Şahlar Əsgərov
SSRİ-nin ən tanınmış elm
adamlarındandır. Onun Fizika elminə gətirdiyi yeniliklər bu gün də
ölkədən kənarda – ABŞ və Avropada istifadə olunur. Ölkənin elm
sahəsi ilə yanaşı, siyasi həyatında da önəmli yerlərdən birini
tutan tanınmış elm və siyasət adamı ilə görüşüb, onu Axar.az-ın
"Xatirə dəftəri"nə qonaq çağırdıq.
Çox istərdim ki, mənim də...
- Şahlar müəllim, hazırda nə işlə məşğulsunuz? Söhbət
elmi işlərinizdən gedir.
- 2013-cü ildə "Kamilləşən Düşüncə" kitabını yazdım. İndi bu
monoqrafiyanı "Путь к совершенству" adı altında Moskvada çap
etdirmək istəyirəm. Artıq danışıqlara başlamışam.
- Bəs, boş vaxtlarınızı necə səmərəli istifadə
edirsiniz? Uzun illər təhsil sistemində, parlamentdə
olmusunuz.
- Boş vaxt nadir hallarda olur. Çox istərdim ki, mənim də çoxlu
boş vaxtım olsun.
- Sizin xatirələrinizi – xatirə dəftərinizi vərəqləmək
istərdim. Ötənlər yaddaşınızda necə qalıb? Yeniyetməlik, gənclik
illəriniz...
- Bir çox ziyalının xatirə dəftəri, əslində, avtobioqrafik bir
kitabdır. Deyəsən, elə mənim də dəftərimi vərəqlədikdə bunlara
təsadüf edəcəyik.
- Yox, biz çalışarıq ki, sizin xatirə dəftərinizin
oxunmamış vərəqlərini də çevirək…
- Bilirsiniz, mən ali məktəbi qutaranda təyinatla ADU-da (indiki
BDU) qalmışam. Aspiranturada akademik L.A. Senanın (Leninqrad)
rəhbərliyi altında elmi iş yerinə yetirmişəm. Sonra bir il
Danimarkanın Texniki Universitetində (DTH) çalışmışam. Yarım ilə
yaxın Finlandiyanın Helsinki Universitetində tədqiqat aparmışam.
Moskva və Kiyev Dövlət Universitetlərinin hər birində də yarım il
işləmişəm. Bunlar mənim ömrümün parçalarıdır.
İlk dəfə diodun qeyri-bircins modelini təklif
etdim
- Respublikanın, eləcə də keçmiş SSRİ-nin tanınmış
fiziklərindənsiniz. Haqqınızda bəhs edən tanınmış alimlər sizi
fizikada hansısa kəşfin banisi kimi xarakterizə edib. Bir az elmi
araşdırmalarınızdan bəhs edərdiniz.
- İlk uğurlu elmi işi Leninqradda professor L.Senanın rəhbərliyi
altında "Katod tozlanması" adlanan bir fiziki hadisəni öyrənən
zaman görmüşəm. Bu işdə ilk dəfə aldığımız formulaya
monoqrafiyalarda, icmal məqalələrdə rast gəlmək olur. Həmin
formulaya görə, tozlanmanın intensivliyi ionların enerjisindən
asılıdır. Bu tədqiqatın nəticələrindən NASA-da (ABŞ) indi də geniş
tətbiq olunur. Moskva Dövlət Universitetinin professoru
V.E.Yurasovanın rəhbərliyi ilə yazılmış icmal məqalədə (2012-ci il)
istinad olunan elmi işlərin 30 faizi mənim işlərim idi. Əlbəttə,
bu, qürurverici haldır. Danimarkada Şotki diodları ilə bağlı
tədqiqat aparanda ilk dəfə bu diodun qeyri-bircins modelini təklif
etdim. Azərbaycanda bu istiqamətdə 10-a yaxın aspirantım müdafiə
edib. Son illərdə sosial fəlsəfə sayəsində tədqiqat aparıram.
İctimai həyatın bir çox sahələrinə (iqtisadi, sosial və mənəvi)
nəzərət etmək üçün yeni meyar təklif etmişəm.
- Bu, nə meyardır?
- Bu meyar etdiyimizin edə bilmədiyimizə, bildiyimizin
bilmədiyimizə, ümumi mənafenin şəxsi mənafeyə olan nisbətini
göstərir. Bu meyar bir çox sahələrə, o cümlədən, tarixə də işıq
tutur.
- Yəni…
- Bəşər tarixinin yeni meyardan asılılığı göstərir ki, tarix
açıq şəkildə iki dövrə bölünür. Birinci tarixi dövrdə proseslər
şəxsi mənafenin, fiziki gücün və instinkt düşüncənin təsiri altında
baş verib. İkinci dövrdə bəşəri hadisələr ümumi mənafenin, əqli
gücün və şüurun təsiri altında baş verir. Tədqiqatlar gələcəyə
optimist baxmağa əsas verir.
Ölkəmizdə şairlərin çox olması...
- Şahlar müəllim, Kəlbəcərdənsiniz. Bu torpağın
övladları saza-sözə daha çox bağlı olur. Siz fərqli sahədə
tanınmısınız.
- Haqlısınız. Müşahidə etdiyiniz təzadı izah etmək mümkündür.
Kəlbəcərdə oxuduğum orta məktəbdə mənim fizika, riyaziyyat, kimya
müəllimlərim çox qüvvətli və çox hörmətli idilər. Allah Qara
Bəhmənə, Aslan müəllimə rəhmət eləsin. Onlar bizlərə gələcəyə gedən
yolları göstərərkən elmə gedən yolu da göstərirdilər. İndi qayıdaq
sualınıza. Hesab edirəm ki, ölkəmizdə şairlərin çox olması orta
məktəbdə dəqiq elmlərin pis tədrisi ilə bağlıdır. Dəqiq elmlər
güclü tədris edilsə, humanitar sahənin adamlarının bir qismi dəqiq
elmlər sahəsinə keçərdilər. İnsan böyük potensiala malikdir. Hesab
edirəm ki, bu potensial başqa cür xərclənməyəndə şeir formasında
açılır.
Mən də 91-lərdən biri oldum
- Elmi yaradıcılıqla yanaşı, respublikanın siyasi
həyatında da gündəmdə oldunuz. Məşhur "91-lər"dənsiz.
- 1990-cı illərin ab-havası məni də, belə demək mümkünsə,
siyasətə gətirdi. Çünki mən müstəqil dövlətlərdə (Danimarkada,
Finlandiyada) yaşamış adamam. Hiss edirdim ki, artıq zaman gəlib,
Azərbaycan da müstəqil ola bilər. Bu səbəbdən mən də 91-lərdən biri
oldum. Mən o məktubu həm imzalayan, həm də imzaları
toplayanlardanam. Universitetin 1200 müəllimindən cəmi 18 nəfər o
məktuba imza atdı. Nəticədə YAP yarandı. Sonrasını isə hər kəs
bilir.
Heydər Əliyev birbaşa yaxınlaşıb...
- Rəhmətlik Heydər Əliyevlə şəxsi tanışlığınız
vardımı?
- Mən rəhmətlik Heydər Əliyevi ilk dəfə ADU-nun
50 illiyində görmüşdüm. O zaman universitetin rektoru rəhmətlik
Mehdi Əliyev idi. Dekanlıqdan göstəriş gəldi ki, hər kəs
laboratoriyada öz qurğusunu işlək saxlasın. Mən qurğunu işlədirdim.
Bir də görüm ki, ulu öndər Heydər Əliyev, rektor M.Əliyev və digər
qonaqlar laboratoriyaya daxil oldular. Mənim qurğum işləyəndə
parlaq işıq yayırdı və diqqəti cəlb edirdi. Ulu öndər birbaşa
qurğuya yaxınlaşdı və soruşdu ki, cihazla nə öyrənirsən, harada
tətbiq olunur və sairə. Onun suallarına cavab verdim. Beləcə, fikir
mübadiləsi apardıq. İkinci dəfə onu 1992-ci ilin noyabrın 20-də
Naxçıvanda gecə saatlarında Bakıdan gələn ziyalıları qəbul edərkən
gördüm. Sonralar isə müxtəlif unudulmaz görüşlərin iştirakçısı
oldum.
Mənim parlamentdən getməyimin bir neçə səbəbi
var
- İki dəfə Milli Məclisin deputatı oldunuz. Necədir,
indi parlament yadlaşmayıb ki?
- Maraqlıdır, 10 ildir parlamentə yolum düşmür. Mənim
parlamentdən getməyimin bir neçə səbəbi var. Əsas səbəb isə Təhsil
Qanununun 3 maddəsi ilə bağlı idi. Mən Qanunda ciddi şəkildə 3
dəyişikliyi təkid edirdim:
1) Rektorlar ya bir, ya da iki müddətə seçilsinlər. Bu maddənin
hikməti universitetləri qorumaq idi. Əks halda rektor qorunur,
universitet yox. Rektor doğulandır, öləndir. Universitet isə
ölməzdir. Düşünürdüm ki, ölməyəni ölənə qurban verməməliyik.
2) Təkid edirdim ki, elmi dərəcələr iki yox, birpilləli olsun.
Belə olan halda ən azı neqativ hallar sıradan çıxır.
3) Təkid edirdim ki, qəbul zamanı tələbələri nə universitetlər
seçsin, nə də TQDK yerləşdirsin. Tələbələr özləri universitetləri
seçsinlər. Belə olanda təhsil sağlamlaşar. Gənclər sevdiyi ixtisası
öyrənəndə yorulmaz. Yorulmayanda çox öyrənər və çox öyrənəndə
ixtisasının ustası yox, ustadı olar. Ustad olanlar xoşbəxt yaşayar.
Gənclərin xoşbəxt yaşamasını istəyirdim.
- Şahlar müəllim, nostalji hisslər yaşadınız, bu, aşkar
hiss olundu. Ümumiyyətlə, həyatınızın hansı dönəmini yenidən
yaşamaq istərdiniz?
- Həyatın hər dönəmi gözəldir. Gözəl yaşamışam. Heç nəyi təkrar
etmək istəməzdim. Bundan sonrakı ömrümü də gözəl yaşamaq
istəyirəm…
- Sonda sizin xatirə dəftərinizin heç kəs tərəfindən
oxunmayan, iki nəfər üçün yazılan lirik bölməsinin vərəqini
çevirmək istərdim. Deyin, gənclik illərinizdə elmdən, təhsildən
kənar duyğusal yaşantı, könül alıb, könül qırdığınız məqamlar necə,
olubmu?
Şahlar müəllimin bığaltı gülüşünün ardınca vediyi cavab "Xatirə
dəftəri"ni örtməyimə səbəb oldu:
- Sizcə, belə suallara və veriləcək cavaba ehtiyac varmı?..
Yeri gəlmişkən bir fikri də əlavə
etmək istərdim. Müğənnilərin oxuduğu "Ötən günlərimi qaytaraydılar,
gələn günlərimi qurban verərdim" fikrini çox ziyanlı sayıram. Heç
kəs gələcək günlərini keçən günlərə qurban verməməlidir.