arxasıyca baxıb da günün keçməsini gözləyərək vərəqləyənlərinin – doğmalarının müsbət tərəflərini nəql edirlər. Xatirələr o qədər şirindir ki, lap acılı günlərin xatirələri olsa belə. Bir dəfə rəhmətlik Zakir Sadatlıya türmə həyatının yaddaşımdan heç vaxt silinməyəcək tərəflərindən bəhs edərkən dedi: "Aya, zalım, elə danışırsan, istəyirəm kimisə vurub öldürəm, gedəm düşəm o xarabaya..."

"PUL KÖPƏYOĞLU ŞEYDİ"

Buraxılış məntəqəsinə yaxınlaşıram. İnsanların üzündə kədər və nisgil yuva salıb. Hamının dərdi eyni olduğundan, burdakı insanlar sanki bir ailənin üzvləridir. "Həbsxana həyatını biz çəkmirik ki! - çöldə qoyub gəldiklərimiz çəkir". Bunu Bayıl türməsində olarkən gənc, lakin dustaqlıq həyatı barədə kifayət qədər məlumatlı olan bir dustağa demişdim. Törətdiyi cinayətdən fəxrlə danışar və "Mən bu yolun yolçusu olacam. Hələlik "strimit" edirəm", - deyərdi. Bu adamla ilk gündən düz gətirməmişdi mənimki. Mənim yazan (jurnalist), "paqon" (gəmi kapitanı) işləməyim bunun fikrincə "zapodlo" idi. Lakin mənim generalları, dövlət məmurlarını tənqid edən yazılar yazmağımı anlayınca, "sən adi serjantla qodulanırsan, mən isə kimlərlə kəllə-kəlləyə gəlmişəm!" - deməyimdən sonra üzrxahlıq etmişdi. Çalışırdım ki, onun cinayət aləminə olan meylini azaldam. Burda bir neçə dəqiqədən sonra əzizləri ilə görüşəcək insanların sifətinə baxarkən həmin fikirlər yenidən beynimdən keçir: "İçəridikilərdən çox, çöldəkilər əzab çəkir!" – bu, həqiqətən də belədir!

Ağır, dəmir qapı açılır və nadzor:

- Kimin növbəsidi, gəlsin, - deyir.

Sözsüz ki, növbə ilə tikanlı məftillərin kəmər kimi dolandığı qalın divarların o üzündəki məhbuslara bir udumluq azadlıq havası, sevinc aparacaq adamların sənədləri artıq içəri təhvil verilib və onların görüşünə icazə qadağası yoxdur. Gənc bir oğlan və cavan bir gəlin məndən sonra növbəyə yaxınlaşır, "siz neçəncisiz", deyib, öz əllərindəki xırda kağız parçasına yazılmış rəqəmə baxırlar. "Biz iyirmi dördüncüyük",- deyir qadın.

- Mən növbəmi sizə verərəm, dostum gəlməlidir, hələ gəlməyib, - deyirəm. Və yeni həmsöhbət üçün körpüyə özül qoyuram: - Tez-tez görüşə gəlirsiz?

Xanım:

- Ayda iki dəfə. Görüş vaxtı belədi. Amma kimin imkanı, adamı varsa, ayda üç dəfə də görüşə gələ bilər, bu onların büdcəsinə baxır.

- Bunun üçün kiminlə danışmaq lazımdı?

- Burdakı paqonluların hamısı bunu düzüb–qoşa bilər.

- Siz heç elə etmisiz? – təcrübəsiz adamlar kimi soruşuram.

- Yox, - deyir, - biz bir dəfə istədik ki, növbədənkənar görüş alaq, imkan vermədilər, nə qədər pul təklif etsək də, alınmadı. Amma deyirlər, mümkündü.

Gənc oğlan müdaxilə edir:

- Dayı, pul köpəyoğlu şeydi.

Söhbətimiz alınır. Məlum olur ki, əslən Ermənistandan olan bu gənc qadın oğlanın qardaşı arvadıdır. "İçəridə" olan isə xanımın həyat yoldaşıdır. Şəxsi – üç günlük ailəvi görüşə gəlib. Oğlan sonra qayıdacaq. Qardaşına ACM-in 120-ci maddəsi ilə 8 il cəza veriblər. Nümunəvi dustaq olsa da, cəza növü hələ də dəyişdirilməyib. Bir neçə dəfə ərizə ilə mürciət etsələr də, müsbət cavab alınmayıb. Mən ona qanunla cəzanın üçdə birini, yaxud üçdə ikisini çəkdikdən sonra müsbət xasiyətnamə ilə məhkəməyə müraciət etmənin mümkünlüyünü xatırlatdıqda, oğlan mənə çəkilməmiş cəzanın iki ilini "çölə" çıxartmaq üçün bir nəfər tanışla söhbət etdiklərini, lakin onun bu iş üçün 10.000 manat tələb etdiyini dedi.

- İnanma, eşitdiyimə görə, yerdə qalan hər ay üçün də 100 manat ödəyirsən, - deyirəm.

- Hə, əvvəllər belə olub. İndi "korrupsiya" işləyir axı, az edirlər, amma yaxşı alırlar, - deyir. Sonra da əlavə edir ki, buranın indiki rəisi yaxşı oğlandır, "Tub"da – "17"-də idi əvvəllər. - Dəyişiklik çoxdur, əvvəlin "zakonları" yoxa çıxıb. Rüşvətin kökünü də demək olar ki, kəsib. Vallah, görüşə gələndə daha əvvəlki kimi əlavə heç bir xərcimiz çıxmasa da, buna inanmaq da olmur. Bura Azərbaycandır e...

Söhbətə qoşulanlar çox olur. Hərə bir fikir səsləndirir. Özləri ilə gətirdikləri ərzağı, mer-meyvəni, su qablarını divar boyu düzüb də istidən və görüşə buraxılmanın ləng getməsindən gileylənirlər.

"SƏNİN XƏBƏRİN OLMADI BƏ, DƏDƏM DƏ BURDADI, QARDAŞIM DA..."

AXCP-nın Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmli qeybdən çıxmış kimi qarşımda peyda olur. Səmimi görüşdən sonra, "burda xeyir ola"ları yan-yana düzürük. Mən eləcə reportaj hazırlamağa gəldiyimi deyirəm və soruşuram ki, bəs sənin oğlun Vasif, Allah qapısını açsın, "detski"də olmalıdır, burda nə gəzirsən?

- Sənin xəbərin olmadı bə, mənim başıma nələr gətirdilər? Uşaqdan sonra da dədəmlə qardaşımı şərləyib tutdular.

- Elə o məsələyə görə?

- Dolayısı yolla həmin məsələdi, amma onları narkotika satışı ilə "qruzladılar".

Görüşə 3 nəfərdən artıq adam buraxılmadığından, Təzəxan bəyin doğmaları görüş otağında idi, özü isə tikanlı məftillərlə "duvağı bağlanmış" qalın və hündür daş hasarın bu tayında onların görüşdən çıxmalarını gözləyirdi. Elə hasarın bu tayındaca o taydakıların taleyinə acıdıq. Bir neçə dəqiqə də keçdikdən sonra Təzəxan bəyin doğmaları görüşdən qayıtdı və biz sağollaşdıq. Sağollaşarkən ona dedim ki, mən hasardan o tərəfə keçəcəyəm və ordan da reportaj hazırlayacağam. Çiyinlərini çəkdi, hiss etdim ki, inanmır. Amma onunla xudahafizləşdikdən təxminən yarım saat sonra mən artıq "içəri"də idim.

Tarix
2013.10.25 / 16:14
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla