17:41
İran davam edən müharibəyə son qoymaq üçün Amerikanın təklifini rədd edərək, münaqişəni bitirməyin yalnız Tehranın müəyyən etdiyi şərtlər daxilində və müddət ərzində mümkün olduğunu bildirib.
Axar.az xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli siyasi və təhlükəsizlik rəsmisi Press TV-yə müsahibəsində deyib.
Təklifin təfərrüatı ilə tanış olan şəxs İranın ABŞ Prezidenti Donald Trampa müharibənin bitmə vaxtını diktə etməsinə icazə verməyəcəyini vurğulayıb:
"İran müharibəni zəruri hesab etdiyi və şərtləri yerinə yetirildiyi zaman bitirəcək".
Onun sözlərinə görə, Vaşinqton müxtəlif diplomatik kanallar vasitəsilə danışıqlar aparmağa çalışsa da, Tehran bu addımlara inanmır:
“Belə ki, 2025-ci ilin yaz və qış aylarında keçirilən əvvəlki iki danışıqlarda ABŞ-ın konstruktiv dialoq aparmaq üçün heç bir niyyəti olmayıb və sonradan İrana qarşı hərbi müdaxilə edib. Buna görə də Tehran dost regional vasitəçilərlə təqdim edilən son təklifi gərginliyi artırmaq cəhdi kimi qiymətləndirib və mənfi cavab verib”.
Eyni zamanda adı açıqlanmayan rəsmi şəxs İranın hərbi əməliyyatları dayandırmağa razı olacağı 5 konkret şərti açıqlayıb:
1. ABŞ və İsrail tərəfindən təcavüz və qətlin tamamilə dayandırılması;
2. İrana yenidən hərbi təcavüz edilməməsini təmin etmək üçün konkret mexanizmlərin yaradılması;
3. Müharibə zərərlərinin və təzminatlarının ödənilməsinin təmin edilməsi və aydın şəkildə müəyyən edilməsi;
4. Bölgədəki bütün cəbhələrdə və bütün müqavimət qrupları üçün müharibənin dayandırılması;
5. İranın Hörmüz boğazı üzərində nəzarəti həyata keçirməklə bağlı suveren hüququnun beynəlxalq səviyyədə tanınması və təminatları.
"İran vasitəçilərə atəşkəsin yalnız bütün şərtlər qəbul edildikdə mümkün olduğunu bildirib. O vaxta qədər heç bir danışıq aparılmayacaq", - deyə rəsmi şəxs vurğulayıb.
O əlavə edib ki, İranın müdafiə hərəkətləri bütün göstərilən şərtlər yerinə yetirilənə qədər davam edəcək:
"Müharibə Tramp deyil, İran qərar verəndə bitəcək".
Qeyd edək ki, ABŞ-ın təklif etdiyi 15 maddəlik “sülh planı” nüvə silahından tam imtina, uranın zənginləşdirilməsi fəaliyyətinin dayandırılması, zənginləşdirilmiş uran ehtiyatlarının MAQATE-yə verilməsi, Natanz, İsfahan və Fordo obyektlərinin bağlanması, MAQATE-yə tam yoxlama səlahiyyəti verilməsi, Hizbullah, HƏMAS və Husi kimi təşkilatlardan imtina, onların maliyələşməsinin dayandırılması, Hörmüz boğazının açıq saxlanılması, həmçinin raketlərdən yalnız müdafiə məqsədləri üçün istifadəni əhatə edir. Bunun müqabilində İrana aşağıdakı üstünlüklər təklif olunur: Beynəlxalq sanksiyalar ləğv ediləcək, ABŞ mülki nüvə proqramına dəstək verəcək, sanksiyaların avtomatik olaraq yenidən tətbiq olunmasına imkan verən mexanizm aradan qaldırılacaq.