Rusiyanın nüfuzlu
"Komsomolskaya Pravda" qəzeti Suriyada başlayan hərbi
əməliyyatlardan yazıb.
Axar.az xəbər verir ki, dərgidə yer alan analizdə Rusiyanın
Suriyaya hərbi müdaxilə etməsi ilə bağlı maraqlı məqamlara
toxunulub.
Qəzet Moskvanın İŞİD-i özünə real təhlükə hesab etdiyini
yazaraq, əməliyyatların sonrakı gedişatı ilə bağlı bir sıra proqnoz
verib:
Rusiyanın milli maraqları var
"İŞİD sıralarında fərqli məlumatlara görə, 3-5 min arası MDB
ölkələrindən gələn döyüşçü var. İŞİD-in uğuru davam edərsə,
cihadçıların Rusiyaya qayıtma ehtimalı güclənir. Rusiya ilk növbədə
bunun qarşısını almağa çalışır. Putin bunu Nyu Yorkda müsahibəsində
dedi. Yəni Rusiya sadəcə Suriya üçün deyil, öz milli təhlükəsizliyi
üçün önləyici əməliyyata başlayıb.
ABŞ bacarmadı
İŞİD artıq qlobal problemə çevrilib. ABŞ-ın uzaqdan koordinasiya
edərək və terrorçularla tək başına döyüşən Əsəd ordusu ilə birlikdə
hərəkət etmədən apardığı əməliyyatlar nəticə vermədi. Əksinə,
problem daha da qarşısıalınmaz mərhələyə qədəm qoydu. Moskvanın
Əsədin hərbi müdaxilə tələbini gözləməsi, planını Dəməşqlə bərabər
digər kilid qüvvələrlə paylaşması, Bağdadda koordinasiya mərkəzi
qurması və nəhayət ABŞ ilə razılığa gəlməsi lazım idi. ABŞ Moskvaya
Əsədin getməsi müqabilində İŞİD-i birgə məhv etməyə razılıq
vermişdi. Ancaq nəticə olaraq ABŞ Əsədin taleyi ilə əlaqədar
mövqeyini dəyişdirdi və Moskva bunun qarşılığında Suriyada silahlı
çevrilişi qəbul etmədi.
Rusiya Suriyada müharibəyə qoşuldu?
Xeyr, Rusiya bu gün müharibə aparmır. Moskva yalnız ölkəni
terrorizmdən qurtara bilər. Vətəndaş müharibəsini həll etmək
suriyalıların vəzifəsidir.
ABŞ və Rusiya əməliyyatlarının fərqi nədir?
Rusiya leqal Dəməşq hökumətinin çağırışına cavab verərək
Suriyada beynəlxalq hüquqa tamamilə uyğun hərəkət edir. ABŞ və NATO
ölkələri isə tam tərsinə, BMT qərarı olmadan və Suriyadan razılıq
almadan əməliyyat aparır.
Moskva bu əməliyyata nə vaxt hazırlaşdı?
Moskva bu ilin əvvəlində Suriyaya silah göndərilməsinə qərar
verib. Buna paralel olaraq ölkəyə bir qrup rusiyalı hərbi ekspert
göndərdi. Rusiya döyüş təyyarələri İran-İraq üzərindən bölgəyə
göndərilərək Lazkiyə bazasına yerləşdirilib.
Rusiya Suriyaya qoşun yeridəcək?
Hələlik yalnız hava hücumlarından bəhs edilir. Təkcə Rusiya
təyyarələri deyil, Suriya, İraq, İran təyyarələri də əməliyyatlara
qatılacaq. Raket əleyhinə müdafiə sistemləri olan Rusiya gəmiləri
də Aralıq dənizində müəyyən mərhələdə iştirak edə bilər. Ancaq
Putinin də dediyi kimi, quru əməliyyatı qətiliklə olmayacaq.
Rusiyanın qazancı nə olacaq?
Rusiyanın Suriyada tək başına müvəffəqiyyət əldə etməsi
qeyri-mümkündür. Kəşfiyyat məlumatlarına görə, bu gün İŞİD
sıralarında 70-80 min, bəzi məlumatlara görə isə 120 min döyüşçü
var. 50 Rusiya təyyarəsi belə böyük bir təşkilatı yox edə bilməz.
Digər ölkələrlə birlikdə böyük hərbi ittifaq qurulması
lazımdır.
ABŞ-Rusiya əlaqələri necə olacaq?
Ortaq düşmən İŞİD-ə qarşı Rusiyanın başlatdığı savaş Qərblə
münasibətləri yumşalda bilər. Tərəflər səylərini birləşdirib İŞİD-i
yox edərsə, bu, Rusiya ilə Qərbin ortaq zəfəri olar və iqtisadi
sanksiyalar aradan qalxa bilər".