Ana səhifə Planet |
PKK terror təşkilatının Suriya qolu olan PYD Fərat çayının qərbinə keçmək üçün Tişrin su anbarının ətrafındakı Mümbiç şəhəri istiqamətində quru əməliyyatına başlayıb.
Publika.az "Yeni Şafak" nəşrinə istinadən
xəbər verir ki, İŞİD Türkiyənin "qırmızı xətt" elan etdiyi bölgədə
yüzlərlə kəndi boşaldaraq Dəməşq rejimi və PYD-yə meydan açır.
Bir çox kəndi İŞİD-dən geri alan və irəliləyişini davam etdirən
rejim qüvvələri Hələb şəhərinin şimalındakı ən böyük yaşayış
məntəqələrindən olan Əl-Bab qəsəbəsinin 8 kilometrliyinə
yaxınlaşıb. "Yeni Şafak" nəşrinin əldə etdiyi məlumata görə, PYD
Tişrin anbarını ələ keçirəndən sonra İŞİD, PYD və Dəməşq rejiminin
nümayəndələri iki əhəmiyyətli toplantı keçiriblər. İddiaya görə,
toplantılarda İŞİD-in Əl-Bab qəsəbəsini rejim güclərinə, Mümbiç,
Cerablus və Aktarin kimi əhəmiyyətli məntəqələri PYD-ə təhvil
verməsi müzakirə edilib. İŞİD-in qarşıdakı günlərdə daha əvvəllər
müxalif güclərinin nəzarətində olan bölgələri rejim və PYD-ə təhvil
verərək bölgədən tamamilə çəkilməsi nəzərdə tutulur.
ABŞ-ın liderlik etdiyi koalisiya güclərinin sözçüsü Stiv Uorren
yanvarın 8-də verdiyi açıqlamasında PYD-nin Fəratın qərbinə
keçmədiyini, yalnız Tişrin anbarının ətrafına nəzarət etdiyini və
anbarın qərb tərəfində təhlükəsizlik dəhlizini yaratdığını
bildirib.
Xatırladaq ki, PYD gücləri koalisiya qüvvələrinin hava dəstəyi ilə
2015-ci ilin yanvar ayında Kobanini, may ayında isə Tel-Abyadı
İŞİD-dən alıb. PYD bununla da ölkənin şimalındakı Haseke və Kobani
kantonlarını birləşdirib. Terror təşkilatı növbəti hədəfinin
Fəratın qərbinə keçərək Kobani və Afrin kantonlarını birləşdirmək
olduğunu açıqlayıb.
PYD bu hədəfi həyata keçirmək üçün ABŞ-la yanaşı Rusiya ilə də
yaxınlaşıb. Rusiya noyabr ayının sonundan başlayaraq Türkiyə
sərhədində - etibarlı bölgənin elan edilməsi üçün nəzərdə tutulan
Azez-Cerablus xəttində PYD-nin irəliləməsi üçün hava dəstəyi verir.
Rusiya havadan, PYD isə qurudan Türkiyənin "qırmızı xətt" elan
etdiyi Suriyanın Azez bölgəsini bombalayır. Bölgə "kürd dəhlizi"
üçün kritik əhəmiyyətə sahibdir.
Plana görə, Rusiya vurulan Su-24 təyyarəsinin intiqamını almaq üçün
PYD ilə razılaşıb. Bir müddət əvvəl Rusiyadan PYD-yə silah yardımı
başlanıb. PYD bu yardımlarla Azezi ələ keçirmək üçün Türkiyənin
dəstəklədiyi Azad Suriya Ordusuna (ASO) hücuma keçib. Məlumata
görə, PYD Azezi ələ keçirib Afrin və Kobanini birləşdirməklə Şimali
Suriyada xəyalını qurduğu "kürd dövləti"ni yaratmaq istəyir.
Azez-Cerablus xəttinin itirilməsi Türkiyənin etibarlı bölgə
planının iflasına səbəb olacaq.
Tarix
2016.01.09 / 01:23
|
Müəllif
Axar.az
|