Bu dəfə şair Fəxrəddin
Meydanlı ilə həmsöhbət oldum. Onunla yaradıcılığı, ümumilikdə ədəbi
proses və digər məsələlər haqda söhbətin oxucularımız üçün də
maraqlı olacağını düşünürəm. Vədələşdik və fevral ayının soyuğunu
bir çaynik çayın istisi və söhbətimizlə canımızdan
çıxartdıq.
Nizaminin dövründə nə neft olub, nə də qaz
-Fəxrəddin müəllim, necədir təbiniz, yazı-pozu
yerindədirmi? - deyə ilk olaraq soruşdum.
-Təşəkkürlər, təbim yerində, yazılara da Allah bərəkət versin,
olur ara-sıra, - deyə cavab verdi.
Sualıma bir az da konkretlik qatıram:
- Siz SOCAR-da məsul işdəsiniz, neftin qiyməti də düşdü,
bunu əhaliyə dəyən zərbəsi aydındır, bəs şairin təbinə
necə?
Şairin cavabı sanki çoxdan hazırmış. Əbəs yerə özünə "Meydanlı"
təxəllüsünü götürməyib, cavablarından da usta olması bilinir:
- Nizaminin, Füzulinin dövründə nə neft olub, nə də qaz, sosial
vəziyyət isə indikindən dəfələrlə, qat-qat aşağı olub, amma
günümüzə çatan ölməz əsərlər yaranıb. Maddi maraqdan qaynaqlanan
təbin məhsulu elə maddiyyatın özü kimi necə gəlir, elə də
gedir.
- Şair kimi özünüzü rahat hiss edirsiniz, yoxsa
maliyyəçi, neftçi kimi?
- Mən özümü ilk növbədə insan kimi rahat hiss edirəm, maliyyəçi
kimi gördüyüm işdən zövq alır, şair kimi isə könlümün səsini bəyan
edirəm-eşidənlər olursa, necə də şadam.
Yazılan yeni şeir də bir nəvədir
Fəxrəddin müəllim cavablarında da elə bil rəqəmlərlə işləyir;
konkret, lakonik cavablar verir.
- Nə vaxt daha rahat olursan? Şeir yazanda, yoxsa
nəvələrlə oynayanda?
- Nəvə də bir baladır, hər yazılan yeni bir şeir də bir nəvədir.
Təbii ki, hərəsinin öz yeri var.
- Nəvənin qoxusu şirindir, yoxsa şeirin
havası?
- Nəvənin qoxusu ən gözəl rayihə, şeirin havası isə xoş sabah
mehidir!
- Fəxrəddin bəy, son zamanlar ədəbi mühitdə şoulaşma
gedir. Bu şouda niyə yoxsunuz?
- Bütövlükdə cəmiyyətdə, o cümlədən də ədəbi mühitdə hər zaman
şoulaşma olub. Bütün insanlar bunu hiss eləyə bilməsə belə, bir
şeyi bilmək lazımdır ki, şoulaşan bir kəsdən gözəl sənət əsəri
gözləmək çox sadəlövhlük olardı. Və təbii ki, mən şou adamı
deyiləm, öz şirəsində bişən meyvələr kimi.
- Özünüzü ədəbi tədbirlərdən uzaq tutursunuz, yoxsa
işiniz daha çoxdur?
- İşim də çox olur, bir az da özüm uzaq dururam-şoulaşmanı
görməmək üçün. Bəzilərinin üzə tərifləyib, qapı dalında
baltalamalarını görməmək üçün.
-AYB-də bəzən fikir ayrılıqları yaşanır, sizcə, orada da
monopolistlər var?
- İnsan varsa, mütləq fikir ayrılığı da var-harada olmasından
asılı olmayaraq.
- Ədəbiyyatımızın halı necədir, adam arasına, ölkələrin
ədəbiyyatı sırasına qoymağa yazarlarımız bir şey
yazırmı?
- Azərbaycanda ədəbiyyat var, çox ölkələrin ədəbiyyatından da
güclü ədəbiyyatımız var. İstər yaşlı nəslə, istər orta nəslə,
istərsə də gənc nəslə aid olsun, amma bu ədəbiyyatı oxuyub, sağlam
ədəbi tənqidin süzgəcindən keçirib, onu ədəbi ictimaiyyətə təqdim
edənimiz yox dərəcəsindədir. Həmişə demişəm, təkrar edirəm ki,
ciddi ədəbi tənqidimiz yoxdur-yaxşı ədəbi tənqidçilərimiz varsa
belə. Çoxumuz ucdantutma ədəbi təhlillə məşğuluq, az qala,
sintaktik, morfoloji və s. təhlillər edirik.
