"Türkiyədə AKP çox ciddi təşviş içindədir. Bu, onunla
bağlıdır ki, HDP yüksəlişə doğru gedir. Yəni müsəlman kürdlər
əvvəlcə AKP-yə səs verirdilərsə, indi görünən budur ki, sağçı
kürdlər bu dəfə HDP-yə səs verəcəklər".
Bu sözləri Axar.az-a get-gedə daha kəskin hal alan təxribatlar
fonunda Türkiyədə seçkiöncəsi durumu şərh edərkən politoloq Fərhad
Mehdiyev deyib. O, artıq sağçı kürdlərin HDP-nin tərəfində olduğunu
bildirib:
"Bu, AKP-nin səslərində ən azı 4-5 faizlik azalmaya səbəb
olacaq. Əgər AKP tək partiya olaraq iqtidara gələ bilməsə, belə
çıxır ki, indiki halda koalisiyaya getməli olacaq. Koalisiya isə
AKP ilə bir yerdə olacaq, onun xaricində bir koalisiya qurula
bilməz. Problem ondadır ki, bəs AKP belə olan halda kiminlə
koalisiyaya girəcək? Hazırda bütün partiyalar arasında qanlı ədavət
var. "Səadət", "Böyük Birlik" kimi ən dindar partiyaların da AKP
ilə arası xeyli soyuqdur. Gərək MHP, CHP, Səadət, Böyük Birlik
partiyaları belə olan halda seçkilərdən sonra koalisiya hökuməti
qura bilsinlər ki, məclisin də etimadını qazansınlar. Bunun üçün də
bunlara 50 faizdən çox səs lazımdır. Ancaq görünən odur ki, AKP
hökuməti tək partiya halında qura bilmir. Belə olan halda isə
yalnız bir ehtimal qalır ki, o da AKP HDP-nin koalisiyaya
girməsidir. Çünki HDP ilə araları digərləri qədər açıq deyil. HDP
isə bunun qarşılığında federal dövlət sözü istəyə bilər. Yəni bu
seçkilər AKP üçün çox həyati əhəmiyyətə sahibdir. Bu, sadəcə onunla
izah olunmur ki, Ərdoğan referendumla konstitusiya dəyişikliyi
istəyir".
Politoloq bildirib ki, Türkiyədə polislərin kütləvi həbsi və bu
kimi təxribatlar seçkiyə qədər hələ çox olacaq:
"Ölkə xaosa sürüklənə bilər. Dövlət çevrilişi olsa və işə ordu
qarışsa, bu, AKP-yə böyük ziyan vura bilər. Ona görə də bu proses
çevrilişə qədər getməyəcək. Seçkilər olacaq. AKP böyük ehtimalla
40-45 faiz arası səslə seçiləcək. HDP ilə hökumət qura bilsə,
koalisiya şəklində quracaq. Yox əgər qura bilməsə, o biri cəbhə ilə
də bu ehtimal çox yüksək deyil. Yəni MHP, CHP, Səadət, Böyük Birlik
partiyaları ilə bu koalisiyaya getmə işi inandırıcı deyil. Böyük
ehtimalla bu, olsa-olsa AKP ilə HDP arasında ola bilər. Məsələ
orasındadır ki, hazırda Prezident Ərdoğandır. Hökuməti qurma
tapşırığını da o verir. Yəni AKP-nin əlində bu imkan varkən
hökuməti qurma işini adı çəkilən partiyalara verməyəcək".