2009-cu il martın 25-də seçki səfəri zamanı helikopter
qəzasında həyatını itirən Böyük Birlik Partiyasının lideri Möhsün
Yazıçıoğlunun ölümüylə bağlı yeni məlumatlar ortaya
çıxıb.
"Axar.az" xəbər verir ki, AKP millət vəkili
Səlçuq Özdağ Yazıçıoğlunun yaşadığını deyən əsgərlərin daha sonra
valiyə təzyiq edərək əmniyyəti günahlandırdığını bildirib. Özdağ
Yazıçıoğlunu 1978-ci ildən tanıdığını və ölənə qədər birlikdə
çalışdıqlarını bildirib:
"Kayseri yaxınlığında Yazıçıoğlunun helikopterinin qəza xəbərini
eşitdiyim an Kayseri valisi Mövlud Bilicə zəng etdim. Bilici mənə
bir əsgərin Yazıçıoğlunun yerinin təsbit edildiyini, bir ayağının
sındığını dedi və o da Kayseriyə gətirilərsə, bütün imkanlardan
istifadə ediləcəyini, müalicəsinin aparılacağını bildirdi. Mən də
çox sevindim, BBP-yə zəng edib, məlumat verdim".
Özdağ bu məlumatdan 1 saat keçdikdən sonra partiyadan onunla
əlaqə saxlayaraq, Yazıçıoğlunun tapılmadığı məlumatını verdiklərini
bildirir:
"Yazıçıoğlunun tapılmadığı barədə məlumat aldıqdan sonra təkrar
valiylə əlaqə saxlamağa çalışdım, amma iclasda idi. 15 dəqiqə sonra
vali özü əlaqə yaradaraq, mənə verdiyi məlumatın dəqiq olmadığını
dedi. Hadisədən bir gün sonra vali təkrar mənə zəng edərək,
komandirin ona hədə-qorxu gəldiyini və çətin vəziyyətdə qaldığını
vurğuladı. Daha sonra başqaları zəng edərək əsgərləri olaylara
qarışdırmamağa çağırdılar. Mən isə mətbuata Yazıçıoğlunun
telefonuna zəng çatdığını və yaralı olduğunu bildirdim".
Helikopter qəsdən vuruldu
Millət vəkili Yazıçıoğlunun öldürüldüyünü deyib:
"Yazıçıoğlu demokratiya tərəfdarı idi, millətin iradəsindən yana
idi. Onun öldürüldüyünü, qəsdən helikopterinin vurulduğunu
düşünürəm. O, 1995-ci il seçkilərində Rifah Partiyasının hökumət
yaratmasını istəməyən bəzi dairələrin təzyiqlərinə qarşı çıxıb.
Prezident seçkilərində də Abdullah Gülün lehinə səs verib. Kürd
dövlətinin qurulmasına icazə verməyəcəyini deyirdi. Bu səbəbdən də
sui-qəsdə qurban getdiyini düşünürəm. 17 dəfə yol qəzasına
uğramışdı. Hamısından da sağ-salamat qurtulmuşdu".
Özdağ həmçinin ona müraciət edən 6 nəfərin də Yazıçıoğlunun
ölümüylə bağlı məlumat vermək istədiklərini qeyd edib:
"Bu şəxslər Yazıçıoğlunun vurulduğu helikopterə daha bir
helikopterin yaxınlaşdığını, 4 nəfərin aşağı düşdüyünü, geri
qayıdarkən isə 5 nəfər olduqlarını dedilər. Həmçinin bu şəxslər
helikopterə karbonmonoksit qazının sızdırıldığını, nəticədə də
pilotun huşunu itirdiyini bildirdilər. Hətta qəzanın peyk
görüntüləri də var. Bu məlumatların İncirlikdə gizlin
saxlanıldığını əldə etdim".