Yuxarı

Azərbaycanda 15 dəqiqəsi 100 manata olan falçı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecələr gəlib aparırdılar məni, tutub boğurdular... – Məşhur falçı

Gəlin sizə bir milli tapmaca deyim.

O kimdi ki, Azərbaycanda 15 dəqiqəyə 100 manat qazanır?

Yox, düz tapmadınız... Bilirəm, ağlınız hara getdi.

Yenə bilmədiniz?

Bilə də bilməzsiniz!

Ancaq Bill Qeytsimiz olmasa da, dəqiqəsi qızıla bərabər adamlarımız var.

Yorğunçuluqdu deyə, uzunçuluq etmək istəmirəm.

Cavab: Anar Abdullayev. TV-mizin məşhur falçılarından biri. Daha dəqiqi, özünü maq adlandıran adam.

On beş dəqiqəsi 100 manat

Yorğunçuluq olar olar da... Heç Baş nazirin qəbuluna düşmək üçün bu qədər məşəqqətli yollardan keçəcəyimizi zənn etməzdim.

Bir həftəydi telefonumuza cavab verən qadına bizi qəbula yazması üçün "ilan dili" çıxarırdıq. Gah telefonu üzümüzə söndürür, gah açıb üstümüzə qışqırırdılar. Əlqərəz, iki gün sonra üçün yalvar-yaxarla, "başına dönüm", "azaruy alım", "qadan-balan bizə gəlsin"lə görüş ala bildik.

Görüş, nə görüş...

"Qəbulun 15 dəqiqəsi 100 manat..." - Bunu eşidəndə birinci özümü itirib telefonu söndürmək istədim. Sonra jurnalist olduğumu xatırlayıb, dilim topuq vura-vura olsa da, başladım bazarlığa:

- Xanım, kasıbıq, rayondan gəlmişik. Anar müəllimin adını tutub, elə bilin ki, pənah gətirmişik. Bir az aşağı yeri yoxdu?

- Xeyr, yoxdu. Vaxtımızı alırsız, qiyməti budu, gəlirsiz gəlin, gəlmirsiz özünüz bilin...

Düt-düt-düüüttt ...

Həkim, yoxsa falçı?

Nömrəni yenidən yığıram.

- Xanım, xahiş edirəm, söndürməyin. Yəni demək istəyirəm ki, birdən o on beş dəqiqədə bizə kömək edə bilməsə, nolacaq, pulu qaytaracaqsınız?

- Ay qız, başınız xarab olub? Siz həkimə gedəndə müayinə olunub pul vermirsiz?

Bu, nə danışır, həkim nədi?! Bir anda elə bildim, bəlkə nömrəni səhv veriblər mənə. Kimsə həmin xanımdan telefonu alıb zərif səsiylə üstümüzə qışqıranda öz-özümə dedim:

"Özüdür ki, var - Mister Maq!!!"

(Əlaqə yaratmağa başlamazdan qabaq haqqında araşdırma apararkən internetdə yerləşdirilən video çarxlardakı danışıqlarından səsini, danışıq tərzini anında tanıdım.)

Həmin "doğma" səs və intizar saatları

Artıq bu dəfəki zəngdə növbəti gün üçün görüş qopara bilmişdik. Dördə on beş dəqiqə işləmiş Azadlıq metrosunun çıxışına gedib, onlara zəng vurmağımızı əmr etdilər. Bəli, məhz, əmr!

Təyin olunan vaxt gedib zəng vurduq, telefona zəng çatmır. On-on beş dəqiqədən sonra telefon çağırmağa başladı. Bu dəfə də zəngimizi kəsdilər. Təkidlə zəng vurmağa davam etdik. Yenə telefonun o biri başından həmin "doğma-zərif" səs gəldi. "Gəldi" deyəndə ki, nəsə qışqırıq oldu. Başa düşdüyüm qədərilə iş başında olduğunu, bir azdan zəng etməyimi istədi.

Bir saat sonra yenidən zəng etdik. Bir xanım telefonu açıb Mister Maqın vacib iş başında olduğunu bildirərək binanın yerini başa salıb, həyətdə gözləməyimizlə bağlı sərəncamını çatdırdı.

"Ata minmək bir, düşmək iki ayıb" məsəli, yaraşıqlı fotoqrafımızla yorğun-yorğun evlərinə tərəf yön aldıq. Bizi çox yox, yarımca saat da həyətdə gözlətdikdən sonra (artıq fikirləşmişdik ki, qapını açıb "bu bir kamera şakasıdır" deyəcəklər) nəhayət, telefonu açıb, bizi yuxarı (evə) çağırdılar.

