Yuxarı

Məhbus qadın: “Ey, bakirə, sənə bağlama var...” – 18+

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhbus qadın: “Ey, bakirə, sənə bağlama var...” – 18+

"Türmə əhvalatları" layihəsində

Əvvəli burada

Gülsüm yenə də səssiz ağladı. Göz yaşlarının dodaqlarına düşənini bu dəfə dili ilə quruladı.

- Məni bilirsən nə dəhşətə gətirdi? Axşam yoxlanışında nəzarətçi qadın "kormuşqa"nı açıb çağırdı: "Ey, bakirə, sənə bağlama var, qəbul elə, bura qol çək". Bilmədim kimi çağırır, tərpənmədim. İçəridə olan qadınlardan biri mənə tərəf döndü:

- Səni çağırır...

O gündən mənim ayamam "Bakirə" oldu. Axı sən bilirsən, hər dustağa qoyulan bir ad var...

Gülsüm xanımın təklifi ilə ayağa qalxırıq:

- Bəlkə, bir az gəzişək, dənizə tərəf düşək?

Razılaşıram. Xidmətçi oğlanla sağollaşıb dənizə tərəf piyada gedirik. Sahil boyu salınmış parkın içində boş skamya görüb oturur:

- Bura yaxşıdır, dənizi o qədər də sevmirəm. Eləcə oradan durmaq istədim. Söhbətimi orada edə bilməzdim. Elə bildim ki, məni eşidirlər.

Mən də otururam. Gülsüm xanım özünü nə qədər tox tutsa da, arxada qoyduğu ağrılı anların içərisində çabaladığını gizləmək istəsə də, bu, mümkün olmur. Səsinin, dodaqlarının, çənəsinin titrəməsi içindəki təlatümdən xəbər verir. Bu, fırtına qabağı dənizin üstündə əmələ gələn xırda, qırçınlaşan ləpə kimidir, birazdan dalğaya dönəcək.

- Bilirsən, mən bu sözü təhqir kimi qəbul edirdim. Geriyə yol yox idi, məndən bəhs edəndə, söz deyəndə, çağıranda heç vaxt adımı çəkmədilər. "Bakirə haradadır", "Bakirəyə de, belə olsun" və sair. Bu ayama Şüvalandan qadın koloniyasına, oradan da çölə qədər mənimlədir. İndi də kimsə məni çağıranda qorxuram, elə bilirəm ki, bu adla çağıracaq,"Ey, Bakirə" deyəcək. Sən təsəvvür edirsən? Mən qadın üçün təmizlik, başucalığı olan, adına şərəf gətirə bilən sözdən iyrənmişdim, indi də o sözün xofundan qorxuram. Artıq hamı məni bu adla tanıyırdı. Kişi nəzarətçilər, zabitlər də vardı, qadınların məni bu adla çağırmalarını eşidirdilər. Elə bilirdim ki, adıma Bakirə deyildikdə onlar gözlərini qurşağıma dikirlər... Utanırdım, heç kəsin görmədiyi bir küncə çəkilib ağlayırdım. "Niyə bu sözü işlətdim, niyə mənə bu adı verdilər", - deyə qınayırdım özümü.

Yanpörtü, üzünü mənə tərəf çevirərək oturdu, dizləri dizlərimə toxunacaq qədər yaxın oldu, kənardan baxanların nəzərində doğma adamlar kimi müşahidə oluna bilərdik.

- Bilirsən də, cəmiyyətimiz necə baxır adının üstündə həbs damğası olanlara. Bayırda yüz oyundan çıxanlar içəridə olanlara necə baxır. Sən özün yaxşı bilirsən bunları, nə deyim sənə. Mənə içəridə də pis baxdılar. Yaxın qoymadılar məni. Haqqımda ən əxlaqsız sözlər danışıldı. Gəlib qulağıma çatırdı, deyirdilər, cavandır, vəzifədə işləyib, əlbəttə, kiminsə qayğısı olub, kiminsə könlünü xoş edib. Bir dəfə cavan zabit qadına dedim ki, rütbən kapitandır, neçə nəfərin könlünü almısan? Dedi, heç kimin, dedim, bəs mənim haqda niyə belə düşünürsən?

Gülsüm sözünə ara verdi və birdən əsəbi halda davam etdi:

- Bilirsən, məni əsəbiləşdirən nə idi? Cəza evində yüz oyundan çıxanlar, bir-biri ilə kişi-qadın münasibəti yaşayan qadınlar da mənim bakirəliyimə gülürdülər, lağ edirdilər, hətta mənə inanmırdılar da. İnanmırdılar mənim səmimi olmağıma. Başa düşürsən, bunlar oturub "srok"larını çəkmirdi, sanki, məni müzakirə edirdilər. Ardımca gülürdülər...

- Nə bilirsən sənin ardınca gülürdülər?

- Mənə elə gəlirdi. Kimin dişi ağarırdısa, elə bilirdim, mənim barəmdə danışırlar. Qorxurdum hamıdan.

- Səni incidirdilər? Nə isə təklif edirdilər?

- Bəlkə də incitmirdilər. Amma mən çox incik idim...

Birdən həyəcanla üzümə baxdı:

- Sən nəyi nəzərdə tutursan? Nə təklif?

- Nə bilim, işbirliyi, qurmaq, bir söz-söhbət olsa, xəbər elə və sair- dilimi sürüdüm.

Sözləri dilimin ucunda sürüdüyümü görüb incik və qətiyyətli halda:

- Yox, sən bunu nəzərdə tutmurdun, - dedi.

- Hə, başqa şey fikirləşirdim. Bilirsən, gözəl və gənc qadın olubsan, adın da hallanıb. Özün-özünü seksual şəkildə təqdim edibsən, bəlkə, xoş münasibət göstərmək istəyən-zad olub. Axı içəridə müxtəlif xarakterli adamlara da təsadüf olunur. Bunu demək istədim.

Gülsüm xanım onsuz da başa düşmüşdü nə demək istədiyimi. Onun bu haqda danışacağına da əmin idim.

- Olub. Bir dəfə mənə sovqat gəlmişdi. Arasına da bir kağız parçası atılmışdı. Eşq naməsi idi. Yazırdı ki, burada "nadzor" işləyirəm, səni bəyənirəm. İstəsən, sevə bilsən, özümü göstərə bilərəm, burdan çıxarsan, ailə də qurarıq.

Gülsüm yenə də susdu, danışmadı. Fikirlərinin ardınca gözləri də uzaqlara yol aldı. Xəyal dünyasında var-gəl etməyinə bir çəkim siqaretin ayırdığı zamana qədər vaxt verdim, ona mane olmadım. Siqareti barmaqlarımın arasından mancanaqdan çıxan daş kimi kənar tolazladım:

- Aha, sonra nə oldu? Bildin kimdir o nəzarətçi?

- Yox, bilmədim. Heç o söhbətin başına ip də salmadım. Bilirdim ki, kimdirsə, mənə fırıldaq gəlmək niyyətindədir. Ömrü boyu məni almaz. İkinci tərəfdən də, əksəriyyəti evli idi. Bu bir qurğu ola bilərdi, ona görə də heç kəsə bu haqda bir söz demədim. Cırıb tualetə atdım. O məktub yandırıla bilməzdi, murdarlanmalı idi. Mən çox hadisələrlə üzləşdim. Bilirsən, mənə qadınların da gözü düşmüşdü. Biri vardı, qayğıma qalmağa başladı. Qoymadı iş görəm, başqalarına tapşırırdı işimi. Özündən iyrənirdim. Barmaqlarında döymə vardı. Siqaret çəkirdi. Qaşı tatu idi, burnunun üstündə ziyil vardı, sifətindən fahişəlik yağırdı. Qadından çox, özünü kişi kimi aparırdı.

Yenə də susdu. Yenə də sinəsi korük kimi qalxıb-endi. Dolu bədəni üşüyürmüş kimi yırğalandı. Bu dəfə qəzəbinin, hirsinin üstünə özü su çilədi, gülümsər çöhrəsinə işıq düşdü:

- Bir dəfə məni "kupesinə" dəvət etdi. (Kupe - dustağın yatdığı çarpayının digər çarpayı ilə arakəsməsinə deyilir. Və dustaq buranı özünün evi sayır. Heç kəs kupe sahibinin dəvəti olmadan ora girə bilməz - F.B) Ayaqqabımı soyunub içəri keçdim. Döşəməyə xalça sərilmişdi. "Kupe"nin bir tərəfi divar idi, o biri tərəfi isə pərdə ilə örtülmüşdü. Girişdəki pərdəni də özü çəkdi. Əslində, bunlar olmamalıdır. Lakin özünü tanıyan, hörmət sahibi olan, hörmət etməyi bacaran dustaqlar özləri üçün belə bir guşə yarada bilirdi. Nə isə, bir az söhbət etdikdən sonra üst paltarlarını soyundu. "Belim ağrıyır, məni masaj elə", - dedi. Dedim, bacarmıram axı. - Öyrən, sən çox şeyləri öyrənməlisən, - dedi. Çox eybəcər görnüşü vardı. Qarnının piyi qat-qat qurşağına tərəf sallanmışdı. Bədəni ət xalları ilə əhatələnmişdi. Arxasını mənə çevirib işarə etdi ki, busqalterini açım. Açdım. Oturdu koykada, məni də məcbur etdi ki, arxa tərəfdən oturub, çiyinlərini ovum.

Danışığına ara verdi. Bu dəfə ürəkdən güldü. Bu gülüş ürəkdən gəlsə də, hirsə, qəzəbə büküldüyü də hiss olunurdu. Gözlərini əl dəsmalının ucu ilə sıxdı, quruladı sanki.

- Əlimi onun çiyinlərinə apardım, balaca ovmuşdum ki, bundan kişi səsinə bənzər səs çıxdı. Nırıldayırdı, elə bil, bu kişi mən isə onun arvadı idim. Tez ayağa durdum. "Kupe"dən çıxmaq istədim, biləyimdən tutub geri dartdı, dizinin üstündə oturtdu. Əli ilə ovurdumu sıxdı, "sən bu gündən mənimsən", dedi. İtələyib, əlindən çıxdım. Qaçdım. Barakdan çıxanda, bir neçə həyasız qadın ardımca səsləndi:

- Deyəsən, bu, bakirə çıxmadı, axı...

Gülsümü ağlamaq tutdu. Oturacaqda aşağı əyildi, dizlərini dirsəklərinə, əllərinin içini isə çənəsinə dəstək etdi. Kök bədəni aşağı əyildiyindən, əynindəki koftası arxadan yuxarı dartılmışdı. Ağ bədəni görünürdü. Koftasını aşağı çəkdim. Heç dönmədi də. Xeyli susduqdan sonra dilləndi:

- O gündən sonra məni qadın nəzarətçilər incitməyə başladı. Yatağımın altından müxtəlif əşyalar, porno şəkillər, müxtəlif eybəcər fiqurları və sair çıxırdı... Cəzadan qurtulmaq üçün pul verirdim. Mən ordan çıxana qədər təzyiqlər oldu. Özümə, gözəlliyimə baxa bilmədim. Bir də onda gördüm ki, əvvəlki Gülsümdən əsər-əlamət qalmayıb. 30 kilo kökəlmişəm. Həm də istəmirdim ki, gözəl görünəm, diqqət çəkəm...

Tarix
2015.10.26 / 09:00
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla