Yuxarı

Azərbaycanlı yazıçı: erməni anaları mənə yazırdılar ki...

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az yazıçı Varis Yolçuyevlə müsahibəni təqdim edir:

- Bildiyimə görə, əsərlərinizin mövzusunu həyatdan götürürsünüz. Bunun üçün xüsusi araşdırma aparırsınız, yoxsa qarşılaşdığınız hadisələr əsasında yazırsınız?

- Viktor Hüqonun “Paris Notr-Dam” kilsəsi əsəri təsadüfdən yaranıb. Hüqo bir dəfə yepiskopla “Notr-Dam” kilsəsini gəzirmiş. Şəhərə baxmaq üçün kilsənin damına çıxanda yazıçının gözünə üzərinə ”tale, qəzavü-qədər” yazılmış kağız parçası sataşır. Sonradan balaca bir kağız parçasının üstündə o boyda şedevr əsər yaranır. Yəni əsərlərin yaranması üçün bəzən çox kiçik bir informasiya, bir insan taleyi stimul verə bilir.

Məsələn, “Yaşıl üzlü gündəlik” romanım adi bir gündəlik əsasında yazılıb. “Sonuncu ölən ümidlərdir” isə kriminal xronikada gedən balaca bir informasiya əsasında formalaşıb. Konkret demək olmaz ki, bütün romanlar eyni formada yaranır.

- Hansı əcnəbi yazıçıları oxuyursunuz?

- Sevdiyim yazıçılar var ki, onların yeni əsərləri çıxan kimi mütləq oxuyuram: Haruki Murakami, Con Maksvel Kutzee, Orxan Pamuk, Milan Kundera.

Həm yazıçı, həm də oxucu kimi ədəbi prosesləri qaçırmıram. Tutalım, hansısa yazıçı Nobel mükafatı alıbsa, onu mütləq oxumalıyam. Bir yazıçı Buker, Pulitser mükafatları alıbsa, deməli, o sıradan bir yazıçı deyil. Bundan əlavə, “Nyu York Tayms”ın bestsellərlərini mütləq oxuyuram. Klassiklərdən isə bütün məşhur yazıçıları, dünyada ən çox oxunan romanları sevə-sevə oxuyuram.

- Sizcə, internetin kütləviləşməsi ədəbiyyata marağı azaltdı, yoxsa?..

- Əslində, internet bu gün həm hər şeyin köməkçisi, həm də məhvə sürükləyənidir. Hazırda bütün dünyada ədəbiyyata, mətbuata olan maraq bir qədər azalıb. Bunda internetin də rolu var. İnsanlar o qədər informasiya alırlar ki, bədii kitab oxumağa vaxt tapa bilmirlər. Buna görə də internet ədəbiyyatın bir kabusudur.

Amma bu gün Feysbuk üzərindən yeni bir cərəyan yaranıb. Şairlər özlərini, əsərlərini təbliğ edə bilirlər. Ancaq nəsr irihəcmli olduğuna görə nasirlər Feysbukda, İnstaqramda təbliğ oluna bilmir. Onlar bu platformada ancaq kitablarının reklamını edirlər, keçirəcəkləri görüşlər barədə məlumat verirlər. Beləliklə minlərlə izləyici yeni kitabdan xəbər tutur. İnternetin bu baxımdan yazıçılara kömək etdiyini söyləmək olar.

- Deyirlər, tərcümədə əsərin gücü itir. Bu barədə nə düşünürsünüz?

- Tərcümə zamanı nəsr 10 faiz itirirsə, poeziya 99 faiz itirir. Şeirin tərcüməsi mümkün deyil. Şeir tərcümə etmək yeni bir şeir yazmaqdır. Nəsrdə isə keyfiyyətli tərcüməyə böyük ehtiyac var. Məsələn, mən 2016-cı ildə Nyu Yorkda Dünya Yazıçılar Konqresində iştirak etmişəm. Orada “77-ci gün” romanımın nəşriyyatlar, tənqidçilər üçün təqdimatı oldu. Dünya nəşriyyatlarına tövsiyə olundu ki, mənim əsərimi çap etsinlər. Mən Bakıda ingilis dilinə tərcümə olunmuş variantı göndərsəm də, qəbul olunmadı. Dedilər, çox bəsit tərcümədir. Hazırda əsərlərimin ingilis dilinə tərcüməsini Nyu Yorkda yaşayan cütlük həyata keçirir.

Əvvəlcə romanımı bədii yox, sətri formada rus dilinə tərcümə etdirirəm. Onlar həmin romanın üstündə işləyərək, ingilis dilinə yüksək səviyyədə tərcümə edirlər. Bu da bahalı proses olduğuna görə bütün əsərləri tərcümə etdirməyə imkanım çatmır. Nisbətən kiçik həcmli əsərləri bu cür tərcümə etdirirəm.

Məsələn, “Sonuncu mogikan”, “22-ci mənzildə” adlanan povest və hekayələrim bu cür uğur qazandı. Ancaq “77-ci gün” romanımın yüksək səviyyədə tərcümə edilməsi məsələsi xəyal olaraq qaldı.

- Kitablarınızın satışından əldə etdiyiniz qazanc sizi qane edirmi?

- Bir neçə ölkədə nəşriyyat hesabına çıxan romanlardan 10 faiz qonorar almışam. Azərbaycanda da belədir. Bu vaxta qədər kitablarımı satmaq üçün qapı-qapı gəzməmişəm. Buna ehtiyacım yoxdur, ancaq onu deyim ki, bu gün kitab bazarında qarşıma böyük hədəflər qoysam da, çata bilmirəm, geriləməyə başlamışam. Bu, həmçinin digər yazarlarda da müşahidə olunur.

- Bu yaxınlarda sosial şəbəkələrdə sevdiyi qız üçün kitab imzalatmağa gələn bir gəncin fotosunu paylaşmışdınız.

- Oxuculardan biri mənə yazmışdı ki, ucqar dağ kəndlərində də sizi oxuyan var, ancaq siz belələrini saymırsınız, ayağınız palçığa batmasın deyə bu tərəflərə gəlmirsiniz. Mən də acığa düşüb dedim, gör indi necə sayırlar. Durub həmin kəndə getdim. Ordakılar məni o qədər gözəl qarşıladı ki, bu, mənim üçün sözün həqiq mənasında bayram idi.

Başqa bir oxucu da sevdiyi qızın doğum gününə sevdiyi yazarın avtoqraflı kitabını hədiyyə etmək üçün Xudatdan durub Bakıya gəlmişdi.

- Yazdığınız hansısa səhnədən və ya obrazdan təsirləndiyiniz olubmu?

- Hərdən oxucular yazırlar ki, filan romanın təsirindən 10 gündür çıxa bilmirəm, ağlamaqdan gözüm kor olub. İnsanlar adətən hansısa problemə görə ağlayır. Bir də var ki, onu ədəbiyyat, mədəniyyət ağladır. Əgər bir əsər oxucunu ağladırsa, bu o deməkdir ki, əsər çox yaxşı alınıb. Məsələn, “Yaşıl üzlü gündəlik” əsərində elə səhnələr var ki, özüm oxuyanda doğrudan da həyəcanlanıram.

Ən sevdiyim, lakin Azərbaycanda ən az sevilən romanım “77-ci gün”dür. 4 strukturlu mürəkkəb əsər olduğuna görə oxucular anlamaqda çətinlik çəkirlər. Həmin romanın qəhrəmanının əlinə aldığı kitabın bir səhifəsində yazılır ki, “77 gün dalbadal Günəşi qarşılasan, ömrünə əbədi günəş doğacaq”. O da hər dəfə Günəşi qarşılamağa gedir. Ötən il Türkiyədə olanda müsahibə verdiyim jurnalist dedi ki, həmin kitab orada çapdan çıxdıqdan sonra romanı oxuyan yüzlərlə gənc İstanbul boğazında Günəşi qarşılamağa gedib. Heç təsəvvür edə bilməzsiniz ki, bu mənim üçün nə deməkdir.

“Sonuncu ölən ümidlərdir” əsərim Özbəkistanda 126 min tirajla çıxmışdı. Eyni zamanda, özbəklər “Daraqçı” qəzetində hər həftə qəhrəmanları illüstrasiyalarla təsvir edib, romanı hissə-hissə yayımlayırdılar

Deməli, Səmərqənddə bir yeniyetmə qızı ögey atası o qədər döyüb, işgəncə verib ki, özünü asmağa dama çıxıbmış. Mələfəni götürüb qarmaqdan bağlayıb. Ayağının altındakı daşı itələmək istəyəndə gözü qəzet parçasında yazılan “umidlər intixorə bladi” (sonuncu ölən ümidlərdir) sözlərinə sataşıb. Fotolar da diqqətini çəkib. Mələfəni boynundan çıxarıb, yerdəki qəzeti götürüb və oxumağa başlayıb. Görüb ki, qəzetdə yazının əvvəlinin ötən sayında olduğu qeyd edilib. Gedib o kitabxananı tapıb, əvvəlki hissələri oxuyub. Daha sonra hər həftə romanın bütün hissələrini səbrlə oxuyub bitirib. Sonda gedib “Daraqçı” redaksiyasına başına gələnləri danışıb. Bu barədə özbək mətbuatında “Azərbaycanlı yazıçı bir insanı intihardan xilas elədi” başlığı ilə geniş bir yazı yayımlanmışdı.

- Sizcə, ən böyük uğurunuz hansıdır?

- Belə deyim, ən böyük uğurlarımdan biri “Bir ovuc torpaq” romanımın milli qəhrəman Mübariz İbrahimovun stolüstü kitabı olmasıdır. O romana görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Qızıl kəlmə” mükafatına layiq görülmüşəm. M.İbrahimovun sevimli obrazı əsərdəki Zaur idi.

- Ümumiyyətlə, bu vaxta qədər beynəlxalq səviyyədə hansı uğurları qazanmısınız?

