Son vaxtlar ABŞ senatoru Bob Menendez rüşvət almaqda ittiham edilərək, istefa verməsi fonunda diqqət mərkəzində olub. Korrupsiya iddiaları fonunda onun uzun müddətdir davam edən antitürkiyə mövqeyi ABŞ-da əhəmiyyətli siyasi təsirə malik olan yunan və erməni lobbiləri ilə sıx əlaqələrə görə də tənqid edilib. Menendez Senatda işlədiyi illər ərzində dəyişməz qalan ermənipərəst mövqeyi ilə tanınır.
Axar.az xəbər verir ki, bu barədə “Middle East Monitor”saytının ermənipərəst senator Bob Menendezi tənqid edən məqaləsində deyilib.
“2007-ci ilin avqustunda ABŞ-ın o vaxtkı prezidenti Corc Buşun administrasiyası Riçard Hoqlandın Ermənistandakı səfir vəzifəsinə namizədliyini geri götürdü, çünki Menendez Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olarkən Hoqlandın qarşısını kəsib. Səbəb isə Hoqlandın 1915-ci il hadisələrini “soyqırım” kimi tanımaqdan imtinasıdır. Türkiyənin İŞİD terror qruplaşmasına qarşı qurudan mübarizəyə başlayan ilk ölkə olmasına baxmayaraq, senator Ankaranın Suriyadakı hərəkətlərini “sabitliyi pozan” adlandırıb. O, “Suriya kürdləri”nə, daha doğrusu, terror qruplaşması PKK-nın Suriya qanadı - YPG-nin üzvlərinə dəstəyə çağırış edib. Menendez ABŞ hökumətinin 1915-ci il hadisələrini “soyqırım” kimi tanıması üçün fəal lobbiçilik edirdi. Eyni zamanda, Birinci Dünya müharibəsi zamanı həm türklərin, həm də ermənilərin itki verdiyini göstərən tarixi faktları təkzib edib. Türkiyə dəfələrlə bu məsələni araşdırmaq üçün tarixçilərdən ibarət birgə komissiyanın yaradılmasını tələb edib. 15 oktyabr 2020-ci ildə Menendez yenidən 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınmasına çağırıb. Həmin ilin martında o, Türkiyə əleyhinə bəyanatla çıxış edərək bu dəfə Ankaranın Rusiyadan S-400 raketdən müdafiə sistemlərini almasını tənqid edib, amma lobbiçilik etdiyi Yunanıstanın arsenalında Rusiyanın S-300 sistemlərinin olduğunu isə ikiüzlü şəkildə görməzdən gəlib. 2020-ci ilin martında Menendez Suriyadakı vəziyyətlə bağlı Türkiyə əleyhinə bəyanatlar verdi.
Menendez beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Qarabağ bölgəsi üzərində suverenliyin bərpası istiqamətində rəsmi Bakının addımlarına Ankaranın dəstəyini də tənqid edib”, - məlumatda deyilir.