İŞİD ordusu İraq və Suriyaya aid hərbi bazaları ələ
keçirərək döyüşlərini daha da şiddətlə davam etdirir.
Axar.az xəbər verir ki, Avropa mediasının verdiyi məlumata görə,
2 milyard dollarlıq sərvəti olduğu iddia edilən İŞİD-in artıq
təyyarəsi var.
Suriyanın şimal hissəsində və İraqın üçdə birində - nəzarət
etdiyi torpaqlarda xilafət elan edərək "İslam Dövləti" adını alan
"İraq Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının ələ keçirdiyi
müasir silahlar gücünü xeyli artırıb.
Günlərdir davam edən qarşıdurmalardan sonra bazar günü Suriya
ordusuna aid Tabka hərbi bazasını tutan İŞİD ordusu "MİQ-21 B"
supersonik döyüş təyyarələrinə sahiblənib. İŞİD-in qırıcıları
istifadə edəcək pilotlara sahib olmadığı təxmin edilsə də,
yaraqlıların birlikdə foto çəkdirdikləri "oyuncaqları" narahatlıq
yaradıb.
2 milyard dollarla dünyanın ən zəngin terror təşkilatı sayılan
İŞİD Suriya və İraqda ələ keçirdiyi hərbi bazalardan götürdüyü
hərbi sursatlarla dünya üçün qarşısıalınmaz təhlükəyə
çevrilməkdədilər.
İŞİD-in əldə etdiyi silahların təxmini siyahısı belədir:
"SA-16" raket sistemləri: İŞİD-in Tabkada ələ
keçirdiyi ən əhəmiyyətli silahlardır. Çiyindən atılan və daşına
bilən atma mexanizmi 4.8 kilometrə qədər raket ata bilir. İŞİD-in
əlində "FİM-92 Stinger" sistemləri və eyni tipli "SA-7" da var. Bu
raketlərlə vertolyotlar və alçaqdan uçan (sərnişin) təyyarələrin
cihadçıların əlində olan ərazilərdən vurulma riski yüksəkdir.
"AİM-9 Sidewinder"raketləri: Reaktivlər
tərəfindən istifadə edilən, istiliklə idarə olunan, "Hava-Hava"
tipli raket sistemidir. Bu raketlərin qiyməti təxminən 90 min
dollardır.
Tank: Mütəxəssislərə görə, İŞİD-in təxminən 30
dənə Sovet istehsalı olan "T-55" və 10 ədəd"T-72" tipli döyüş tankı
var.
"Humvee": Yüksək hərəkət qabiliyyətli
çoxməqsədli hərbi texnikadır. Amerikan ordusunun geri çəkilərkən
İraq ordusuna verdiyi "Humvee"lər İŞİD-in Mosuldakı hərbi bazaları
ələ keçirməsindən sonra İŞİD-a qalıb. İyun ayının sonlarında
İŞİD-in bu silahlardan Türkiyə-Suriya sərhədində istifadə etdiyi
bildirilmişdi.
"UH-60 Blask Havk" tipli hərbi vertolyotlar:
Sikorskinin istehsal etdiyi "Qara şahin" adlandırılan hərbi daşıma
və hücum vertolyotudur. İŞİD Mosul hava limanından bu vertolyotla
birlikdə hərbi yük təyyarələrini ələ keçirib.
M-79 Osa tank əleyhinə raket qurğuları: İdarə
olunan tank əleyhinə raketdir. HJ-8 və AT-4 təyyarəvuranlar
kompleksi də yaraqlılar tərəfindən istifadə edilir.
BM-21 Qrad qurğuları: Reaktiv yaylım atəş
sistemi. Eyni vaxtda birdən çox raket ata bilir.
Skad ballistik raketi: Maye yanacaqlı ballistik
raketdir. İŞİD-in əlində ən az bir dənə olduğu təxmin edilir.
Kimyəvi silahlar: İŞİD İraqda Səddam Hüseyn
dövründən qalma kimyəvi silah bazalarını ələ keçirsə də,
mütəxəssislərə görə bazalarda olan silahlar təhlükəli deyil.