Xəbər verdiyimiz kimi, 2015-ci il aprelin 13-də Vit
Yedlicka adlı gənc çex siyasətçi və ictimai fəalı tərəfindən
Avropanın ortasında, Xorvatiya ilə Serbiya sərhədləri arasındakı
Monostor bölgəsində, Tuna çayı sahillərində təqribən 7 kvadrat
kilometrlik bir ərazidə yerləşən Liberland adlı ölkə müstəqilliyini
elan etdi. Liberland dövləti 1933-cü ildə bağlanmış Dövlətlərin
hüquq və vəzifələri haqqında Montevideo Konvensiyasının tələblərinə
görə, suveren dövlət hesab olunur.
Avropanın ən gənc dövləti olan Liberland respublikasının
prezidenti Vit Yedlicka Publika.az-a eksklüziv müsahibə verib. Həmin
müsahibəni təqdim edirik.
– Cənab Yedlicka, mümkünsə bizə yaratdığınız ən gənc
Avropa dövləti barədə məlumat verərdiniz. Liberland dövlətini
yaratmaq zərurəti nədən yarandı?
– Bildiyiniz kimi, Liberland dünyanın və Avropanın ən kiçik
ölkəsi sayılır. Mən sizə Liberlandın yerləşdiyi coğrafi ərazi
barədə məlumat vermək istəyirəm. Liberland Serbiya və Xorvatiya
arasında yerləşən dünyanın ən kiçik ölkəsidir. Ölkəmiz beynəlxalq
sulara aid olan Tuna çayı üzərində yerləşir. Liberland gözəl
qumlarla zəngin olan və düzənlikdən ibarət bir ölkədir.
Çox zaman mənə sual verirlər ki, yeni dövlət qurmaq ideyası
birdən-birə haradan yarandı? Açığı deyim ki, hər zaman bir
başlanğıc olmalıdır. Dünyaya sübut etmək istədim ki, yeni dövlət
qurmaq elə də çətin iş deyil.
– Hazırda Liberlandın nə qədər əhalisi var?
– Hazırda Liberlanda əhalinin sayı az olsa da, ancaq yaz
aylarında ölkəyə gələn insanların sayı artır. Bu ilin sentyabrında
Liberlanda insanların daimi yaşamasının təmin edilməsi ilə bağlı
Xorvatiya məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilməsi
gözlənilir. Ümid edirəm ki, Libderanda insanların daimi yaşamasına
icazə verən qərar qəbul olunacaq. Bu qərar veriləndən sonra isə
Liberlanda rahat gəlib-getmək təmin olunacaq. Hazırda bu
istiqamətdə işlər gedir.
– Ölkənizin paytaxt haradır?
– Xeyr, hələ ki, paytaxtımız yoxdur. Ancaq ümid edirəm ki, yaxın
zamanlarda paytaxtımız da olacaq. Hələlik hökuməti Praqadan idarə
edirəm. Hökuməti idarə etmək üçün isə Danimarkanın Çexiyadakı
səfirliyinin keçmiş binasından istifadə edirik. Çox güman ki,
paytaxtımızın adı da Liberland olacaq.
– Hazırda hansı ölkələrlə rəsmi şəkildə əməkdaşlığınız
var? Ümumiyyətlə, Liberlandın müstəqilliyini tanıyan dövlətlər
varmı?
– İlk növbədə bildirim ki, Liberlandın qonşusu olan Serbiya və
Xorvatiya dövlətləri tərəfindən bizə qarşı ərazi iddiaları yoxdur.
Bu, bizi çox sevindirir. Hazırda dünyanın 10-dan çox ölkəsi ilə
Liberland arasında diplomatik münasibətlərin qurulması
istiqamətində danışıqlar aparılır. Bundan başqa, Liberlandla
diplomatik əlaqələrin qurulması üçün bu ilin payızından etibarən
xarici səfərlərə başlayacam.
– Bəs Azərbaycanla hər hansı danışıqlar
aparılırmı?
– Xeyr, hələlik Azərbaycanla rəsmi danışıqlar aparılmır. Ancaq
yaxın gələcəkdə belə danışıqların başladılması istisna deyil. Biz
Azərbaycanla tezliklə diplomatik münasibətlər qurmaqdan çox məmnun
olarıq.
Onu da qeyd edim ki, Azərbaycanda Liberland dövləti artıq
kifayət qədər tanınır. Çünki indiyədək Azərbaycandan 1200 nəfər
vətəndaşlıq almaq üçün bizə müraciət edib.
– Digər dövlət başçıları kimi, sizin də xidməti
avtomobiliniz, sürücünüz və mühafizəçiləriniz varmı?
– Bəli, səfərlər və görüşlərim çox olduğu üçün, uzun yolları qət
edəndə sürücüyə ehtiyac olur. Uzaq məsafələrə uçuşlar üçün isə
"Air-liberland" hava yolları şirkətinin təyyarəsindən istifadə
edirəm. Mühafizəçim isə yoxdur. Buna ehtiyac görmürəm.
– Azərbaycanla bağlı nə dərəcədə məlumatlısınız?
Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətindən və torpaqların
20 faizinin 25 ilə yaxındır ki, işğal altında qalmasından xəbəriniz
varmı?
– Biz yer kürəsində mövcud olan bütün ölkələrin dinc və sülh
şəraitində yaşamasını arzu edirik. Şəxsən mən bir prezident kimi
dünyanın bütün dövlətləri ilə yaxşı münasibətlər qurmağa sahib
olmaq istəyirəm. Bizim xarici siyasətimiz konkret və birmənalı
olaraq belədir. Biz İsveçrə tərəfindən müəyyən edilən tərəfsizlik
prinsipini xarici siyasətimizin prioriteti olaraq seçmişik. Bu
baxımdan da Azərbaycanla diplomatik münasibətlər qurmaq bizi çox
sevindirərdi.