Həftəlik elektron qəzet "Vikers Vekli" dünyanın
ədəbiyyat simasını dəyişən 10 yazarın adını açıqlayıb.
"Axar.az" həmin adları təqdim edir.
1,2) Artur Rembo (1854-1891) və Pol Varlen
(1844-1896)
— fransız şairləri, ədəbi impressionizm və simvolizmin
yaradıcılarından. Rembo on yeddi yaşında Parisdə Pol Varlenlə tanış
olur. Bir müddət intim münasibətdə yaşayırlar. 1873-cü ildə
aralarındakı növbəti mübahisə zamanı Varlen Rembonu biləyindən
güllə ilə vurur. Lakin sonra çox peşman olur və hətta Rembodan
xahiş edir ki, onu öldürsün. Rembo imtina edir və Varlen iki il
həbsdə yatır.
3) Oskar Uayld (1854-1900)
— irland mənşəli ingilis filosofu, estet, yazıçı, şair,
dramaturq, publisist, jurnalist. Böyük Britaniya və İrlandiya
kraliçası Viktoriyanın hökmranlığının son dövrlərinin məşhur
dramaturqlarından, dövrünün tanınmış simalarından biri. Hələ
1891-ci ildə Uayld özündən 16 yaş kiçik olan Alfred Duqlasla tanış
olur. Onların münasibətləri pul və Duqlasın şıltaqlıqları üzərində
qurulmuşdu. Uayld onun hər tələbini itaətlə yerinə yetirir, sözün
əsl mənasında Duqlası saxlayırdı. Ancaq təəssüf, Bozi (lord Duqlası
nəvazişlə belə adlandırırdılar) böyük dahinin məhəbbətini layiqincə
qiymətləndirə bilmir.
4) Virciniya Vulf (1882-1941)
— Britaniya yazıçısı, ədəbi tənqidçi. Vulf 1922-ci ildə yazıçı
Vita Sekvill-Uestə vurulur. Bir müddət sonra onların arasında roman
başlayır və təxminən 20 il boyunca davam edir. 1928-ci ildə Vulf
Vitanı əsas qəhrəmanı gah kişi, gah da qadın olan "Orlando"
romanında əks etdirir.
5) Jan Kokto (1889-1963)
— sürrealizmin (XX əsr ədəbiyyatı və incəsənətində:
yaradıcılıqda idrak və təcrübənin rolunu inkar edən və mənbəsini
təhtəlşüur sahəsində axtaran avanqardist cərəyan – tərc.) meydana
gəlməsini qabaqcadan görən fransız yazıçısı, rəssam və rejissor. Bu
günədək məşhur aktyor olan Jan Mare ilə Kokto 1937-ci ildə tanış
olur. O, aktyoru "adam arasına çıxarır", ən yaxşı rolları verdirir,
şeirlərində mədh edir. Onlar uzun müdddət – yaş öz işini görənədək
bir yerdə yaşayırlar. Sonra Mare daha gənc kişilərə meyil edir.
6) Frederiko Qarsiya Lorka (1898-1936)
— musiqiçi və qrafik-rəssam kimi də tanınmış ispan şairi və
dramaturqu. Milyonlarla insanın pərəstiş etdiyi böyük ispan
şairinin homoseksual meyilləri haqqında çox yazılıb. Lorka
həmcinslərinə bağlılığını gizlətmirdi, bu isə homofobiya
tərəfdarlarının və klerikalların (ölkənin siyasi və mədəni
həyatında dini təşkilatların hakimiyyətini möhkəmlətməyə çalışan
siyasi cərəyanın nümayəndələri – tərc.) nifrətinə səbəb olurdu.
Onun sevgililəri arasında Salvador Dali də var idi.
7) Tenessi Uilyams (1911-1983)
— Amerika nasiri və dramaturqu. Özünün meyilləri haqqında tam
səmimi olduğu "Memuarlar"ında yazıb. Frenk Merloya qarşı böyük
bağlılığı var idi. Onunla 14 il birgə yaşadıqdan sonra, 1963-cü
ildə Frenkin ölümü yazıçının psixoloji durumuna çox pis təsir
göstərmişdi.
8) Trumen Kapote (1924-1984)
— Amerika yazıçısı, nasir, "Tiffanigildə səhər yeməyi" romanının
müəllifi. Bütün həyatının məhəbbəti 1948-ci ildə tanış olduğu
yazıçı Cek Danfi idi. Təəssüf ki, bu bağlılıq ona xoşbəxtlik gətirə
bilməmişdi. Trumen həmişə qeyri-adi davranışları ilə fərqlənirdi,
məsələn, o öz kabrioletində qadın şortikində, pencəyində və
tuflilərində getməyi çox sevirdi. Bir dəfə belə münasibətsiz
hərəkəti hətta ona həbs cəzasına başa gəlmişdi.
9) Allen Ginzberq (1926-1997)
— XX əsrin ikinci yarısında yaşamış Amerika şairi, bit-nəslin
əsas nümayəndələrindən biri. O, heç vaxt özünün qeyri-ənənəvi
seksual meylini gizlətməmiş və yazıçı Piter Orlovski ilə 30 ildən
artıq faktiki nigahda yaşamışdı.
10) Qor Vidal (1925-2012)
— Amerika yazıçısı, esseist, kino və teatr dramaturqu, XX əsrin
ikinci yarısındakı Amerika ədəbiyyatının tanınmış klassski. ABŞ-ın
mədəni və siyasi həyatının görkəmli simalarından biri. Onun "Şəhər
və kolonna" romanı həyəcan gətirən şedevrə çevrilmişdi, ancaq
tənqidçilər seksual açıqlığına görə əsəri yıxıb sürüdülər. Vidal
romanı hələ də unuda bilmədiyi Cimm Triblə - İvodzima uğrundakı
döyüşlərdə həlak olmuş sevgilisi və sinif yoldaşına həsr
etmişdi.