Qusarın Dağıstanla
sərhədində, dağların əhatəsində yerləşən Həzrə kəndi həm də tarixə
şahidlik edən məkanlardandır. Qusara səfərimizdə biz də fürsəti
əldən vermədən bu kənddə qonaq olduq. Burada qonaqların daim diqqət
mərkəzində olan tarixi məkanı - məhşur Şeyx Cüneyd Türbəsini
ziyarət etdik.
Doğrusu, bu türbə barədə çox eşitmişdim. Hər zaman da düşünürdüm
ki, oranı görərək tariximizin bir parçasını canlı izləyə, öyrənə
bilərəm. Bu həvəslə səbirsizliklə Həzrə kəndinə uzanan yolun tez
bitməsini gözləyirdim.
Kənd bələdiyyəsinin lap yanında yerləşən Şeyx Cüneyd Türbəsinin
bağlı qapıları məni təəccübləndirdi. Belə anlaşılır ki, bura
gələnlərin sayı o qədər azdır ki, qapıları ancaq ziyarətçilərin
xahişi ilə açırlar.
Qədim tarixin səssizliyi
Nəzarətçini gözləmədən arxa qapıdan türbəyə daxil olduq. İçəridə
qəribə səssizlik, boşluq hökm sürür. Abidənin tən ortasında
Səfəvilərin liderlərindən biri, Şah İsmayıl Xətainin babası Şeyx
Cüneydin məzarı var. Lakin orada bunu sübut edəcək nə bir yazı,
işarə, nə də həmin tarixi şəraiti əks etdirən şəkillər, başqa
dəlillər, əşyalar var. Türbənin içərisi demək olar ki, boşdur.
Sonradan ona bitişik tikilən məscid də boş qalıb. Adibənin son
illərdə təmir edilərək adablaşdırıldığı hiss olunur. Lakin boş
divarlar insanda heç bir duyğu oyatmır. İç-içə otaqları firlanıb
abidənin arxasındakı qəbiristanlığa çıxdıq. Burada 15-16-cı əsrlərə
aid qəbirlər qalmaqdadır. Lakin başdaşları çox fərqlidir,
irili-xırdalı, hündür, orta ölçülü daşlar qoyulub.
Şəkilli qəbirlər
Gəlişimizdən xəbər tutan kimi türbənin nəzarətçisi Məhbubə
Kərimova gəlib çıxdı. Qəbirlərə maraqla baxdığımızı görüb həvəslə
danışmağa başladı:
"Hündür qəbirlər hansısa vəzifə sahiblərinə, mötəbər din
adamlarına məxsusdur. Bunu üzərindəki şəkillərdən asanlıqla ayırd
etmək olar".
Məsələn, qəbir daşlarının birində dəvə və döyüş sursatları əks
olunub. Buna əsasən, həmin qəbrin döyüşçüyə məxsus olduğunu deyir
Məhbubə xanım. Digər bir qəbirdə isə adlı-sanlı din xadiminin
uyuduğu aydın olur, başdaşında əsa, əba, təsbeh və digər
aksesuarlar yer alıb.
Şeyxin vəsiyyəti
Abidənin tarixinə gəlincə, M.Kərimova bu məqbərənin Şeyxin öz
vəsiyyətinə əsasən ərsəyə gəldiyini deyir:
"Samux çayının sahilində Qıpçaq adlanan yerdə Şirvanşahla
döyüşdə Şeyx Cüneyd ağır yaralanır. Öləcəyini başa düşür və
vəsiyyət edir ki, onu bir dəvəyə mindirsinlər. Dəvə harda dayansa,
qəbrini də orda qazsınlar. Tərəfdarları elə də edir. Şeyxi dəvəyə
mindirib gətirirlər. Dəvə bax bu türbə olan yerdə dayanır. Və bu
hal üç dəfə təkrarlanır. Dəvə fırlanıb yenə həmin yerdə dayanır.
Belə olanda tərəfdarları Şeyxin vəsiyyətinə əməl edərək onu dəvənin
dayandığı həmin bu yerdə dəfn edirlər. Sonradan hakimiyyətə gələn
Səfəvilər dövründə - 1544-cü ildə Şeyx Cüneydin məzarı üzərində bu
türbə inşa edilib".
"Həzrət"in türbəsi dəyişdirilib
Yeri gəlmişkən, Həzrə kəndinin adı da Şeyx Cüneydlə bağlıdır. Bu
nüfuzlu liderə sakinlər "Həzrət" deyə müraciət edərlərmiş. Onun
vəfatından sonra dəfn olunduğu yerə də həmin adı veriblər. Lakin
sonralar Həzrət adı bir qədər dəyişdirilərək Həzrə kimi
saxlanılıb.
Bişmiş kərpicdən inşa edilən türbənin binası daxildən və
xaricdən düzbucaqlı plana malikdir. Şeyx Cüneydin məzarı üzərindəki
sənduqə bərk ağacdan nəfis işlənib, şəbəkəli çərçivə içərisinə
alınib. Üzərində minbər qoyulub. Bir müddətdən sonra isə ona
bitişik məscid inşa edilib. Türbənin üzəri böyük bir günbəzlə
örtülüb. Şeyx Cüneyd türbəsi əvvəllər böyük aşırımlı günbəzlə
örtülü olub. Sonralar ona bitişik məscid tikilməsi və damın
dəyişdirilməsi nəticəsində türbə əvvəlki görkəmini itirib.
Tarixi-mədəni kompleks quraq
Son illərdə abidə təmir edilərək ziyarətçilərə açılsa da burada
müəyyən işlərin görülməsinə ehtiyac var. Əvvəla türbənin həyəti,
giriş qapıları daha maraqlı, gözoxşayan olmalıdır. Gələn adamlarda
ilk olaraq girişdə ilkin təəssüratlar formalaşır. Türbənin
içərisində də Şeyx Cüneydin döyüşlərini, Səfəvilərin hakimiyyəti
dövründə baş verən hadisələri əks etdirən rəsmlərin, tarixi
əşyaların, informasiya tutumu olan yazı lövhələrinin olması türbəni
daha canlı edər.
Abidənin həyətindəki qəbir daşlarının da tarixi yükünü nəzərə
alaraq onların qorunması, bərpası, həmin ərazinin adablaşdırılaraq
açıq havada muzey kimi istifadəsini təşkil etmək olar. Yaxınlıqda
istirahət məkanı qurmaqla və ya digər bir layihələr həyata
keçirməklə buranı turizm kompleksinə çevirmək də pis olmazdı.