Onların da çörəkləri sudan çıxır. Sözün həqiqi mənasında
belədir.
Söhbət zamanı nədən danışırlar danışsınlar, mövzu nə
olursa-olsun, axırı gəlib suya, balığa çıxacaq. Aşıq gördüyün
çağırar, məsəli necə də yerindədir. Yayın qızmar istisi, payızın
çiskinli-yağışlı günləri, qışın soyuğu-sazağı onları heç qorxutmaz.
Maraqlı müsahibdirlər.
Əlbəttə ki, söhbət balıqçılardan gedir. O balıqçılardan ki,
onları Xəzərin sahil boyu hər yerində görmək mümkündür. Bu yazımda
həm onlardan, həm də sözün həqiqi mənasında balıqçılıqla məşğul
olan, oliqarxlara güvənən, əllərində balıq ovuna icazələri olsa da,
əslində brokonyerliklə məşğul olanlardan bəhs edəcəm.
Bu dağı aş o üzə, görəcəksən ki…
Şıxov qəsəbəsi ərazisində dənizin sahilindəki xırda qayalıqlarda
düzülmüş balıqçılarla söhbət edirəm.
"Bizimki balıq ovu deyil, biz eləcə baş qatırıq. Qarmaqla nə
qədər balıq tutmaq olar ki?".
Əksəriyyəti belə deyir. Bu dağı aş o üzə, görəcəksən balıqçı
gəmilərini, gəlib zavodda "gizləniblər", ov onlarınkıdır.
Əslən Laçından olan Ata Behbudovla söhbət edirəm. Bir vaxtlar
"Aktau" gəmisində çalışmışıq. Mənim bosmanım olub.
Həyatının yarıdan çoxu dənizdə keçən Ata kişi:
- Bilirsən də, dənizçiyəm. Bosman işləmişəm. İndi həm
təqaüddəyəm, həm də zavodda təmirdə dayanan gəmilərdən birində
matros kimi növbə çəkirəm. Gəmidən düşəndə vaxtımın çoxunu balıq
tutmaqla keçirirəm,- deyir.
- Oğlum Vaqif də dənizçidir. Gəmi kapitanı olacaq. Hələlik
kapitanın böyük köməkçisidir. Gəmidə işləyəsən, günün-güzaranın
dənizdə keçə, balıqçılıqla məşğul olmayasan, bu inandırıcı deyil.
Sən ki məni tanıyırsan, neçə illər kapitanım olubsan. Birgə
macəralarımız çox olub.
Dişimin dibini dəyişməyə çatır
- Yorulmamısan? Bəlkə nəvələrnən vaxtını keçirəsən?
- Nəvələrin məndən başqa da babası var. Amma məni daha çox
istəyirlər. Niyə? Çünkü onlara diri balıq aparıram, dənizə gəzməyə
gətirirəm. Yorulmağa gələndə isə, mən burda yorğunluğumu unuduram.
Ürəyimdən əməliyyat olundum. İndi yaxşıyam. İnan, mənim qanımdan da
yosun iyi gəlir. Həkim dedi ye. Dedi, səni əməliyyat edəndə burnuma
fərqli qoxu gəldi, dərman iyini yox elədi. Həm də dolanışığıma
kömək edir balıqçılıq. Qonşulara, yaxın qohumlara satıram. Ucuz-zad
vermirəm. Elə bazar qiymətinə. Papirosumun, arağımın, cavanlıqdakı
günahlarımla qoca vaxtı dişimin dibini dəyişməyə çatır.
- Ay Ata, bəs demirsən, arvad bildi, səni bu yaşında bihörmət
elədi?
- Arvadda arvadlıq qoymuşam ki qala, çoxdan istifadəsi bitmiş
invertar kimidir. Qarıynan ancaq ötənləri paylaşırıq. Dostam
arvadımla, inan, komandir, bu yaşımda ondan həya eləyirəm, işığı
söndürməmiş əynimi dəyişmirəm yanında…
Əvvəl adam tuturdum, indi də balıq tuturam
- Mən polisin milis olan vaxtının adamıyam. Polis kimi az
işlədim. Pensiyadayam. Vaxtım çox olur. Allah başına daş salsın,
bir dustağım vardı. Tez-tez tuturdum onu, oğurluq-zad eləyirdi.
"Uçastkovı" işləyirdim də... İnan ki, onsuz darıxırdım. Tuturdum,
tənbeh edib, özüm də buraxırdım. 2-3 dəfə oturmuşdu. Yazığım
gəlirdi də. Axırda tanışlıqla onu yaxşı bir yerə qarovulçu
düzəltdim. İnan əliəyri adam ona bu qədər malın etibar edilməsindən
xoflandı, başlardı pis əməlindən əl çəkməyə. Dost olduq.
Balıqçılığa da məni o öyrətdi. Özü öldü getdi, umurunu mənə verdi.
Mənim işim elə tutmaq olub da... Əvvəl adam tuturdum, indi də
balıq.– Bu sözləri isə Tapdıq kişi deyir. Keçmiş milis-polis.
Tı ne mojeş pit
Kənardakı qayalıqda iki nəfər dalaşır. Məlum olur ki, dava-dalaş
"raçki" üstündədir.
Arıq üzü tüklü kişi:
- Ala Vityuxa, keçən dəfə çaxırımı götürüb aradan çıxıbsan, indi
də "raçki"lərimi "xəkizdəyirsən". Adam kişi olar, alə...
Vitya çaxırın əvəzinə 5 dənə şamayka balığını onun səbətinə
qoyduğunu deyir və özünü bu əməlinə görə oğru saymır.
- Tı ne mojeş pit, adımızı batırısan, pis elədim? İçib avtobusda
leş iyi verəcəkdin. Aparıb özüm içdim, sənə də balıq verdim ki,
evinə aparasan...
- Bunlar hər gün belədir, səhərdən-axşama bir-birlərini
qapırlar,- başqa balıqçı belə deyir.
Səni doğrayıb dənizə ataram
Gəmi təmiri zavodunun cənub hövzəsində təmirdə dayanan gəmilərin
yaxınlığında balaca buxtada onlarla gəmi dayanıb. Gəmilərdən birinə
yaxınlaşıram. Körpüdə dayanıb seyr edirəm. Şıdırğı balıq alveri
gedir. Bir neçə sual verirəm. Həvəslə cavab verirlər. Məlum olur
ki, bu aralar havalar ürəkaçan olmadığına görə ovları da ürəkaçan
deyil. Balıqçı gəmilərinin hamısı köhnə gəmilərdi. İstismar müddəti
çoxdan başa çatmış bu gəmilərin əksəriyyəti hansısa oliqarxa, yaxud
oliqarxlaşmış iş adamlarına məxsusdur. Əslində, belə gəmilərin açıq
dənizə çıxması çox qorxuludur. Amma kapitanları köhnənin təcrübəli
dənizçiləri olduğundan səfərləri uğurlu olur. Baxmayaraq ki, müasir
texniki avadanlıqlar bir yana, çoxunda heç köhnədənqalma xilasedici
qurğular və avadanlıqlar yoxdur. Suallarım cavan bir oğlanı
bezdirir deyəsən:
- Day-day, işin–gücün yoxdur? Mane olma.
İşimin elə sual vermək olduğunu deyirəm. Cibimdən fotokameranı
çıxarıb gəminin şəklini çəkmək istəyirəm.
- Məzələnirsən biznən, sən bilmirsən axırı pis olar, şəklimizi
çəkib, işverənlik edəcəksən?
Söz davamız qızışır, cavan oğlan göyərtədəki iri bıçağı götürüb
cəld körpüyə adlayır. Onu tuturlar.
- Səni doğrayıb dənizə ataram, qanını bağlayaram.
Mənim də dənizçi damarım tutub, əynimdən gödəkcəmi çıxarmışam,
döyüşə hazır vəziyyətdəyəm. Bizim donanmanın yaxınlığında olan
matroslar səs-küyə axışır. Az qala balıqçılarla dava yaşanacaq.
Matroslardan biri:
- Komandir, bəri gəl, bunların arxasında bilmirsən kimlər
durub?
Söz-söhbət səngiyir. Yaşlı balıqçılardan biri mənim boynumu
qucaqlayır:
- Sən də düz eləmədin də, özü də neçə illərin kapitanısan, günün
dənizdə keçib, şəkil çəkmək nədir?
Gəmilərdən birinə gedirik. Artıq dənizçilər çay dəmləyib, balıq
qızardıblar.
- İçkimiz yoxdur, əvvəlki vaxtlar deyil, içəri içki keçirtmək
olmur,- vaxtıyla matrosum olmuş Yaşar adlı dənizçi deyir.
- Heç lazım da deyil,- deyirəm.
***
...Bir-neçə saat sonra isə sizin oxuduğunuz bu olayı artıq
yazmağa başlamışdım.