Azərbaycan Dövlət Neft və
Sənaye Universitetinin sabiq prorektoru, professor Cahid Kərimov
məşhur xanəndələr - Bülbül və Xan Şuşunski ilə bağlı xatirələrdən
danışıb.
Axar.az xəbər verir ki, qocaman professor bu xatirələri ona
hadisələrin iştirakçıları Bülbül və tarzən Qurban Pirimovun şəxsən
söylədiyini qeyd edib. Cahid Kərimov da ilk dəfə olaraq həmin
xatirələri Moderator.az saytı ilə bölüşüb:
Bülbül, sənə ar olsun
"Şövkət Məmmədova ilə Bülbül İtaliyaya oxumağa gedirlərmiş.
Getməmişdən qabaq istəyirlər ki, gedib Üzeyir bəylə vidalaşsınlar.
Sağollaşan zaman Üzeyir bəy əlindəki bəzi not vərəqələrini Bülbülə
verir. Deyir ki, sənə dərs deyəcək professorun əsərləri ilə
tanışam. Bunları ona göstərərsən.
Bülbül də İtaliyaya gələn kimi Üzeyir bəyin əmanətini italyan
musiqi professoruna çatdırır. Üzeyir bəyin əsərləri ilə tanış olan
professor məmuniyyətlə not vərəqələrini alır. Amma səhəri gün
onları Bülbülə qaytararaq deyir ki, burada bəzi işarələr var ki,
mən onları başa düşmədim. Bəlkə sən bilərsən ki, bunlar nədi?
Bülbül də bir şey anlamır. O zaman qərara gəlirlər ki, Bakıya,
Üzeyir bəyə bir məktub yazsınlar və ondan həmin işarələrin açmasını
xahiş etsinlər. Məktub Üzeyir bəyə çatanda çox təəssüflənir. Ona
görə yox ki, italyan professor oradakı işarələri anlamayıb. Ona
görə təəssüflənir ki, tələbəsi Bülbül də onların nə məna verdiyini
başa düşməyib. O səbəbdən də məktubda Bülbülə yazır: "Bülbül, ar
olsun sənə. Bizim əlifbada heç bir əlifbada olmayan "ə", "ü", "ı",
"ö" saitləri var ki, bu işarələr də onların açmasıdır. Sən bunu
niyə başa düşməmisən ki? Musiqidəki fərqli səslər də, musiqinin
yeniliyi də elə o işarələrdi".
İtalyan professor Üzeyir bəyin cavabını oxuyandan sonra
Bülbüldən həmin notlara yazılan mahnını oxumasını xahiş edir.
Bülbül oxuyur, italyan isə çox təəccüblənir. Çünki heç yerdə belə
boğazlara, o cür musiqi elementlərinə rast gəlməmişdi. İfa bitəndən
sonra yenidən xahiş edir ki, həmin musiqini oxusun. Sən demə,
Üzeyir bəyin italyan professoruna yolladığı əsərlərdən biri də
məşhur "Sənsiz" romansı olub. Bülbül ikinci dəfə oxuyub bitirəndən
sonra professor əlini onun çiyninə qoyaraq pəncərəyə tərəf aparır.
Açıq pəncərəyə çatanda Bülbül görür ki, az qala bütün
konservatoriya yığışaraq pəncərədən onun ifasını dinləyirmiş...
Bax, Üzeyir bəy bu cür Üzeyir bəy olub".
Xan Şuşinski İran şahını necə ayağa
qaldırdı
"Bunu mənə rəhmətlik tarzən Qurban Pirimov danışıb. Deməli, bir
gün o, Xan Şuşinksi, erməni kamança çalan İran şahının toyuna dəvət
alırlar. O zaman vəziyyət başqa idi. DTK-ın bir agenti də onlara
qoşulur və hər hərəkətlərinə göz qoyurmuş. İş elə gətirir ki,
ifaçılar toya bir gün gec gəlirlər. Toyun ilk günündə iştirak edə
bilmirlər. Nəsə, ikinci gün gələn bu heyəti çox soyuq
qarşılayırlar. Deyirlər ki, şahın ayırdığı əsas hədiyyələr birinci
gün ifa edən xanəndələrə verildi. Xan Şuşinski bunu eşitcək pərt
olur. Qurban buna deyir ki, günah özümüzdədir. Gec gəlmişik, ona
görə də belə münasibət göstərirlər. Amma təbii ki, onlar da növbə
çatanda oxumalı idilər.
Qurban Pirimov mənə belə danışdı: "Xan Şuşinksi "Bayatı Şiraz"
oxumağa başladı. Amma o, heç zaman bu muğamı oxumazmış. Elə bir
başlanğıc etdi ki, hamının diqqətini özünə çəkdi. Muğamın ortasında
bir də gördüm ki, mizrab qızıb barmaqlarımı yandırır. Sən demə, bu
Xanın nəfəsi imiş. Onun nəfəsindən həmin od gəlirmiş. Mən onda
bildim ki, Xan Azərbaycanda heç vaxt muğam oxumayıb. Muğam oxumaq
nə imiş, orda göstərdi. Şah da yuxarıda özü üçün ayrılan hücrədə
Xanı dinləyirmiş. Təsnif bitəndən sonra bir də gördük ki, ətrafda
olan bütün adamların hamısı bir nəfər kimi ayağa durub əl çalır.
Sən demə, onlar yuxarıda şahın ayağa duraraq əl çaldığını
görüblərmiş.
Bir azdan sonra məclisi idarə edən adam bizə yaxınlaşdı və dedi
ki, şah əmr verib, sizi xəzinəyə aparacağıq və ürəyinizdən nə
keçirsə, götürə bilərsiz. Çünki şah deyib ki, əllərini nəyə
uzatsalar, həmin o bəxşişi verin. DTK-ın adamı da bizimlədi.
Göstəriş verir ki, nabadə qızıl, brilyant götürəsiz. Xəzinəyə daxil
olanda divarda bir xalça gördük. Məclisi idarə edən adam Xana göz
vurdu ki, bu xalını götürün. Xalça Hindistanda salınan bir xalça
olub. Şah Abbas qənimət kimi onu İrana gətirib. Xan da onu seçdi.
Həmən gəlib xalçanı düşürdülər, bağladılar ki, biz aparaq.
Bakıya gələndə həmin dövlət agenti dedi ki, bunu Mircəfər
Bağırova hədiyyə aparaq. Biz də öz-özümüzə dedik ki, əşi, nə
işimizə qalıb, bir xalçadı, aparır aparsın da. Hamımız birlikdə
Bağırovun otağına gəldik. Agent nə olmuşdusa hamısını birə-bir
danışdı. Bağırov xalçaya baxıb valeh oldu. Dedi, martda yoldaş
Stalinin 70 illiyidir. Bunu ona hədiyyə aparacağam.
Biz də daha bir söz demədik. Deyilənə görə, Stalin öz 70
illiyində ona gətirilən bütün hədiyyələrin içində ən çox bu xalçanı
bəyənib. Xalça da xalça deyildi e, elə bil ki, alışıb yanırdı".