- Ötən il ədəbi həyatımda çox uğurlu oldu. İlin sonunda böyük Britaniya Yazıçılar Birliyinin xətti ilə dünya üzrə 150 yazıçı arasında ilin yazıçılarından biri də mən oldum və London ədəbi mükafatın yekun siyahısına daxil edildim. O siyahıda Nobel, Pulitser, Buker mükafatçıları da var.

Bundan əlavə, ötən ilin sonunda Rusiyanın məşhur ədəbiyyat jurnalı “Rossiyskiy kolokol”un təşkil etdiyi müsabiqədə “ilin yazıçısı” nominasiyasında mükafata layiq görüldüm. Ötən ilin kulminasiyası isə Soçidə keçirilən Avrasiya materikinin ədəbiyyat üzrə festivallar festivalı LiFFt-də 170 Avrasiya yazıçısı arasında qızıl medalı qazandım. Kim qalib gəlsə, növbəti festival həmin müəllifin ölkəsində keçirilir. Sözügedən festival bu ilin sentyabrında Bakıda keçiriləcək və 50 ölkədən 200 populyar yazıçı paytaxtımıza gələcək.

- Xaricdə kitablarınızın tirajı buradakından çox olur?

- Təbii ki, tirajda fərq çox olur. Azərbaycanda tirajlar çox aşağıdır. Burada mənim sonuncu kitabım 5 min tirajla çıxıb. Halbuki ilk ktabım 10 min tirajla çıxmışdı. Əhalisi bizdən 3-4 dəfə az olan Pribaltikada kitab tirajları bizdən çoxdur.

Bu gün dünya arenasında tərcümə üçün böyük maliyyə lazımdır. Ölkədə kitab bazarı əvvəlki qaydasında qalsaydı, tərcümələri özüm maliyyələşdirə bilərdim. Bir ara kitabdan daha çox pul qazanmaq olurdu, ancaq indi metroda kitab satılmır, kitab bazarına pirat nüsxələr dolub. Beləcə tirajım aşağı düşdü. Bunlar mənə mənfi təsir göstərdi.

- Xaricdə çap olunan bir yazıçı kimi ölkəmizin təbliğatı üçün hansı işləri görürsünüz?

- İndi Xocalı faciəsi, 20 Yanvar, Laçının, Şuşanın işğalı adı altında Azərbaycandan kənara çıxan əsər yazılsa, xaricdə oxunmayacaq. Deyəcəklər, birtərəfli fikir verilib, düşmənin əleyhinədir və s. Məsələn, “Metamarfoza” sırf psixoloji romandır. Qəfildən əsərdə iki polis işçisi Qarabağ mövzusundan danışırlar, Mübarizdən bəhs edirlər. Senzura o cümləni saxlaya bilmir. Bir cümlə ilə nə qədər insan öyrənir ki, Azərbaycanda belə bir qəhrəman olub.

“Son məktub” romanım 4 müxtəlif millətdən olan insanın uğursuz sevgi hekayəsindən bəhs edir. Türkiyə, İngiltərə, Pakistan və Azərbaycandan olan insanların həyatı təsvir olunur.

Burada Xocalı soyqırımından bəhs edilir. Bu 4 ölkənin vətəndaşları hər biri öz vətəndaşına görə o romanı oxudu. Beləliklə, həm də Xocalı barədə təbliğat aparmış oldum. Türkiyədə həmin kitab 60 min kitabın içində oxunma sayına görə 52-ci yeri tutdu.

Rusiyada da çap olunan “Əzilmiş fotoşəkillər”romanında Sumqayıt hadisələri barədə verilən məlumatı oxuyan xeyli şəxs o qətlin başında erməni Qriqoryanın dayanmasını öyrəndi. Bundan sonra yazırdılar ki, biz elə bilirdik, Sumqayıt hadisələrini azərbaycanlılar törədib.

“Xrizantima dəstəsi” adlı əsərimdə 1918-ci ildə Qubada ermənilər tərəfindən ölürülən 4000 azərbaycanlı ilə yanaşı, 40 yəhudi barədə məlumat vermişəm. Yəhudilər haqqında həmin informasiya ümumdünya yəhudilərinin internet portalında məsləhət görülən ədəbiyyat kimi yerləşdirmişdi. Hətta bu əsərə görə ermənilər başıma pul qoymuşdular ki, bu yazıçını aradan götürmək lazımdır.

Proza.ru saytında Aprel döyüşləri ilə bağlı yayımlanan essemə görə erməni anaları yazırdılar ki, biz müharibə istəmirik. O yazı 41 min erməninin imzası ilə portaldan çıxarıldı.

- Əsas hədəfiniz nədir?

- Mənim çox böyük hədəflərim var. Təbii ki, ən əsası Nobel mükafatı almaqdır. Hərdən deyirlər, çox iddialı danışırsan. Amma bir məsələ də var ki, insanın hədəfləri böyük olmalıdır. Elə təsəvvür edin ki, ədəbiyyat bir hədəf taxtasıdır. Oxu yaxşı yerə atmaq üçün ən azı mərkəzi nişan almalısan ki, mərkəzi olmasa da, mərkəzə yaxın əraziləri vura biləsən. Hər halda son uğurlar göstərir ki, düz yoldayam.

Tarix
2019.03.28 / 09:07
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla