1972-ci ildə edam olunan Dəniz Gəzmiş bir solçu olsa da,
sonradan milliyyətçi kəsim də mübarizliyinə görə ona rəğbətlə
yanaşdı.
Dəniz Gəzmiş 27 fevral 1947-ci ildə Ankarada doğulub. Türkiyə
sol hərəkatının mübarizə rəmzinə çevrilən Gəzmiş, özü və 2
yoldaşının edamından sonra məşhurluğu Türkiyə sərhədlərini aşaraq
qonşu ölkələrə yayıldı.
Türk solunun qəhrəmanlıq tarixinə çevrilən bu şəxs haqqında
"Axar.az"ın internetdən toplayıb tərcümə etdiyi məlumatları sizə
təqdim edirik:
Edam kötüyünə çıxarılan bir gənc imdad diləmədi. Yalnız bu
sözləri söyləyə bildi:
"Yaşasın müstəqil Türkiyə! Yaşasın marksizm - leninizm! Yaşasın
fəhlə və kəndli sinfi! Rədd olsun imperializm!"
Dəniz Gəzmişdən miras qalan şey onun edamdan bir neçə
saat əvvəl atasına yazdığı məktubdur:
"Ata, məktub əlinizə keçdiyi zaman aranızdan ayrılmış olacam.
Mən nə qədər üzülməyin, desəm də, yenə də üzüləcəyinizi bilirəm.
Fəqət bu vəziyyəti mətanətlə qarşılamağınızı istəyirəm. İnsanlar
doğulur, böyüyür, yaşayır və ölürlər. Önəmli olan çox yaşamaq
deyil, yaşadığı müddətdə daha çox şeylər edə bilməkdir. Bu
səbəbdən, mən erkən getməyi normal qarşılayıram. O ki qaldı məndən
əvvəl gedən yoldaşlarıma, onlar heç bir zaman ölüm qarşısında
tərəddüd etmədilər. Mənim də tərəddüd etməyəcəyimdən şübhən
olmasın.
Oğlun ölüm qarşısında aciz və çarəsiz qalmayıb. O bu yola
bilərək girib və sonunun belə olacağını bilirdi. Səninlə
düşüncələrimiz ayrıdır, amma məni anlayacağına ümid edirəm… Təkcə
sənin deyil, Türkiyədə yaşayan kürd və türk xalqlarının da
anlayacağına inanıram.
Cənazəm üçün vəkilimə lazımlı tapşırıqları vermişəm. Bundan
əlavə, prokurora da bildirəcəm. Ankarada 1969-cu ildə ölən yoldaşım
Taylan Özgürün yanında basdırılmağımı istəyirəm. Onun üçün,
cənazəmi İstanbula aparma. Anama təsəlli vermək də sənin
boynunadır. Kitablarımı kiçik qardaşıma verirəm. Özünü də xüsusilə
tənbeh elə. Onun elmlə məşğul olmasını istəyirəm. Elmlə məşğul
olsun və unutmasın ki, elmlə məşğul olmaq bəşəriyyət üçün
xidmətdir. Son anda etdiklərimdən zərrə qədər də peşmanlıq hiss
etmədiyimi bildirir, səni, anamı, böyük qardaşımı və kiçik
qardaşımı inqilabın dərin atəşi ilə qucaqlayıram.
Oğlun.
Mərkəz Cəza Evi – Ankara
5 May 1972".
Bu məktubu Dəniz Gəzmiş yazandan bir neçə saat sonra – mayın
6-sı, gecə saat 3 radələrində edam ediləcəkdi...
Həmin vaxt Dənizin 25 yaşı vardı. Bu gün isə ölümündən düz 42 il
keçir. Düz 42 ildir ki, hər il onun doğum və edam gününü qeyd etmək
üçün yüzlərlə sol fikirli insan Taksimə axışır və qəhrəmanlarını
yad edirlər.
Ölümündən sonra haqqında onlarla mahnı yazılıb, əsərlər və
kitablar
çap edilib, filmlər çəkilib.
Haqqında yazılan kitablar:
"Dar ağacında üç fidan", "Dostum Dəniz Gəzmiş", "Edam gecəsi
xatirələri", "Dəniz Gəzmiş dastanı", "Gülünün solduğu axşam",
"Dəftərimə quş musiqi", "Bir dava, iki inqilabçı - unutmaq
xəyanətdir", "Dənizlər edama gedərkən Oral Çalışlar", "Bizim
Dəniz", "Dəniz fırtınalı illər", "Ağlasın səma", "Üç asılmışın
hekayəsi" və s.
Bəstələnən mahnılar:
Dəniz Gəzmiş üçün ən çox mahnı bəstələyib oxuyan sənətçi Əhməd
Qayadır. Məşhur sənətçinin Dəniz Gəzmişə həsr etdiyi 10-a yaxın
mahnı var:
"Mahur", "Neyləyim", "Məni tarixlə mühakimə et", "Bizə qalan",
"Yaza bilmədim", "Tutuşur misralarım", "Ölürəm, qardaş",
"Dosta-düşmənə qarşı" və s. kimi mahnılar Əhməd Qayanın Gəzmişə
həsr etdiyi mahnılardandır. Qaya ilə yanaşı Edip Akbayramın "Eşq
olsun sənə uşaq", Azadlıq qrupunun "Dəniz", "Fevzi Qurtuluşun
"Dənizə Şikayət", " Bizim Dəniz", Hüseyn Qaraquşun "Adı Dəniz
olmalı", Can Yücəlin "Bizim Dəniz", Yol qrupunun "Dənizlərin
türküsü", Kamal Qəhramanın "Dəniz qoydum adını", Zülfü Livanelinin
"Əlvida, qardaşım Dəniz", "Şarkışla", "Çiləkeşin", "Hər Dəniz",
Selda Baycanın "Dənizlərin dalğasıyam", Duman qrupunun "Mənası
yoxdur" mahnıları və adlarını yazmadığımız başqa onlarla mahnılar
Dəniz Gəzmişə həsr edilib.
Haqqında çəkilən filmlər və seriallar
"Əlvida sabah" filmində Dəniz Gəzmiş rolunu Berhan Şimşek
oynayır.
"Eşq olsun sənə uşaq" filmində isə Dəniz rolunu Barış Koçak
oynayır.
"Xatırla sevgili" serialında da Dəniz Gəzmiş rolunu Barış Koçak
oynayır.