Taylandın Banq-Xen bölgəsindəki bir dəmir-dümür
dükanında 227 kiloqram ağırlığında olan İkinci Dünya Müharibəsindən
qalma bomba partlayıb, nəticədə 7 adam ölüb.
"Axar.az" xarici mətbuata istinadən xəbər verir
ki, dünən Taylandda günorta saatlarında bomba partlaması
nəticəsində 5 adam hadisə yerində ölüb.
Ölənlərin bədənlərinin parçaları hadisə yerindən 200 metr
uzaqdan toplanıb. 2 adam da aparıldığı xəstəxanada ölüb.
Təxminən 20 adam da yaralanaraq xəstəxanaya aparılıb. Partlayışa
səbəb olan 227 kiloqramlıq bombanın İkinci Dünya Müharibəsindən
qaldığı bildirilir.
Bir inşaat işçisi qazıntı zamanı tikinti sahəsindən ağır dəmir
parçası tapıb. Nə olduğunu bilmədiyi dəmir parçasını dəmir-dümür
dükanına satıb. Dükan sahibi də aldığı dəmir parçasının bomba
olduğunu bilməyib. Bu parçanı qazlı odla kəsməyə çalışarkən bomba
partlayıb.
Partlayış ərazidə 4 metr genişliyində və 3 metr dərinliyində
çuxur açıb. Ətrafdakı evlər də partlayış nəticəsində ziyan görüb,
bir çox evin pəncərələri qırılıb, divarları dağılıb.