Ağır xəstəlikdən əziyyət çəkən aşıq Azərə kömək
məqsədilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xeyriyyə
konserti təşkil edilib.
Musavat.com xəbər verir ki, təşkilatçılığını
millət vəkili Qənirə Paşayevanın etdiyi konsertin aparıcısı Əkbər
Qoşalı olub. Tədbirdə aşığın sənət dostları, aşıqlar, musiqiçilər,
mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Xatırladaq ki, mərhum Aşıq Xanların oğlu, 33 yaşlı aşıq Azər 3
ildir, "Hepatit" xəstəliyindən əziyyət çəkir. Onun hər iki ayağında
fil xəstəliyi – kəskin şiş var. Bədənində sürətli piylənmə gedən
aşıq Azərin artıq qaraciyərində də problemlər yaranıb. Onun
xəstəliyinin müalicəsi İsraildə mümkündür və müalicəsi 60 min
dollara başa gəlir.
Konserti açıq elan edən aparıcı ilk olaraq, sözü millət vəkili
Qənirə Paşayevaya verib. İmkanlı şəxsləri aşığa maddi dəstək olmağa
çağıran millət vəkili sənətçinin tezliklə sağalacağına inandığını
bildirib: "Aşıq Azər dəyərli qardaşımızdır. O, bir neçə xəstəliyə
birdən yaxalansa da, onlarla mübarizədə fəal olmayıb. "Hepatit A və
B", ayaqda fil xəstəliyi, qaraciyərin problemləri bir-birinə
qarışdığı üçün onun səhhətinə mənfi təsirini göstərir. Onun səhhəti
ilə bağlı səhiyyə naziri Oqtay Şıxəliyevlə danışmışdıq, Azər
xəstəxanada yatmışdı. Yenə də danışıqlar nəticəsində o, xəstəxanaya
yerləşdirilib. İlkin mərhələdə "Hepatit"lə mübarizə istiqamətində
müalicəsi gedir. "Hepatit"lə müalicə dərindən getməsə, qaraciyər
problemləri aradan qaldırılmasa, digər müalicə və əməliyyatların
keçirilməsi mümkünsüzdür. Qaraciyər öz funksiyalarını düzgün
istiqamətdə həyata keçirməlidir. O, "Hepatit" xəstəliyindən xilas
olandan sonra digər xəstəliklərin müalicəsinə başlanılacaq.
Ayağındakı xəstəlik Rusiyada yanlış müalicə olunub. O, mütəmadi
olaraq müalicə almalıdır. Bu proses onun sənətçi olaraq
fəaliyyətinə də, ailəsinin sosial-maddi durumuna da mənfi təsir
göstərir. Bu ailəyə dəstək göstərilməsi ilə bağlı Tovuzun el
oğullarına müraciət etmişdik ki, bizə bu yolda dəstək olsunlar və
sənətçi qardaşımız mütəmadi müalicəsini ala bilsin. Daha çox insan
Azərə yardım etməlidir. Sənət adamlarının aşığa dəstək olmaq üçün
konsert verməsi isə bir mədəniyyət, dəyərdir. Azərə dövlət
tərəfindən dəstək olunur. İnanırıq ki, imkanı çatan şəxslər,
qurumlar, şirkətlər dəyərli sənətçimizə maddi cəhətdən kömək
edəcək".
Q.Paşayevanın çıxışından sonra söz nəğməli qonaqlara verilib.
İlk olaraq, səhnəyə çıxan əməkdar artist İlqar Muradov "Bu dünyanı
nağıl bilək" mahnısını ifa edib.
Əməkdar artist Aşıq Azər haqda fikirlərini də bölüşüb: "Xeyriyyə
konsertini təşkil edən millət vəkili Qənirə Paşayeva başda olmaqla,
hər kəsə təşəkkür edirəm. Məni də buraya dəvət etdikləri üçün
minnətdaram. Azər mənim yaxın dostumdur, gözəl musiqiçidir. Allah
ona tezliklə şəfa versin, dualarımız onunladır".
Xalq artisti Gülyanaq Məmmədova xeyirxah şəxsləri aşığa maddi
dəstək olmağa çağırıb:
"Aşıq Azər bizim dəyərli qardaşımızdır. Dostsevər, sənətsevər
insana dəstək olmaq lazımdır. Konsertdə iştirak etməyi özümə borc
bildim. Biz oxuyaq ki, bizi sevənlər gəlib, Azərə dəstək olsunlar.
Arzu edirəm ki, ona lazım olan məbləğ tezliklə toplansın və Azər
müalicə olunub, ayağa qalxsın. Bizim mədəniyyətimizin ona ehtiyacı
var".
Aşıq Telli Borçalı bildirib ki, aşığın qısa zamanda sağalıb,
ayağa qalxacağına inanır:
"Azərin vəziyyətinin ağır olduğunu eşidəndə çox pis oldum.
Xeyriyyə konsertində canla-başla iştirak edirəm. Qoyun, bu saz
havaları onun ağrılarını azaltsın. İnanıram ki, tezliklə
sağalacaq".
Konsert sənət adamlarının bir-birindən gözəl musiqi nömrələri
ilə davam edib.
Qeyd edək ki, Aşıq Azər "Bank Respublika"da hesab nömrəsi
açdırıb.
Ona yardım etmək istəyən şəxslər üçün həmin hesab nömrəsini
təqdim edirik:
Bank Respublika kod - 380194401151751001
Şəxsiyyətin seriya nömrəsi - 14040620
Onu da bildiririk ki, bu hesaba MİLLİ ÖN terminalları vasitəsilə
istənilən yerdən ödəniş etmək mümkündür.