Yuxarı

Silahlı rus əsgərinə sinə gərən şairimizlə - Söhbət

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aləm Kəngərli imzası 80-ci illərin oxucusuna yaxşı tanışdır. Mütəmadi olaraq şeirləri, hekayələri, esseləri, oçerkləri ilə qəzet və jurnallarda dərc olunardı. Uzun müddət bu imza nəzərə çarpmadı. Son vaxtlar bir-birindən maraqlı hekayələri ilə yenidən oxucularının görüşünə gələn Aləm Kəngərlini Axar.az-ın “Soraq” layihəsində söhbətə çəkdik.

- Aləm bəy, imzanız sovet zamanında boy verərdi, amma birdən-birə qeybə çəkildi. Nə olmuşdu, yazmaqdan bezdiniz, təbiniz tükəndi, yoxsa başınız daha mühüm işlərə qarışdı?

- Doğrudur, 80-ci illərdə çap olunmaq çətin olanda yazılarımı dərc edirdilər. Mətbuatda şeirlərim, məqalələrim, oçerklərim mütəmadi çap olunurdu. Qeyb olmağımın əsas səbəblərindən biri isə mənim şair və ya yazıçı olaraq tanınmaq iddiamın olmaması idi. Baxmayaraq ki, qələm dostlarım yazılarıma dəyər verirlər, doğrusu, bu gün də elə bir iddiam yoxdur. İkinci səbəb isə o oldu ki, mən 1987-ci ildə Naxçıvanda fəaliyyət göstərən bir təşkilata üzv oldum. Məqsəd Azərbaycanın azadlığı uğrunda mübarizə aparmaq idi. Şükür, bu gün o müstəqilliyi əldə etmişik.

Sonralar Bakıya köçəsi oldum. Burada isə evsizlik, iş-güc, ailə qayğıları və s. Beləliklə zaman keçdi, vaxt dolandı. İndi yenidən qələm dostlarımın arasındayam.

- Açığı, ədəbi mühit sizi özünə yad bilirdi. Amma birdən-birə şeirləriniz, hekayələriniz dərc olundu.

- Ədəbi mühitdən ayrı düşmüşdüm. Bunun da səbəbkarı özüməm. Düz 10 il əvvəl İctimai televiziyanın əməkdaşı Kamil Nehrəmli soraqlaşıb məni tapdı. Naxçıvanla bağlı veriliş hazırlayırdı. Kiçik bir müsahibə və şeirlə məni də tamaşaçılarla görüşə çıxardı. Amma nədənsə bu hadisə də məni tərpədib, yaradıcılığa ruhlandırmadı. Görünür, sosial problemlər əl-qolumu buxovlamışdı. Heç vaxt böyük sair və ya nasir kimi tanınmaq iddiam və hədəfim olmayıb. Ürəyim istəyəndə götürüb nəsə yazmışam. Sağ olsunlar, dostlarım Kəmaləddin Qədim, Adilə Nəzər, Nəriman Zeynalzadə, Heydər Oğuz və başqaları yaratdıqları “Hüseyn Cavid ədəbi məclisi”nə məni də dəvət etdilər. Artıq keçirdiyimiz tədbirlərin ən fəal iştirakçılarından birinə çevrilmişəm.

- Siz ədəbi nəslin Naxçıvanda fəaliyyət göstərən imzaları içərisində fərqlənirdiniz: Rüstəm Behrudi, Asim Yadigar və başqaları. Qələm dostlarınızla əlaqələriniz kəsilmişdi, deyəsən.

- Onlar mənim dostlarımdır. Asim Naxçıvanda, Rüstəm Bakıda yaşayır. Allah canlarını sağ eləsin. Ara-sıra müxtəlif məclislərdə rastlaşıb görüşürük. Naxçıvanda yaşayanda “Şərur qönçələri” ədəbi birliyinin üzvü idim. Vaqif Məmmədov, Əhməd Sədərəkli, Altay Tağızadə, İnqilab Orxan, Nəriman Zeynalzadə, Rafiq Oday, Kəmalə Nəsrin, Budaq Təhməzov, İbrahim Yusifov və başqaları yığışıb ədəbi müzakirələr aparır, zəhmətkeşlərlə görüşlərə gedərdik. Maraqlı və yaddaqalan günlər idi.

