ABŞ mediasının başı
prezidentliyə namizədlər Donald Tramp və Hillari Klintona qarışdığı
bir vaxtda Avropa Birliyi vahid ordu yaradır.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "Nyusvik"
dərgisində yazılıb.
Macarıstan və Çexiyanın belə bir təklif səsləndirdiyini
xatırladan qəzet Obama administrasiyasının uzun illər əvvəl
"Avropanı qorumaq" siyasətindən əl çəkməli olduğunu qeyd edib:
"Bu, çox ciddi bir münasibət dəyişikliyidir. İndiyədək Avropa
ölkələri təhlükəsizlik məsələlərini NATO vasitəsilə həll ediblər,
Birlik diqqətini daha çox iqtisadi məsələlərə yönəldib. Həm də
NATO-ya dəstək Vaşinqtonun arzularını əks etdirirdi, ABŞ-ın
Trans-Atlantik təhlükəsizlik qərarlarına nəzarətini təmin edirdi.
Bu nəzarətin də bədəli kiçik olmayıb, Avropa müttəfiqləri
Vaşinqtonun təhlükəsizlik sahəsindəki nüfuzundan geninə-boluna
istifadə ediblər.
ABŞ liderləri dəfələrlə Avropa ölkələrinin təhlükəsizlik
təşəbbüslərini əngəlləyib. Soyuq müharibə bitincə, bu siyasətin
dəyişilməsi, təhlükəsizlik yükünün atılmasına əla fürsət yarandı.
Yuqoslaviya 1990-cı illərdə parçalanmağa başladı. O zaman Avropanın
ilkin diplomatik və sülhyaratma cəhdləri alınmayanda, müttəfiqlər
ABŞ-dan liderlik tələb etdilər. O vaxt Klinton administrasiyası
buna qətiyyətlə "yox" deməliydi.
ABŞ rəsmiləri o zaman avropalı həmkarlarına deməliydilər ki,
Balkanlarda qarışıqlıq regional məsələdir və Birləşmiş Ştatlara elə
də təsiri yoxdur. Necə ki, biz onlardan Mərkəzi Amerika və yaxud
Karib adalarında hansısa itaətsizliyin yatırılmasında aparıcı rol
gözləmirik, onlar da ABŞ ordusunun Balkanlara gələcəyini
gözləməsinlər. Bu halda avropalılar regiondakı təhlükəsizlik
məsələləri barədə özləri düşünərdilər, nəinki asılı duruma
düşərdilər. Amma Vaşinqton NATO vasitəsi ilə Balkanlarda dominant
rolunu saxladı, 1995-ci ildə Bosniyaya, 1999-cu ildə Kosovoya
müdaxilə etdi".
Avropanın təhlükəsizlik sahəsində ABŞ-dan asılı qaldığı yazılan
məqalədə NATO-nun Mərkəzi, daha sonra Şərqi Avropaya doğru
genişləndikcə, Vaşinqtonun daha çox risklə üzləşdiyi qeyd
edilib:
"Amma yenə də amerikalı siyasətçilər bundan dərs almadılar.
Onlar hələ də NATO-nun avropalı üzvlərini inandırırlar. Sanki
köməksiz protektoratdırlar və müttəfiq olmaqla ABŞ-a böyük xeyir
verirlər.
Əslində, AB köməksiz durumda deyil. Əhalisi və iqtisadiyyatı
ABŞ-dan böyükdür. AB ona görə müdafiə tərəfini inkişaf etdirə
bilməyib ki, Birləşmiş Ştatlar belə bir məsuliyyətsiz davranışa
şərait yaradıb.
Macarıstan və Çexiya Respublikasının AB-nin öz hərbi qüvvəsini
yaratmasını istəməsi sağlam fikirdir. Bu dəfə Vaşinqton belə bir
təşəbbüsü boğmağa çalışmamalıdır. Avropa ölkələrinin 8 min kilometr
uzaqda yerləşən ABŞ-ın hərəkətə keçməsini gözləməkdənsə, regiondakı
təhlükəsizlik problemlərini özlərinin həll etməsi daha
ağlabatandır".