Rusiyada 31 nəfərin zəhərlənərək öldüyü “Mister sidr” adlı alkoqollu içki ilə bağlı daha bir nəfər həbs edilib.
Axar.az xəbər verir ki, saxta içkidən təxminən 100 nəfər zəhərlənmə əlamətləri ilə tibb müəssisələrinə müraciət edib. İlk zəhərlənmə iyunun 5-də qeydə alınıb.
Araşdırma nəticəsində məlum olub ki, içki 10 il əvvəl müsadirə edilərək Daxili İşlər Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsinin anbarında saxlanılan spirt tərkibli mayedən hazırlanıb. Rusiya İstintaq Komitəsinin məlumatına görə, bu ilin mayında Dmitri və Aleksey Yeqorovlar polis nəfəri İvan Qrebenkin ilə birlikdə həmin mayeni anbardan oğurlayaraq Artyom Ayrapetyana satıblar. O da öz növbəsində zəhərli mayeni “Andi” ASC-nin təsisçisi Anar Hüseynova satıb.
Məhkəmə Artyom Ayrapetyanın iki ay müddətinə həbs olunması barədə qərar çıxarıb.
Qeyd edək ki, Rusiyada ötən gün “Andi” ASC-nin təsisçisi Anar Hüseynov iki ay müddətinə həbs olunub.