- İndi, deyəsən, Aləm Kəngərli imzasını aləmə tanıtmaqda israrlı görünürsünüz.

- Yaxşı ədiblərin kölgəsində bir işartım olsa, bunu böyük xoşbəxtlik sayaram.

- Ədəbi fəaliyyətinizin birdən-birə belə nəzərə çarpması bu susqunluğunuzun müvəqqəti olması demək idimi?

- Çalışacağam, bundan sonra ədəbiyyat həvəskarları ilə tez-tez görüşüm. “Hüseyn Cavid ədəbi məclisi” olaraq, oxucularla davamlı görüşlərimiz, tədbirlərimiz keçirilir. Orada yaradıcılığımızdan nümunələr də səsləndiririk. Qəzet və jurnallarda, müxtəlif saytlarda yazılarla çıxış etmək fikrindəyəm. Sağ olsunlar, yazılarımı çap etmək üçün özləri də müraciət edirlər.

- “Qonaq” hekayəsində uzun müddət vətəndən didərgin düşmüş oğulun tapılmasından, valideynləri ilə telefon əlaqəsi saxlamasından bəhs edilir. Ata-anaları uşaqlarının taleyindən yenə də nigarandır. Sevindikləri qədər də tərəddüd edirlər ki, qayıdar, fırıldaqçılara tuş gələr və həyatını qura bilməz... İnsanların inamsızlığını qələmə alırsınız.

- İnsan üçün həyatda ən ağır məqam onun gələcəyinə olan inam və etibarının itməsidir. Buna yol vermək olmaz.

- Aləm bəy, özünüzü ədəbiyyatın hansı pilləsində görürsünüz?

- Düzü, bilmirəm ədəbiyyatda neçə pillə olur. Ancaq onu deyə bilərəm ki, pillələrin istənilən birində olmaq mənim üçün böyük şərəfdir. Gözəl ədəbi gənclik yetişir. Bəzən elə yazılara rast gəlirsən ki, onları ədəbi nümunə saymaq olar. Bu işdə, şübhəsiz, dövlət müstəqilliyimizin və azad mətbuatın müsbət rolu danılmazdır.

- Hekayələrimizdən məlum olur ki, insanların arasında dürüst olmayan adamlar sizi çox narahat edir.

- Mühit çox korlanıb. İnsan dünyaya bir dəfə gəlir. O, elə yaşamalıdır ki, dünyadan köçəndə də onu insan kimi yola salsınlar. Letsin gözəl bir fikri var. Deyir ki, əgər o ölübsə, hələ sübut deyil ki, o yaşayıb.

Dünyada yaxşı ad qoyub gedən insanlar onu öz var-dövlətləri ilə deyil, gözəl əməlləri ilə qazanırlar. İnsan ömrünü uzadan, mənalı edən heç vaxt kef məclisləri olmayıb. Sadə, səmimi, mehriban və dürüst insanlarla bir yerdə olmaq adama zövq verir, gözəl həyat bəxş edir. Lev Tolstoy yazır ki, sadə yaşayan insan heç vaxt peşmançılıq hissi keçirməz. Ehtiyacı olan insanların dərdini bölüşmək, onlarla söhbət edib, bir stəkan çay içmək necə də xoşdur.

Rəhmətlik atam usta Qulu - biz ona “Qulu dədə” deyərdik - kolxozda dəmirçi işləyirdi. Əmək fədakarlığına görə sovet hökuməti tərəfindən Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüşdü. O, bizi uşaqlıqdan əməyə alışdırıb, həyətdə, çöldə işlədərdi. Universitetdə əyani oxumaqla bərabər yay tətillərində tələbə inşaat briqadalarında, dərs vaxtı isə gecələr müxtəlif yerlərdə gözətçi işləmişəm. O vaxt “Fəhlə əlləri” adlı şeir də yazmışdım. Öz halal əməyi ilə yaşayıb el-obaya qaynayıb-qarışan zəhmət adamlarına həmişə dərin hörmət və ehtiramım olub. Onlarla söhbətləşməkdən, oturub- durmaqdan qürur duymuşam.

- Sizcə, iş adamı ilə yazar arasında əsas fərq nədir?

- Məncə, iş adamları iş yerləri açmalı, istehsalla məşğul olmalı, xalqın maddi ehtiyaclarını ödəmək üçün səfərbər olmalıdır. Yaradıcı adamlar isə əsasən mənəvi dəyərlərin təminatçısı kimi çıxış etməlidir.

- Bütöv Azərbaycan haqqında mətbuatda “Ayrılıq” şeirinizi oxudum. Sərhəd simlərindən bəhs edirsiniz...

- Hər il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd olunanda televiziya kanallarında sərhəd hərəkatını, sərhəd dirəklərinin və tikanlı məftillərin xalq tərəfindən necə dağıdıldığını göstərirlər. Rus əsgərləri əllərində avtomatlarla dayanmışdı. Hamı birdən yürüş etməli idi ki, milləti gülləbaran etməsinlər. Mən isə duruş gətirə bilmirdim. Kazım Teymurlu və Cabbar Cəlilov (Cəlil Bəydili) təkid etsə də, özümü saxlaya bilməyib, dəmirkəsən alətlə sərhədə tərəf atıldım. Atəş açmadılar. Həmin lent yazısında bədahətən dediyim bir bənd şeir də əks olunub:

Yolumuzda min bir tufan, yel olub,

Dözəmməzdik, arxa duran el olub,

Göz yaşlarım, apar məni sel olub,

Gözlədiyim o gün gəlib çatıbdır!

- O vaxtlar Milli Ordumuz yox idi, sərhədləri də xalq qoruyurdu.

- Bəli, könüllülülər Xalq Cəbhəsi tərəfindən təşkilatlanıb avtobuslarla sərhəd bölgəsinə göndərilirdi. Silahlarımız çox zəif idi. Sərhəd açıq olduğu üçün Oqtay Baxşəliyev öz adamları ilə Araz çayı üzərindən İrandan qaçaq yolla silahlar keçirə bilirdi. Mən Sədərək və Gərməçataq uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Dəyərli dostlar itirdik. Allah hamısına rəhmət eləsin. Şəhidlik mənə qismət olmadı. Faiq bəy, sizə taleyin hökmü ilə bağlı maraqlı bir əhvalat danışım?

- Buyurun.

- Bilirsiniz ki, o vaxtlar kənd müəllimlərini əsgər aparmırdılar. Deməli, mən yaşadığım Qarabağlar kəndindən rayon hərbi komissarlığına gedir, təkidlə hərbi xidmətə göndərilməyimi xahiş edir və hər dəfə “göndərə bilmərik”, “olmaz” deyirdilər. Bir dəfə yenə də kənddən əsgər gedəcək uşaqlara qoşulub rayona yollandım. Bir müharibə veteranı var idi. Moskvadan belə teleqram vurub aləmi bir-birinə qatmışdı. Orada da səsini başına atmışdı ki, uşaq xəstədir, sağalsın, sonra hara istəyirsiniz, götürün aparın. Bax, beləcə bəxtim gətirdi. Say düzəlsin deyə, məni də sıraya aldılar. O vaxt yatsam yuxuma da girməzdi ki, bu il yarımlıq hərbi xidmət bir vaxt doğma Azərbaycanımızı qorumaq üçün mənə lazım olacaq...

Tarix
2016.12.20 / 08:15
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini qəbul etdi

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla