Bu dəfə tanınmış göz həkimi,
professor, Tibb Universitetinin oftalmologiya fakültəsinin kafedra
müdiri, şair Paşa Qəlbinurla görüşdük, onun "xatirə dəftəri"ni
vərəqlədik. İşlədiyi klinikaya xəbərsiz getdim. Həkimi iş başında
tutmaq, onu müşahidə etmək istədim.
Klinikanın ikinci qatına qalxıram və professorun dəhlizdə
xəstələrlə söhbət etdiyini, onlara ümid aşıladığının şahidi oluram.
Professor müalicə otağına keçir, ardınca daxil oluram. Məqsədimi
deyirəm. Bir az gözləməli oluram və nəhayət söhbətimiz baş
tutur.
- Bayaq soruşdun, "necəsən?" Mən həmişə deyirəm: hamı necə, biz
də elə. Yaşayırıq, işləyirik, çalışırıq ki, kiminsə işinə yaraya
bilək.
- Professor, sizinlə, çalışıb ötən günlərinizə dönmək,
yaddaşınızın "xatirə dəftərini" vərəqləmək istəyirik. Mən Paşa
müəllimi bir yazar, dost və həkim kimi çox yaxşı tanıyıram. Amma
Paşa müəllimin tanımadığımız tərəfləri də var axı... Birdən-birə bu
yerə gəlmədiniz. İstəyirəm sizin lap ötən vaxtlarınıza
qayıdaq.
Uşaqlığım heç də fərqli olmayıb
- Danışsam, xatirə bir ömür qədərdi. Uşaqlığım heç də fərqli
olmayıb. Bütün uşaqlar kimi mən də oynamışam, dalaşmışam və sair.
Amma məktəb vaxtlarında, təvazökarlıq olmasın, sinif yoldaşlarımdan
fərqli olaraq mən müəllimlərimin dərslərinə daha diqqətlə qulaq
asırdım. Mən o vaxtdan indiyə qədər də müəllimlərimin,
valideynlərimin, dostlarımın qədrini eyni bilmişəm və onları
sevmişəm.
Səhlənkar müəllimlərim də olub
- Siz də müəllimsiniz, tələbələriniz var. Öz
müəllimliyinizlə o müəllimlərin arasında bir fərq
görürsünüz?
- Müəllimlərim də fərqli olub. Yaxşı dərs keçən, tələbkar və bir
az səhlənkar olanlar. Mən o yaxşı adlandırdığım müəllimlərimlə öz
aramda fərq görmürəm. Çünki mən onlardan öyrəndiklərimi davam
etdirirəm.
- Siz "yaxşı müəllim" deyəndə onların biliklərini və
pedaqoji bacarıqlarını nəzərdə tutursunuz, yoxsa
xarakterlərini?
- Müəllimin biliyi, o biliyini tələbəyə çatdırmaq istəyi və
istedadı.
Onların dillərini öyrənirdik
- Kənd məktəbində oxumuşunuz, ya şəhər?
- Yox, ora nə şəhər idi, nə kənd. Lenin qəsəbəsi idi, ora
çoxmillətli sivil və yolların qovşağında olan qəsəbə idi. Vaxtilə
almanlar tikmişdi. Onlardan qalma bir yer idi. Parkı da vardı. O
park hələ də qalıb. İndi Amerikada - Kaliforniyada, gördüyüm
parklar kimi idi. Azərbaycanda Oazis idi o yer... Qəsəbə
çoxmillətli idi, azərbaycanlı, rus, alman, erməni və digər
millətlər yaşayardı... Məktəbdə bir yerdə oxuyardıq.
- Bizim uşaqlar qeyri millətlərin uşaqlarının içində
özlərini necə hiss edirdilər?
- Çox yaxşı, çox normal və çoxşaxəli. Bir buket gül kimi idilər.
Hər həftənin istirahət günləri biz o parka gedib dincələrdik, hamı
çox mehriban idi. Öz tay-tuşlarımızla dostluq edir, onların
dillərini də öyrənirdik.
Qıza görə dalaşmışam
- Sinif uşaqları ilə dalaşmaq, oğurluğa getmək,
macəralar axtarmaq, olubmu?
- Olub, amma adda-budda. Mən də dalaşırdım,
güləşirdim. Fiziki gücüm qaydasında idi, müəyyən yarışlara da
gedirdim. İdmanla məşğul olurdum.
- Dava ən çox nə üstündə düşürdü?
- Nə bilim, bir dəfə qıza görə olub, bir dəfə də dostumla
dalaşıblar, mən də qoşulmuşam, dostuma yardımçı olmuşam. Oğurluğa
isə ancaq meyvə üçün girərdik. Qəsəbədə "Puşkin", "Lenin" meyvə
bağları vardı. O bağlarda da çox nadir meyvələr yetişirdi. Qapısı
həmişə bağlı olardı...
- "Puşkin" bağının meyvələri yaxşı idi, yoxsa
"Lenin"?
- "Puşkin" bağında... "Lenin" daha çox parka
meylli idi, ancaq "Puşkin" meyvə bağı idi və meyvələri daha çox
olurdu. Yadımdadır ki, ən çox dağdağan yığıb yeyərdim.
İstəyirəm İbrahim Topçubaşov olasan
- O vaxt fiziki gücünüz də yaxşı olub, məşqlərə də
gedirdiniz. İdman İnstitutuna girmək istəmirdiniz?
- Var idi. 9-cu sinifdə oxuyurdum. Atam bir dəfə gündəliyimə
baxıb görmüşdü ki, hansısa dərsdən dörd almışam və aydın olmuşdu
ki, mən həftədə 3-4 dəfə məşqlərə gedirəm. Kəskin şəkildə məni
idmandan yayındırdı və qadağa qoydu. Dedi ki, mən istəyirəm sən
İbrahim Topçubaşov olasan, sənsə gedib süpürləşirsən.
- Tibb Universitetinə imtahan verdiniz və həmin il də
qəbul oldunuz?
- Bəli, elə həmin il.
- Orta məktəb illəri, sonra da tələbəlik. Bu keçiddə
narahatçılıq, darıxdırıcılıq hiss etmədiniz ki?
- Bakıda olanda vəhşi kimi darıxırdım rayon üçün. Valideynlərim,
dostlarım və o mühit üçün. Amma zaman keçdikcə uyğunlaşdım.
Zərifə xanım Əliyevanın bacısı Ləzifə xanım
- Çox tanınmış insanlardan dərs almısız, bir yerdə
oxumusuz...
- Məşhur oftalmoloq alim Zərifə xanım Əliyevanın bacısı Ləzifə
xanım bizim müəlliməmiz olub. Mən işlədiyim kafedranın dosenti idi.
Çox gözəl insan, böyük alim idi. Onlar aftalmoloji bir ailə idilər.
Zərifə xanımla da tez-tez görüşərdik, təmasda olardıq. Onlar
haqqında çox xoş xatirələrim var mənim.
- Bəzən elə mütəxəssislər olur ki, öz sahələrində
inkişaf edə bilmirlər. Sizin Ləzifə xanımla bir yerdə işləməyiniz
hər hansı bir uğura imza atmanızda xüsusi rol
oynadımı?
- Mənim gözəl müəllimlərimin içərisində və sırasında Ümmünisə
xanım Musabəyli, Ləzifə Əliyeva, Zərifə Əliyeva, Zəhra Quliyeva
vardı. Onlar mənə doğurdan da elmin sirlərini öyrətdilər. Sonra
getdim Moskvada Akademik Mixayıl Mixayloviç Krasnovun tələbəsi
oldum. Onlar mənim bu günümdə də, altmiş yaşımda da elə bilirəm
atam və anamdılar. Çünki onlar mənə elmin sirlərini təmənnasız
öyrədiblər.
Gözdə romantiklik var
- Paşa müəllim niyə gözü seçdiniz?
- Mənim Sülhəddin dayım göz həkimi idi. Onu yaxından müşahidə
edəndə o sənətin romantikliyini görmüşdüm. Yadımdadır insanların
gözləri açılanda ona səcdəgah kimi baxmaları. Bu məndə tibbin bu
sahəsinə maraq oyatdı və romantik gəldi. Dayımın timsalında sevdim
bu sənəti və ona görə də göz həkimi oldum.
- Paşa müəllim, gün ərzində ən çox hansı sözü
işlədirsiniz?
- Valah, heç ona fikir verməmişəm.
- Sizin "O" adlı esseniz var. Sizinlə söhbətə qədər o
esseni oxudum. "Göz", "görmək", "baxmaq", "gözləmək" və sair.
Essenizin bütün abzasları bu sözlərlə başlayır...
- Təbiidir, çünki mənim taleyim "göz"ün içindən
gəlib keçir. Taleyim işığın içindədir. Qaranlıqla işığın
mücadiləsindədir. Görməkdə və görməməkdədi. Təbii ki, o dominant
olur da. Gün ərzində mənim leksikonumda, danışığımda da bu
təkrarlana bilər. Ola bilər, hansısa kəşfiyyatçı insana baxır,
deyir ki, görən bu, hansı məzhəbə qulluq edir. Mən insana baxanda
deyirəm, bu insan nə qədər görür. İnsanın yerişindən bilirəm ki,
görməyi zəifdir və bu zəiflik hansı xəstəlikdəndir.
İnsanların yerişindən görmə qabiliyyətini
görürəm
- İnsanların uzaqgörən olmasını duya
bilirsizmi?..
- Onu çox vaxt səhv edirəm. Əməliyyat edəndə
göz açılır və insanın taleyini gözün içi danışır. Mən uzaqdan
insanın gözünə baxanda onu oxuya bilmirəm, ancaq əməliyyat edən
zaman gözünün içinə baxanda bilirəm necə insandır. İnsanlar da
bayırdan ancaq gözün fiziki imkanlarını görə bilirəm, gözün
içərisində olanda onun mənəviyyatını oxuya bilirəm.
Uşaqlarım həkimdir
- Üç uşağınız var səhv etmirəmsə?
- Bəli. Bir oğlan, iki qız.
- Həkimdirlər?
- İkisi göz həkimidir. Kiçik qızım da Tibb
Universitetinin ikinci kursunda oxuyur.
- Deməli, atanız sizi bütün sahələrdən çəkindirdi və
Topçubaşovun adını çəkib sizi bura istiqamətləndirdi?
- Hə. Çox qəribədir ki, o "Mustafa" demirdi,
İbrahim Topçubaşov deyirdi. İbrahim də, xatırlayırsınızsa, həm
musiqi bəstələyirdi, həm də cərrah idi. Doğurdan da onun taleyində
mən özümə çox yaxınlıq hiss etdim.
- Sizin bacınız da həkimdir...
- Dayım da, mən də, uşaqlar da.
- Uşaqlar həkimliyi atalarına, bibilərinə baxıb
seçdilər?
- Babalarına. Mənim tövsiyəm də olub, amma
inadla, əmrlə yox. Onlar da sevdilər bu peşəni, çünki kitabların
arasında böyüdülər, mənim gözlə bağlı söhbətlərimi görürdülər.
Görünür ki, mən həvəs yarada bildim onlarda.
- Heç nəzər olmusunuzmu?
- Mən xurafata və əlamətə inanan biri deyiləm.
Çünki mənim babam Hüseyn Allahı sevən, mənə Allah məhəbbəti,
səcdəsi tərbiyə etmiş bir kişi idi və hələ o vaxt xurafata
inanmırdı. Ancaq bu nəzər məsələsinə gəlincə, mən oftalmologiyadan
bilirəm, orda müəyyən faiz həqiqət var. Çünki gözdən müəyyən şüalar
insanın səhhətinə təsir edir. Gözə inanıram, ancaq tövsiyəm budur
ki, insanlarımız bunu özlərinə çox təlqin etməsinlər.
Cavanlaşmaq istəmərəm
- Arzulamısınızla necə baş etmisiniz?
- Arzularımın çox hissəsinə çatmışam,
çatmadıqlarım da var. Ancaq çox qəribədir ki, həmişə kənardan
xoşbəxt adam kimi və hər şeyi olan adam kimi görünmişəm. Lakin hər
bir günüm ağır bir zəhmətlə, titanik zəhmətlə qurulub. Bu yaşıma
qədər çəkdiyim əziyyətlərlə, desələr ki, səni 20 yaşına qaytarırıq,
cavanlaşırsan, di gəl, yenə həmin əziyyətləri çəkəcəksən, and olsun
Allaha, istəmərəm, razı olmaram.
Pərəstişkarlarım çox olub
- Xəstələrinizin sayi çox olub, yoxsa sevdanıza
düşənlərin?
- Yox, xəstələrin sayı çox olub (gülür).
- Heç o cür sevdaya düşüb özünü xəstə kimi təqdim
edənləriniz necə, olubmu?
- O da olub (gülür).