Yuxarı

Mircəfər: “Kolxoz malını əhaliyə böldüyünə görə...” - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Əvvəli ötən sayımızda)

SSRİ-də kommunizmi ilk "quran" kənd

Azərbaycan Kommunist Partiyasının birinci katibi Mircəfər Bağırovun kəndə gəlməsi, kolxozun uğurları ilə bağlı ölkədə yaxşı mənada yaranan ajiotajın sonucu kimi də xarakterizə olunurdu. Bu haqda kənd əhalisi elə indiyə qədər danışır və çox güman ki, danışılacaq da.

Kənd ağsaqqalları, ağbirçəkləri ilə söhbətimdə hər bir kəs özünün yaddaşının bir küncündə qoruyub saxladığı həqiqətləri nəql edir. Hələ uşaqlıq vaxtlarımda atamın da maraqlı söhbətlərinin tərkib hissəsi kimi o günlərin xatiratları vardı.

Qəfil gələn qara "Zim"

Rəhmətlik atamın dediklərindən:

"Hamımız kolxozda işləyərdik. Dünyamalı Məmmədovun ailə üzvləri, qohumları, əmisi uşaqları və onların da ailə üzvləri kolxozun müxtəlif sahələrində çalışardı. O, heç kəsə fərq qoymazdı. Tələbkar idi. Bir dənin itkisinə yol verməzdi. Briqadirlər də ondan geri qalmazdı. Taxıl biçini, pambıq yığımı zamanı hətta boylu gəlinlər, uşaqlı analar, məktəblilər də işə cəlb olunardı. İş günlərimizə görə əmək haqqı olaraq məhsul bölünərdi. Kənddə kasıb adam demək olar ki, yox idi. Mən məktəbli idim. Həm dərsə gedər, həm də kolxozda "uçotçik" – hesabdar işləyirdim. Əslində hesabdar köməkçisiydim. İşimin öhdəsindən yaxşı gəlirdim. Amma mənə bu adla əmək günü verilirdi. Arabaçı işlədiyim vaxtlar da olub.

12-13 yaşım olardı. Bir dəfədə kolxoz idarəsinin qarşısında durmuşdum. 1948-ci ilin avqustuydu. Kolxozda taxıl biçini başa çatmışdı. Əmək gününə çox böyük məhsul düşmüşüdü. Məhsulun vaxtında və itkisiz toplanmasında bizim də əməyimiz vardı. Dünyamalı əmim uşaqların əməyinə xüsusi olaraq dəyər verirdi. Kefim kök idi. Kənd klubunun və idarəsini qarşısındakı qarağacın altında özümü kölgəyə verirdim. Elə bu zaman, qara rəngli "Zim" maşını dayandı. İçindən ortaboylu, hərbi geyimdə, eynəkli və zəhmli bir kişi düşdü. Küçədə məndən başqa heç kəs yox idi. Yanına çağırdı. Adımı soruşdu və sonra "Dünyamalının evini tanıyırsan?" - deyə soruşdu. "Hə",- dedim. Mənə dedi ki, get, onu çağır. Bu adamı tanımırdım, elə-belə adama da oxşamırdı.

- Onu evində tapmaq olmaz, indi sahədə olar, taparam,- dedim və evə tərəf yox, əks istiqamətə gedib qonşu həyətlərdən dolanaraq sədrin evinə gəldim. Sədr xrom çəkmələrini çıxarıb ayaqlarını ləyəndəki sərin suya salıb dincəlir, yorğunluğunu çıxarırdı. Əmidostum Güləbətin çay süzürdü. Zəhmli qara kəhər atı da həyətdəki tut ağacına bağlanmışdı.

Ona qərib bir adamın maşınla gəldiyini və onu soruşduğunu dedim. Əvvəlcə məhəl qoymadı, çayını içdi. Sonra təhər-töhürünü soruşdu. Qərib, zəhmli adamın necə göründüyünü danışdım . Cəld yerindən qalxdı, çəkmələrini geyindi.

- Bu odur, sən dedin evdəyəm? – soruşdu?

- Yox, dedim ki, sahədə olarsan.

Dünyamalı əmim atın üstünə sıçradı və çölə-sahəyə tərəf çapdı. Təxminən yarım saatdan sonra o, tərləmiş atla sahədən gəlirmiş kimi yorğun halda kolxoz idarəsinə tərəf yaxınlaşırdı. Mircəfər Bağırov Dünyamalını sahədən, iş başından gələrkən gördü.

Mircəfərin əlini vurduğu tut ağacı

M.Bağırov həmin gün pambıq tarlasında olur, meyvə bağını gəzir, məktəbdə baş çəkir, klubla maraqlanır, kənd xəstəxanasına gedir. Fəhlə-kəndli yeməkxanasında aşpazdan çömçəni alır və qazanın içini yoxlayır. İri ət parçalarını yuxarı qaldırıb, yenidən qazanın içinə tökür. Kənd məktəbinin və yeməkxananın qarşısındakı qocaman tut ağaclarına əlini çəkir. Üzünü Dünayamalıya tutub:

- Yaxşı məhsulu var, inşallah gələn il gəlib tutundan yeyərik,- deyir. Lakin üzündə, sifət cizgilərində heç nə hiss olunmur. Kolxozdan onun sədrindən tam razı qalıb-qalmadığı bilinmir. Kolxozun göstəricisi isə bütün İttifaqda nümunə göstərilir, Moskvada çıxan partiyanın orqanı olan "Pravda" qəzetində geniş materiallar dərc olunurdu.

Bağırov getdiyi günün səhəri isə kənd əhalisi şoka düşür. Rəhbərin sığalladığı ağaclardan biri, məktəbin qarşısındakı tut ağacı dibindən doğranmışdı. Yuxarılara yazılan şikayət məktublardan birində, bu ağacın doğranması kolxoz sədrinin Mircəfər Bağırova olan nifrəti kimi göstərilmişdi: "Dünyamalı yoldaş Bağırovun bəhrəsini yemək istədiyi ağacı doğratdırıb".

Kənd sakini Həmidulla Əsgərov isə yeməkxananın qarşısındakı tut ağacı haqda bizə bunu deyir:

- Biz məktəbli idik. Yaşlı kişilər deyirdi ki, seyidin – Mircəfərin əli dəydiyinə görə bu ağac növbəti il, çox məhsul verdi...

SSRİ-də Kommunizmin qurulması haqda ilk bəyanat

Həmin il dəmyə üsulu ilə əkilən taxıl üzrə SSRİ də ən yüksək göstərici əldə olunmuşdu. Adambaşına hər iş günü üçün görünməmiş miqdarda məhsul bölünür. Hektara 33,1 sent məhsul az deyildi və SSRİ-də çox böyük bir göstərici kimi qəbul olunmuşdu. Yaşlı adamlar deyir ki, əgər kolxozda bir nəfər işləyirdisə, onun qazancı 5 nəfərlik ailənin illik dolanışığına və xeyir-şərinə bəs edirdi. Həmin il kənd sakinlərindən 3 nəfərə - Dünyamalı Məmmədov, Novruz Babayev və Qüdrət Ələkbərova Sosialist Əməyi Qəhrəmanı adı verilir.

Sədr ilin yekunu üçün nəzərdə tutulan iclasda kolxozda Kommunizmin qurulması bəyanatını verir və bu haqda iclasın qərarını yuxarılara göndərir.

Ölkə şok içindədir

Kolxozun bütün üzvilərinin maddi təminatı kolxozun ehtiyat fondu hesabına ödənilir. Hər ailəyə iki və daha artıq (ailənin kolxozda işləyən üzvilərinin sayı əsas götürülür) çörək verilir. Hər gün iki dəfə kənd əhalisi kolxozun ayrı-ayrı yeməkxanalarında pulsuz, özü də keyfiyyətli yeməklə təmin olunur. Səyyar mağazalar – "avtolovka"lar (səyyar dükan.- red.) kəndin içində gəzir, əhalinin geyim təminatını ödəyir. Hər kəsə bir cüt ayaqqabı, üst və alt geyimləri paylayır. Kənd cavanlarının toyları müasir komsomol toyları kimi kolxozun hesabına edilir. Məktəbi qurtaran şagirdlər Bakıya, Kirovabada (Gəncə), Salyana sənət məktəblərində oxumaq üçün göndərilir. Mexanizator, zootexnik, baytar həkimi, elektrik, hesabdarlıq kurslarında təhsil alan kənd cavanlarının bütün təminatı kolxozun ehtiyat fondundan təmin edilir. Ali məktəb və texnikomlara oxumağa gedən uşaqların da sayı az olmur. Onların da təminatı kolxozun hesabına ödənilir. Təhsilə və səhiyyəyə önəm verilir. Qabaqcıl kolxoz olduğuna görə respublikanın məşhur xanəndələri və aktyorları zəhmətkeşlərə konsert verirlər.

Sədr Bolqarıstanı fəth edir

Sovetlər Birliyi müharibədən sonra əsarətdə saxladığı Avropa ölkələrində də islahatlar aparır, kommunizm ideyalarını orda da yayırdı. 3.000-çilər hərəkatı yaranmışdı. Sovetlər birliyinin bütün sahələrdə qabaqcıl nümayəndələri bu ölkələrə ezam olunur və orada öz təcrübələrini paylaşırdılar. Azərbaycandan da 10 nəfər təsərrüfat qabaqcılı Avropaya ezam olunur. 1949-cu ildə Dünyamalı Məmmədovu Sosialist ölkəsi olan Bolqarıstana göndərilir. Onun təcrübəsindən istifadə olunur, ölkədə kolxoz quruculuğuna start verilir. Bolqarıstanda qurub-yaratdığı kolxoza Dünyamalı Məmmədovun adı hələ sağlığında verilir. 1949-cu ildə Bolqarıstandan sonra onun haqqında xoş sözlər yayılır.

