Yuxarı

“Savaşçı”dakı aktyorumuz: O qız böyük səhv etdi - Foto

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az Türkiyənin məşhur “Savaşçı” serialında rol alan azərbaycanlı aktyor Elvin Əhmədovla müsahibəni təqdim edir:

- Elvin bəy, bir müddətdir Türkiyədəsiniz. Başqa ölkədə yaşamaq, işləmək çətin deyil ki?

- Uzun müddətdir İstanbul və Əskişəhərdəyəm. Başqa ölkədə yaşamaq, işləmək çətin ola bilər, amma bizi bura dəvət ediblər və çətinlik yaşamamağımız üçün hər cür şərait yaradıblar. Sevdiyim işlə məşğul olduğumdan çətin deyil. Zövqlə bütün bacarığımızı ortaya qoymağa çalışırıq.

- Kənan M.M-lə birgə “Savaşçı” serialında rol alırsınız. Çəkiliş heyəti, komandaya uyğunlaşmısınızmı? Çəkiliş mühiti necədir?

- Kənan mənə avqust ayında zəng etdi. O ərəfədə sonuncu oynadığım serialdan – “Ata ocağı”ndan ayrılmışdım. Serialdan ayrıldığım xəbərini aldım, növbəti işlərlə bağlı düşünəndə Kənan zəng elədi. Dedi ki, bizi Türkiyəyə – “Savaşçı” serialına dəvət edirlər. Təbii ki, çox sevindim.

Orada mühit çox gözəldir. Bu yarım il ərzində çox gərgin çəkilişlərimiz də oldu, rahat da. Bunlar məkanlarla da bağlıdır, ssenarinin yaratdığı hadisələrlə də.

Çəkiliş heyəti və komandaya elə ilk gündən uyğunlaşdım. Özümü bunun üçün hazırlamışdım. Serialda iki rejissor var, hər ikisi ilə münasibətim çox yaxşı alındı.

- Aktyorlarla münasibətiniz necədir? Onlara bizimlə bağlı nələr maraqlı gəlir?

- Aktyorlarla çox gözəl münasibətimiz var. Dostluğumuz ömürlük qalacaq. Onlar dilimizi çox sevirlər.

Musiqimiz haqqında həddindən çox maraqlanırlar. Biz Əskişəhərdəyik. Burada belə dəfələrlə türk aktyorlarının bizim musiqiləri dinlədiyini görmüşəm. Tamaşalarımız haqqında az da olsa məlumatları var. Ümumiyyətlə, Azərbaycanın böyük incəsənət məmləkəti olduğunu bilirlər. Bu da məni çox sevindirir.

- Azərbaycan və Türkiyə film sektorunda hansı fərqlər var?

- Aura eynidir, fərq sadəcə maddiyyatla bağlıdır. Orada filmlərin, serialların büdcəsi daha çox olur.

- Yəqin ki, qonorar fərqi də çoxdur...

- Düzü, qonorarla bağlı danışmağı sevmirəm. Aydındır ki, Türkiyədə qonorar bizdən fərqlidir.

- Serialda Mübariz İbrahimovun qəhrəmanlığından da bəhs olundu. Onu necə tanıyırlar?

- Məhz bu serial Mübariz İbrahimov kimi bir qəhrəmanın orada daha çox tanınmasına zəmin yaratdı. “Azərbaycan” deyəndə, ordumuzdan, vətənpərvərlikdən danışanda ilk olaraq Mübariz İbrahimovun adı çəkilir. Demək olar ki, hər çəkiliş günündə Mübariz İbrahimov anılır, onun haqqında danışılır. Çox möhtəşəm münasibət var Mübariz İbrahimova. Biz, təbii ki, bununla fəxr edirik. Onu da deyim ki, növbəti bölümdə də bu mövzu ilə bağlı çox mühüm, özəl nüans olacaq.

- Yəqin ki, bu yaxınlarda Nərmin adlı bir qızın Mübariz İbrahimovla bağlı dediklərindən xəbərdarsınız.

- Əslində, mən bu tip insanlar haqqında danışmağı özümə, şəxsiyyətimə qarşı hörmətsizlik hesab edirəm. Amma danışmasam da, bu cür mövzudan yayındığımı düşünüb qınayacaqlar.

