Böyük Britaniyanın məşhur Baş naziri Uinston Çörçill və
ingilis casusu Lourenslə bağlı yeni faktlar ortaya
çıxıb.
Axar.az xəbər verir ki, yayılan məlumatlara görə, illər öncə
türk kəşfiyyatı əfsanəvi siyasi xadim Çörçill və kəşfiyyatçı
Lourensdən türk dövlətinin intiqamını ala bilib.
"A Haber"in verdiyi məlumata görə, NATO və Avropa Şurasının
yaranması üçün səy göstərən, ömrünü türklərlə mübarizəyə həsr edən,
hətta "Döyüşdə türklərə qarşı zəhərli qaz istifadə edək" kimi
amansız təkliflər verən baş nazir Uinston Çörçillin həyatının ən
qaranlıq hissəsi türklərlə bağlıdır. Onun 1965-ci ildə vəfatı
zamanı nə Osmanlı imperiyası var idi, nə də İngiltərənin 3 qitədə
torpaqları. Lakin Çörçil ilə türklərin Osmanlı imperiyasını süquta
apardığı üçün haqq-hesabı çürüməmişdi…
***
1930-cu ildə bir türk kəşfiyyatçısı ABŞ-da yeni missiyasına
başladı. Türkiyə həmin dövrlərdə ABŞ ilə daha isti münasibətlərdə
olmadığı üçün kimsə ondan şübhələnməyəcəkdi. ABŞ-dakı qəhrəman türk
kəşfiyyatçı taksi sürücüsü kimi işə başladı.
Çörçill 14 dekabr 1931-ci ildə "İngiliscə danışan cəmiyyətlərin
taleyi" adlı bir seminarda iştirak etmək üçün Nyu Yorka gəlmişdi.
O, qaldığı oteldən çıxarkən taksi sifariş vermək üçün əlini
qaldırdı. Qəhrəman türk duasını etdi və "Bütün şəhidlər üçün"
deyərək, qaza basdı. Çörçill dünyanın ən məşhur bulvarlarından olan
5-ci küçənin 76 və 77-ci kəsişmələrində yolu keçərkən taksiyə
çırpıldı. Ortalıq bir anda qarışdı. Mİ6 agentləri özlərini
itirmişdi. Çörçill təcili Lenox Hill xəstəxanasına aparıldı.
Bədəninin sağ tərəfində qırıqlar var idi. O, gecəni komada keçirdi.
Türk agentlər və "taksi sürücüsü" Çörçillin öldüyünü düşünərək
sevinmişdi. Amma Çörçill ölmədi.
Hadisə ilə bağlı geniş araşdırma aparılırdı. "Taksi sürücüsü"
Mario Contasino sorğu-suala çəkildi. O, "görmədim" deyərək özünü
müdafiə etdi. Lakin heç kim bu şəxsin gerçək adının Eduard,
özününsə Osmanlı torpaqlarında doğulan bir türk olduğunu bilmədi.
Bu sirr illər sonra aydın olacaqdı…
***
Böyük Britaniyanın saxladığı digər bir tarixi həqiqət isə
ingilis agent Edvard Lourenslə bağlı idi. "Türkiyəyə qarşı ərəb
üsyanı yaratmaq və bunun üçün görünüşcə ərəblərə bənzəmək" kimi
gizli tapşırıq alan Lourens əslində İngiltərə qəhrəmanıdır. Bu
şəxsin Osmanlı imperiyasının dağılmasında çox böyük rolu olub. Onun
da intiqamı türk kəşfiyyatının üzərinə düşürdü…
***
İki türk kəşfiyyatçı günlərlə Lourensi evinin ətrafında müşahidə
etdi. İngilis agent sürət həvəskarı idi və hər səhər "Brough
Superior SS 100" avtomobilini sürməkdən zövq alırdı. Əməliyyat
zamanı kəşfiyyatçılar hər şeyi hesabladı. Hava, küləyin sürəti belə
yaddan çıxmadı. 1935-ci il mayın 13-də heç kimin görmədiyi qara
avtomobil Lourensin avtomobilini sürətlə sürdüyü yola daxil
oldu.
Əllərindəki türk bayrağını öpən iki agent dualarını edərək qaza
basdı. İngilis agentin getdiyi yolun ən sevdiyi hisssəsində -
kəskin döngədə iki avtomobil toqquşdu. Lourens xəstəxanaya
çatdırılsa da, mayın 19-da öldü. İngilis kəşfiyyatı isə tarixçi
Lodni Ring və 4 hal şahidinin "sui-qəsd" iddiasını təzyiqlə
susdurdu. Mətbuata isə qətl "Lourens önünə çıxan velosipedli
uşaqlarla toqquşmamaq üçün özünü fəda etdi" kimi təqdim olundu.