Kolxoz haqda moskvalı jurnalistlərdən biri "Doğru yol" adlı kitab yazır. Moskvada çıxan "Selskiy jizn" qəzetinin xüsusi müxbiri Selyuk da "Kommunizmə gedən yol" adlı kitabını bütünlüklə bu kəndə və onun təsərrüfat başçısı Dünyamalı Məmmədova həsr edir. Sov. İKP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri Dmitri Volkaqanov kəndə gəlir. "Pravda" qəzetinin baş səhifəsində 4 nömrə ard-arda yazılar dərc olunur.

İşıqlı gələcəyə düşən qara kölgə

Yaşlı adamlar deyir ki, "Zəhmət" kolxozunun qazandığı uğurlar heç də birmənalı qarşılanmırdı. Bütün dövrlərdə olduğu kimi bədxahlar, gözü götürməyənlər yuxarılara şikayət dolu məktublar yazır, kolxozun yaradıcısını, bütün həyatını onun inkişafına həsr edən adamı partiya və dövləti aldatmaqda suçlayırdılar. Anonim yazılan məktublarda onun göstərilən sahədən çox torpaq sahəsini əkməkdə, kolxozun hesabına varlanmasından, qızıl və digər zinət əşyaları toplamasından bəhs edirlər. İnsanlarla münasibətdə kobud olması, kolxozçuları incitməsi və sair bu şikayətlərin tərkib hissəsi olur. Bütün bunlar adı SSRİ və Avropada yaxşılığa hallanan bir kolxozun və onun sədrinin işıqlı sabahının üstünə düşən qara kölgə idi.

Kolxoz malını əhali arasında böldüyünə görə...

1952-ci ilin noyabr ayında onu həbs edirlər. 1953-ün yanvarında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına görə, şöhrəti Avropanı bürüyən kolxoz sədrinə 18 il həbs – sürgün hökmü çıxarılır. Onunla birlikdə daha 11 nəfər kənd sakini, "Zəhmət" kolxozunun zəhmətkeşi müxtəlif illərlə həbs cəzası alır. Lənkərandakı məşhur Qala – türməyə etap olunurlar. Mircəfər Bağırovun birbaşa göstərişi ilə onun əmlakı müsadirə olunur. Məhkəmənim hökmü ilə bütün titulları əlindən alınır. Sosialist Əməyi Qəhrəmanı qızıl ulduzu və iki Lenin ordenindən məhrum olunur. Evindəki bütün əmlakı kənd klubuna gətirilir. "Tolka" deyilən bir satış yarmarkası yaradılır. İki ay müddətinə kənd əhlindən heç biri heç nə almır. Qiymətlər nə qədər aşağı salınsa da, əmlakı olduğu kimi qalır. Bu kənd adamlarının ona olan rəğbətindən irəli gəlirdi. Elin qınağından qorxanlar da vardı ki, onlar da açıqcasına bazarlıq etməkdən çəkinirdilər.

Davamında oxuyacaqsınız:

Sədrə və kolxoza xəyanət edənlər kim idi?

Mircəfər Bağırov sədrin həbs olunmasında nəyə görə maraqlı olub?

Voroşilovla görüşən Zərri nənə Bağırov haqda ona nə deyib?

Rudenkonun məktubunda nə yazılmışdı?

Heydər Əliyev köhnə inqilabçıya yubileyində nə göndərdi?

Sosialist Əməyi Qəhrəmanı, köhnə inqilabçı Dünyamalı Məmmədov kolxozçularla nahar fasiləsində

Dünyamalı Məmmədovun "Sosialist Əməyi Qəhrəmanı" kitabçası

Tarix
2014.01.18 / 14:36
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Seyfəddin Hüseynli Rusiyadakı qardaşlarının qətlindən danışdı

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanlılara hücum: Bakıya lazımi məlumat verilib - XİN

Səbinə Əliyeva Rusiya Ombudsmanına məktub ünvanladı

Bizi Ukrayna müharibəsinə göndərmək istəyirdilər...

Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?

Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər... - Video

Öldürülənlərin cənazəsi nə vaxt Azərbaycana yola salınacaq?

Bu qətliam Rusiyanın məqsədyönlü siyasətidir – Professor

AYB-dən öldürülən azərbaycanlılarla bağlı Rusiyaya müraciət

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla