Yuxarı

Yəhudi baş nazirin seçki qayğısı: nə gözlənilir? – Analiz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yəhudi baş nazirin seçki qayğısı: nə gözlənilir? – Analiz

Martın 17-də İsraildə keçiriləcək seçkilərdə dördüncü dəfə baş nazir seçiminə qatılan Netanyahunun Likud partiyası qələbə qazanmaqda israrlıdır.

Ölkədə 19-cu dəfə keçiriləcək seçkilər istər geosiyasi vəziyyət, istərsə də ölkə daxilində baş verən proseslərdən ötrü çox əhəmiyyətlidir. Likud partiyasına qarşı birləşən koalisiya partiyaları son dönəmlərdə ölkədə baş verən siyasi gərginlikdən istifadə edərək qələbə qazanmaq niyyətindədir. Məsələn, İsraildə görməyə vərdiş etdiyimiz son hökumət böhranında Netanyahu 6 naziri birdən istefaya göndərib.

Statistikaya nəzər salsaq görərik ki, İsraildə bir hökumətin orta ömür müddəti 3 ili keçmir. Lakin Netanyahu hökuməti həmişəki kimi istisnadır. Hazırki iqtidar isə 21 aydır ki, İsraili idarə edir.

Netanyahunun liderlik etdiyi "zəif" koalisiya hökumətinin seçkilərdə uduzmasının bir sıra ciddi səbəbləri var. Əvvəla 9-cu baş nazirin təcrid siyasəti yürütməsi, Qəzza müharibəsindən sonra ölkə daxilində təhlükəsizliyin sıfırın altına düşməsi, Fələstinin bir neçə Avropa ölkəsi tərəfindən tanınması seçkilərdə məğlub olmağa kifayət edir. Bundan başqa bir müddət öndə Məscidi-Əqsada yaranan gərginlik nəticəsində dünya müsəlmanlarının İsrailə qarşı etiraz kampaniyasına başlaması beynəlxalq imicə ciddi ziyan vurub.

Seçkilərə sayılı günlər qalıb. Paytaxt və bir neçə bölgədə aparılan sorğular da Netanyahu üçün yaxşı heç nə vəd etmir. Keçirilən sorğuların əksəriyyətində koalisiya qüvvələrinin qələbə qazanacağı deyilir.

Bildirək ki, rəqib Sionist Birlik İsrail Parlamentindəki 120 yerdən 24-ünü ala bilər. Belə olarsa, hakim Likud partiyası 21 kreslo ilə kifayətlənməli olacaq.

Anket nəticələri əslində dördüncü dəfə baş nazir olmaq istəyən Netanyahuya olan dəstəyin ABŞ Konqresində İranın nüvə potensialına sahiblənməsi ilə bağlı çıxışından sonra zəiflədiyini göstərir. Bununla yanaşı, İsrail seçkilərində spesifik cəhət ondan ibarətdir ki, daha çox səs almaq yox, daha çox koalisiyaya malik olmaq qazandırır. Çünki ötən seçkilərdə Livni partiyasından yalnız bircə yer çox qazanan Netanyahu digər sağçı partiyaların dəstəyi ilə koalisiya qurma səlahiyyətini əldə etmişdi.

Bu vaxta kimi Netanyahunun qələbəsini təmin edən sağ seqmnet idi. Buna da səbəb onun yəhudi məskunlaşma vahidlərinə diqqət yetirməsi idi. Lakin yəhudi məskunlaşma vahidlərinin inşasına qarşı olan "Peace Now" adlı QHT maraqlı bir hesabat yayıb. QHT-nin hesabatına görə, 2009-2015-ci illərdə Netanyahu hökuməti fərqli yerlərdə 13077 yaşayış məntəqəsi üçün ən az 106 inşaat planı hazırlayıb.

Nəticə etibarilə İsrailin "sərhəd tanımaz" siyasəti nəticəsində hazırda işğal altındakı Şərqi Qüds və İordan çayının qərb sahilində mühacirlərin sayı mərhələli olaraq təxminən 600 minə yüksəlib. Rəqəmlər Netanyahu iqtidarının yarıtmaz siyasətini bir daha ortaya qoyur. Sağçı və mərkəz qüvvələr isə buna ayrı don geyindirir. Onların təbirincə bu, İsraili "Yəhudi xalq dövləti" halına gətirmə istiqamətindəki səylərin bir parçasıdır.

Netanyahu hökumətinin ötən il İsraili "Yəhudi xalq dövləti" olaraq təyin edən qanun layihəsini təsdiqləməsi sağçı və mərkəz seqment tərəfindən məmnuniyyətlə qarşılanmışdı. HƏMAS isə qanun layihəsini "Dini döyüşün xəbərçisi" olaraq qiymətləndirmişdi. Sözügedən qanunda İsrail "Yəhudi xalqının ana vətəni və milli dövləti" olaraq təyin olunur və hər bir vətəndaşın bərabər hüquqlara sahib olduğu vurğulanırdı. Netanyahu qanunla bağlı çıxışında "İsrail dövləti yəhudilərin milli dövlətidir. Hər bir yəhudinin bayraq, milli marş, hər bir yəhudi üçün İsrailə gəlmə haqqı və digər simvollar kimi milli hüquqları vardır", - demişdi. Ancaq daha sonra bu qərar məclisdə qəbul olunmadı və müzakirələr bir müddətdən sonra unuduldu.

İsrail Qəzza müharibəsinin ardından bu səfər də İran ilə "söz duelinə" çıxdı. Hər dəfə İranın nüvə silah əldə etmə cəhdi olduğunu və bunun İsrailin varlığını təhlükə altına aldığını deyən hazırki baş nazir Tehran ilə P5 + 1 ölkələri arasında davam edən nüvə müzakirələrinə hər fürsətdə "çomaq soxmağa" çalışır. Onun İranın nüvə proqramına dair son çıxışı isə ABŞ Konqresində baş tutdu.

ABŞ Konqresində böyük müzakirələrə yol açan bu çıxış Netanyahuya heç də uğur gətirmədi. Əksinə, BMT Təhlükəsizlik Şurasının üzvləri və Almaniyadan ibarət 5+1 ölkələrinin İranla reallaşdırdığı nüvə müzakirələri əvvəlki cəhdlərdən heç nə ilə fərqlənmədi. Bundan sonra o, P5+1 ölkələrinin İran ilə müzakirə etdiyi razılaşmanın İranın nüvə silahlarını inkişaf etdirməsini əngəlləməyəcəyini, Tehranın bu silahlardan çox sayda əldə edəcəyini dedi.

ABŞ Prezidenti Barak Obama isə Netanyahunun çıxışında yeni heç nə olmadığını bildirdi.

İsraildə kirayə qiymətlərinin son 6 ildə 30 faiz artması xalqın ən çox şikayət etdiyi mövzulardan biridir. Bu, seçki zamanı müxaliflərin istifadə edə biləcəyi ən güclü silah, Netanyahunun isə zərərinə işləyə bilən ən əsas amillərdən biridir.

Mütəxəssislər dövlət işçilərinin maaşlarında illərlə heç bir fərqin olmadığını, iqtisadiyyatda geriləməni son iqtidarın passivinə yazır. Məsələn, iki israillidən birinin bank hesabında geriləmə var.

Ölkədə siyasi qüvvələr getdikcə Netanyahunun "siyasi təhlükəsizlik məsələlərində" çox önə getdiyini, iqtisadi sferaya az diqqət yetirdiyini deyir. Hakim orqan 300 min yeni mənzil tikintisi, səhiyyə, təhsil və digər həyati ehtiyacların reallaşdırması vədini versə də, bu, hələlik reallaşmayıb.

Koalisiya ortaqları arasında 2015-ci il büdcəsində fikir ayrılığı, iqtisadi durğunluq kimi məsələlər ucbatından 2017-ci ilin noyabrında keçirilməli olan seçkilər 2015-ci ilin martına çəkildi.

Netanyahunun 2013-cü ildən bəri Fələstin məsələsinə dair atdığı ən radikal addım isə Qəzzaya təşkil edilən hücum oldu. İordan çayının qərb sahilində üç yəhudinin öldürülməsi ilə başlanan hərbi əməliyyatlarda 2145 fələstinli həlak oldu. 51 gün davam edən hücum nəticəsində 11 mindən artıq uşaq və qadın yaralandı. Daha sonra isə Misirin vasitəçiliyi ilə reallaşan danışıqlarda İsrail ilə Fələstin arasında müddətsiz atəşkəs imzalandı.

Dünyanın bir çox nöqtəsində yüz minlərlə insanın qatıldığı etirazlar Netanyahuya olan nifrəti bir az da artırdı. Bundan başqa İsveçin Fələstini bir dövlət kimi tanması ilə başlayan proses Fransa, İngiltərə, İspaniya, İrlandiya və daha sonra Belçika ilə davam etdi.

Digər tərəfdən Mahmud Abbas rəhbərliyi mövzunu bir addım da irəli apararaq Fələstinin Birləşmiş Millətlərdə tanınması üçün cəhd də etdi. Ancaq İsrailin 1967-ci il sərhədlərinə çəkilməsi və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qərar layihəsinə veto qoyuldu.

Seçki prosesi boyunca etdiyi çıxışlarda iqtisadiyyatdan çox təhlükəsizlik siyasətini ön plana çıxaran Netanyahu tez-tez "HƏMAS təhdidi davam edir", "Abbas rəhbərliyi HƏMAS-ın "terror fəaliyyətinə" dəstək verir", "İsrailin şimalında Hizbullah fəaliyyət göstərir","İran İsraili nüvə silahları vasitəsiylə yox edəcək" kimi ifadələrə yer verir. Onun etdiyi çıxışlarda Fələstin də daxil iqtisadi məsələləri kənara qoyaraq İsraili beynəlxalq güc kimi təqdim etməsi heç də hamı tərəfindən alqışlanmır.

Tarix
2015.03.14 / 00:29
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla