"Qardian" yazır ki, Barak Obama ABŞ prezidentliyinə
ehtimal olunan respublikaçı namizəd Donald Trampı indiyədək ən
kəskin tənqid atəşinə tutub.
BBC xəbər verir ki,
Obama Trampın Orlando qətliamına reaksiyasını "Amerika dəyərlərinə
xəyanət" adlandırıb.
Qeyd edək ki, Donald Tramp Orlando qırğını üçün bütün
müsəlmanların məsuliyyət daşıdığını bəyan etmişdi.
Barak Obama Donald Trampın "təhlükəli zehniyyəti" barədə
xəbərdarlıq edərək deyib ki,
namizədin çıxışları "Amerika demokratiyasının təbiəti üçün təhlükə
təşkil edir".
"İndi bizə ehtimal olunan respublikaçı namizəd təklif verir ki,
bütün müsəlmanların Amerikaya mühacirət etməsinə qadağa qoyaq… O
deyir ki, zorakılıqda bütöv bir dini icmanın əli var. Belə
münasibət bizi harayadək apara bilər? Orlando qatili, San
Bernardino qatillərindən biri, Fort Hodd qatili – onların hamısı
ABŞ vətəndaşları olublar. İndi deyirsiniz biz bütün Amerika
müsəlmanları ilə fərqli rəftar edək? Onların hamısını müşahidə
altına alaq?" - deyib Obama.
"Qardian" yazır ki, Obama Orlando qatilinin "İslam təliminin
internetdən alınmış və təhrif olunmuş informasiyası ilə
radikallaşdığını" desə də, bundan bir qədər də irəli gedərək
"Trampın özünü real təhlükə" adlandırıb.
"Biz əvvəllər tariximizin belə məqamlarından keçmişik. O zaman
biz qorxumuzdan çıxış edərək davranırdıq və sonra peşman olmuşduq.
Biz o vaxt görmüşdük ki, hökumətimiz öz vətəndaşlarımıza inanmır və
sonralar bu, bizim tariximizin xəcalətli hissəsinə çevrildi", -
deyə prezident "Makkartizm" dövrünü xatırladıb.
"Bu ölkə din azadlığı üzərində qurulub. Biz burda adamları din
sınağına çəkmirik. Biz bu dəyərlərdən əl çəksək, onda müdafiə
etməyə çalışdığımız şeylərə xəyanət etmiş olarıq. Mən bunun baş
verməsinə yol verməyəcəyəm", – deyib Obama.
ABŞ prezidenti bildirib ki, müsəlmanlara Trampın təklif etdiyi
yanaşma, "nə İŞİD-i daha az təhlükəli edəcək, nə də müttəfiqlərin
sayını artıracaq".
"Qardian" yazır ki, "radikal İslam ekstremizmi" Vaşinqtonda
illər boyu siyasi debatların mərkəzində olub. Respublikaçılar bu
termindən istifadə etmədiyinə görə Barak Obamanın "zəifliyini"
həmişə tənqid ediblər.
Bu cür münasibətdən hiddətini gizlədə bilməyən Obama deyib ki,
onun bu ifadədən çəkinməsinin siyasi korrektliklə heç bir əlaqəsi
yoxdur, lakin "ekstermizmin məğlub edilməsi" ilə bütün mənalarda
əlaqəsi var.
Prezident deyib ki, bütün müsəlmanların mənfiliklərlə təqdim
edilməsi yalnız terrorçuların işinə yarayar və onların "Amerika
müsəlmanlara nifrət edir" ritorikasının isbatına kömək edər.
"Qardian" yazır ki, Obamadan əvvəlki prezident Corc Buş da 11
sentyabr terrorunun ardınca belə bir mövqe tutmuşdu. Amma o
faciədən 6 gün sonra məscidə yollanmış və orada "İslamın sülh demək
olduğunu" bəyan etmişdi.
Obama respublikaçıları Trampın "qorxulu zehniyyətindən aralı
durmağa" çağırıb.
ABŞ prezidenti bu çıxışında da Amerikada silahlar üzərinə
nəzarət qoyulmasının zəruriliyindən danışıb.
O deyib ki, Orlando, San Bernardino kimi qətliamların qarşısının
alınmasında polsilərə kömək etməyi arzulayırıqsa, bu qətliamları
törədənlərin əlinə silah keçməsinin qarşısını almalıyıq.
Obama bəyan edib ki, silahlara nəzarət hər bir faciənin
qarşıasını almasa da, məntiqlə yanaşılsa, onların sayını azalda
bilər.
ABŞ prezidenti deyib ki, "Trampın mülahizələri onun ali baş
komandanlıq üçün yararsız adam olduğunu göstərir".