Bu dəfə "Yağmurun qonaqları" rubrikasında qonağımız Xalq
şairi Sabir Rüstəmxanlıdır. Hər zamankı söhbətlərdən fərqli olaraq,
bu dəfə söhbətə Sabir bəy başladı və bildirdi ki, Azərbaycan indi
ən ağır zamanını yaşamır.
Demokratiyanı istəmirik...
- Siz elə bilirsiniz ki, Azərbaycan indi ən ağır zamanını
yaşayır? Yox, bizim ağır zamanlarımız olub. Kitabxanaya gedəndə
girin nadir kitablar bölməsinə, ya da arxivlərə baxın. 1905-07-ci
illərdə buraxılmış "Bakı təqvimləri" var. Götürün, bir onu
vərəqləyin...
- Sabir bəy, Siz bunu keçən əsrin əvvəlləri ilə
müqayisədə deyirsiniz?
- Başqa mıqamda deyirəm də, götürün baxın, onda da kifayət qədər
zəngindi Bakı... Neft vardı, sərvət aşıb-daşırdı, Bakının
milyonçuları da vardı. Amma barmaqla sayılan məktəb, qəzet vardı,
dövlət idarələrindəsə işləyən azərbaycanlıların sayı çox azdı. Biz
belə bir dönəmi yaşamışıq. Bunu unutmaq olmaz!
Azərbaycan türkünə bu qədər sayğısızlıq ola
bilməz
- Amma onda da, indi də millətin öz adı yazılmırdı
şəxsiyyət vəsiqəsində...
- Bu, doğru deyil və buna münasibətimi də bildirmişəm.
Azərbaycan ancaq yer adıdır, ona görə bu yanaşma bizi yeni əmələ
gəlmiş iki yüz illik bir millət səviyyəsinə endirir. Halbuki türkün
dünya boyda bir tarixi var. Bunları bir kənara qoyub bu gün təzədən
azərbaycanlı yazırıqsa... Özü də Azərbaycanda yaşayan ləzgi özünə
ləzgi deyir, kürd - kürd, talış - talış, bircə türk özünə türk deyə
bilməz. Bu əgər birləşdirici amildirsə, qoy onda hamı özünə
azərbaycanlı desin. Yox, hərə öz adını qoruyub saxlayırsa, onda mən
də türkəm deməliyəm. Statistikada son siyahıyaalınmanın nəticəsi
olaraq Azərbaycanda əlli min türk olduğu deyilir. Axıska türklərini
nəzərdə tuturlar, yazmırlar ki, Azərbaycanda doqquz milyon türk
var. Bunun qədər paradoks, Azərbaycan türkünə sayğısızlıq,
hörmətsizlik, aşağılamaq ola bilməz. 37-ci ildə Stalin millətin
adını əlindən alıb, biz dövləti bərpa etmişik, atributlarını geri
qaytarmışıq, amma millətin adını bərpa etmirik.
- Qəribədir ki, bizə erməni, fars türk
deyir.
- Elədir. İranda yaşayan otuz beş milyon xalq özünə türk deyir,
amma biz özümüzə türk demirik. Son 200-300 il ərzində Osmanlını
çökdürmək və türk dövlətini tədricən dəyişdirib fars dövlətinə
çevirmək Hindistanda hakimiyyətdə olan ingilislərin bir planı idi.
O mərhələ keçdi, indi Türkiyədə bir başqa parçalanma siyasəti
aparırlar. İndi biz hafizədən danışırıq, Türk dünyasında o qədər
unutqanlıq toxumları səpiblər ki, xüsusən Rusiyanın apardığı son
iki yüz ildə türk düşmənçiliyi və soyqırım siyasəti o qədər
dəhşətli bir həddə çatıb ki, dünyada neçə yüz il hakimlik edən bir
millətin övladları param-parça olub.
Bu bölgənin taleyi Güney Azərbaycandan
asılıdır
- Hətta Türkiyənin özündə belə, məsələn, Güney
Azərbaycanla bağlı danışanda bəlli olur ki, orada yanlış fikirlər
var. Onlar İranın parçalanmasından qorxurlar ki, bununla yeni bir
kürd sorunu yaşaya bilərlər.
- Bu barədə mən Türkiyə televiziyalarında çıxış
edəndə dəfələrlə demişəm və təəssüflənirəm ki, Türkiyənin Güneydə
yaşayan otuz beş milyon türklə bağlı bir strategiyası yoxdur.
Türkiyədə qazaxlar, qırğızlar, qaqauzlar üçün müəyyən güzəştlər
nəzərdə tutulur, Güney azərbaycanlılar o sırada deyil. Bu barədə
danışmaqdan qaçırlar. İranın içində, deyək ki, otuz beş milyon türk
var, Türkiyənin içində də bəlli miqdarda kürd var. Bunu yan-yana
qoyurlar, amma Türkiyə artıq kürdlərə televiziya verib, öz dilində
kitab çap etmək imkanları var, məktəb açırlar öz dillərində və s.
Amma Güney Azərbaycanda bunların heç biri yoxdur.
Bu cür düşünürsünüzsə, onda bu xəritə
nədir?
- Hətta bu məsələni müəyyən mənada Türkiyə öz şansına da
çevirə bilər.
- Təbii, amma
nə yazıq ki, o boyda şansını istifadə etmir. Mən həmişə demişəm ki,
bu bölgənin taleyi Güney Azərbaycandan asılıdır. Deyirsiniz ki,
Güney Azərbaycan kartından dünya istifadə etmir, amma məcbur olub
istifadə edəcəklər. Müstəqil türk dövlətlərindən dördünün daxil
olduğu bir türk birliyi var, bayrağı, akademiyası, parlamenti var.
Bu, getdikcə böyüyəcək. Elə bilirsiniz, bütün türk dövlətlərinin
başçılarının hamısı bunu istəyir? Bəzilərinin içində var bu türk
sevgisi, bəzilərində isə heç yoxdur. Amma deyək ki, bu addımlar
atılır, bu yol gedilir, niyə? Çünki Şimalda Cənuba doğru təzədən
güclənməyə çalışan bir Rusiya var...
- Şərqdə bir Çin var...
- Elədir, Cənubda böyümək istəyən Hindistan var; burada bir fars
şovinist siyasəti var ki, onlar mərkəzi Asiyaya və Qafqaz girmək
istəyir. Çox dərindən dünyanı dərk edən insanlar başa düşürlər ki,
bu yerin sahibi türklərdir, Çinin də Qərb tərəfi Doğu Türküstandır.
Qazaxıstanın Avropadan üç dəfə böyük ərazisi var, getmişəm və son
dərəcə zəngin, gözəl torpaqlardır. Ona görə şübhəsiz, burda böyük
maraqlar var. Son dəfə aprel ayında yenə ABŞ
konqresində görüşümüz zamanı dedim ki, gəlişimin bir məqsədi var -
siz bu millətin gələcəyini necə görürsünüz bölgədə?.. Siz yeni
dünya düzəni yaradırsınız, orda əlli milyonluq Azərbaycan xalqının
yeri haradır? Onlar dedilər ki, siz də kürdlər kimi parçalanmış,
əziyyət çəkmiş xalqsınız, gərək öz azadlığınıza və bütövlüyünüzə
qovuşasınız. Dedim ki, bu cür düşünürsünüzsə, onda bu xəritə nədir?
Qərbi Azərbaycan, Naxçıvan da daxil olmaqla böyük Kürdüstan
yaradırsınız, əgər siz bu niyyətlə gəlirsinizsə, xahiş edirəm,
gəlməyin bizim torpağa, bölgəyə... Biz onda sizin gətirdiyiniz
demokratiyanı da istəmirik, çünki mənim torpaqlarımın itirilməsi
hesabına qurulan demokratiyadan rəzil bir şey ola bilməz. Çox sərt
bir söhbətimiz olmuşdu, amma onlar da dedilər ki, bu, qeyri-rəsmi
xəritədir. Dedim, qeyri-rəsmi olsa da, siz bunu buraxmısınızsa, bu,
psixoloji hazırlıqdır. Gəldiyim nəticə budur ki, kimsə gəlib mənim
taleyimi həll edəcək, mənim üçün dövlət quracaq, açarlarını verəcək
ki, al, bu sənin dövlətindir? Bu, mümkün deyil... Millət öz
taleyini özü həll etməlidir.
Əgər bir dərin dövlətimiz olsa...
- Sabir bəy, Türkiyədən umacaqlarımızı dedik. Bəs
Azərbaycanın quzeyində olan Azərbaycan dövləti necə, niyə o Güney
Azərbaycanla bağlı siyasət yürüdüb bu sahədə işlər
görmür?
- Azərbaycan dövlətində Güneylə bağlı siyasət yanlışdır deyə
bilmərəm, çünki heç siyasət yoxdur. Əgər bir dərin dövlətimiz olsa,
siyasət olsa, mən buna sevinərəm və heç onu müzakirə etmərəm. Bunu
dəfələrlə Milli Məclisdə də demişəm. Biz Güney Azərbaycandan bir
nəfər uşağı gətirib burada oxutmuruq.
- Niyə burda Güney Azərbaycan fondu yaradılmır?
Tələbələrə yardım verilə bilər. Niyə Azərbaycan qırx milyonluq
xalqı yetim buraxıb? Bizim Türkiyədən umacağımız var, amma
özümüz...
- Yanlış olaraq bu məsələylə bağlı mən neçə ildir tənqid
olunuram. Yazırlar ki, Qarabağ məsələsini həll edib qurtardıq, indi
Güneylə bağlı danışır. Ömrümün bu çağında diqqəti daha çox Güneyə
yönəltmişəm, bu mənim seçimimdir. Bu seçimi mənim əlimdən ala
bilməzlər.
- Azərbaycanın bütövlüyü ideyası Elçibəydən sonra elə
bil sahibsiz qaldı. İndi siz deyirsiniz ki, ona sahiblənmək və
toplumda milli hədəf yaratmaq lazımdır.
- Üzr istəyirəm, mən Elçibəydən qalan nəyəsə sahiblənmək
niyyətində deyiləm və hesab etmirəm ki, Güney məsələsi Elçibəyin
Bütöv Azərbaycan Birliyindən başlayıb. Güneylə bağlı yazılmış
onlarla roman var.
- Ədəbiyyatda Güneylə bağlı heç zaman boşluq olmayıb.
"Gülüstan" poeması, Güneydə Şəhriyar vardı.
- Mənim 12-13 poemam var, onun beşi Güneyə həsr olunub.
Qarabağla Güney Azərbaycan bir-birini inkar etmir. Biz müstəqil
olandan sonra düşünürük ki, İran bizim qonşumuzdur, güclü
dövlətdir, böyükdür, biz buna söz deyə bilmərik. Mənim Güney
məsələsi ilə bağlı üç dəfə BMT-də görüşüm olub və orada hər dəfə
mənə deyiblər ki, "sizin dövlətiniz niyə yatır?"
- İnsan haqları baxımından bu məsələ siyasi gündəmə
gətirilə bilər. Çünki insan haqları heç bir dövlətin daxili işi
deyil.
- İnsan haqları fundamental məsələdir, dediyiniz kimi, heç bir
dövlətin daxili işi deyil. Məsələni belə qoya bilərik ki, otuz beş
milyon soydaşımız yaşayır və məktəbi, qəzeti yoxdur. Amma indi
bizdə mümkün qədər çalışırlar ki, bu məsələ unudulsun. Məsələn, mən
Dünya Azərbaycanlıları Konqresinin həmsədriyəm, bizdə bəzi adamlar,
bəzi dairələr var, mümkün qədər çalışırlar ki, oradan uzaqlaşım. Bu
cür məsələnin mahiyyətini dərk etməyən adamlar var. Halbuki
Azərbaycanın xoşbəxtliyi və gələcəyi bu məsələdən asılıdır.
İnsanlarımız hazırdır
- Sabir bəy, yeri gəlmişkən, siz Milli Azadlıq
Hərəkatının ideoloqlarından birisiniz. O zaman yəqin ki, hər
birinizin xəyalında, düşüncəsində bir Azərbaycan var idi. O
idealınızdakı Azərbaycanla bu günkü Azərbaycan
eynidirmi?
- Mən inanıram ki, bu cəmiyyətlə neqativ şeylərin qarşısını
almaq olar. Cəmiyyət əslində hazırdır. Düzünü deyim ki, hərdən
gələcəyimizlə bağlı narahatlıq keçirirəm. İtirilmiş imkanlar var
ki, biz o imkanları niyə itirdik, deyə onun ağrısını yaşayıram
həmişə... Halbuki o imkanlar itirilməyə bilərdi. Milli dövlət və
dövlətçiliyin əsaslarından biri odur ki, burda vətəndaş institutu
güclənir, orta təbəqə yaranır, vətəndaş dövlətin idarə olunmasında
mümkün qədər yaxından iştirak edir və o təbəqələşmə getdikcə, hətta
zənginləşmə belə olsa, sıradan çıxır. Amma bizdə əksinə, bir
yadlaşma gedir millətin içində... Zənginlər özləri ilə millət
arasında böyük sədd və divarlar çəkirlər. Bütün bunlarla yanaşı
əlbəttə ki, inkişaf gedir, bu inkişafı danmaq olmaz. Amma
Azərbaycan bu qədər inkişaf var, bunun yanında sosial ədalət olsa,
tamam ayrı bir mənzərə yaranar.
- Sabir bəy, dediniz ki, "Dərdə əyilmə" kitabınız son
publisist kitabınızdır. Bir vaxtlar "Ömür kitabı"nız vardı. Yeni
bir "Ömür kitabı" yazmaq istəmirsiniz? Eynən o yanğı, eynən o
dərdlə...
- İndi tamam ayrı dövrdü, amma mənim ondan sonraki kitablarım da
əslində elə "Ömür kitabı"mın davamıdır.