Çeçenistanın paytaxtı Qroznıda Avropa və Rusiyada ən
yüksək göydələnlərdən birinin tikintisinə başlanılıb. "Ahmet Tauer"
adlanacaq tikili qədim çeçen keşikçi qülləsi stilində inşa
ediləcək. Bina 108 mərtəbədən ibarət olacaq.
Publika.az xəbər
verir ki, 400 metr hündürlükdə olacaq binada ofislər, 500 otaqlı
hotel, təxminən 100 məznilli "lüks" apartament, fitnes-mərkəzlər və
hovuzlar, eləcə də Ahmat Kadırovun muzeyi olacaq. Layihəyə görə uca
"çeçen qülləsi"ndə baxış və helikopter meydançaları da nəzərdə
tutulub. Bu tikilinin təxmini dəyəri 120-500 milyon dollar
arasındadır.
Göydələni "Bürc Xəlifə"ni tikənlər inşa
edir
"Ahmet Tauer"in özülünün qazılmasına başlanılıb. Bunun üçün
hələlik 100 işçi və 12 ədəd xüsusi texnika cəlb olunub. İki həftə
sonra gələcək qüllənin tikilməsinə başlanacaq. Torpağa 65 metr
dərinlikdə 216 dəmir-beton dirəklər basdırılacaq. Onlardan hər
birinin diametri 1,5 metr olacaq. Bu işi Almaniyadan gələn
mütəxəssislər icra edəcəklər.
Çeçenistanda keçmiş respublika başçısının şərəfinə göydələn
qüllə tikilməsi niyyəti hələ 2013-cü ildə bəyan edilmişdi. Binanın
tikintisinin texniki və maliyyə təminatı ilə Emaar Properties
şirkəti məşğuldur. Adıçəkilən şirkət Dubaydakı 830 metr hündürlükdə
olan məşhur "Burc Xəlifə"ni tikib.
Layihənin kuratoru Dövlət Dumasının deputatı Adam Delimxanovdur.
Çeçenistanın 2016-cı il üçün dövlət büdcəsində xərclərə 58 milyard
rubldan çox vəsait ayrılıb. Bununla belə, respublikanın əlavə 10
milyard qazanc əldə edəcəyi deyilir. Yerdə qalan 48,5 milyard rubl
isə "federal büdcədən havayı daxilolmalardır".
Daha əvvəl respublikanın büdcə işçiləri anonimlik şəraitində
şikayət edirdilər ki, onları əməkhaqlarının 5-10 faizini prezident
Ramzan Kadırovun şəxsən nəzarətdə saxladığı Ahmet Kadırov adına
fonda köçürməyə məcbur edirlər. Çeçen hökuməti isə büdcə
işçilərinin bu addımı könüllü atdığını bildirir.