Yas mərasimlərində ehsan menyüsünə qadağalar olunacaq
xəbəri heç də birmənalı qarşılanmadı. Buna sevinənlər, təqdir
edənlər də oldu, yanlış qərar kimi xarakterizə edənlər də.
Əksəriyyətin razılıqla qarşıladığı qərara münasibət öyrənmək
istədik.
Göy Məscidin yaxınlığında həmsöhbət olduğum Hacı Əflatun adlı iş
adamı mövzu ilə bağlı söhbətimiz zamanı özünün "palatka biznesi"
ilə məşğul olduğunu dedi. Bir neçə çadır sahibi olan Hacı söhbət
zamanı onu da qeyd etdi ki, çadır kirayə vermək gəlirli biznes
sahəsidir:
- Elə hacılarımız var ki, 10 və daha artıq çadırları var. Allah
hamısına rəhmət eləsin, ölənlərin sayı ötən illərlə müqayisədə daha
çoxdur. Bəzən çadırlar çatışmır. Düzdür, şəhərdə xeyir-şər yerləri
olan məhəllələr də var. Amma bu, yas mərasimlərini yola verməyə
yetərli deyil. Ona görə də çadır biznesi ilə məşğul olanların sayı
artmadadır.
- Bəs, yas mərasimlərində verilən ehsanları kim müəyyən
edir, siz yoxsa hüzr sahibi?
- Sifarişçinin istəyi ilə hər şey öz həllini tapır. Bizim hazır
menyülərimiz var, təklif edirik, qiymətə baxırlar. Amma demək
lazımdır ki, yas mərasimlərində israfçılıq baş alıb gedir. Hüzr
məclislərində kifayət qədər ərzaq boş yerə tükədilir. Son vaxtlar
bu daha dəbdəbəli və sanki rəqabət varmış şəkildə özünü
göstərir.
Hacı Əflatunla söhbət zamanı məlum oldu ki, o bu işə təsadüf
nəticəsində girişib və kifayət qədər uğur qazanıb. Bu istiqamətdə
layihələri də var. Layihələrinin nədən ibarət olduğunu öyrənmək
istəyirəm:
- Hacı, dediniz uğurlu və yeni layihələriniz var, bu
haqda danışardız.
- Bunun üçün gərək Allahını unutmayasan. Xidmətlər yüksək
səviyyədə olmalıdır. O ki qaldı layihələrə, onları
danışmıram,gerçəkləşdirirəm.
Biri diridən, digəri ölüdən yeyir
Hacı Əflatundan onu da öyrəndim ki, bu sahənin özü də xüsusi
monopoliyadadır:
- Amma kim istəsə çadır sifariş verdirə, lazım olan
avadanlıqları, aksesuarları ala və "bazara girə" bilər. Allah hər
kəsin ruzusunudoğulmamışdan ayırıb. Biri diridən, digəri ölüdən
yeyir.
Hacı ilə söhbətimi yas mərasimləri üçün qadağaların qüvvəyə nə
vaxt minəcəyinə gətirirəm:
- Məlumdur ki, son günlər belə bir qərar qəbul olundu.
Bunun sizin biznesə hər hansı təsiri ola bilərmi?
- Məclisin necə yola verilməsində hüzr sahibi maraqlıdır.
Sözsüz, biz çadırları kirayə veririk. Qab-qacaq, səyyar mətbəx və
sair. Sifarişçi nəyi necə istəyirsə, o cür də xidmət göstərilir. O
ki qaldı cərimələrə, düşünürəm ki o cəriməni biz yox, hüzr
sahibləri verməlidir.
Qiymətlərlə maraqlanıram. Kirayə çadırların günlük icarə haqqı
300 manatdan 5000 manata qədər dəyişir.
- Elə çadırlar var ki, kondisioner, yerə döşəmək üçün xalça,
bahalı qab-qacaq, xrustal stəkanlar və sairə ilə təmin olunub.
Ehsana gəldikdə isə, qiymətlər müxtəlifdir.
Ehsanın bolluğundan danışılır
Şəhər sakinləri ilə də məsələ ilə bağlı söhbət etdim. Yas
mərasimlərinin dəbdəbəli keçirilməsi, əslində,"dünyasını dəyişmiş
adama olan hörmətdən yox, hüzr sahibinin el içində olan
hörmətindən, nüfuz və var dövlət sahibi olmasından xəbər verir",
deyənlər də oldu.
"Bəs siz yaxınlarınızın hüzr məclislərini yola vermək üçün nə
qədər xərc çəkərdiniz?" - sualımıza verilən cavablar müxtəlif
oldu.
Onlar qeyd etdilər ki, bu, artıq bir dəb halını alıb. Toydan
sonra ziyafət stolunun zənginliyindən bəhs edildiyi kimi, yas
yerlərində də verilən ehsanın bolluğundan danışılır. İnsanlar
ölülərinə hörmətləriniverdikləri ehsanla nəzərə çatdırır:
- Əgər ehsan boldursa, yemək-içmək zəngin və rəngarəngdirsə,
demək, hüzr sahibi öz ölüsünə yüksək dəyər verir.
Dostuna de, narahat olmasın
Mövzuya davam olaraq foto-müxbirimiz İsmi Şahzadə ilə Təzəpir
Məscidində olduq. Məlumdur ki, bu məsciddə xüsusi mərasim zalları
var.Burada hüzr məclisləri təşkil olunur. Bəziləriyaxınlarının yas
mərasimlərini səyyar çadırlarda deyil, məhz bu zallarda
keçirirlər.
Məscidin mərasim zalları olan hissəsi qələbəlikdir. Hüzrə
gələnlər və hüzrdən gedənlərin sıxlığında imkan tapıb maşınımızı
park edirik.
