Ötən gecə Axar.az-ın "Cəbhə xətti" layihəsinin müəllifi Nihad
Cəbrayıl (Nahid Cəbrayılov) növbəti müsahibəsinə getmişdi.
Layihənin qonağı olmuş xanım qazilər – Qarabağ savaşının
od-alovundan çıxan tankist Sevil Abbasova və snayper Solmaz Əliyeva
telefon açmışdılar, daha bir döyüşçü rəfiqələri ilə müsahibə
götürmək imkanı ilə onu sevindirmişdilər. Nihad da iş gününün sonu
olmasına baxmayıb, uça-qaça özünü xanım qazilərə çatdırmışdı.
...Gecə Nihadı evə gətirmək üçün Sevil Abbasova qazilərə və
əlillərə verilən "NAZ Lifan" maşınını işə salası olur. Solmaz
Əliyeva da onları tək qoymur.
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yanında
"Cip" markalı avtomobil qarşıdakı maşını ötərkən "NAZ Lifan"ın
yoluna çıxır və dəhşətli qəza törəyir...
Qarabağ savaşında ağır qəzalardan çıxan, üzünün bir tərəfi yanan
və ona görə də çəkdirdiyi fotolarda yarızarafat-yarıciddi əlini
üzünə tutub, heç olmasa foto yaddaşına üzünün yanığının düşməsini
istəməyən Sevil Abbasova dünyasını dəyişdi, Solmaz Əliyeva və Nihad
Cəbrayıl isə xəstəxanada canları ilə əlləşirlər...
Tankist Sevil Əliyevanın bir həftə öncə gedən və dünənki qəzadan
sonra SONUNCU MÜSAHİBƏSİnə çevrilən döyüş xatirələrini Nihad
Cəbrayılın "Cəbhə xətti"ndən yenidən təqdim edirik.
***
"Heydər Əliyev generalların yanında mənə dedi
ki..."
"Cəbhə xətti" layihəsinin budəfəki qonağı Abbasova Sevil Hümbət
qızıdır. Sevil xanım 1975-ci ildə Ermənistanın Amasiya rayonunda
anadan olub. 1988-ci ildə ermənilərin apardığı genosid siyasətinin
qurbanı olaraq minlərlə soydaşımız kimi yurd-yuvasından qovularaq
məcburi köçkün düşüb və Sumqayıt şəhərində yerləşib. 1991-ci ildən
1995-ci ilə qədər könüllü olaraq Birinci Qarabağ döyüşlərində
iştirak edib. Bir övladı var, ikinci qrup Qarabağ əlilidir.
16 yaşlı tankçı
- Sevil xanım, siz erkən yaşlarınızda müharibəyə yola
düşdüz. On altı yaşlı qız üçün çətin olmadı ki?
- 1991–ci ilin mart ayı idi. Qarabağ uğrunda ermənilərlə qızğın
döyüşlər gedirdi. Respublikanın bütün bölgələrinə hər gün şəhidlər
gəlirdi. Bunları görürdüm, yaşım az olsa da, dərk edirdim ki, bu
müharibədə bir övlad olaraq mən də öz sözümü deməliyəm. Və belə bir
qərar verdim ki, gedib döyüşəcəm. Yollandım Ağdam rayonundakı N
saylı hərbi hissəyə. Lakin yaşım az olduğundan məni qəbul
etmədilər. Gətirib Müdafiə Nazirliyinə təhvil verdilər. İsrarla
döyüşmək istədiyimi dedim. Amma bu da bir fayda vermədi. Məni
göndərdilər Naxçıvanski adına hərbi məktəbə. Burada üç ay oxuduqdan
sonra yenə də dözmədim, qaçdım döyüş bölgəsinə. Milli Qəhrəman
Şirin Mirzəyevin batalyonuna qoşuldum. Bu, Xalq Cəbhəsinin
batalyonu idi, əsasən könüllülər vuruşurdu. Bu batalyonda tankçı
kimi döyüşə başladım. İşimi bilirdim və hər şeyi gözə
almışdım.
- Savaşa hansı döyüşlə başladınız?
- İlk döyüşüm Ballı qaya istiqamətində oldu. Bizim əsgərlərə
hücum əmri verilmişdi. Lakin döyüşçülərimiz mühasirəyə düşmüşdü.
Rəhmətlik Şirin Mirzəyev bizi iki tank, iki BMP ilə Sırxavənd
körpüsünə göndərdi ki, ermənilərə tanklardan, qradlardan atəş açıb
onların fikrini və qüvvəsini parçalayaq ki, dostlarımız mühasirədən
çıxa bilsin. Sırxavənd körpüsünə çatanda idarə etdiyim tank minaya
düşdü. Tank komandirim şəhid oldu. Məni tankın içindən ağır yaralı
halda çıxarmışdılar. Gözlərimi "Semaşko" xəstəxanasında açdım. Mən
indi gördüyünüz bu hala düşmüşdüm. Yanmışdım, həm də bir ayağımı
yarıdan itirmişdim.
Yarım ayaqla...
- Döyüş yoluna nöqtə qoyuldu?
- Yox, xəstəxanadan tam sağalmamış qaçıb, gecə saat birdə
yenidən qatara minərək öz batalyonuma getdim. Artıq tankları
görəndə qorxurdum, ona görə də məni kəşfiyyat rotasına göndərdilər.
Elə o gündən də orada qulluq etməyə başladım. 1992-ci ildə on iki
nəfər döyüşçü dostumla birlikdə minaya düşdüm. Ermənilər bizim bir
qırıcı təyyarəmizi vurmuşdular. Təyyarəçilərimizin sağ olduğunu
bilirdik. Onları düşdükləri yerdən çıxarmağa gedirdik. Qazançı
istiqamətində, neytral zonadaydılar. Amma biz dediyim kimi, ora
çata bilmədik, minaya düşdük. Ayaqlarımı mina apardı. Azyaşlıydım
deyə, ermənilərin əlinə düşsəydim mənə çox ağır işgəncələr
verəcəkdilər, onun üçun də məni oradan çıxartdılar. Yenidən
hospitala yerləşdirildim. Yenə də tam sağalmamış batalyona
döndüm.
Onu ancaq səndələrindən tanıya bildik...
- Sevil xanım, mühasirəyə düşmüsüz, ağır döyüşlərdə
iştirak etmisiz. Nə qədər dəhşətli xatirələriniz
var...
- Əlbəttə, dəfələrlə mühasirəyə düşmüşəm. Bir gün Qazançı
istiqamətində ən dəhşətli döyüşümüz oldu. Rəhmətlik Allahverdi
Bağırov da bizimlə idi. Mühasirəyə düşdük. Amma çıxa bildik. Cəbhə
xəttini yara-yara irəliləyirdik. Yolda gördük ki, qarşımızda
meyitlər var. Biri xırıldayırdı. Tam yaxınlaşdıqda gördük ki, tamam
tanınmaz haldadırlar. Qəhrəman Allahverdi Bağırovu ancaq
sənədlərindən tanıya bildik. Bir döyüşçümüz də can verirdi, ona
yardım etsək də, qollarımızda şəhid oldu. İrəlidə daha on nəfər
yaralımız vardı. Yaralılardan biri qışqırıb inildəyirdi. Onun
başından tutub qaldırmaq, su içirmək istədim. Əlim yarıyacan onun
beyninin içinə girdi. Bu, dəhşətli vəziyyət idi. O vaxtdan məndə
travma qaldı.
İndilər Ağdamda N saylı hərbi hissədə xidmət edən Xan adlı
komandirimiz vardı. Bağbanlar istiqamətində mühasirəyə düşdülər.
Həm də yaralı idilər. Beş nəfər qalmışdılar. Biz onları götürməli
idik. Qamışlığa girdik. Hərə bir tərəfə bölündü. Məni ortaya
saldılar ki, nəsə olsa, məni qoruya bilsinlər. Anidən bir səs
eşitdim. Qabağımda bir yaralı döyüşçümüz vardı. Onu snayperlə
vurmuşdular. Çənəsi yarıdan qopub sallanmışdı, dili sinəsinə
çatırdı. Bu döyüşçü ağdamlı Şamil idi. Şükür ki ölmədi, indi də
yaşayır. Əvvəl onu tanımadım, elə bildim ermənidir, vurmaq istədim.
Amma gözlərindən hiss etdim ki, bu bizim Şamildir. Bu, dəhşətli
anlar idi. Onu qucaqlamaq, qaldırmaq istədim, amma gücüm çatmadı.
Çünki mən balaca bir qızdım, o isə iri gövdəli cəngavər. Qaldırmaq
istəyəndə üstümə yıxıldı, qaldım bu qamışlıqda onun altında. Qanı
ağzımın içinə qədər töküldü. Özümü itirmədim, altından çıxıb, onu
aparmağa çalışsam da, yarı yola qədər ancaq gətirdim. Onu
sürüməkdən dizlərimin qanı tökülürdü. Çətin olsa da, onu təhvil
verdim. Bu gün də mənə deyir ki, həyatımı sən qurtarmısan.
Qorxu...
- Olubmu
ki, döyüşün vahiməsindən yaralılarımızı, meyitlərimizi qoyub
qaçasız, özünüzlə apara bilməyəsiz?
- Bəli,
etiraf edirəm ki, belə hal olub. Lakin bu bizim istəyimizin
xaricində baş verib. Məsələn, Fərrux dağında çox itki verəndə orada
yaralılarımızı, meyitlərimizi qoyub qaçmışıq. Heç cür imkan olmadı
ki, onları qaçıraq. Cəmi altı nəfər sağ qalmışdıq. Mən çiynimdən
yaralanmışdım. Ermənilərlə üz-üzə gəlmişdik. Yaralılarımız
bağıra-bağıra qaldılar. Gecə saat 1-də ora döndük, kimsə yox idi.
Ermənilər onları aparmışdılar. Bir nəfərin isə başını kəsib
sinəsinə qoymuşdular.
Kişilərin arasında
- Gənc
idiniz, gözəl idiniz, bu qədər bəyin arasında döyüşmək çətin
deyildi ki?
- Bilirsiz, başqa batalyonları bilmirəm, amma bizim batalyonda
mən çoxlarının qan bacısı idim. Mənə sırf döyşçü kimi baxırdılar.
Mən onların qızları, bacıları yaşda idim. Biz yanaşı yataqlarda
yatırdıq, Allah onlardan razı olsun. İndi də onlarla fəxr
edirəm.
- O vaxt döyüşməyinizə ailəniz, ətrafınız necə münasibət
sərgiləyirdi?
- Bu sual lap ürəyimdən oldu. Yaxşı sualdır. Bəli, mən təbii ki,
döyüşə evdən qaçıb getmişdim. Ailəm bunu istəmirdi. İki dəfə ağır
yaralansam da, yenə onlara qulaq asmadan dönmüşdüm döyüşlərə.
Birinci dəfə yenicə evdən qaçıb orduya gələndə komandirim məni
çağırdı ki, ailən gəlib yanına. Otağa yaxınlaşdım, içəri girəndə
qardaşım istədi ki, üstümə yeriyib məni vursun. Komandirim
rəhmətlik Şirin Mirzəyev onun sinəsindən vurdu, geri itələdi və ona
dedi ki, çəkil kənara, ixtiyarın yoxdur burada ona əl qaldırasan.
Bundan sonra onu heç kim buradan apara, ona toxuna bilməz. Əslində
bacın yox, sən burda döyüşməli idin. Amma qardaşım sovetlər vaxtı
əsgərlikdə əlil olmuşdu. Onun üçün döyüşə bilmirdi. Orada atam mənə
dedi ki, artıq biz səni övladlıqdan sildik. Sən adlı qızımız
yoxdur. Amma buna baxmayaraq, mən hər yaralananda gözümü açıb
gördüm ki, anam başımın üstündə dayanıb və üzü cırıq-cırıq, qan
içindədir. Bu gün anamın gözləri mənimçün ağlamaqdan
kordur.
Son sözlər
- Sizə son sözünü etibar eləyənlər olubmu?
- Olub. Özümə çox yaxın bildiyim döyüşçü dostum Şamil vardı.
Döyüşlərdən qayıdandan sonra onlara gedirdik. Anası bizə süfrə
açırdı. Yeyib-içib, üstümüzü yuyub-təmizləyib hərbi hissəyə
dönürdük. Bir gün Şelli istiqamətində ağır döyüş gedirdi. Təpənin
arxasında gizlənmişdik. Sən demə, ermənilər bizi görüblər. Onlar
bizi top atəşinə tutdular. Mərmilərdən biri yanımıza düşdü. Doqquz
nəfər idik. Oranı tərk etmək əmrini aldıq. Yerimizi dəyişəndə
gördük ki, iki nəfərimiz əskikdir. Geri döndük. Əsgərlərimizin
ikisi də yaralanmışdı. Şamilin qolunun altından qəlpə tutmuşdu.
Güclü qanaxması vardı. Xanın boğazından mərmi qəlpəsi girib
boynundan çıxmışdı. Xan qışqırdı ki, mən elə də agır deyiləm,
Şamili götürün gedin. Ermənilər də bizə çox yaxınlaşmısdılar.
Şamili götürmək mümkün deyildi, ermənilər başımızı qaldırmağa
qoymurdu. Onlar atırdılar, mən isə Şamilin ayaqlarından tutub
sürüyürdüm. Şamil mənə dedi ki, məni buraxın, onsuz da ölürəm,
gedin. Amma son sözü bu oldu ki, məni unutmayın, sizi sevirəm. Biz
Şamili evinə aparanda mən xanım oldugum üçün məni qabaga saldılar
ki, anası aqressivlik etməsin. Darvazadan başımı içəri salanda
anası samovar qaynadırdı. Mənə dedi ki, bəs Şamil hanı? Sən niyə
tək gəlibsən? Yeməyiniz hazırdır, çayınızı da gətirirəm. Mən isə
donub qalmışdım, danışa bilmirdim. Xanım mənə tərəf gəldi, artıq
dayana bilməyib, hönkürtü ilə ağladım. Mənə yenə qayıtdı ki, niyə
Şamilsiz gəlmisiz? Sonra da başladı mənim qabagımda oynamaga. O nə
oynamaq idi, ilahi! Mən belə oynamaq görməmişdim. Şamilin anası
yarım saat qabağımda oynadı. Bu, dəhşət idi. Qarşısında diz çökdüm.
Bilirsiz, gərək biz bu qan yaddaşımızı unutmayaq...
Daha sonra bir dəfə də döyüşdə minaya düşdük. Gözümün önündə bir
uşağın ayağı qopdu. Toyuğu kəsdikdən sonra onun başının
atılıb-düşdüyünü görmümsüz də, baxın, o uşaqın ayağı bir neçə
dəqiqə addımlamağa başladı. Sanki can verirmiş kimi, iki dəfə
atılıb-düşüb dayandı. Oğlanın adı Davud idi. Heç səsini də
çıxarmadı. Ayağını görməsin deyə, sinəsinə çökdüm. Amma o mənə nə
desə yaxşıdı: "Sevil, onsuz da bilirəm, ayağım getdi".
General...
- Ən ağır, dəhşətli döyüşlər hansı istiqamətlərdə
gedirdi?
- Ağdam rayonu istiqamətində bir silah belə atılmadan rayon
düşmənə verilib. Amma ən dəhşətli döyüşlər Fərrux yolunda, Qazançı,
Sarıqaznağ istiqamətində gedirdi. Məncə, orda oyunlar oynanıldı,
ortada hədər yerə əsgərlərimiz qırıldı. Müharibədən qayıtdıqdan
sonra məni Naxçıvanski adına hərbi məktəbə göndərdilər. Arxivdə
olar yəqin, mərhum Heydər Əliyev bizimlə görüşə gəlmişdi. Orada
mənə bütün generalların qabağında dedi ki, sən gələcəyin generalı
olmalısan. Sonra oradan da məni Türkiyədəki Quru Hərb qoşunları
məktəbinə yolladı. Oraya getdim, amma orda da oxuya bilmədim. Səbəb
isə orada milliyətcə erməni olan kursant xanımı döyməyim oldu.
Millətimizi təhqir etdiyinə görə...
- Sevil xanım, bugünkü gənclərimizə
sözünüz?
- Bu gün gənclərimizə deyirəm ki, qorxmayın, Vətənə sədaqətlə
qulluq edin. Qeyrətli olun. Bu gün döyüş əmri verilsə, mən də
onlarla döyüşməyə hazıram.
P.S. Sevil xanımla görüşümüzü 5 saylı xəstəxanayla yanaşı olan
"Ruslan" kafesinə təyin etmişdik. Hava soyuq idi, bayırda oturmaq
mümkünsüzdü. Oradakı otaqlardan birində çay içib söhbət etmək
istədiyimizi kafe işçilərinə bildirdik. İzn vermədilər. Otaqlara
ancaq yeyib-içəcəyimiz halda buraxılacağımızı bildirdilər. Sevil
xanım dəliyə döndü. Onlara kim olduğunu dedi. Xeyri olmadı və biz
söhbətimizi ayrı yerdə edəsi olduq. "Gör kiminçün canımızı vermişik
də?.. Erməniylə baş etməyə nə var ki, çətini bunlardı..." – Sevil
xanım özündə-sözündə deyildi...