Həmd olsun Uca Tanrının dərgahına
- Sizin ən böyük arzunuz nə olub,
gerçəkləşibmi?
- Həmd olsun Uca Tanrının dərgahına, şikayətim yoxdur, hər zaman
şükürlüyəm. Mən Allahdan nəsə diləyəndə, həmişə sonda "hansı
yaxşıdır, hansı məsləhətdir ondan elə, ya Rəbbim", - deyirəm. O da
özü məsləhət bildiklərini edir və məni heç vaxt darda qoymur. Ən
ümdə arzularım hər zaman müstəcəb olur, şükürlər!
- Şair olaraq arzunuzu nəzərdə tutdum, nə arzulayırdınız
və o arzu necə oldu?
- Şair olaraq bir arzum olub ki, yazdıqlarım oxucuların xoşuna
gəlməyə bilər, təki məni xəcalətli eləməsinlər, bundan da
razıyam.
- Kimi daha güclü yazar görürsünüz və ya görmüsünüz, ona
bənzəmək istəmisinizmi?
- Ad çəkmək istəməzdim, mənim nəzərimdə güclü sayılan birisi,
digəri üçün eyni əhəmiyyət kəsb etməyə bilər. Amma güclü
yazarlarımız həmişə olub, var, olacaq. Təki biz onları seçib,
sevib, təbliğ edə bilək-xəbislikdən, paxıllıqdan,
gözügötürməzlikdən uzaq olaq. O ki qaldı kiməsə oxşamaq istəyinə,
fikrimcə, biz öndərlərdən, hətta bir-birimizdən öyrənə-öyrənə
yaradıb, öyrətməli, amma hər kəs özü olmalıdır.
Maliyyə dərdi çəkməmişəm
- Bəzi gənclər Mirzə Cəlili, Sabiri, Vurğunu və başqa
klassikləri tənqid edir, bu tənqidlərdə heç doğru olan
yoxdur?
- Əgər Siz deyən "gənclər"ə ortabab məktəb səviyyəsində adlarını
çəkdiyiniz və çəkmədiyiniz ədiblərimiz yetərincə təqlid olunsaydı,
bu yenilməz sənət fədailərinin Azərbaycan milləti, cəmiyyəti
qarşısında etdikləri əvəzsiz xidmətləri anlatsaydılar, onda bu
"gənclər"in təxəyyülündə də onların kimliyi yer ala bilərdi. Səməd
Vurğun demiş:
Qananlar məclisindən keç ki, feyz al,
sözlə-söhbətdən,
Fəqət qanmazlar ağzında, düşər loğman da
qiymətdən.
Fəxrəddin Meydanlı demiş:
Adam var ki, nə etsən, bilməz
qədrin-qiymətin,
Adam var ki, zərrəyə bildirər öz rəğbətin.
Adam var ki, Fəxrəddin, dindirmə gəl,
amandır
Adam var ki, üzünə, baxsan səni qanandı.
- Əgər dünyaya yenidən gəlsəydiniz, yenə də maliyyəçi
olub, şair olardınız, yoxsa şair olub maliyyə dərdi
çəkərdiniz?
- Deyim ki, maliyyə dərdini çəkməmişəm, heç vaxt da çəkmərəm
inşallah. Çünki mən onun aludəçisi olmamışam. Cibimdə bir manatım
olsa da, on min manatım olsa da, bu, mənim təfavütümdə görünməz. O
ki qaldı şairliyə, əgər hər hansı sənət adamı yaradacağı əsəri onun
qarşılığında maliyyə görəcəksə, o mükəmməl əsər yarada bilməz.
Sənət əsərini dəyərli edən, onun pulla ifadəsini-ekvivalentini
müəyyən etməkdə çətinlik çəkilməsindədir. O ki qaldı dünyaya
təzədən gəlməyimə.Bildiyimiz kimi, şairlik istəklə olmur, Allahın
verdiyi istedaddır şairlik. Əbəs yerə deməyiblər ki, şairlər Allah
məqamında peyğəmbərlərdən sonra gələn sıranı tuturlar. Bu baxımdan
Allah onda da məni istedadla mükafatlandırsaydı, təbii ki, şair
olardım- bunu istəməsəm belə. Həyata gəldikdə isə maliyyəçi,
mühəndis, müəllim, həkim..., hansı sahədə təhsil alsaydım,
çalışardım, o sahəni də indiki kimi mükəmməl öyrənib, "mənim işimi
məndən çox bilən olsa, onda mən mütəxəssis deyiləm" - şüarıma sadiq
qalardım.