Yuxarı

Xomeyni ilə ABŞ-ın məxfi sövdələşməsi üzə çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

1979-cu ilin 27 yanvarında İran İslam Respublikasının banisi, ABŞ-ı "Böyük İblis" adlandırmış Ayətullah Xomeyni Vaşinqtona məxfi məktub göndərir.

İran inqilabının lideri özünün Parisdəki sürgün evindən Karter (ABŞ-ın 1977-1981-ci illərdə prezidenti olmuş Cimmi Karter - red.) administrasiyasına sövdələşmə təklif edirdi: "İran hərbçiləri siz deyənə qulaq asırlar, İran xalqı mənim əmrlərimə əməl edir".

Bu təklifdə söhbət ondan gedirdi ki, əgər prezident Cimmi Karter özünün İran ordusundakı nüfuzundan istifadə edib Xomeyniyə yol açsa, o öz xalqını sakitləşdirə bilərdi. Beləliklə, stabillik bərpa olunar, Amerikanın maraqları və vətəndaşları müdafiə edilərdi.

O vaxtlar İrandakı mənzərə çox xaotik idi. Etirazçılar hərbçilərlə toqquşurdular, dükanlar bağlanmışdı, ictimai xidmətlər dayanmışdı. Əməkçilərin tətilləri neft axınını dayandıraraq Qərbin həyati maraqlarını təhlükəyə atmışdı.

Karter tərəfindən xeyli dilə tutulan İran şahı Məhəmməd Rza nəhayət "tətil" üçün xaricə getdi. O, ölkəni qeyri-populyar baş nazirin və vurnuxmada qalan hərbiyyənin ümidinə buraxıb gedirdi. 400 min nəfərlik İran ordusu Amerikanın silah və müşavirliyindən tam asılı idi.

Xomeyni ordunun təmkinini itirəcəyindən qorxurdu. Ordunun şaha sadiq ali komandanlığı ona nifrət edirdi. O da məlum idi ki, bu generallar ABŞ Hərbi Hava Qüvvələrinin prezident Karter tərəfindən müəmmalı missiya ilə Tehrana göndərdiyi general Robert Huyserlə gündəlik qaydada danışıqlarda idilər.

Ayətullah 15 illik sürgündən sonra İrana qayıtmaq və şahın "tətilini" əbədiləşdirmək əzmində idi. Odur ki, o, belə bir şəxsi məktub yazmışdı.

Qrammatik mənada birinci şəxsdə yazılmış məktubda Xomeyni Ağ Evi əmin etmək istəyirdi ki, 37 illik strateji müttəfiqini itirməkdən qorxmasın və Ayətullahın özü də dost ola bilər.

"Siz özünüz görəcəksiniz ki, bizim amerikalılara xüsusi bir düşmənçiliyimiz yoxdur, - deyirdi Xomeyni. O, inandırmağa çalışırdı ki, onun İslam Respublikası "humanitar bir dövlət olacaq, bütün bəşəriyyət üçün sülh və əmin-amanlığa töhfə verəcək.

Xomeyninin bu məktubu ABŞ hökumətinin üzərindəki məxfilik yenicə qaldırılmış sənədlərinin arasından çıxıb. Buradakı diplomatik teletayplar, siyasət memorandumları, görüş protokolları Amerika və Xomeyni arasındakı məxfi münasibətlərin tarixini açır. Bu tarixçədən də görünür ki, Xomeyni özünün İrana qayıdışını yumşaq və dostyana tonla təmin edib.

Əslində, Xomeyninin məktubu Parisdə onun de-fakto işlər müdiri ilə ABŞ hökumət nümayəndələri arasında iki həftə davam edən danışıqların kulminasiya nöqtəsi olub. Bu sakit proses Xomeyninin İrana salamat qayıdışını və hakimiyyətdə sürətli yüksəlişini və beləliklə də İran və Amerika arasında sonradan onilliklər ərzində davam edəcək gərgin münasibətləri təmin edib.

İranın rəsmi tarixinə görə, Xomeyni Birləşmiş Ştatlara sinə gərən və "Böyük İblisin" şahı taxtında saxlamaq cəhdlərini cəsarətlə məğlub edən şəxsiyyət kimi təqdim olunur. Lakin sənədlər göstərir ki, Xomeyni ABŞ hökuməti ilə çox sıx münasibətlərdə olub.

Tam əksinə, sənədlərdən bəlli olur ki, Ayətullah nəinki Amerikanı dəf etməyib, hətta onunla dialoq üçün sakit mesajlar göndərib, potensial İslam Respublikasının ABŞ-ın maraqlarına dost ölkə olacağını vəd edib.

Bu günədək keçmiş Karter administrasiyasının rəsmiləri israr edirlər ki, İran məsələsində necə hərəkət etmək barədə fikir ixtilafının olmasına baxmayaraq, Vaşinqton sonadək şahı və onun hökumətini möhkəm şəkildə dəstəkləyib.

Lakin sənədlər səhnə arxasında Birləşmiş Ştatların çoxnüanslı davranışını göstərir. Şahın İranı tərk etməsindən ikicə gün sonra ABŞ Xomeyninin elçisinə bildirirdi ki, onlar İran konstitusiyasının dəyişdirilməsinin prinsipcə əleyhinə deyillər, halbuki bu, faktiki olaraq monarxiyanın devrilməsi demək idi. Bundan başqa amerikalılar Xomeyniyə daha mühüm bir məlumat vermişdilər: İranın hərbi liderləri öz siyasi gələcəkləri barədə müzakirəyə açıqdırlar.

4 onillik bundan əvvəl Amerika və Xomeyni arasında gedən proseslər heç də təkcə diplomatik tarix deyil. ABŞ-ın İslam Respublikasının içərisində praqmatik hesab etdiyi qüvvələrlə sövdələşmə arzusu bu günədək davam edir.

Kennediyə məktub

Bu, Xomeyninin Vaşinqtona üz tutduğu ilk dəfə deyildi.

1963-cü ildə Ayətullah şahın ən kəskin tənqidçisi kimi hələ təzə-təzə tanınırdı. O, iyun ayında şahın Kennedi (ABŞ-ın 1961-1963-cü illərdə prezidenti olmuş Con Kennedi - red.) administrasiyasının təzyiqi altında "Ağ inqilaba" başlamasını parlaq çıxışı ilə kəskin tənqid etmişdi. "Ağ inqilab" torpaq sahibliyi islahatı və qadınlara seçki hüququnun verilməsi kimi mütərəqqi addımları nəzərdə tuturdu.

Xomeyni bu çıxışdan sonra həbs edilmiş, bunun dərhal ardınca üç gün davam edən zorakı etirazlar hərbiyyə tərəfindən çevik şəkildə yatırılmışdı.

Mərkəzi Kəşfiyyat İdarəsinin bu yaxınlarda məxfilikdən çıxarılmış bir sənədindən isə bəlli olur ki, 1963-cü ilin noyabrında Tehranda ev dustağı olduğu günlərdə Xomeyni prezident Kennediyə dəstək məktubu yazıbmış. Bu məktub İran ordusunun etiraz aksiyalarının iddia edilən iki təşkilatçısını güllələyəndən iki gün sonra və Sovet liderinin İrana səfəri ərəfəsində yazılmışdı. Məktubdan bu da hiss olunurdu ki, Xomeyni şahın sovetlərə doğru əyiləcəyindən qorxan ABŞ-ın hissiyyatı ilə oynayırdı.

Xomeyni bu məktubda da şahın əsas himayədarını əmin etmək istəyirdi ki, onun Birləşmiş Ştatlarla heç bir davası yoxdur.

Qismən 2008-ci ildə açıqlanmış, "İranda islam" adlanan və 1980-ci ilə aid MKİ təhlilində deyilirdi ki, "Xomeyni İranda Amerika maraqlarına qarşı olmadığını izah edirdi".

Xomeyni ABŞ-a müraciətində deyirdi ki, əksinə, Amerikanın mövcudiyyəti Sovet və Britaniya təsirlərinin qarşısını almaq üçün zəruridir. Səfirlik teletaypında olan bu məktubun tam mətni hələ də məxfi sayılır.

Prezident Kennedinin bu məktubu görüb-görmədiyini demək çətindir. İki həftə sonra prezident Texasda sui-qəsd nəticəsində öldürülür.

Bundan bir il sonra Xomeyni İrandan sürgün edilmişdi. O, şahın üzərinə yeni tənqid hücumuna keçmişdi. Bu dəfə şahı İrandakı ABŞ hərbçilərinə immunitet verdiyinə görə tənqid edirdi.

"Amerika prezidenti bilməlidir ki, o, bizim xalqımız tərəfindən ən çox nifrət edilən şəxsdir", - Xomeyni sürgünə getməzdən az öncə demişdi.

15 ildən sonra Xomeyni Parisdə məskən salmalı olacaqdı. O, indi İranı monarxiyadan azad etməyin bir addımlığında olan hərəkatın lideri idi. Lakin hətta qələbəyə bu qədər yaxın olduğu vaxtda da Xomeyninin ABŞ-a ehtiyacı vardı.

Həlledici məqam

1979-cu ilin yanvarında Xomeyni məqamı yetişmişdi, lakin o, ABŞ-ın son anda edə biləcəyi müdaxilədən, 1953-cü il çevrilişinin təkrar olunacağından çəkinirdi. 1953-cü ildə MKİ şahın taxt-taca qayıtmasına kömək etmişdi.

Şahın yeni baş naziri Şapur Bəxtiyar (Şahın həm də sonuncu baş naziri – red.) Xomeyninin yanvarın sonlarına planlaşdırılan gəlişinin qarşısını almaq məqsədilə hava limanına qoşun və tank birləşmələrini yeridəndən sonra vəziyyət partlayış həddinə çatmışdı.

Belə görünürdü ki, İran vətəndaş müharibəsinin bir addımlığındadır: Elit imperiya qvardiyası öz şahı uğrunda son damla qanınadək döyüşməyə, İmam Xomeyninin fanatik tərəfdarları isə silahlı mübarizəyə və şəhidliyə hazır idilər.

Ağ Ev İranda vətəndaş müharibəsinin ABŞ-ın strateji maraqlarına problemlər yaradacağından narahat idi. Minlərlə ABŞ hərbi müşavirinin, F-14 qırıcıları kimi İrandakı təkmil Amerika silahlarının təhlükəsizliyi, həyatı neft təchizatı, İranda ən mühüm hakimiyyət təsisatı olan hərbiyyənin taleyi tərəzi gözündə idi.

Amerikanı şahın yıxılması, Xomeyninin hakimiyyətə yüksəlişi daha az maraqlandırıdı.

Lakin prezident Karter bundan əvvəl Xomeyni və hərbiyyə arasında sövdələşmə əldə etmək ideyasını rədd etmişdi.

İndi yaxşı tanınan 9 noyabr 1978-ci il tarixli "Ağlasığmaz şeylər haqqında düşüncələr" adlı səfirlik teletaypında ABŞ-ın İrandakı səfiri Vilyam Sullivan xəbərdarlıq edirdi ki, şahın taleyi həll olunub. O, israr edirdi ki, Vaşinqton şahı və onun yüksək rütbəli generallarını İrandan çıxarmalı, daha kiçik rütbəli komandirlər və Xomeyni arasında sazişə nail olmalıdır.

Sullivanın cəsarətli təklifi prezident Karteri təəccübləndirmiş və onların sonrakı münasibətlərini korlamışdı. Lakin yanvarın əvvəllərində prezident könülsüz olsa da, razılaşmışdı ki, müxalifətin sakitləşdirilməsi üçün şahın getməsi zəruridir.

Baş verəcək hərbi çevriliş barədə xəbərlərin gəldiyi bir vaxtda, yanvarın 3-də prezident özünün baş müşavirlərini toplamışdı. Qısa müzakirədən sonra qərara gəlinmişdi ki, şahı, guya Kaliforniyaya istirahətə getməsi bəhanəsi ilə İrandan çıxmağa razı salmaq lazımdır.

"Sözün həqiqi mənasında neytral ölkə olan İran ABŞ-ın uğursuzluğu kimi görünməməlidir", - həmin iclasda prezident demişdi.

Elə həmin gün Karter ABŞ silahlı qüvvələrinin Avropa komandanı general Robert Huyseri Tehrana göndərmişdi. O şahın generallarına "fərəqət oturmağı" tapşırmalı və onları baş nazir Bəxtiyara qarşı hərbi çevrilişdən çəkindirməliydi.

Lakin Bəxtiyar onu "şahın agenti" adlandıran müxalifət tərəfindən dəstəklənmirdi.

(BBC Azərbaycanca)

Ardı var

Tarix
2016.06.14 / 08:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla