Bu yaxınlarda Macarıstanda
Turan Qurultayi keçirilib. Qurultaya Azərbaycan nümayəndələri də
qatılıb. İştirakçılardan biri - AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
direktor müavini, fəlsəfə doktoru, dosent Şəmil Sadiq
tədbirlə bağlı təəssüratlarını
Axar.az üçün yazıb.
Həmin yazını təqdim edirik:
Sizlərsiniz, ey qövmü-macar, bizlərə
ihvan,
Əcdadımızın müştərəkən mənşeyi
Turan.
Bir dindəyiz biz, hepimiz
haqpərəstan,
Mümkünmü ayırsın bizi İncil ilə
Quran...
Böyük Turan aşiqi və bu ideyanın elmi, fəlsəfi əsaslarını öz
əsərlərində daima işıqlandıran Əli bəy Hüseynzadə bu şeiri 1917-ci
ildə Macarstanda nəşr edilən "Turan" jurnalında çap etdirib. Şeir
Macar Turançısı Arminius Vamberiyə ithaf edilib.
Əli bəy Hüseynzadənin bu şeirini türkçülük ideyasının yorulmaz
carçısı Yusuf Akçura "Turan adındakı mənzuməsi pan-turanizm
məfkusərinin ilk təcəlləsidir" deyə, qiymətləndirib.
XIX əsrin sonları, XX əsrin əvvəllərində panyəhudizm,
panslavyanizmə cavab olaraq meydana gələn panturkizm demək olar ki,
türk dünyasında böyük bir oyanış hərəkatı başladıb. İsmayıl bəy
Qaspıralı, Ziya Göyalp, Əli bəy Hüseynzadə, Yusuf Akçura kimi böyük
şəxsiyyətlərin sayəsində bu hərəkat qısa bir zamanda Avropadan
Asiyaya doğru inkişaf etmiş türk xalqlarının kimliyini tanıması və
özkeçmişinə sayğı ilə yanaşması prinsiplərini təbliğ ediblər.
Lakin məhz Osmanlı imperisyasının parçalanması üzərində
başladılan Birinci Dünya Müharibəsi sayəsində təkcə Osmanlı
İmperiyası yox, digər türk dövlətlərinə də böyük zərbələr vurulub,
Turan ideyası ətrafında birləşməyin təkcə nicat yolu olduğunu deyən
aydınlarımızın isə kökünü kəsiblər. Amma kök o qədər dərində idi
ki, heç bir güc onu birdəfəlik məhv edə bilmədi, sadəcə, kəsməyi
bacardı.
Hun İmperatorluğunun varisi - Hunqariya
Bəlkə də giriş uzun oldu, elə ona görə də burdan birbaşa mətləbə
keçirəm.
Həmin kökü kəsilən Turançılıq qədim türk xalqı olan
Macar-Hunların da payına düşmüşdü. Bu gün isə həmin kəsilmiş kök
yenidən cücərməyə başlayıb. Bu cücərməni biz Azərbaycanda,
Anadoluda, Balkanlarda, Orta Asiyada, Macarstanda görə və müşahidə
edə bilərik. Bu ideyanın yenidən çiçəklənməsini Macarstanda
keçirilən Turan Qurultayının timsalında bir daha görə bilərik.
2014-cu ilin avqust ayının 8-10-u tarixlərində Macarstanda
ənənəvi Turan Qurultayı keçirildi. Bu il artıq 5-ci ildir ki,
Avropada dünya türkləri bir yerə yığışıb birlik və bərabərliklərini
qeyd edirlər. Bu qurultayın ideya müəllifi və təşkilatçısı Macar
Turan fondunun qurucusu, antropoloq Anrdaş Birodur. Qurultay iki
ildən bir dünya türkləri, bir ildən bir isə Macarstan türkləri üçün
keçirilir. Açığı bu qurultayın keçirilməsindən bir neçə il idi ki,
xəbərdar idim. Sadəcə xəbərdar. Dostum və dəyərli gənc ziyalımız
Samir Turanın təqdimatında bu qurultayı sevmiş və iştirak etmək
arzusuna düşmüşdüm.
Azərbaycandan gedən 36 nəfərlik nümayəndə heyətimizin tərkibi
yetərincə rəngarəng və zəngin idi. Millət vəkilləri Qənirə
Paşayeva, Fərəc Quliyev, Cavanşir Feyziyev, ATXƏM-in sədri İlham
İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Atatürk
Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, "Birlik" jurnalının redaktoru
İlqar İlkin, AVMVB-nin sədr müavini Mübariz Hacıoğlu, gəncliyinə
baxmayaraq, uzun illər Turan və Azərbaycan ideyaları ilə yaşayan və
əməli fəaliyyət göstərən Samir Turan, Qədim Musiqi Alətləri Dövlət
Ansamblının bədii rəhbəri, Əməkdar artist, Prezident mükafatçısı
Munis Şərifov və onun rəhbərliyi ilə Azərbaycanın Qədim Musiqi
Alətləri Dövlət Ansamblı, Əməkdar artist Nuriyyə Hüseynova,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə
Xəlilova, Fəlsəfə doktoru Nurlana Qasımlı, İctimai TV və AZTV-nin
çəkiliş qrupu və bəndəniz bir çox könlü Turan ideyası ilə çırpınan
fədakarlarla birgə bu qurultaya dəvətli idik.
Atillanın nəvələri
Tədbirin məhz Macarstanda keçirilməsi öncədən mənim diqqətimi
çəkmişdi. Oxuduqlarımdan XIX əsrin sonu, XX əsrin əvvələrində
Macarstanda Kont Pal Teleki tərəfindən Turançılıq ideyalarının
olduğundan, hətta "Turan" adlı bir jurnal da çap etdirdiklərindən
məlumatım var idi. Hamımızın Hunqariya sözündən Hun
İmperatorluğunun varisi kimi tanıdığımız bu dövlətin və xalqın bu
qədər turkçü, turançı olduqlarını, Avropanın göbəyində özlərini
Atillanın nəvələri adlandıran xalqın bu qədər cəsarətli və cürətli
olacağını təsəvvür edə bilməzdim.
Bu qurultay Andraş Zsolt Biro adlı Macar antropoloq və bioloqun
(eyni zamanda təbiət elmləri araşdırmaçısı) Qazaxıstan səyahəti
zamanı ideya olaraq ortaya çıxıb. O, 2006-cı ildə Qazaxıstanda
olarkən genetik (DNS) nümunələr toplayaraq analiz aparıb.
Hal-hazırda Qazaxıstan ərazisində varlığını davam etdirən Madyar
qəbiləsi və Karpat hövzəsi Macarları arasında, sadəcə, ad
bənzərliyi olmadığını, eynı zamanda genetik əlaqələrin da olduğunu
sübuta yetirib. Araşdırmanın nəticələri dünyanın ən önəmli elmi
jurnallarından biri olan "American Journal of Pysical
Anthropology"də yayımlanmışdı. Bu araşdırma digər xalqların da
diqqətini çəkərək, araşdırma qrupuna da büyük bir şöhrət
qazandırıb. 2008-ci ildə Andraş Zsolt Biro Qazaxıstan Mədəniyyət
Naziri Yermuxamed Yertisbayevdən bir nişan alaraq
mukafatlandırılıb.
Atillanın Tanrı qılıncını tapan adam
Atillanın ideoloji tanrı qılıncını tapmış Andraş bu cür bir
tədbiri keçirmək üçün uzun və qürurverici bir yola çıxır. Sözsüz
ki, dövlətinin də başında oturanlar onunla eyni qanı daşıdığından
bu ideyanı dəstəkləyir və hər cür şəraiti yaradır. Beş il öncə,
sadəcə, Macar tayfalarına öz keçmişlərini xatırlatmaq və keçmiş
ənənələrini yaşatmaq üçün başlanılan bu yol məhz Atillanın Avropada
yarım qalan dünya imperatorluğunu - Turan ideyasını bir daha
alovlandırmış olur.
Rəsmi məlumatlara görə, bu il qurultayda dünaynın 27 ölkəsində
yaşayan türk xalqları iştirak edirdi. Əslində, qurutlay adı verilən
bu mərasim bir Turan festivalıdır. Bu festivalda iştirak etmək
özünü dərk etmək, kimliyini yaşamaq deməkdir. Festifalda nümayiş
olunan 1000-2000 il bundan öncəki türk dünyası ənənələrinin,
mədəniyyətinin, ruhunun cazibəsindən nə orta Asiyadan Anadoluya
qədərki ərazilərdən gələn müsəlman türklər, nə italiyadan gələn
xristian ertusklar, nə musəviliyiə inanan Qaraimlər, nə Macar,
Bolqar, Qaqauz kimi xristian türklər, nə də ən qədim inancları ilə
yaşayan Altay şamanlarını dini konsepsiyalar ayırırdı. Onları
birləşdirən bir ruh, bir dil vardı: Qardaşlıq dili, qardaşlıq ruhu.
Bura gələnlərin sadəcə könüllülər olduğunu nəzərə almaq lazımdır.
Heç bir zaman tanışlıqları olmayan insanların bir-birini bağrına
basaraq "Qardaş", Qardas", "Turan", "Turkiş", "Toros" kimi müxtəlif
cür səslənən eyni ifadələrlə qucaqlaşmaları göz yaşardırdı. Bütün
boylardan, tayfalardan olan türklərin min illərdir yaşatdıqları
milli geyimlərində gəzişməsi, gülümsəyərək işıq saçmaları,
bir-birlərinin dərdinə şərik olmaları, sadəsə"from?" deyərək
yaşadıqları ərazilərin hara olduğunu səmimi şəkildə bilmək
istəmələri ilahi ruhun təcəllisini göstərirdi.
"From?" cavabının hara olmasından asılı olmayaraq, sualı verənin
gözləri gülür, doğma qardaşını tapıbmış kimi içdən və səmimi
şəkildə sevinirdi.
300 min insanı bağrına basan böyük festival
Türkiyədən gələn bir ər-arvadın hər saatdan bir geyimlərini
dəyişərək müxtəlif türk geyimlərini sərgiləməkləri isə sadəcə sevda
işi idi. 250-300 min insanı bağrına basan böyük festivalın ərazisi
üç hissədən ibarət idi. Birinci hissə Törənin keçiriləcəyi ərazi
idi ki, burada at yarışları, ox atmalar, güləşlər, qılınc
yarışmalarının və Şaman ayininin keçirildiyi meydan, ikinci hissə
Türk tayfalarının öz milli geyimlərini, simvollarını,
aksesuarlarını sərgilədiyi, iki müsiqi səhnəsəsinin olduğu meydan,
üçüncü hissə isə qədim türk yurdlarının, yurtalarının, çadırlarının
yerləşdiyi meydan. Öz milli geyimləri və bayraqları ilə əraziyə
daxil olan qrupları insanlar çoşqu ilə qarşılayır və onlar üçün
ayrılmış yerə qədər yola salırdılar. Törən Atilla çadırının
açılışı, çiyinli, boylu-buxunlu, mərd, döyüşkən, alnıaçıq Macar
igidlərinin Türkmənstanın qurultaya hədiyyə etdiyi "Axaltəkə"
atları ilə müxtəlif türk bayraqlarını çaparaq meydanda sərgiləməsi
ilə başladı. Sonra isə at yarışları, Çövkan oyunları, qədim türk ox
sənətinin incəliklərini sərgiləyən ox atmalar, qılınc oyanatmalarla
davam etdi. Qurultayın sonunda tonqal ətrafında şaman ayinləri
keçirildi. Mən birinci dəfə bu cür ayində iştirak edirdim. Amma yüz
minlərlə insan kimi şamanların oxuduğu dualar, çaldığı təbillər və
ilahi səsə bənzər təbiət səslərinin ağuşunda sanki ruhumu uçduğunu
hiss edir və pərvazlanan ruhumun sevincini izləyirdim. Bəzən elə
duyğular olur ki, Tanrının sirri olan söz onu ifadə edə bilmir və
ya biz bu sirri ifadə edəcək sözü tam tapa bilmirik. Amma
genetikamızda olan şifrələr hər şeyə qadirdir. Çərşənbə
axşamlarında atamın yandırdığı tonqalın ətrafında saf uşaqlıq
sevincini yaşadığım hisslərlə eynilik təşkil edən o an mənim üçün
hər şeyin cavabı idi.
Bu qurultayın məhz Macarstanda
keçirilməsi XXI əsrin türk əsri olmasına dəlalət edən bir işarə
kimi gəldi mənə. Bəzən biz elə zənn edirik ki, Türk və Turan
sevdalısı məhz Türkiyə və Azərbaycandır. Lakin bir Avropa
dövlətinin bu cür cəsarətli addımı sanki macarların Tanrının
qılıncını tapmalarından və yarım qalan Turan sevdasının yenidən və
məhz yarım qalan yerdən başlamasına yönləndirir bizi. Macarların
özlərinə "biz Atillanın, Arpadın torunlarıyız" deməsi, Milli
Məclisin Sədr müavini Lezsak Sandorun Turan ellərindən gələnləri
əzəmətli parlament binasında qəbul edərkən söylədiyi cəsarətli nitq
möhtəşəm idi:
"Biz dədələrimizin (doğudan) gətirdiklərini motivlərimizdə,
ornametlərimizdə yaşadırıq. Bizi siyasi olaraq çox o yan-bu yana
çəkdilər... Amma biz dədələrimizin özləri ilə gətirdiklərini
unutmadıq, içimizdə, ruhumuzda yaşatdiq. Qardaşlarımızla,
qohumlarımızla bir olmaq, Macar-Turan Fondunun təşkilatçılığı ilə
qurultay keçirmək bizə çox xoşdur..."
İki bayraqlı dövlət
Bütün bunları gördükdə bir sual gəldi ağlıma: Necə ola bilər ki,
türk qanını damarlarında cəsarətlə daşıyan bu dövləti iyrənc siyasi
oyunlara cəlb etməyiblər? Böyümələri üçün nifaq toxumu əkib bunları
parçalamayıblar? Bir az araşdırandan sonra məlum oldu ki, I və II
dünya müharibələri zamanı Böyük Macarstanın bir hissəsi Rumuniyaya,
bir hissəsi Ukraynaya, bir hissəsi Avstriyaya verilib. Beləcə, 2
milyon Macar xalqı Sekel adı ilə hələ də Rumıniyanın işğalı
altındadır. Buna etiraz olaraq Macarstan parlamentinin qarşısından
iki bayraq asılır: biri Macarstanın, biri isə Sekellərin
bayrağıdır. Düzdür, Macar xalqı rəsmi olaraq xristian dininə inansa
da, ölkədə addımbaşı kilsəyə rast gəlmədik, hər kəsin boynunda xaç
asıldığını görmədik. Hər kəsin öz bədənlərində, geyimlərində milli
simvollarını daşıdığının şahidi olduq. Bu simvollar at, qrud,
ikibaşlı qartal kimi totemlər, Atilla və Arpad kimi qəhrəmanlar,
qılınc, ox, kaman kimi əşyalar idi. Xalq dəyərli zamanını ibadətdə
yox, at belində keçirir. Hər yerdə ovçuluq dükanları gözə dəyir.
Bütün bu təəssüratlarımızı bir-birimizə danışanda dəyərli dostum
Əkbər Qoşalı qeyri-iradi olaraq dedi: "Qağa, vallah, Atillanın ruhu
bunlara qayıdıb, gərək bu torpaqdan bir ovuc aparım vətənə".
İnsanlar gülərüz, mehriban, səmimi və ən əsası bizim kimi
qonaqpərvər idi. Buğac (Ağ buğaların daha çox saxlanıldığı bir
bölgə olduğu üçün Buğac adlandırılır) qəsəbəsində bütün türk
xalqlarını bir ziayfətə aparmışdılar. Bizə xidmət göstərən isə
ofisantlar yox, orda yaşayan insanlar idi. Evlərində olan nemətləri
bir yerə toplayıb bizi ağırlayırdılar. Yeməkləri masalara
düzənlərdən biri isə Buğac Bələdiyyə sədrinin müavini idi. Elə orda
AMEA-nın müxbir üzvü Nizami Cəfərovun bizə tələbə olarkən danışdığı
bir hadisəni xatırladım. Nizami müəllim deyirdi ki, Türkmənistanda
bizi bir dağ kəndinə qonaq aparmışdılar. Bütün kənd camaatı
başımıza yığışıb bizi ağırlayırdı. Bir də gördük ki, bir ocaq
qalyıb üstünə də yekə bir qazan qoydular. Hər gələn o qazanın içinə
öz evindən gətirdiyi bir nemət atdı. Sonra da bir qadın gəlib
qazanı qarışdırdı. Və beləcə içində müxtəlif nemətlər olan bu
yeməyi bizə verdilər. Budur, əsl qonaqpərvərlik. Həmin bu insan
sevgisi Macarstanda da yaşamaqdadır. Anaya "ana", ataya "ata",
kiçiyə "kiki", baltaya" balta", saça "saç" deyə səslənən ortaq dil,
ortaq ruh.
Dünya öz rəngarəngliyi ilə gözəldir
Andraş çıxışında çox maraqlı bir mesaj verdi: "Biz böyük bir
ailəyik - Hun-Türk kökənlilərin böyük ailəsi! Birlikdəliyimiz
yalniz tarixi yansıtmır... Biz həmçinin gələcəyi qururuq. Hun-Türk
kökənlilərin çoxu öz torpaqlarında sorunlar yaşayır: uyğurların
problemləri var, Azərbaycanın işğal olunmuş Qarabağ torpaqlarını
unutmaq olmaz, Kipr türkləri, İraqdakı türkmanlar, Suriyadakı
türkmanlar böyük sorunlar yaşayır...
Biz, əlbəttə, nifrət deyil, sevgi aşilamaq, sevgi göstərmək
istəyirik. Dünyanin ən böyük gələnəkyaşadıcı tədbirini - Turan
qurultayını keçiririk. İki il öncəki qurultayımızda 150 mindən
artiq insan iştirak edirdi. Macarlar öz uşaqlarının əlindən tutub
gəlmişdilər şənliklərimizə. Biz uşaqlara bilinc aşılayacağiq!
Qlobalistlər istəyir ki, təktip insan topluluğu yaratsınlar...
Lakin dünya öz rəngarəngliyi ilə gözəldir.
Biz Avropanın göbəyində olsaq da, doğu kökənimizi, kültürümüzü
unutmamışıq.
Biz qədər arkadaşlarıyıq. Əlbəttə, arkadaşlar arasında işbirliyi
çox önəmlidir. Lakin bizimki adi işbirliyi deyil, eyni qanı daşıyan
əqrabaların birliyidir!.. İşbirliyində partnyorlar dəyişə bilər,
əqraba isə dəyişilməz! Buradan - Macaristandan evinizə sevgi
aparmağınızı təmənna edirəm!" (Əkbər Qoşalının qeyd
dəftərindən)
Bəli, bu qurultay bir qardaşlıq, əqrabalıq bayramıdır. Pafoslu
səslənişlərdən, siyasi şuarlardansa, bu cür sakit və ortaq
mədəniyyətin nümayişi birlik deməkdir.
Bü gün azərbaycanlıların əksəriyyətinin xəbəri olmayan bu Turan
bayramını neçə illərdir ki, dövlətimiz dəstəkləyir və dövlət
hesabına Munis Şərifovun və Nuriyə Hüseynovanın başçılığı ilə
nümayəndə heyətinin göndərilməsi sevindiricidir. Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında Azərbaycan
prezidenti cənab İlham Əliyevin və digər həmkarlarının dünyaya
göndərdikləri mesaj çox önəmli idi. Türk Akademiyasının yaradılması
isə gələcəkdə Türk dövlətlərinin iqtisadi və hərbi birliyinin
yaradılacağına da bir işarədir.
Arzular
Qurultay haqqında təəssüratlarım çox xoşdur. Lakin bir ziyalı
türk kimi ürəyimdən daha böyük arzular keçir. Zənn edirəm ki, bu
arzularımı ardıcıllıqla qeyd etsəm, 2016-cı ildə keçiriləcək
növbəti qurultay üçün təklif kimi də qəbul edilə bilər.
1. Türkdilli dövlətlərin rəmzlərinin əks olunduğu mavi rəngli
ay-ulduzlu Turan bayrağı qurultayın rəsmi bayrağı kimi qəbul
edilsin və açılışda həmin bayraq bütün bayraqlardan öndə
sərgilənsin;
2. Kərkük və Cənubi Azərbaycan bayraqları da qurultayda
sərgilənsin;
3. Qrultayın açılışında ortaq rəqsimiz olan "Yallı" qara
zurnanın müşayiəti ilə qardaşlıq və birlik rəmzi olaraq oynanılsın;
dünyanın ən çox iştirakçısı olan rəqsi kimi ginnesin rekordlar
kitabına salınsın.
4. Hamının ortaq türkcədə səsləndirəcəyi mümkün olan bir himnn
yazılsın. Bu himn Bilgə Kağanın və ya Oğuz xanın dualarının mətni
üzərində ola bilər;
5. Bayram xarakterli bu qrultaydan öncə ortaq mədəniyyətləri əks
etdirən dil, ədəbiyyat, tarix, incəsənət üzrə elmi konfarns
keçirilsin;
Bundan əlavə gələcəkdə Azərbaycandan qurultayda iştirak edəcək
nümayəndə heyəti də fəaliyyətlərində müəyyən korrektələr etməlidir,
məncə:
1. Azərbaycandan gedən nümayəndə heyətinin milli geyimlərdə
iştirakı;
2. Milli çalğı alətləri ilə yanaşı müasirliklə tarixiliyi özündə
birləşdirən musiqi qrupları ilə də təmsil olunmaq;
3. Digər xalqlar kimi, Azərbaycan heyətinin də milli
ornamentləri sərgilənən çadırının olmasına şərait yaradılsın və
təşkilatçılıq edilsin.
Əlbəttə ki, bu birliyin sərt qayalar kimi möhkəm, sərt
qayalardan sıyrılıb çıxan çiçək kimi zərif və təravətli olması
arzusu ilə...