Son dövrlərdə nəinki Azərbaycanda, bütün dünyada belə hallar var. İnsanlar sosial şəbəkələr vasitəsilə mənasız və bayağı videolarla məşhurlaşmaq istəyirlər. Bu qız da həmin adamlardan biridir. Bunu özünə qarşı hazırlamışdı, kənardan bilinirdi. Özünə qarşı ömürlük antipatiya yaratdı. Dünənə qədər heç kim bu adamın ad-soyadını bilmirdi. Mübariz İbrahimov bizim həssas mövzumuzdur. Bunu ölkədən kənarda ictimailəşdirməməliyik ki, bizim vətəndaşımızın öz qəhrəmanımıza qarşı belə bir fikir söyləməsini kimsə bilsin. Bu, bir səhv idi, bu gün olmasa da, nə vaxtsa səhvini başa düşər, deyə düşünürəm.

- Serial yarım sezon finalına getdi. Bu o deməkdir ki, yeni bölümdə maraqlı yeniliklər olacaq. 2019-cu ildə Azərbaycanla bağlı serialda maraqlı nələr olacaq?

- Yarım sezon finalından, yəni təxminən 1 ay sonra 60-cı bölüm olacaq. Yeni bölüm Qarabağa həsr olunacaq.

Ümumiyyətlə, serialın builki mövzusu Turan türk birliyi, türk ölkələrinin türklərin ətrafında birləşməyi və yumruq kimi bir yerdə olmağıdır. Məni ən çox sevindirən odur ki, Turan bayrağının yanında Azərbaycan bayrağı da var.

Hər şey ssenari müəlliflərindən asılıdır, onlar nə yazsa, o olacaq. Özü də ssenari müəlliflərinin nə yazdığını, yazacağını heç kim bilmir. Biz görüşmürük. Ssenari müəllifləri ayrıca işləyir, biz – serial komandası ayrı. Azərbaycan mövzusu 2019-da da davam edəcək.

- Öhdənizdə çətin və gözəl bir missiya var. Vətəni ölkədən kənarda çox həssas bir mövzuda təmsil edirsiniz. Azərbaycandan kifayət qədər dəstək görürsünüzmü?

- Düzü, sentyabrdan bəri bu məsələ məni narahat edir. Kənan Ordumuzu, Müdafiə Nazirliyini təmsil edir. Mən də Dövlət Təhlükəsizlik Xidmətinin agentini oynayıram. Dövlətimiz, vətənimiz təmsil olunur. Mənim narazılığım Azərbaycan televiziyasından və Türkiyədəki heyətindəndir. Türkiyədə bu qədər kanalımız var, amma bir televiziya gəlib çəkiliş meydançasına girmədi ki, burda Azərbaycanın adı var. Hətta bir jurnalist gəlib çəkiliş aparsın, o materialı heç vermesin. Türklərə maraqlı da deyil, o material göstəriləcək, ya yox. Onlara maraqlı olardı ki, biz Qarabağ, Azərbaycan haqqında çəkiliş edirik, aktyorları oynayır, Azərbaycan televiziyasından kimsə gəlib, maraqlanır.

- Çətinlik çəkdiyiniz səhnələr olurmu?

- Çətinlik yaşadım desəm, özümə haqsızlıq edərəm. Elxan Cəfərovun “Dolu” filmində baş rolu oynamışam. Əsl çətinliyi orada gördüm. Azərbaycanda qazandığım təcrübəmi Türkiyədə maksimum dərəcədə göstərməyə çalışmışam. Hətta Azərbaycandan bura gələndə Kənana da demişdim, ilk hədəfim o idi ki, biz türk aktyorlarından zəif görünməyək. Suda, soyuq havada çəkilişlərimiz olur, buna baxmayaraq, çalışıram ki, işimi yüksək səviyyədə görüm.

- Başqa film və ya serialdan təklif varmı? Olsa, qəbul edərsinizmi?

- “Savaşçı”nı ölkədən kənarda peşəkar fəaliyyətim üçün başlanğıc adlandırıram. Türkiyədə fəaliyyətimi davam etdirməyi düşünürəm. Yaxşı təkliflər olarsa, başqa film və serialları da dəyərləndirəcəyəm. Hər halda bunu zaman göstərəcək.

Tarix
2019.01.03 / 11:35
Müəllif
Sevinc Xan qızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla