FETÖ 2016-cı ilin iyul ayında baş verən çevriliş cəhdindən əvvəl və çevriliş zamanı dəfələrlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd cəhdi edib.
Axar.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti təqaüddə olan briqada generalı İbrahim Böyükbaşa istinadla məlumat yayıb.
Böyükbaş qəzetə bildirib ki, Ərdoğana qarşı sui-qəsd cəhdi əvvəlcə hərbi təlimlər zamanı planlaşdırılıb, lakin kəşfiyyat orqanları bir neçə şübhəli element aşkar edib və prezidentin iştirakı ləğv edilib:
“Daha sonra təhlükəsizlik qüvvələri Ərdoğana qarşı sui-qəsdin planlaşdırıldığı barədə məlumat alıblar. Bu plan 1981-ci ildə Misir Prezidenti Ənvər Sədata qarşı hərbi parad zamanı baş verən sui-qəsd əsasında hazırlanmışdı.
Türkiyə liderinə qarşı daha bir sui-qəsd cəhdi 15 iyul 2016-cı il gecəsi baş verib, lakin Ərdoğan Marmaris şəhərindəki otelindən tez çıxdığına görə bu cəhdin də qarşısı alındı”.
Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdi nəticəsində 253 nəfər ölüb, 2200 nəfər yaralanıb. Çevrilişin yatırılmasından sonra Türkiyə hakimiyyəti dövlət qurumlarını təmizləyərək, 100 mindən çox insanı işdən çıxarıb. Yüzlərlə çevriliş iştirakçısı ömürlük həbs cəzası alıb.