Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən il cəbhə
xəttində yaralanan, uzun müddət Türkiyədə müalicə edilən
azərbaycanlı əsgərə toy hədiyyəsi göndərib.
ANS-in məlumatına görə, əsgər Elvin Əsgərov ötən il erməni
gülləsi nəticəsində ağır yaralanmışdı. Bir neçə həftə öncə toyu
olan Elvinə prezidentin adından məişət əşyaları hədiyyə edilib.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) rəhbəri Sərdar
Çam, AK Parti (hakim Ədalət və İnkişaf Partiyası) Ankara millət
vəkili Lütfiyə Selva Çam ilə azərbaycanlı deputat Məlahət
İbrahimqızı TİKA Bakı Koordinasiyasında əsgər və ailəsini ziyarət
ediblər. Gənc ailəyə hədiyyələr bu görüşdə təqdim edilib.
Əsgərov türk dövlətinə və rəsmilərə təşəkkür edib: "Məni
sağaldıb vətənimə göndərdiniz. Allah hamınızdan razı olsun. Göydə
Allah, yerdə iki dövlətimizdir. Mənim üçün Azərbaycanla Türkiyənin
heç bir fərqi yoxdur. Allah şəhidlərimizə rəhmət etsin".
Qeyd edək ki, ötən ilin iyul ayının sonunda düşmənin
diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən
Azərbaycan Ordusunun 9 əsgəri şəhid olub. Yaralanan əsgərlər Ədalət
Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da müalicə
üçün Türkiyəyə yola salınmışdı. M.İbrahimqızı Türkiyədəki terror
hadisələri ilə bağlı təssüfünü dilə gətirib: "Türk dünyasının
qüruru olan Ərdoğanın bu qədər çox işinin olmasına baxmayaraq,
Elvini unutmamasını və onu toyu münasibəti ilə təbrikini
unutmayacağıq. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm.
Ümid edirik ki, bir daha belə hadisələr baş verməyəcək".
TİKA sədri Azərbaycana səfəri çərcivəsində TİKA layihələrinə
qatılanlala da görüşüb. Görüşdə Azərbaycan Arıçılar Birliyinin
üzvləri də iştirak ediblər. Onlara 35 bal süzmə avadanlığı verilib.
Azərbaycan Arıçılar Birliyi rəhbəri Şamil Quliyev TİKA ilə 4 ildir
əməkdaşlıq etdiklərini, bu müddət ərzində 500 arıçının təlim
gördüyünü deyib.