Mübarək evin kandarında

Sınıq-salxaq liftlə onuncu mərtəbəyə qalxıb qapını döyürük. Yarıaçıq qapıdan, sadəcə, eynəyinin beşdə üç hissəsini görə bildiyimiz bir xanım başını uzadıb, bir az da gözləməli olacağımızı deyir. Bir-neçə dəqiqədən sonra içəridən yaşlı bir arvadla ortayaş bir kişi (müştəri, pasient) çıxır.

Atüstü soruşuram:

- Siz də on beş dəqiqəsi üçün 100 manat verdiz?

Üz-gözündən cadugərlik yağan arvad him-cimlə qapının başına qoyulmuş kameraya işarə edərək dili ilə dodağı arasında mızıldanır:

- Nə bilim, baxın də. Yenə özünüz bilən məsləhətdi.

Bu vaxt qapını açıb bizi evə dəvət edirlər.

Esmira Çərkəz qızı mənim müştərimdi

Düz beş saatdan bəri girməyə çalışdığımız mübarək evə nəhayət ki, girə bilirik.

Evdə təmir gedir. Qapıyla üz-üzə otaqdakı "bərbəzəkli" masanı görüb ora doğru gedirdik ki, mətbəxdən par-par parıldayan, üzü işım-işım işıldayan bir kişi çıxır. Arxasınca da bir neçə (qoca, ortayaşlı, cavan) xanım.

- Gözləyin, hələ bir deyin görək, kimsiz, hardan gəlibsiz, kim göndərib sizi?

Ağlıma gələn ilk adı deyirəm:

- Esmira.

- Hansı Esmira?

- Biz Esmiranı tanımırıq. Bu mənim qardaşımdı (fotoqrafımızı göstərirəm), Bakıda olur. Tələbədi. Mən də Biləsuvarda yaşayıram. Bunun əsəbləri pozulub. Gecə olan kimi başlayır vurub-dağıtmağa, dəlilik edir. Gündüzləri də beləcə süst qalır.

Bu arada fotoqrafımız da əməlli-başlı iynəsi təzəcə vurulub sakitləşdirilmiş dəli kimi bir sifət alıb durur yanımda.

- Zəng edib burdakı bir qohumdan maraqlandıq, onlar da sizin yanınızda olmuş Esmira adında bir xanımın sizi məsləhət gördüyünü dedilər. Esmira xanım deyib ki, buna ancaq siz kömək edə bilərsiz.

- Esmira Çərkəzqızı? AzTV-də işləyirdi. İndi ərə gedib, Türkiyədə yaşayır. Mənim yanımda ondan başqa Esmira olmayıb.

- Bilmirik, bəlkə də odur.

- Yox, ay bacı, siz məni bağışlayın. Mən tanımadığım adamları qəbul etmirəm.

Məhşər ayağında

Elə dəhlizdəcə başımıza toplaşan bu geniş və maraqlı ailə mənimlə "dəli qardaşımı" əməlli-başlı məhşər ayağına çəkmişdilər.

Orda yeganə susan, amma baxışlarıyla görünüşümüzü sorğu-suala çəkən çox yaşlı bir qadındı. Heç cür fikrimi metroseksual Mister Maqın üz-gözündəki parıltıdan, qolundakı, boynundakı ekstra avanqard aksessuarlardan ayırıb içəri keçmək üçün daha maraqlı yalanlar uydura bilmirdim.

Siz mənlik deyilsiz

Mister Maq anasına tərəf dönüb:

- İşığı yandır, bir üzlərinə baxım da bunların,- deyir.

İşığı yandıran kimi, ikimizi də diqqətlə başdan–ayağa süzür:

- Yox, siz mənlik deyilsiz.

Çox gözəl və pozitiv xanım olan anası müdaxilə edir:

- Elə bil, mən səni haradasa görmüşəm. Televiziyaya çıxmısan heç? Jurnalistə oxşayır e, bunlar. Harada işləyirsən?

- Yox ay xanım, nə televiziya?! Biləsuvarda yaşayıram, özü də müəlliməyəm.

Mister Maq anasının fikrini göydə tutur:

- Əşi, mən bayaqdan bilirəm jurnalist olduqlarını.

Axşam olunca "gijdiyirsən"

Özümüzü iftiraya uğramış kimi aparmağa başlayırıq.

Ürəkləri yumşalır nədi, bir stul gətirib "dəli" qardaşımı oturdurlar.

Mister Maq fotoqrafımızın əlini tutub deyir:

- Axşam olunca baş, çiyin, ürək nahiyələrin ağrıyır, "gijdiyirsən", boğurlar səni, qışqırırsan, vurub-qırırsan, nəfəs ala bilmirsən. Ruh tutub səni.

Bəlkə göndərək hacıxanımın yanına?

Anası:

- Bəlkə bunları göndərək hacıxanımın yanına?!

Deyirəm:

- Siz kömək eləyin də. Axı deyiblər ki, bizə ancaq siz kömək edə bilərsiz?..

- Ay bacı, mən iş görənəm. Təmizləyən deyiləm. Sizə ancaq Quran oxuyan arvad lazımdı. Mən cadu çıxaranam. Baxan kimi gördüm ki, siz mənlik deyilsiz. Mən ziyarət adamıyam, evdə hamımız namaz qılırıq. Necə aldadım sizi?! Deyim ki, on dənə cadusu var, tutum əlindən, aparıb qəbiristanlıqları gəzdirim, min manat da pul oxuyum?!

Azərbayanda məni fırlayıb başqa cür qələmə verdilər

- Baxmayın e, Azərbaycanda məni fırlayıb başqa cür qələmə verdilər. Mən ezoteristəm. Qəbiristandıqdan, torpaqdan cadu çıxarıram. Həm, bu uşaq özü də vergilidi. Bax, əlini də yumruq şəklində tutub.

- Zarafat edirsiz? – Fotoqrafımızın hansı vergisi ola biləcəyini götür-qoy edirəm...

- Ay bacı, mən uşaq-zadam bəyəm? Üç diplomum var. Rusiyanın "TNT" kanalında işləyirəm. Yenə deyirəm, aparın bu uşağı təmizləsinlər. Yaxınlaşın "Lider" televiziyasının birinci mərtəbəsinə, orda qəşəng falçılar məsləhət görərlər sizə.

Qapı döyülür. Anası qapını aaralayb, bir az gözləsinlər, deyir. Qayıdıb oğluna sakitcə pıçıldayır:

- Hacı xanımın göndərənlərdi.

Mister maq:

- Baxın, gəliblər, indi gedəcəyik beş dəqiqəyə nə caduları var, çıxardıb gələcəm. Mən belə işləyirəm. Yoxsa fal açmıram. Ay nə bilim, ərə gedəcəksən, uşaq doğacaqsan, cəhənnəmə get, millətin dərdi mənə qalıb? Belə nağıllar mənlik deyil.

Mən şeytanı tutub əlimlə boğuram

- Qara magiyayla da məşqul olursuz?

- Hə, qara da, ağ da, bütün rənglərdə... (öz dediyinə özünün də gülməyi gəlir. Gülür.) Mən maqam. Falçı baxır, deyir ki, cadunuz var, yerini deyir, mən də gedib gözlərinin qabağında çıxarıram.

- Yerini biləndən sonra cadunu çıxarmağa nə var?! Niyə özləri çıxarmır falçıların?

- Birincisi, onun öz duaları var ki, bunu ancaq mən bilirəm. İkincisi də ki, falçılara o əraziyə yaxın düşməyə şeytan icazə vermir. Oradaca keyləşib qalırlar. Amma mən şeytanı tutub əlimlə boğuram. Hərənin öz işi var də... Ədəbiyyatı oxuyan adamın kimyadan başı çıxar? Yox!

Evlənmək "nada"

- Gəlin, sizi göndərim Tamilla Salamovanın yanına. O sizə yüz faiz kömək edər. Onda bioenergetika var. Gedin yanına deyin, bizi Anar göndərib. Mənim özümün də boynumda, anamın ayaqlarında ağrılar vardı, o götürdü.

- O neçəyə qəbul edir? Sizin kimi yüz manat oxuyacaq?

- Ay bacı, mən sizə yüz oxumuşam e, yoxsa mindən aşağı heç kimi qəbul etmirəm. Bax, həyətdə növbə gözləyir adamlar, qəbuluma düşməyə. Bunun (fotoqrafı göstərir) toyu da bağlıdır. Gedin açdırın, hər şey düzələcək.

Gözümüzü döyə-döyə üzünə baxdığımızı görüb, öz aləmində başlayır bizi ələ salmağa:

- Evlənmək "nada", başa düşdüz?

- Bəlkə siz bizi kasıb, imkansız gördüz, ona görə kömək etmək istəmədiz?

Elə bil oğlanı "tok" vurur.

- Mən o qədər yetim saxlayıram ki, heç prezident o qədər yetim saxlamır. Mənim başımda xalamın beş uşağı qalıb. Onların hamısını mən saxlayıram. Bütün yetimlərə mən baxıram.

Anası kənardan düzəliş edir:

- Bütün uşaq evlərinə kömək edir.

Tamilla cinlərimi çıxarıb

- Ay bacı, Qurana and olsun, mənim əlim buna düşsəydi, pul-zad lazım deyildi. Amma buna bioenergetika lazımdı. Mən sizi doğru ünvana göndərirəm. Tamilla quran-zad oxumur. Düzdü, kitabı öpüb eləyir, amma mən Quranı əzbər bilirəm. Yaslarda-filan oxuyanda Tamilla qışqırır, narahat olur. Neynəyim ki, vergi mənə kitabdan verilməyib də. Allaha and olsun, mən də beləcə, bu qardaş kimi olurdum. Gecələr gəlib aparırdılar məni, tutub boğurdular, incidirdilər, qışqırırdım, ay Allah, qoymayın, ay ana, qoymayın-zad... Sonra getdim Tamilla içimdəki cinləri çıxardı.

Bu vaxt qapı yenidən döyülür. Anası gözlükdən baxıb qayıdır. Qayıdan kimi də nə him-cim edirsə, Maq əfəndi tələsik bizi yola salır. Çıxarkən qapıda rastlaşdığımız 4-5 kişi üzlərini bizdən gizlətməyə çalışa-çalışa həyəcanlı halda içəri keçirlər.

Çalışın belə yerlərə getməyin

Qapısı bağlanmayan liftə girib əlimi liftin düyməsinə aparırdım ki, maqın anası təngnəfəs özünü liftə saldı. Təəccübümdən əlim havada, gözüm də bu gözəl xanımın üzündə qaldı.

Budur, birinci mərtəbədəyik. liftdən çıxmışıq, hələ də bir şey başa düşməsək də, qadının pozitiv aurası xoşməramlı olmasından xəbər verir. Nəhayət, ayaqüstü söhbətə başlayır:

- Sizdən xoşum gəldi. Baxıram, gözəl, yaraşıqlı gənclərsiz. Sizə bir tövsiyəm var. Çalışın, belə yerlərə getməyin. Bax, elə sənin özün (üzünü fotoqrafımıza tutur) belə gümrah, yaraşıqlı oğlansan. İçəri girəndən səni sevdim. Amerikada bir dostum vardı - adı Frankliydi, "kopya" ona oxşayırsan. O da sənin kimi, hündürboy, xarizmatikdi. Bəlkə də elə ona görə doğma gəldiniz mənə. Niyə xəstə olduğunu beyninə yeridibsən?! İdmanla məşğul ol, özünə karyera qurmağa çalış. Mən özüm də vergiliyəm. Anara da məndən keçib bu istedad. Biz yolçu-filan deyilik e-e. Tanınmış, ziyalı bir ailədənik. Mən özüm uzun zaman dövlət işində, vəzifədə işləmişəm. Elə-belə adamlar deyilik, nazir bacısının uşaqlarıyıq. Mən jurnalistəm, Avropa-Azərbaycan mediasının birgə layihələrində aparıcı rolum olub. Amerikada, İranda yaxşı şirkətlərdə işləmişəm. Biznes sahəsini əla bilirəm. O Frankli dediyim adam mənə çox şey öyrədib. İndi Türkiyədə yaşayıram, Anarın bir az problemləri var, ona görə gəlmişəm. Türkiyədə işləmək istəyərsən, oteldə, turizm sahəsində-filan?

Dəli qardaşımın həyəcandan dilinin topuq vurduğunu görüb yardımına çatıram:

- Onu səhhətinə görə heç yerə tək buraxa bilmirik.

- Tək niyə? Lap istəsən sən də gələrsən, bir yerdə işləyərsiniz. Mən sizə kömək edərəm. İşıqlı uşaqlarsınız siz. Vallah, elə yaxın hiss etdim ki, sizi...

Bu vaxt liftdən çıxan bir kişi (bayaq evə girən müştərilərdən biri) söhbətimizi bölür:

- Müəllimə, biz tələsirik, zəhmət olmasa, gəlin, bizi yola salın.

Bizi bu "xeyirxah" xanımın əlindən aldığı üçün adama minnətdarlıqla baxırıq. Xanım tələsik, fotoqrafımızın telefon nömrəsini götürür. Sağollaşıb liftə girməzdən əvvəl üzünü "dəli" qardaşıma tutur:

- Narahat olma, zəngləşərik. Sizinçün əlimdən gələn köməkliyi edəcəm.

Nəhayət blokdan təmiz havaya çıxıb xeyli güldükdən sonra taksiyə otururuq. "Dəli" qardaşım həyatını dəyişəcək qadının zəngini gözləməyə, mənsə cibimdəki diktofonu söndürüb, bu tragikomik yazıya başlıq düşünməyə başlayıram.

Tarix
2014.02.01 / 13:35
Müəllif
Sona
Digər xəbərlər

Bakı ilə danışıqlarda müsbət irəliləyişlər var - Paşinyan

Ermənistan “Azərbaycan casusu”na 18 il həbs verdi

Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı

Mişa çağırış etdi: Bəsdir rəqs etdiniz, mübarizə aparın!

Bu ölkələr COP29-da birləşməlidir - Quterreş

Qazaxın azad olunan kəndlərindən - Foto

Bu məsələlər üzərində iş gedir - COP29 sözçüsü

Əminəm ki, bu müzakirələr səmərəli əməkdaşlığa yol açacaq

Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait...

Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla