II Dünya müharibəsində
nasist Almaniyasının əsas hədəflərindən biri Bakı idi. Hitler Bakı
neftini ələ keçirməklə dünyaya hökm etmək gücünü artıracağını
düşünürdü və məhz buna görə, bu zəngin şəhəri bombalamadan işğal
etmək tapşırığını vermişdi. Bir növ bu şəhərə at belində sərkərdə
kimi daxil olmaq istəyirdi. Lakin nasistlərin bu planı baş tutmadı,
Bakı müharibədən sağ çıxanlar arasında idi.
XXI əsrin "demokratiya müharibəsində" daha nasistlərin olmadığı
Almaniya yenə Bakıya hücum edir. Hitlerdən fərqli olaraq, bu dəfə
silahlar mərmi və ya top deyil, "insan haqları" iddiasıdır.
Almaniyanın Azərbaycan üzərinə hücum kampaniyası sonuncu dəfə
2012-ci ildə müşahidə olunmuşdu. Həmin vaxt Avroviziya müsabiqəsi
Bakıda keçirilirdi və Qərbin anti-Azərbaycan kampaniyasına
Almaniya, bu ölkənin KİV-i və insan haqları üzrə ixtisaslaşan
təşkilatları rəhbərlik edirdi. Eyni proses I Avropa Oyunlarının
Bakıda keçirildiyi hazırki dövrdə də müşahidə olunur. 2012-ci ildən
fərqli olaraq, budəfəki kampaniyada daha çox Böyük Britaniya və bu
ölkənin mediası estafeti ələ alıb. Lakin Almaniya da öz dəstəyini
əsirgəmir.
Halbuki, Azərbaycan və Almaniya arasında dövlətlərarası
münasibətlər normal görünür, ikitərəfli əməkdaşlıq var. Buna
rəğmən, hökumət tərəfindən insan haqları profilli qeyri-hökumət
təşkilatların, həmçinin, alman mediasının anti-Azərbaycan
kampaniyası davam edir. Əsas ittiham klassik insan haqları
mövzusudur.
Publika.az Qərbi Avropanın ən demokratik ölkəsi hesab olunan
Almaniyanın gerçək üzü haqda bir sıra faktları təqdim edir.
2008-ci ilin maliyyə böhranına qədər Almaniya haqqında
təsəvvürlər sivil ölkə təsəvvürləri idi. Lakin bu dövrdən sonra
Almaniyanın qeyri-sivil tərəfləri ortaya çıxmağa başladı.
"Greco" qurumunun Almaniyada son üç ildə apardığı
araşdırmalardan məlum olub ki, Avropa Şurasının 2009-cu ildə
Almaniyada korrupsiya ilə mübarizəyə dair hazırladığı 20 bəndlik
hesabatın yalnız 4-nə əməl edilib. Korrupsiya ilə bağlı qanun isə
hələ də sərtləşdirilməmiş qalır. Həmin qanuna görə, dövlət
məmurlarının korrupsiya ilə əlaqəli olduğu müəyyənləşdikdə, sərt
cəza tədbirləri görülməlidir. Bununla bağlı Berlinlə razılıq
1999-cu ildə əldə edilsə də uzun illərin keçməsinə baxmayaraq,
qanun hələ də qəbul edilməyib.
Demokratiyanın əsas prinsipi olan şəxsi həyata müdaxilənin
yolverilməzliyi bu ölkədə həmişə keçərli olmur. Almaniyanın
Telekommunikasiya haqqında qanununa görə, telekommunikasiya
məlumatları telefon və internet şəbəkəsi provayderləri tərəfindən 6
aydan 2 ilədək saxlanılır. Bura da danışığın vaxtı, yeri və danışan
şəxslərin kimliyi, həmçinin internetə qoşulan an istifadə edilən İP
ünvanların və istifadə müddəti daxildir. Yerli almanların özləri də
bunu şəxsi həyata müdaxilə olaraq qəbul edirlər.
Bununla yanaşı, Almaniyada seçki saxtakarlığı ilə bağlı
nümunələr də var. Misal üçün, sonuncu seçki kampaniyasında hakim
Xristian Demokratlar İttifaqı Partiyasının Şimali Reyndə domen
adların qanunsuz istifadəsi ifşa edilib. Alman mətbuatının
məlumatına görə, partiyanın üzvləri Ratingen dairəsində Pirat
Partiyasının domen adlarından istifadə etməklə qeydiyyatdan
keçiblər. Pirat Partiyası adından internetdə üç səhifə açan
Xristian Demokratlar İttifaqının üzvləri bu addımla da həmin sayta
daxil olanların avtomatik surətdə hakim partiyanın nümayəndəsi
Vilhelm Drostenin namizədliyinə səs vermə çağırışlarını görməsinə
zəmin yaradıblar.
Nasistlər qayıdır?
Son illərdə baş verənlər bu ölkədə millətçilərin neonasist
cərəyanı altında aktivləşdiyini göstərir. Misal üçün, katoliklərə
məxsus olduğu deyilən "kreuz.net" saytında müsəlman və yəhudilərə
qarşı dözümsüzlük ifadə edən yazılar müşahidə olunur. Belə
yazıların yayılmasında iştirak edənlər arasında Köln Şəhər
Şurasının üzvü olan ultrasağçı mövqeyə malik vətəndaşlar, həmçinin
"Müqəddəs Piya" adlı mühafizəkar katolik cərəyanının üzvlərinin də
olduğu deyilir. Bununla yanaşı, bir müddət öncə Almaniyadakı
ultrasağçılar və onların siyasi partiyasının "Ətraf mühit və aktiv"
adlı jurnallarında dərc olunmuş məqalədə "alman xalqı başqa
millətlərin nümayəndələri ilə nikaha girərsə, ölüb gedəcək", o
cümlədən, "Müsəlman və yəhudilərin heyvanların başını narkozsuz
kəsməsi barbarlıqdır", "Almaniyada miqrantlar özlərini yaxşı hiss
etsinlər deyə, Şərq dini adətləri də qəbul olunmalıdır: daşlama,
əlin kəsilməsi və s." kimi fikirlər yer alıb. Qeyd edək ki,
neonasist qruplaşmalarının üzvlərinin ümumi sayı təxminən 6000-dən
çoxdur.
"Sergey Zayetsin işi" və Almaniya
gerçəkləri
"İnsan Haqları Uğrunda" İctimai Birliyin Beynəlxalq Layihəsi
çərçivəsində dərc olunan materiallara görə, Almaniyada polisin
vətəndaşlar üzərində zorakılığı tez-tez müşahidə olunan hallardır.
Bir müddət öncə böyük rezonans doğuran "Sergey Zayetsin işi"
Almaniyada insan haqları ilə bağlı vəziyyətin güzgüsüdür. Belə ki,
Vürtsburq şəhərində polis özbaşınalığının qurbanı olmuş məşhur
biatlonçu Sergey Zayetsin öz evinə qayıdanda əynində polis
uniforması olan və onun avtomobilinin nömrə nişanını açan
tanımadığı adamlarla qarşılaşır. Avtomobilin sahibi onun evinə -
şəxsi ərazisinə soxulmuş adamların bu hərəkətinin səbəbini
aydınlaşdırmaq istəyir, amma cavabında zorakılıqla üzləşir.
Polislər məşhur biatlonçunu döyürlər, əllərini qandallayırlar, onu
başı partlamış halda evin artırmasında atıb hadisə yerini tərk
edirlər. Zayets uzun müddət xəstəxanada müalicə olunur. Lakin sonra
prokurorluq idmançının özünü dəyənəklə silahlanmış polislərə hücum
etməkdə ittiham edir.
Hummersbax şəhərində xüsusi təyinatlıların ahıl mühacir, 62
yaşlı Georq Şarfın evinə soxularaq onu huşunu itirənə qədər
döymələri də bu ölkənin gerçək üzünə dair daha bir misaldır. Amma
hər şeyə rəğmən 62 yaşlı qocaya qarşı zorakılıq edən polislər
cəzasız qaldılar.
2013-cü ilin 25 aprelində Almaniya BMT-də faktla üz-üzə qalıb.
Alman nümayəndə heyətinin rəhbəri Markus Leninq BMT-nin 100-dək
üzvü qarşısında, ölkəsində insan haqları sahəsindəki biabırçılığa
görə cavab verməli olub. 4 saatadək sürən müzakirələr zamanı
BMT-nin türksoylu nümayəndəsi Oğuz Dəmiralp çıxış edərək gəlmələrə,
qeyri-almanlara qarşı günü-gündən artan nifrət və düşmənçiliyi
Almaniyada məskunlaşmış 3 milyon türkə ciddi təhlükə adlandırıb. O,
Türkiyə Cümhuriyyətinin Almaniya dövlətindən sağ ekstremist
qruplaşmalarla mübarizəni gücləndirəcəyini gözlədiyini deyib.
Faktlar qarşısında qalan alman nümayəndəsi son dövrlər alman
millətçilərinin gəlmələrə, xüsusilə türk vətəndaşlarına qarşı
törətdikləri cinayətlərə görə BMT və Türkiyə hökumətindən üzr
istəyib və bir də belə halların təkrarlanmayacağına dair söz
verib.
İslamafobiyanın çiçəklənməsi
Almaniyada miqrantlara, xüsusilə müsəlman ölkələrindən gələnlərə
qarşı zorakılığı özündə əks etdirən BMT-nin 2013-cü ildəki hesabatı
dəhşətli faktları üzə çıxarır.
