Yuxarı

Sim-sim açıldı; indi 1 yaşında...

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sim-sim.az mədəniyyət portalının 1 yaşı tamam olur. Portal yarandığı gündən istər Azərbaycan, istərsə də dünya ədəbiyyatından sanballı bədii mətnlər yayımlayaraq, həm ədəbiyyat adamlarında, həm də oxucularda böyük maraq doğurub. Saytın baş redaktoru şair Qismət Rüstəmov, redaktoru isə yazar Ömər Xəyyamdır.

Axar.az olaraq, həmkarlarımızı təbrik edir və saytın redaktoru Ömər Xəyyamla müsahibəni təqdim edirik:

- Sim-sim.az fəaliyyətə başladığı gündən formatına sadiq qalaraq, daim sənətlə bağlı ciddi materiallar dərc edir. Bu vaxta qədər bizim üçün əlçatmaz olan bir çox bədii mətnləri, müsahibələri bu saytdan oxuya bilmişik. Bilmək istərdik, bizdə şoudan, xəbərçilikdən tam uzaq oxucu kütləsi formalaşıbmı və onlar hansı materiallara daha çox üstünlük verirlər?

- Texnoloji yeniliklər zamandan daha faydalı istifadə üçün nəzərdə tutulsa da, həmin yeniliklərin istifadəsinə xərclədiyimiz zaman əvvəlki ilə müqayisədə daha çoxdur. Ki, informasiya bolluğu baş verənləri, kimliyimizi dərk etməyə ciddi maneələr yaradır. Bəzən pessimizmə köklənirəm: Əslində, bütün bunlar nəyə lazımdır? Məsələn, Alber Kamünün Sartrla problemi, üslubu, qoyduğu məsələlər haqqında araşdırma materialları, Nabokovun Tolstoy haqqında fikirlərinin tərcüməsi nə qədər faydalıdır azərbaycanlı gəncə? Yaşamağa vaxtı olmayanların vaxt tapıb qırx min işarə tərcümə materialını oxuyacaqlarına ümid eləmək Don Kixotluq deyilmi? Şoudan, xəbərçilikdən uzaq oxucu kütləsini əlçatmaz bilmişəm həmişə. Əslində, "kütləvi hər şey bayağıdır" prinsipi ilə yanaşıram məsələlərə, amma kütlənin içərisindən topladığımız İŞIQ-lar da birlikdə kütlə deyilmi? Ustadın da dediyi kimi, insan öyrənmir, xatırlayır. Biz də xatırlatma, özlərini (heçkimliyimizi!) dərk etməklərinə yardım cəhdləri eləyirik. Xatırlayanlar şoudan, bayağı xəbərçilikdən uzaq olduqları qədər həqiqətə yaxın İŞIQ-dırlar.

Hər dəfə hansısa ciddi, ağırtaxtalı mətni redaktə eləyəndə, sətirlərlə həşir-nəşir olanda yuxarıda verdiyim suallar məni narahat etməyə başlayır, amma xatırlayıram, sözlər xatırladır, kim idim, haradan gəldim, kim uzatdı bataqlıqda əlini? Bu ki davam etməyə dəyər! Bir nəfər üçün! Ədəbiyyat kütləvi hadisə deyil, fərd-fərd, damla-damla topladığımız kütlə var ki, dünyanı o kütlənin İŞIQ-ları xilas edəcək. Ətrafımıza yığdığımız İŞIQ-ların işıqları bəşəriyyəti qaranlıqlardan keçirəcək.

- Sizin saytınızda reytinq naminə bircə xəbər belə verilmir. Necə düşünürsən, sayta daha çox oxucu çəkmək üçün hərdən "qışqıran", "ulduzlu" başlıqlar, materiallar vermək lazımdırmı?

- Sim-sim.az olaraq, bu bayağılığın, primitivliyin tamamilə əleyhinəyik! "Başlıqla gələn oxucu başlıqla da gedər" - milli jurnalistlər sözüdür. Bizim üçün kəmiyyət yox, keyfiyyət önəmlidir. Faydalı iş əmsalı!

Bəlkə də lazımdır bu? Məsələn, balıq tutmaq kimi, əvvəlcə qurdu göstərirsən, şirniklənir balıq, gəlir və budur: qarmaqdadır. Hətta əlinə tor götürüb gölə düşmək də olar, qabağına çıxanı tora yığmaq da olar. Məqsədi hansısa qadın müğənninin alt paltarını görmək istəyən adamı gətirib atırsan Çexovun hekayəsinin ortasına, boğulmazmı, başını götürüb qaçmazmı? O, sənin qurduna gəlir, məqsəd doymaqdı, Nabokova dişi batmaz, gicəllənər, gicəllənir də. Belə kütlənin faydalı iş əmsalı sıfırdır. Düşünürəm ki, ədəbiyyatı şoudan arındırmaq lazımdır, İP xətrinə çıxarılan hoqqalarla oxucu yetişdirmək, inkubator cücələri yetişdirmək kimidir, şişir, şişir, amma və lakin içi boş, dadı da yox.

- 1 ildə qarşınıza hansı planları qoymuşdunuz, hansına nail oldunuz və gələcəkdə nə kimi planlarınız var?

- Məqsədimiz şoudan uzaq, elit oxucu təbəqəsi yetişdirmək, onları dünyada baş verən çağdaş ədəbi proseslə tanış etmək, yerli ədəbiyyata töhfələr vermək idi, buna müəyyən qədər nail olmuşuq. Sim-sim.az kütləsi var ki, bayaq dediyim kimi, onlar sözün gücünü dərk edən, bu gücdən zövq alan, dünyanı yenidən dərk etməyə çalışan insanlardır. Belə də davam edəcəyik, məqsədimiz bu İŞIQ-ların sayını çoxaltmaq, qaranlıqlara işıq saçmaqdır. Ədəbiyyat dünyanın yenidən dərkidir - bizim məqsədimiz isə ədəbiyyatdır, sənətin özüdür.

- Bir redaktor kimi, bu vaxta qədər saytda çıxan hansı 3 yazını mütləq oxumağı tövsiyə edirsən?

- Bir il ərzində 2 mindən artıq material dərc etmişik, müsahibələr, resenziyalar, tərcümələr... Hamısı da ciddi materiallardır ki, onların arasından seçim etmək çox çətindir. Amma mütləq oxunmalı üç material deyə bilərəm:

1. T.S. Eliot – Ənənə və fərdi istedad

2. Mario Varqas Lyosa – Ədəbiyyatsız dünya

3. Leonid Andreyev: Sükut

Tarix
2016.09.09 / 15:35
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

İlham Əliyevdən 28 Mayla bağlı paylaşım - Foto

Bu gün Azərbaycanın Müstəqillik Günüdür

Akopyanın Simonyana Qarabağ “cavabı” – Bakı haqlı çıxdı!

Simonyan açıqladı: Yaxın zamanda sülh sazişi ilə bağlı...

Ərdoğan və Şərifin Laçına gəlişi İrəvanda isterika yaratdı

Laçında İlham Əliyevin Şəriflə məhdud tərkibdə görüşü keçirildi

3 lider niyə 28 Mayda və niyə Laçında? – Mühüm mesaj

“Erməni soyqırımı” ilə bağlı şok etiraf: Həqiqət budur! - Video

Əliyev bu xahişi yerinə yetirdi - Kallas alqışladı

Kobaxidze İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla