"Türkiyənin müttəfiqləri və
qonşularıyla münasibətləri Ərdoğanın şəxsiləşdirmiş diplomatiya
tərzi üzündən pozuldu..."
Axar.az xəbər verir ki, bu sözlər İngiltərənin nüfuzlu "Faynənşl
Tayms" (Financial Times) qəzetində yer alıb. Dərgi Türkiyənin
daxili siyasəti barədə yer verdiyi geniş məqaləsində Ərdoğanı
tənqid edib:
"Türkiyənin dostlarıyla birlikdə Yaxın Şərqlə bağlı xəyalları
buxarlanıb uçdu. Türkiyənin böyük güc olma xülyaları bura
qədərmiş".
Dərgi Tayyib Ərdoğanın "Latın Amerikası səfərindən sonra "Dünya
miqyasında təkliyi nəzərə almıram. Bizim üçün əsas olan xalqımızın
birliyidir", - sözlərini xatırladaraq AKP-nin nüfuzunun getdikcə
aşağı düşdüyünü qeyd edib:
"3 il öncə o vaxtkı Xarici İşlər naziri və indiki Baş nazir
Əhməd Davudoğlu Türkiyənin yeni Yaxın Şərqin əfəndisi, lideri və
xidmətçisi olmağıyla öyünürdü. Amma ölkənin müttəfiqləriylə və
qonşularıyla münasibətləri, xüsusilə də Ərdoğanın şəxsiləşmiş
siyasəti bu xəyallara son qoydu. Ancaq yalnız bir neçə ölkə Gülən
məktəblərini bağladı. Digərləri bu məktəbləri müdafiə etdi. Hətta
ötən həftə Afrika Birliyi Gülənin əsas himayədarı olduğu
şirkətlərdən biri ilə əməkdaşlıq razılaşması imzaladı".
Məqalədə Ankaranın Misir, İsrail və Suriyada səfirliyinin
olmadığı xatırlanaraq 2008-ci ilin Türkiyəsindən əsər-əlamət belə
qalmadığı deyilib:
"Qahirə türk TIR-larının Afrika və körfəzə (Fars körfəzinə -
red) çatmasına icazə verən qiymətli bir razılaşmadan imtina etmək
üzrədir. Liviya ötən həftə bir zamanlar türk inşaat sektoru üçün
böyük gəlir mənbəyi olan firmaların dövlət müqavilələrində əks
olunmayacağını açıqladı. Yenə ötən həftə Türkiyə Yəməndəki
elçiliyini bağlayaraq vətəndaşlarından ölkəni tərk etmələrini
istədi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası da
Türkiyənin geriləməkdə olan beynəlxalq etibarının bir aynasıdır.
2008-ci ildə yekdilliklə üzvlüyə seçilən Türkiyə 6 il sonra eyni
müvəffəqiyyətə yaxınlaşa da bilmədi".
Yaxın Şərqdəki əsas gərginlik ocaqlarından birinin Ankaranın
Misirdə iqtidardan devrilən islamçı hökumətə və Səudiyyə Ərəbistanı
ilə Birləşmiş Ərəb Əmrliklərinin terrorçu olaraq xarakterizə etdiyi
"Müsəlman Qardaşları"na verdiyi dəstək olduğunu yazan qəzet
Ərdoğanın bu həftə Ər Riyada etdiyi səfərlə bir uzlaşma
axtarıldığını, lakin Misirlə fikir ayrılıqlarının davam etdiyini
iddia edib. Türkiyənin yaşadığı gərginliklərin Yaxın Şərqlə
məhdudlaşmayıb Atlantik sahillərinə qədər yayıldığını ifadə edən
qəzetdə bu ifadələrə yer verilib:
"ABŞ Prezidenti Barak Obamanın Ərdoğanı etibarlı 5 dünya
liderindən biri kimi gördüyü günlər arxada qaldı. Ərdoğanın ifadəsi
getdikcə artan islami havaya bürünməkdədir. Ərdoğan Afrika ilə
əlaqələri inkişaf etdirməklə öyünür, amma bu mövzuda belə o, çox da
uğurlu sayılmaz. Ərdoğan özü də ölkəsinin tək qalmasına
təəccüblənib. Ötən ay "Türkiyə liderlər məkanında tək qalmış ola
bilər, amma bu da qısqanclıqdan başqa bir şey deyil", - deyən
Ərdoğan bu qısqanclığın səbəbini söyləməmişdi.