Hesabatda insan haqları ilə bağlı bütün istiqamətlər üzrə
Almaniya ciddi tənqid olunur. Qeyd olunub ki, Almaniya hələ də
miqrantların və onların ailə üzvlərinin hüquqlarını qoruyan
beynəlxalq konvensiyanı ratifikasiya etməyib. Ölkədə insan
haqlarının müdafiə mexanizmlərinin effektiv işləməsi üçün hüquqi
baza yaradılmır və nəzarət olunmur. Xüsusilə də yerli qanunverici
orqanlar bu sahədə heç bir iş görmürlər. Almaniyanın irqi
ayrı-seçkiliklə mübarizə strategiyası yoxdur. Yerli polis öz işində
etnik diskriminasiyaya yol verir. İrqi zəmində törədilmiş
cinayətlər lazımınca araşdırılmır.
Bununla yanaşı, əmək mühacirləri işə düzəlmək istəyəndə hətta
peşəkarlıq səviyyələri yüksək olsa belə, süni yaradılmış əngəllərlə
üzləşirlər. Onlar yaşadıqları yerlərdə almanlardan daha çox kirayə
haqqı verməyə məcbur edilirlər. Uşaqlarının təhsil almaq hüquqları,
xüsusilə də əgər onlar alman dilini bilmirlərsə, kobud şəkildə
pozulur. Onlar məktəbdə müəllimlər tərəfindən ayrı-seçkiliyə məruz
qalırlar. Müsəlman və türk mühacirlər bu cür problemlərdən daha çox
əziyyət çəkirlər. Mühacir qadınların vəziyyəti daha da ağırdır:
onlar işə düzəlməkdən tutmuş, sosial xidmətlərə qədər bütün
sahələrdə ayrı-seçkiliklə üzləşirlər.
Polis dəyənəkləri və zorakılıq
Almaniyanın milli hesabatında isə yerli hüquq müdafiəsi
təşkilatlarına istinadən bildirilir ki, polisin özünün törətdiyi
cinayətlər çox vaxt cəzasız qalır. Son zamanlar polis idarələrində
zorakılıqla üzləşən insanların sayı artıb, onların arasında
yetkinlik yaşına çatmamış şəxslər də var. Bundan başqa, Köln,
Herfor, Leypsiq həbsxanalarında məhbuslara qarşı zorakılıq,
qeyri-insani davranışlar haqqında məlumatlar var.
Hesabatda qeyd olunur ki, Almaniyada həyatın bütün sahələrində
diskriminasiyaya baxmayaraq, insanlar nadir hallarda məhkəmələrə
müraciət edirlər. Polis zorakılığı haqda şikayətlər çoxalsa da,
məsuliyyətə cəlb edilənlər azdır.
Sənəddə Almaniya hökuməti müsəlmanlara qarşı ayrı-seçkilik edən,
onların Alman cəmiyyətinə inteqrasiyasına qarşı çıxan, ksenofobiya
və antisemitizm yayan partiya və qurumların dövlət büdcəsindən
maliyyələşdirilməsini dayandırmağa çağırılıb.
"Son illərdə ekstremist, ksenefob, antisemit zəmində törədilən
cinayətlərin sayı artıb. Bu cinayətlər çox vaxt mütəşəkkil halda və
qruplar tərəfindən törədilir. Diskriminasiyanın daha bir istiqaməti
qadınlara qarşıdır. Almaniyada kişilərlə eyni işi görən qadınlar
orta hesabla 23 faiz az əməkhaqqı alırlar. Almaniyanın şikəst
insanların hüquqlarının qorunması üçün gördüyü tədbirlər də kafi
hesab edilmir. Bundan başqa, azadlıqdan məhrumetmə yerlərində
saxlanılan insanların seçki hüquqları ciddi şəkildə pozulur. Sənədi
olmayan insanlar tibbi yardım almaq və məhkəməyə müraciət etmək
kimi hüquqlardan istifadə edə bilmirlər, onların əməyi istismar
olunur, daim deportasiya qorxusu ilə yaşayırlar. İnsan alverinin
qurbanları ancaq günahkarların əleyhinə ifadə verdikləri təqdirdə
yaşayış icazəsi ala bilirlər"-deyə sənəddə bildirilir.
Eyni zamanda, Almaniyada insan alverinin genişlənməsi, uşaq
pornoqrafiyalarının yayılması, HİV-ə yoluxmuş insanlara qarşı
diskriminasiya hallarının müşahidə olunması da xüsusilə vurğulanır.
Hesabat müəllifləri Almaniya hökumətini yaşayış minimumu haqqında
qanuna dəyişiklik etməyə, sadalanan problemləri aradan qaldırmaq
üçün təcili tədbirlərin görməyə çağırıblar.
Göründüyü kimi, Almaniya yenidən nasizmə doğru irəliləyir. Onun
Azərbaycana qarşı irəli sürdüyü ittihamların arxasında isə siyasi
maraqlarla yanaşı, müsəlman dünyasına qarşı hücumun elementləri də
var.