Böyük Britaniyanın ən iri elmi proqramlarından biri olan “UK Biobank”a aid 500 min iştirakçının tibbi məlumatlarının Çində onlayn satışa çıxarıldığı təsdiqlənib.
Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın texnologiya naziri İyan Mörri bildirib.
Qeyd edib ki, məlumatlar “Alibaba” platformasında satış üçün yerləşdirilmiş vəziyyətdə aşkarlanıb. Onun sözlərinə görə, layihəni idarə edən xeyriyyə təşkilatı bu hadisə barədə hökumətə bazar ertəsi məlumat verib. Nazir vurğulayıb ki, sızan məlumatlar iştirakçıların adlarını, ünvanlarını, əlaqə vasitələrini və telefon nömrələrini əhatə etmir. Lakin məlumatlar arasında cins, yaş, doğum ayı və ili, sosial-iqtisadi status, həyat tərzi vərdişləri və bioloji nümunələrə dair göstəricilər yer ala bilər.
“UK Biobank” könüllülər tərəfindən təqdim edilən geniş tibbi məlumat bazasıdır və demensiya, bəzi xərçəng növləri və Parkinson xəstəliyinin aşkarlanması və müalicəsinin təkmilləşdirilməsində mühüm rol oynayıb. Layihə çərçivəsində son 20 il ərzində yüz minlərlə iştirakçıdan, o cümlədən tam bədən skanları, DNT məlumatları və tibbi qeydlər toplanıb. Bu məlumatlar əsasında 18 mindən çox elmi məqalə dərc olunub. Layihəyə cəlb olunan iştirakçıların yaşı 2006–2010-cu illərdə qeydiyyat zamanı 40–69 aralığında olub.
“UK Biobank” hadisə ilə bağlı araşdırma apardığını açıqlayıb və həm Böyük Britaniya, həm də Çin hökumətlərinə, eləcə də “Alibaba” şirkətinə göstərilən dəstək və əməkdaşlığa görə təşəkkür edib.