Bu gün Azərbaycanın estrada və opera müğənnisi,
Azərbaycanın xalq artisti Flora Kərimovanın doğum
günüdür.
Axar.az xatırladır ki, Flora Kərimova 1941-ci ilin bu günü -
iyulun 23-də Bakıda anadan olub.
O, 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu,
1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977-ci ildә
Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 14 yaşından bədii
özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun
Çinar ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət
Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio
Verilişləri Şirkətinin solistidir. Klassik Avropa operası, Milli
Opera janrı (doqquz dəfə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun"
operasında Leyli), xalq mahnıları, bəstəkar mahnılarının klassik
art-estrada janrlarının ustad sənətkarıdır.
Azərbaycan klassik art-estrada janrının banisidir. Bəstəkar Elza
İbrahimova, xüsusi olaraq Flora Kərimovanın səsi üçün Afət
operasını bəstələyib. "Qanun naminə" (1968) bədii filmində
çəkilib.
Əsrarəngiz səsi, bəşər tarixində, yeganə dörd (4-cü) oktavanı
aşan müğənnilərdəndir. Bu baxımdan Flora Kərimovanın digər belə
fantastik səsə malik müğənnilərdən (məsələn, İmma Sumac) fərqi
ondadır ki, o nəinki 4-cü oktavada vokaliz ifa edir, hətta bu
yüksəklikdə oxuya da bilir. Ən qəribəsi budur ki, onun səsi
bütövlüklə 4 oktavanı əhatə edir - yəni bütün notları.
O, dövrdə SSRİ xalq artisti adını almaq üçün, əvvəl Azərbaycan
SSR xalq artisti adını, sonra isə Ermənistan SSR xalq artisti adını
almaq lazım idi və ancaq bundan sonra SSRİ xalq artisti adını
verəcəkdilər. Əvvəlcə hər məqam yaxşı getsə də, söhbət Ermənistan
SSR xalq artisti adına gəldikdə, Flora Kərimova qətiyyətlə fəxri
adları almaqdan imtina edib. Hadisədən qəzəblənən Azərbaycan
məmurları Kərimovanı növbəti dəfə hakimiyyətin arzuolunmaz şəxslər
siyahısına daxil ediblər. Uzun müddət diskriminasiyalara məruz
qalan Kərimova, hətta bu səbəblər üzündən bir müddət Polşada
yaşamalı olub.
Flora Kərimova sənətdən uzaqlaşdırılıb, yenidən qayıtmasında
əsas rol oynayan Ulu öndər Heydər Əliyev haqqında xatirələrindən
danışıb:
"Deyirdilər, müxalifətçidir, xoşları gəlmirdi deyə, ekranlardan
çıxarırdılar. Lakin mənə qarşı belə ədalətsizlik və özbaşınalıqlar
olanda rəhmətlik Heydər Əliyev həmişə müdafiə edirdi. O, bir neçə
dəfə məni efirə qaytarıb. Hətta bir xoşagəlməz hadisə olmuşdu, məni
efirdən uzaqlaşdırdılar. Onda da məni efirə Heydər Əliyev qaytardı,
dedi ki, sənətin siyasətə aidiyyəti yoxdur".