"Qurban Qurbanovun vəzifədən gedəcəyi iyul ayında bəlli
idi".
Bu barədə Axar.az-a məlumat Dərbənddəki mənbədən daxil olub.
Mənbə prezident Abdullatipovun Dərbənd meri Qurban Qurbanovu
çoxdan vəzifədən çıxartmağa çalışdığını deyib. O, prezidentin
Azərbaycan hakimiyyəti ilə əlaqələrinin səmimiliyindən narahat
olduğuna görə bu addımı atdığını bildirib:
"Qurbanovun vəzifədən gedəcəyi iyul ayında hər kəsə bəlli idi.
Bunun üçün isə iki variant var idi: ya Qurbanovun özü istefa
verməli, ya da zorla buradan çıxarılmalı idi. Abdulatipov böyük
oyun qurdu və axırda uğura nail oldu".
O, oyunun yekun mərhələsinin iyulun 25-də başladığını söyləyib.
Mənbə məhz həmin gün Abdullatipovun Dağıstan rayonlarının
rəhbərlərini Mahaçkalaya topladığını deyib. Bundan sonra isə çıxış
edən prezident Dərbənd bələdiyyəsini keçmiş Ədliyyə naziri olan
Azadi Rəhimovun idarə edəcəyini bildirib:
"Məhz bu çıxışdan sonra Qurbanovun taleyi həll olundu. İyulun
30-da Dərbəndə Dağıstanın Prezident Administrasiyasının rəhbəri,
köməkçisi və bir neçə nazir gəlir. Onlar Qurbanova vəzifədən
könüllü getməyi təklif edirlər".
Mənbə Qurban Qurbanovun otağında olan söhbət zamanı bələdiyyə
sədrinin Abdullatipovun nümayəndələrinə sərt etiraz etdiyini
söyləyib. Buna səbəb kimi isə rayondakı seçicilərin onun vəzifədən
getməsinə qarşı olmalarını göstərib.
O, məhz bu cavabın Dərbənddə kütləvi şəkildə yoxlamaların
başlanılmasına səbəb olduğunu bildirib. Mənbə həmçinin tezliklə
Dərbəndə Dağıstan Hesablama Palatasının nümayəndələrinin
göndərildiyini və burada maliyyə fırıldaqlarını araşdırdıqlarını
vurğulayıb:
"Əslində əsas məqsəd onun Bakı ilə münasibətlərinin yaxşı
olmasına görə vurulması idi. Qurban Qurbanovun vurulmasından sonra
bir neçə nəfər də işdən çıxarıldı. Amma yaxın müddət ərzində
Dərbənddə vəzifədə olan daha bir neçə azərbaycanlının vəzifədən
çıxarılması nəzərdə tutulub. Abdullatipov bununla Bakının buradakı
nüfuzunu digər millətlərin nümayəndələrini vəzifəyə gətirmək
vasitəsilə endirməyə çalışır".
Onu da xatırladaq ki, Dərbənddəki mənbənin verdiyi məlumatla
yanaşı, artıq rus mətbuatı da Qurban Qurbanovun həbsinin
Azərbaycanın bölgədə kifayət qədər güclü nüfuz sahibi ilə əlaqədar
olması ilə əlaqələndirir. Bu istefanın isə Qarabağda bir müddət
öncə hərbi əməliyyatların qızışması dövründə baş verməsi
Abdullatipovun Dərbənddə Bakının hakimiyyətini azaltmaq istəməsiylə
əlaqədar iddiaları daha da gücləndirib.
Ümumiyyətlə, Dağıstan rəhbərliyinin Qurban Qurbanova qarşı
fəaliyyəti bir neçə dəfə təkrarlanıb. Bakının burada nüfuzunun
azaldılması isə elə Azərbaycandan başlayıb. Qurban Qurbanovun
qardaşı, Azərbaycanla yaxşı əlaqələrə malik olan Dağıstan
Respublikasının Azərbaycandakı nümayəndəsi Maqomed Qurbanovun
iyunun 10-da vəzifədən götürülməsi Abdullatipovun tələsinin
qurulmasına start verib. Prezident daha sonra bu vəzifəyə
azərbaycanlı yox, əslən kumık olan biznesmen Marat Askendarovu
təyin edib. O isə öz növbəsində Rusiya Dövlət Dumasının deputatı
olan Zaur Askendarovun qardaşıdır.
Məhz bu dəyişikliyin ardınca Qurban Qurbanovun vəzifədən
çıxarılması əldəki bütün kartların açığa çıxmasına səbəb olub. Amma
ən maraqlı məqam isə Azadi Rəhimovun bu vəzifəyə gətiriləcəyidir.
Belə ki, keçmiş Ədliyyə naziri əslən Tabasarandandır.
Azərbaycanlılarla böyük iş praktikasına malik olan Rəhimovun buraya
gətirilməsi Mahaçkalaya Qurban Qurbanovdan daha çox sərfəlidir.
Çünki Rəhimov 12 illik idarəetmə təcrübəsinə malikdir və ölkənin
geopolitoloji maraqlarını təmin etmək üçün ən yararlı adamdır.
Görünür, Abdullatipov bu işi özbaşına planlaşdırmayıb. Onsuz da
bir müddət öncə yerli politoloqlar Qurbanovun vəzifədən getməsinin
daha çox Kremllə əlaqədar olduğunu bildirirdilər. Rusiya istənilən
halda hər zaman onun üçün daimi təhlükə mənbəyi olan Şimali
Qafqazda hər hansı boşluq buraxmaq niyyətində deyil. Qonşu
dövlətlərdən hansısa birinin onun cənub sərhədlərinə təsir edəcək
kiçik qüvvəyə belə malik olması Moskvaya Qərblə intriqasının
gücləndiyi bir zamanda sərf etməyən məqamdır.