Müqəddəs Ramazan
ayının ilk günü Bibiheybət məscidinə yollandım. Paytaxtın cənub
giriş-çıxışında yerləşən bu möhtəşəm məscid Sovetlərin ilk
illərində yerlə-yeksan edilmiş, yerində giriş–çıxış üçün o qədər də
maraqlı arxitekturası olmayan tağlı keçid tikilmişdi. Hər kəsə
məlum olan odur ki, müstəqilliyimizin ilk illərində sovetlərin "əl
işi" dağıdıldı və məscid yenidən tikildi, bir az da
müasirləşdirildi.
Bu yazıda fikrim heç də Bibiheybət məscidinin sökülüb, təzədən
tikilməsi haqda dastan açmaq deyil.
BİBİHEYBƏTDƏ TIXAC
Ramazan ayının ilk günü, saat 11-dir. Bibiheybət məscidinin
ətrafı çox vaxt basırıq olur. Həm şəhərə çıxış-giriş, həm də
Xəzərin sahilindəki Şıx kəndinin sahilboyu ərazisində tikilən yeni
restoranlar, otellər, balıq və çay evləri, eyni zamanda sovetlər
zamanından qalma, qocalan və divarları hörümçək toru ilə
"möhkəmlənən" Şıxov sanatoriyasının (bu sanatoriya indi də
vətəndaşları qəbul edir, lakin xəstələrin qalması üçün yer yoxdur.
Palatalarda məcburi köçkünlər yaşayır. Deyilənlərə inansaq, dövlət
tərəfindən yeni yaşayış sahələri ilə təmin olunanlar bu isti ocağı
boşaltmaq istəmir və burada hansısa qeyri-leqal gizlin biznesinin
tərkib hissəsi var) ziyarətçiləri bu tıxacın yaranmasına şərait
yaradır.
İMAM HÜSEYİNİN PAYI OLSUN
Bibiheybət məscidinin yerləşdiyi yolun hər iki tərəfində ağ lay
daşlardan nəzir qutuları və bulaq tikilib. Yolçular nəzir
qutularına nəzirlərini atır, çəkilmiş suyun sərinliyini sifətlərinə
vurduqları suda görüb, "İmam Hüseyn payı olsun" deyir və yola davam
edirlər. Bu, ilin bütün günlərində belədir.
Deyilənləri və müşahidələrimizi əsas götürərək demək olar ki,
Bibiheybət məscidi Şüvəlandakı Mir Mövsüm ağanın ziyarətgahından
sonra ən çox nəzir yığılan yerdir. "Allah bütün nəzirləri qəbula
çatdırsın, niyyətləri hasil etsin" deyib, məscidin giriş qapısına
yaxınlaşıram. Qadınlar məscidə girməzdən öncə başlarını
bağlayırlar. Kişilər isə qadınlardan sayca çox az olsalar da, heç
bir hazırlıq işləri görmədən məscidə daxil olur və dualarını
oxuyurlar. Elə nəzirlərini buradakı qutulara atanlar da var. Gün
ərzində burada nə qədər nəzir yığıldığını heç fikirləşmirəm də.
Bütün nəzirlərin dərəcəyə çatması haqda abzasın girişində "bəyanat"
verdiyimdən, fikrim sadəcə inanclı adamlarımızla, yol keçərkən
nəzir qutularına "baş çəkənlərlə" söhbət etməkdir.
ƏRİMƏ DUA ETMİRƏM
30-35 yaşlı, yaraşıqlı bir xanım ağ rəngli cipini saxlayır.
Gözümü eynəyinin rəngli şüşələrinə dikib:
- Xanım, nəzirinizi Allah qəbul eləsin,-
deyirəm.
Təşəkkürünü bildirir və ayaq saxlayır. Çox güman, mənim nədən
onun nəzirinin qəbul edilməsi üçün etdiyim duanın marağındadır.
- Xanım, siz namaz qılırsız?
- Siz niyə qırmızı köynək geyinmisiz? – cavab yerinə dəxli
olmayan sual verir.
- Heç, - deyirəm. - Bilirdim ki, bu gün məscidə
gələnlərin əksəriyyəti qara geyinəcək, mən də qırmızı geyindim.
Şühədalarımızın əbədi və əziz xatirəsinə görə, - əslində
belə deməyimlə qadınla edəcəyim söhbətin təməlini möhkəmlətmək
fikrim var. Qadın küləyin dağıtdığı saçlarını sahmana salır:
- Hmm...
- Xanım, namaz qılmanızı ona görə soruşdum ki, qutuya
nəzir atdınız, kranın suyundan üzünüzə vurub məscidə tərəf dönüb
dua oxudunuz. Görünüşünüz isə son dərəcə müasir olmanızdan xəbər
verir, ona görə də maraqlandım.
- Dinimiz müasirliyin tərəfindədir. Dua etdim. Hər gün dua
edirəm. Buradan da yolum tez-tez düşür. Rayona gedirəm, hər
gedişimdə, dönüşümdə nəzir verir, duamı edirəm ki, bu da bir
müsəlman xanım kimi mənim borcumdur. Namaz isə qılmıram, yəqin, heç
qılmayacam da. Sabahdan isə orucumu tutacam.
Gözlərinin ətrafı eynək şüşələrinin arxasından qırışır və
dartılır. Hiss edirəm ki, söhbət etmək həm də ola bilsin, neçə
saatlar maşın sürməyinin yorğunluğunu da alıb aparır. Təbəssüm
çöhrəsinə səpələnib.
- Xanım, sirr deyilsə, kimə və nəyə dua
etdiz?
- Niyə sirr olur ki, iki balam var, onların sağlam olması,
xoşbəxt olması, salamat böyüməsi, oxuyub layiqli adamların
sırasında durması və analarına, mənə yaxşı baxması üçün dua
etdim.
- Bəs ərinizə dua etmədiniz?
- Yox, ərimə dua etmədim, - dedi və maşınına tərəf addımlayıb
ayaq saxladı,- şəklimi çəkmə, harada oxumaq olar yazdığını? Deyəsən
media adamısan axı.
MAAŞA BAXAN ALLAH BƏNDƏSİ..
Ayaqlarının hər ikisi şikəst olduğu bilinən 25-27 yaşlı gənc
məni az qala diksindirir. Nə vaxt gəlib arxamda dayanıb,
görməmişəm.
- Hər nə üçün gəlibsən, nə niyyət edib nəzir veribsən, qəbul
olunsun. Kişi, sənə işim düşüb.
Hə, yəqin, dilənçidir. Deyəcək ki, nəzir etmişəm, yaxud xəstəm
var, kömək elə və sair. Fikirləşdiklərimin əksi olur.
- Aşağıda zibil dolu araba var, tək qaldıra bilmirəm, kömək elə.
Allaha da xoş gedər, - deyir və əli ilə məscidin alt qatına enən
pilləkənləri göstərir. Onunla aşağı düşməzdən öncə şəklini
çəkirəm.
Zibil arabasını qaldırmağa kömək edirəm. Arabanın ağır tərəfini
mənə salıb. Tez yerimi dəyişirəm. Bilirəm ki, şikəst deyil, eləcə
ayaqları əyridir. Adını soruşuram.
- Adım Allah bəndəsidir.
- Burda maaşa işləyirsən, yoxsa hansısa niyyətin həyata
keçsin deyə, nəzir edibsən?
- Nə nəzir, a kişi, maaş alıram. Min şükür, əmək haqqı çox
olmasa da, işdir. Məscidin təmizliyinə baxıram. Silirəm, süpürürəm
buraları, - deyib pilləkənlərlə aşağı qat tərəfə əlini uzadır.
Gənc bir ata 2-3 yaşlı oğlunun əlinə manatlıq verib. Uşağı
qucağına alıb qutu bərabəri qaldırır. Balaca nəziri qutuya salır.
Sevinir. Böyük bir qəhrəmanlıq göstərirmiş kimi əlini əlinə vurub,
şalvarının arxasına çəkir. Ayaqlarını aralayaraq iri addımlar atıb,
maşına tərəf gedir.
NƏZİR VERMƏYƏNİN MAŞINI XARAB OLUR
İki qalstuklu kişinin nəzir qutularına tərəf getməsi, krandan
gələn su ilə əl-üzlərini yuyub, gərnəşirmiş kimi hərəkət etmələri
gözümdən yayınmır. Oturub qalxırlar. Əl-qol hərəkətləri edib, uzun
zaman maşında hərəkətsiz oturmalarının süstlüyünü yox edirlər.
Nəzir atmırlar. Maşınlarına tərəf gəlirlər.
- Elə bildim nəzir atacaqsınız qutuya, diqqətlə
baxırdım, amma siz su içdiniz. İdman etdiniz.
- Sən burda işləyirsən? – sual verir.
- Yox, jurnalistəm, reportaj yazıram, eləcə müşahidə
edirəm.
- Niyə nəzir atım ki? Basıb yeyirlər də... bilsəm ki, səmərəli
yerə xərclənəcək, ataram. Amma bilirəm ki, mollalar basıb yeyəcək,
- deyir və maşınına əyləşir. Maşın işə düşmür. Düşüb kapotu açır,
buna nə oldu? –deyir.
- Sən asi oldun, küfr danışdın, ona görə rəbbimiz səni
imtahana çəkdi, -yarızarafat deyirəm.
Və əlavə edirəm ki, öyrənmişəm, yığılan nəzirlərdən buranın
işçilərinə maaş verilir, təmir olunur və hər il 2-3 nəfər imkansız
adam Həcc ziyarətinə göndərilir.
- Maşının sürətötürücünü "neytralda" saxladığna görə işə
düşmür. Avtomatik korobkalı maşınlar çox ağıllıdır. Saxlayanda
fikir verin. Üzü eniş, yaxud əsən külək əks istiqamətdən olsaydı,
maşını özbaşına hərəkət edəcəkdi.
- Yox e, bura gərək nəzir salaq, yoxsa olmaz, - deyib,
qalstuklunun biri nəzir qutusuna yaxınlaşır.
Yola düşürlər.
NƏZİR ATIR Kİ QOYUNUN ƏTİ ŞİRİN OLSUN
"Qazel" markalı yük maşını saxlayır. Maşının banı iki qata
ayrılıb və hər iki qat qoyunla tıxanıb. Sürücü nəzirini atır.
Əlindəki plastik su qabını doldurub, tərəvəzə su çiləyirmiş kimi
qoyunların üstünə səpir. Niyə belə etdiyini soruşuram.
- Qoy əti dadlı, şirin olsun. Yaxşı satılsın. Həmişə belə
edirəm. Bir manat nəzir atıram, "za to", əvəzində qoyunlarım yaxşı
satılır, - gülümsəyir.
Hansı rayondan gəldiyini soruşuram.
- Laçınlıyam, Beyləqandan alıram qoyunları, - deyir. Sonra da
əlavə edir ki, heyvanlar heyifdi, yorulub, tez aparım, qəssablar
gözləyir. Ətləri qorxmamış verim onlara kəssinlər, onsuz da
gecikmişəm.
Maşınını işə salıb yoluna davam edir. Daha yarım saat müşahidə
edirəm. Ötənlərin əksəriyyəti burda dayanmadan keçmir.