Axar.az Teleqraf.com-a istinadən Sabir Rüstəmxanlı ilə
müsahibəni təqdim edir:
- Sabir bəy, nə yazırsınız? Stolunuzun üstündə kağızlar
var.
- Bunlar işlə bağlı qeydlərimdir. Amma Altayla bağlı balaca bir
kitabça yazmaq istəyirəm. Əslində, yol qeydləridir, amma yazdıqca
böyüyür. Düşünürəm ki, Altayı Azərbaycanda tanımırlar və
tanınmasına ehtiyac var. Bir romanım da işıq üzü görüb, elə o da
stolumun üstündədir. "Şair və şər". Məhəmməd Hadi haqqında
romandır.
- Tənzilə xanım müsahibəsində bu barədə
danışmışdı.
- Hə, Tənzilə xanım o kitaba xeyli vaxtdır başlayıb, hələ oxuyub
bitirə bilməyib. (gülür)
- Axırıncı hansı əsəriniz çıxıb ki?
- "Difai fədailəri" romanım axırıncıdır, ondan sonra bir şeir
kitabım çap olundu. Hal-hazırda bir nəsr əsəri üzərində işləyirəm,
bilmirəm, sonu necə olacaq. Fikrimcə, çox müasir bir mövzudur.
- Maraqlıdır, bu qədər yazırsınız,
yorulmursunuz?
- Yox, əksinə, mən yazanda yorğunluğum canımdan çıxır.
- Belə çıxır ki, dincəlmək üçün
yazırsınız...
- Hə, stressi atmaq üçün yazıram. Mən cavanlığımdan işləməyə
başlamışam və hətta ən yorğun vaxtlarımda yaradıcılıqla məşğul
olanda bir dinclik tapmışam.
- Sabir bəy, necə düşünürsünüz, milli azadlıq hərəkatı
zamanı qəhrəman olmaq çətin idi, yoxsa indi?
- Qəhrəman olmaq bütün dövrlər üçün çətindir. Dediyin hər iki
dövrün fərqli cəhətləri var. Milli azadlıq hərəkatında mən ağ
kəfəni boynuma geyinmişəm. İlk mərhələsi son dərəcədə çətin idi.
Amma sonra görəndə ki, hakimiyyət başçılarının özləri bizə
möhtacdırlar, Moskva qarşısında acizdirlər, o zaman qorxu hissi də
keçib getdi. Onda gördüm ki, hökümət yoxdur, əslində hökumət
meydandır. O zamanlar mübarizənin bir romantik tərəfi vardı ki, sən
bütöv bir xalqla birgə idin.
- Bəs indi?
- İndi vəziyyət bir az mürəkkəbdir. Bir şair kimi xalqın belə
bölünməyi mənim üçün ağırdır. Yəni bölünmüşlərin birinin qurbanı
olmaq, onun hədəfinə çevrilmək mənim üçün çətindir. Belə bölünmüş
bir şəraitində qəhrman olmaq çox çətindir. Ya iqtidarın, ya da
müxalifətin qəhrəmanı olursan. Mən isə tərəfin qəhrəmanı yox,
sözümlə millətin qəhrəmanı olmaq istəyirəm.
- Belə başa düşdüm ki, meydan hərəkarı sizin ömrünüzün
kuliminasiyası oldu. Ondan sonra daha Koroğlu demişkən, qəhrəmanlıq
dövrü bitdi?
- Mən bir dəfə yazmışdım ki, mənim bütün həyatım meydana gələn
yoldan ibarət imiş. Meydan mənim qələmlə qazandığım qəhrəmanlıqdır.
Bizim meydana gəlişimiz olduqca fərqli idi və mən özümü çox güclü
hiss edirdim. Amma bəzən bizim haqqımızda tənqidi fikirlər yazanlar
da olur. Hansı ki, onlar 90-cı illərdə doğulmuş insanlardırlar, heç
bir şeydən xəbərləri yoxdur. Mənim buraxdığım "Azərbaycan" qəzetini
almaq üçün insanlar növbəyə düzülürdülər. Hətta birinci tirajını
Qarbaçov oxuduğuna görə Vəzirov qəzeti üzümə çırpmışdı. Mən hesab
edirdim ki, bundan sonra bir sayını da çap etməsəm, bu qəzet mənim
bütün jurnalistika fəaliyyətimə bəs edər. 1991-ci il 18 oktyabr
aktı qəbul olunanda mən düşündüm ki, artıq rahat ölə bilərəm.
- Deyirsiniz ki, müstəqillik əldə olunandan sonra xeyli
rahatlaşdım. Axı sizi heç vaxt rahat görməmişik...
- Kəramət, sən özün də yazıçısan. Düzdü, əsərlərini oxumamışam,
amma publisist yazılarını tez-tez oxuyuram. Sən bilməlisən ki,
yazıçı ömrünün sonuna qədər yaradıcılığı üçün mübarizə aparmalıdır,
sonuncu sözə kimi vuruşmalıdır. Bu, hesabat və ya öhdəlik deyil.