Bu işdə bizə yardımçı olan orta yaşlı kişiyə minnətdarlıq edib,
"buranın işçisisənmi", - deyə soruşuram.
- Yox. Mən hüzrə gələnləri gətirmişəm, sürücüyəm, - deyir.
Söhbətimiz alınır. Ona hüzr üçün yer danışmaq istədiyimi
bildirirəm.
- Bilirsən, dostumuzun hüzrü düşüb. Rayondadır yas
mərasimi. Amma cümə axşamlarının birini burada vermək istəyir. Onun
üçün gəlmişəm.
- İçəri keç, Nahidi soruş, - deyir.- O işlərə o baxır.
Həmsöhbətimə yas mərasimlərinə edilən qadağalarla da bağlı sual
verirəm:
Sən ölünə qiymət qoyma
- Dostum deyir ki, adım-sanım var. Güclü iş adamıdır.
Qorxur ki, süfrənin zəngin olmasına icazə verilməsin.
-Əşi,dostuna de,narahat olmasın. Burada elə şey yoxdur. Stulun
biri 12 manatdan 20 manata qədər dəyişir. O, boş söz-söhbətdir və
inanma ki, bu mərasim zallarına şamil oluna.
-Yəni demək istəyirsiz ki, istisna hal kimi buradakı
zallar cərimədən azad olunacaq?
-Yox, buracərimə, yaxud nəzarət üçün heç gəlməzlərdə. Həm də
hüzr verən ehsan verər də. Onun yaxasından tutub demək olmaz ki,
sən ölünə qiymət qoyma.
- Demək, ölüyə yemək-içməklə hörmət
qoyurlar...
Həmsöhbətim suallarımın çoxluğundan bezir deyəsən:
- Gedin Nahidin yanına, o sizə hər şeyi danışacaq...
Müsahibimi çağırırlar, tələsik gedir.
İçəri keçirik. Girişdə adının Seymur olduğunu sonradan
biləcəyimiz cavan oğlan oturub. Qarşısında kompüter var. Yanında da
iki nəfər. Söhbətlərinə qulaq asıram, məlum olur ki, bu insanlar
hərəsi bir zalın administratorudur və növbəti hüzr məclisinin
menyüsü ilə maraqlanırlar. Seymur bizi görcək"eşidirəm", -
deyir.
Şəriət qanunlarına görə
Nahidi soruşuram.
-O, indi burada deyil. Oturun gözləyin. Ya da təcilidirsə,
buyurun, mən sizi eşidirəm.
Seymura dostumun hüzrü düşdüyünü və sentyabrın ilk yarısında
burada 50 nəfərlik 40 məclisi keçirmək istədiyimizi bildiririk:
- Allah rəhmət eləsin. Yazılmısız?-soruşur.
Ona hələ qiymətlərlə, zalın rahatlığı ilə maraqlanmaq
istədiyimizi deyirik. Bizə birinci mərtəbədəki zalları nişan verir.
Keçin içəri, baxın, - deyir.
Zalda hazırlıq işləri gedir. Stolların üstündə mineral sular,
mövsümi meyvələr düzülüb. Bura çox səliqəli və təmizdir. Xidmətçi
oğlanların hamısı təmiz ağ köynəkdə, qara şalvardadır. Verilən
suallara qısa və dəqiq cavab verirlər. Əlbəttə, özlərinə aid
olanlara. Qiymətlərlə maraqlanırıq. Zalın administratoru olduğu
bilinən hacılardan biri bizi mərasim zallarının ümumu rəhbəri Hacı
Azərin yanına aparır. Hacı Azərə də dostumuzun hüzrü ilə bağlı
gəldiyimizi deyirik və Allahdan səbir dilədiyini eşidirik. Vaxtı
dəqiqləşdirmək istəyir.
- Hacı, bilmirik. Qərarı hüzr sahibi verəcək.
Cüməaxşamlarından birini bura salmaq istəyir.
Telefon nömrəsi verir. - Danışın, zəng edin, - deyir. Hacı
Azərdən qiymətlər və yas mərasimləri üçün edilən qadağa ilə bağlı
soruşuruq.
- Şəriət qanunlarına görə, ehsan olaraq çay, qənd və xurma
təklif edirik. Amma bununla heç kəs razılaşmır. Stola şirni,
mövsümi meyvələr, tərəvəz salatları, çərəzlər, mineral sular, aş və
başqa yeməklər də təklif edirik. Stulun qiyməti 12 manatdan
başlayır. Mollaların haqqı bu qiymətin içindədir. Amma baxır adamın
sayına. Əgər adamların sayı 50-dirsə qiymətlər 18 manatdır. 80
nəfər olsa 15. Daha çox olarsa, 12 manata endiririk. Ehtiyat yerlər
də açırıq. Az yer sifariş versəniz, hüzrə gələnlər çox olsa,
qiyməti danışdığımız kimi yox, endiririk.
Park işinə baxan hacı
Hacı Azərləsağollaşırıq. Maşını həyətdən çıxararkən bir gənc
oğlan bizə yardımçı olur. Başa düşürük ki, bu maşınların park
olunmasına nəzarət edir. İsminin verdiyi 20 qəpikliyə baxıb, mənə
tərəf dönür:
- Dayı, deyəsən ilk dəfədir gəlirsən. Əslində, burada qiymət 1
manatdır. Amma eyib etməz, - deyir.
- Sən dəhacısan?- soruşuram.
Oğlan: - Bəli,- deyir.
Park işinə baxan hacıya əlavə olaraq 20 qəpik də mən verirəm və
onun "sağ ol"unu qazanıram.