Düşündüyüm sənin anladığın mənada rahat yaşamaq deyildi.
- Bəs nə idi?
- Bu, ancaq və ancaq yaradıcılığımla məşğul olmaq istəyi,
rahatlığı idi.
- Hə... Sonra deputat seçildiniz və mübarizə davam
elədi...
- Bəli, yenidən deputat seçildim, ikinci bir mərhələ
başladı.
- Maraqlıdır, bu an özünüzü mübarizədə hiss
edirsiniz?
- Təbii ki, hiss edirəm. Amma indi mübarizəni meydanlara yox,
kağızlara köçürmüşəm.
- Milli Məclisdə neçə ildir deputatsınız?
- Artıq 25 ildir.
- Musa Yaqub və Əkrəm Əylisli də deputat olublar. Amma
onlar Milli Məclisdən canlarının qurtarmağına sevinmişdilər. Siz də
şairsiniz, yazıçısınız... Bəs Sabir Rüstəmxanlıda elə bir hiss
yoxdumu ki, artıq 25 il bəsdir? Canınızı qurtarmaq
istəmirsiniz?
- Yox, elə bir hiss qəti yoxdur. Mən parlamentdən canımı
qurtarmağı düşünmürəm. Əksinə, canımı cəmiyyətdəki dərdlərdən
qurtarmaq istəyirəm. Mən heç kimin fəaliyyətinə kölgə salmaq
istəmirəm. Amma Əkrəm Əylisli beş illik parlament fəaliyyəti
dövründə cəmi iki dəfə çıxış etdi, ikisində də millətin əleyhinə
danışdı. Bir dənə də olsun, abırlı-başlı söz demədi. Ola bilsin,
ordakı mühit onun təbiətinə uyğun deyilmiş. Axı insanlar
müxtəlifdir. Amma mən həmişə özümü parlamentdə çox rahat hiss
etmişəm.
- Bəs Musa Yaqub necə, parlamentdə neçə dəfə çıxış
eləyib?
- Musa müəllim həmişə sözünü deyib. Amma o parlamentdə İsmayıllı
üçün darıxırdı. Milli Məclisdə darıxanlarsa, ora təsadüfən
düşənlər, söz deməyə imkanı olmayanlar, fəaliyyəti ancaq düymə
basmaqdan ibarət olan düymə deputatlarıdır. Hansı ki, danışdıqları
mətni yazdırıb gətirirlər. Ölkə xaricində bir dənə də olsun, söz
danışa bilmirlər. Halbuki, mən dünyanın bütün qitələrində
Azərbaycanla bağlı öz sözümü demişəm.
- Cəmiyyətdə belə bir fikir formalaşıb ki, ədəbiyyat
adamı əgər parlamentdədirsə, deputatdırsa, heç vaxt yaza bilməz.
Bəs siz necə yazırsınız?
- Mənə elə gəlir, cəmiyyət insana nə qədər sirli olsa, bir o
qədər yaxşıdır. Yəni sirr açılanda çox şeylər adiləşir. Mən kənddə
olanda elə bilirdim, Bakıda hər şeyin cavabı var. Amma gəlib gördüm
ki, heç də belə deyilmiş. Şairlik duyğudur, şəxsi aləmdir, Allahla,
təbitlə, zamanla dialoqdur.
- Yəni...
- Yəni Milli Məclisdə olub-olmamağın şairliyə, yazıçılığa heç
bir aidiyyəti yoxdur.
- Əvvəllər parlamentdə şair və yazıılar çox idi. Vaqif
Səmədoğlu, Zəlimxan Yaqub...
- Anar, Maqsud İbrahimbəyov...
- Amma deyəsən, indi şairlərdən təkcə siz qalımısınız...
Bir də Musa Urud var.
- Aqil Abbas da deputatdır.
- Sizcə, şairin, yazıçının parlamentdə olması necə bir
şeydir? Bəlkə düşünürsünüz ki, Milli Məclis şair yeri
deyil.
- Hər halda təmsil olunsalar, yaxşıdır. Yadıma gəlir, meydan
hərəkatı zamanı bizim bəzi ədəbiyyatçılarımız evlərinin balkonundan
aşağı düşməmişdilər. Bax, həmin şair və yazıçılar yazmışdılar ki,
şairin yeri stol arxasıdır. Bu çox gülməlidir. Bəlkə də normal bir
cəmiyyətdə şair tərki-dünya da ola bilər. Amma "şair masa arxasında
oturub evdən çölə çıxmamamlıdır" deyənlər, məncə, cəmiyyətdən
qorxan adamlardır. Amma mən hesab edirəm ki, xalq hardadırsa, mən
də orda olmalıyam. Cəmiyyətin nəbzini yazıçıdan başqa heç kim tuta
bilməz.
- Anar dediniz, yadıma düşdü. Anar müəllimlə gənclikdə
dostluq münasibətləriniz olub?
- Anarla münasibətlərimiz sən deyən kimi, dostluq səviyyəsində
olmayıb. Amma həmişə qarşılıqlı hörmətimiz olub. İndi də ara-sıra
görüşürük. Mənim ayrı çevrəm vardı.
- Hə, sizin "kruq"unuz ayrı idi...
- Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Fərman Kərimzadə, Musa
Yaqub, Ramiz Rövşən, Məmməd İsmayıl, Tofiq Hüseyn...
- Bəs Əkrəm Əylisli ilə də gənclik illərindən dost
olmamısınız?
- Əkrəmlə də münasibətlərimiz elə Anar kimi olub. Bir yerdə
işləmişik. Hətta mən Əkrəmi "Maarif" nəşriyyatında işə qoymuşam,
bir gün qalıb qaçıb. Sonra "Yazıçı" nəşriyyatına direktor
qoymuşdum. Əkrəm ziddiyyətli adamdır. Bir kənd adamı kimi
oturub-duranda elə bilirsən, bundan gözəl insan yoxdur. Amma
sonradan elə bir söz deyir, elə hərəkət edir ki, bütün dediklərinin
üstündən xətt çəkir. Anar müəyyən bir səviyyədə dayanmağı bacarır.
Amma Əkrəm olduqca ziqzaqlıdır. Gah dərənin dibinə düşür, gah da
dağın başına qalxır.
- Hər halda Əkrəm Əkrəmdi. Bunu bilməsə Sabir də Sabir
olmaz ki... Elə deyil?
- Əkrəmin gözəl işləri çox olub, amma mənim aləmimdə "Daş
yuxular"ı ilə bütün bunların üstündən xətt çəkdi.
- Sabir bəy, deyirlər, gənclik illərinizdə çox çılğın
olmusunuz...
- Bəli. Dalaşqan, çılğın və sözünü deyən olmuşam. Bilirsən,
mənim bəxtim həmişə onda gətirib ki, heç vaxt çəkinməmişəm.
Tələbəlik illərindən açıq-aşkar demişkəm ki, bu universitet bizim
istədiyimiz kimi deyil. Yazıçılar Qurultayında cavanların adından
sözü həmişə mən demişəm. Yadıma gəlir, bir dəfə qurultay zamanı
Heydər Əliyev çıxışımı dörd dəfə yarıda saxlayıb fikirlərimi
təsdiqlədi. Çılğın idim, amma müəyyən yaşdan sonra artıq çılğınlıq
da qalmır. Həmin emosionallıq çıxışlardan, danışıqlardan yazıya
keçir.
- Tələbəlik illərində apardığınız mübarizələr, cəsarətli
çıxışlarla yanaşı yəqin ki, sevdiyiniz qızlar da çox
olub...
- O sevgilər artıq keçib, onlardan danışmaq istəmirəm. Amma
düşünürəm, sevgi təkcə gəncliyin məhsulu deyil, insanın yaşadığı
bütöv bir ömrdür. Mənə elə gəlir, ilk sevgimə çatsaydım, ömrüm boyu
o sevgimlə də yaşayardım. Amma mən kənddən gəlmiş, kasıb bir oğlan
olduğum üçün imtina edildim. Bundan sonra sanki özüm özümdən
intiqam almağa çalışırdım. Qəribə idi.
- Necə intiqam?
- Bütün gözəl qadınları özümə ram etməklə sübut etməyə
çalışırdım ki, kəndçi dediyiniz oğlan görün, nələrə qadirdir.
- Yazıq qız hardan biləydi ki, sevgisinə etiraz etdiyi
oğlan gələcəkdə Sabir Rüstəmxanlı olacaq.
- Yox, qız sevirdi, sadəcə, ailəsi razı deyildi. İndi düşünürəm
ki, əslində, o ailə doğrusunu edib. O vaxt mənim evlənmək yaşım
deyildi və belə olsaydı, həyatım tamamilə başqa cür qurulardı.
Çünki mən evlənib kənddə qalmaq istəyirdim. Yaxşı ki, o qızı mənə
vermədilər. (gülür)
- Necə düşünürsünüz, şeir yazmaq üçün mütləq sevmək
lazımdır?
- Şeir ya sevgidən, ya da qəzəbdən yaranır. Stimul verən çox
səbəb ola bilər. Hətta təkcə ayın işığı belə şeir yarada bilər.
Amma ilham mənbəyinin zirvəsi, şübhəsiz, qadın sevgisidir.
- Sabir bəy, nə qədər romanlarınız var. Bəzi yerlərdə
sizi yazıçı kimi tanıyırlar. Amma Xalq şairisiniz.
- Mən əslində, şairəm. Amma romanlarım da var. Mən romanlarımı
oxucudan daha çox özüm üçün yazıram.